20 Aprel 2024

Şənbə, 08:14

BÖHRAN ƏLEYHİNƏ QAZ MƏRKƏZİ

Azərbaycan Avropaya “mavi yanacağın” tədarükü üçün həyata keçirilən yeni irimiqyaslı layihələrdə əsas oyunçudur

Müəllif:

15.07.2022

Avropa misli görünməmiş enerji böhranı şəraitində Rusiya təbii qazından imtina etməyə imkan verəcək yeni “mavi yanacaq” tədarükçüləri axtarmağa davam edir.

Rusiya isə iyunun 16-dan etibarən “Şimal axını-1” kəməri ilə Avropaya qaz tədarükünün 40% azalacağı barədə xəbərdarlıq edib. Daha sonra Moskva kəmərin təmirini əsas gətirərək bu istiqamətdə ixracı dayandırmaq qərarına gəlib. Avropada, daha dəqiq desək, Almaniyada bu, sırf siyasi motivlər əsasında qəbul edilən qərar kimi qiymətləndirilib. Üstəlik, “mavi yanacağın” tədarükünün qeyri-müəyyən vaxta qədər dayandırıla biləcəyi ilə bağlı narahatlıqlar var.

Bu arada, Avropa İttifaqı (Aİ) rəhbərliyinin bəyanatlarından sonra məlum olub ki, onlarla Avropa dövlətinə Rusiyadan təbii qazın tədarükü dayandırılıb. Rusiya qazından məhrum olan ölkələrin əksəriyyəti yeni həll yolu tapmalıdır. Amma bu baxımdan, Bolqarıstanın digər Avropa ölkələrindən daha çox bəxti gətirib. Belə ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) işə düşməsi ilə bu ölkə artıq sərt qışdan narahat olmaya bilər. Çünki bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycandan Bolqarıstana ixrac edilən təbii qaz düz 4 dəfə artırılacaq.

 

Bolqarıstan “cekpot”u    

Təxminən, 3 il qabaq IGB interkonnektorunun təməlqoyma mərasimi keçirilmişdi. Bu il iyulun 8-də isə Yunanıstanın Komotini bölgəsində mühüm əhəmiyyət kəsb edən əlamətdar hadisə baş verib: təbii qaz kəmərinin açılışı olub. Açılış mərasimdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Baş naziri Kiril Petkov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu interkonnektorun istifadəyə verilməsi ilə Bolqarıstan Azərbaycandan təbii qazı tam həcmdə ala biləcək. Belə ki, tərəflər arasında imzalanmış 25 illik müqaviləyə əsasən, Azərbaycandan Bolqarıstana ildə 1 milyard kubmetr qaz ixrac olunacaq. Əvvəllər bu göstərici cəmi illik 250-300 milyon kubmetr idi.

Bu layihə Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir, çünki bu ilin aprelin sonundan Rusiya qazının bu ölkəyə tədarükü dayandırılıb. Buna səbəb Bolqarıstanın qaz ödənişini rublla həyata keçirməkdən imtina etməsi olub. Nəticədə, indiyədək Yunanıstan bu ölkənin “mavi yanacağa” olan gündəlik tələbatının 80%-ni ödəyir.

Beləliklə, IGB interkonnektoru bu vəziyyəti kökündən dəyişir. Bu kəmər vasitəsilə tədarüklər Bolqarıstanın enerji təhlükəsizliyinin əsas elementinə, təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə ölkənin milli planının isə bir hissəsinə çevriləcək.

Bu arada, Azərbaycanın energetika naziri Pərviz Şahbazov açılış mərasimində bildirib ki, Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır.

Eyni zamanda, nazir vurğulayıb ki, iyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir.

“Azərbaycan Bolqarıstan və Yunanıstan da daxil olmaqla, Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb”, - deyə o əlavə edib.

P.Şahbazov deyib ki, IGB-nin açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.

Xatırladaq ki, uzunluğu 180 kilometr olan IGB kəməri “Bulqartransqaz” milli qaz şəbəkəsini Yunanıstanla birləşdirir. Bu interkonnektorla illik 3 milyard kubmetr “mavi yanacaq” nəqli nəzərdə tutulur. Gələcəkdə isə bu göstəricinin 5,5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Bu arada, Bolqarıstan üçün IGB-nin işə düşməsi həm də Balkan qaz qovşağı konsepsiyasının reallaşması üçün mühüm əhəmiyyət kəsb edir. Üstəlik, bu interkonnektor Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək Cənub Qaz Dəhlizinin (Vertical Gas Corridor) bir hissəsidir. Hətta bu dəhlizin Ukrayna, Moldova və Serbiyaya qədər uzadılması da nəzərdən keçirilir.

Rumıniyanın Baş naziri Nikolae Çuke artıq bəyan edib ki, interkonnektor istismara verildikdən sonra onun ölkəsi Moldova və Ukraynanı təbii qazla təmin edə biləcək (!): “Bu, Avropaya qaz nəqli şəbəkəsində mühüm əhəmiyyət kəsb edən interkonnektordur. IGB mahiyyət etibarilə Anadolu və Adriatikdən keçən qaz şəbəkəsini birləşdirəcək, həmçinin BRUA boru kəmərinə qoşulacaq və bununla da, Bolqarıstan və Rumıniyaya qaz tədarükünü təmin edəcək”.

O əlavə edib ki, “əlbəttə ki, biz bu qaz şəbəkəsinin paylama sxemi vasitəsilə Şərq tərəfdaşlarımıza - Ukrayna və Moldova Respublikasına və digər ölkələrə qaz tədarükünü təmin edə bilərik”.

 

Qaz çatışmazlığı

Bu arada, Avropa ölkələri isə Rusiyadan təbii qazın tədarükünü tamamilə dayandırmağa ciddi hazırlaşır. Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təşkilatın Strasburqda keçirilən sessiyasında son bəyanatlarından sonra məlum olub ki, Avropa bu məqsədlə təcili plan hazırlayır və o, iyulun sonlarında tamamlanacaq. O, planın hazırlanmasını Rusiya tərəfinin enerji resurslarından silah kimi istifadə etməsi ilə əsaslandırıb.

Ursula fon der Lyayen məlumat verib ki, indiyədək Rusiya Avropa İttifaqının 12 dövlətinə qaz tədarükünü tam və ya qismən dayandırıb. Doğrudur, Aİ-yə üzv ölkələrin belə fövqəladə vəziyyətlərlə bağlı milli proqramları var. Lakin Aİ rəhbərliyi hesab edir ki, bu məsələnin həlli üçün Avropada əməkdaşlığa və ittifaqın 27 dövlətinin birgə fəaliyyətinə ehtiyac var.

“Əmin olmalıyıq ki, Rusiyadan təchizat tam dayandırılacağı təqdirdə, təbii qaz bu resursa ən çox ehtiyacı olan ölkələrə tədarük ediləcək. Avropada həmrəyliyə arxalana biləcəyimizə əmin olmalıyıq. Həm vahid bazarı, həm də sənaye təchizat zəncirini qorumalıyıq”, - Avropa Komissiyasının sədri vurğulayıb.

Eyni zamanda Avropada yeraltı qaz anbarlarında ehtiyatların növbəti qış mövsümünə qədər doldurulması prosesi davam edir, lakin burada da hər şey qaydasında getmir. Qaz anbarlarının doldurulması sürəti iyunda aşağı düşüb. Buna səbəb Rusiyadan tədarükünün azalmasıdır.

“Görünür, Rusiya göstərmək istəyir ki, Avropa qaz anbarlarını doldura bilməyəcək. Mənə elə gəlir ki, o, Avropanın noyabrın 1-ə qədər qaz anbarlarını 90%-dək doldurmaq məqsədini pozmağa və bununla da, Avropanı siyasi cəhətdən zəiflətməyə çalışır”, - Almaniyanın iqtisadiyyat naziri Robert Habek “Şimal axını-1” vasitəsilə Rusiya qazının həcminin azaldılmasını şərh edərkən bildirib.

Rusiya tərəfi isə bu addımını qaz kəməri üçün əsas texnoloji avadanlıqların – “Siemens” qaz turbinlərinin –  Kanadanın sanksiyaları səbəbindən Monrealdakı zavoddan Rusiyaya göndərilməməsi ilə izah edib. Doğrudur, R.Habek Kanadada texniki xidmət göstərilən “Siemens” qaz turbinlərinin sanksiyalara məruz qalmayacağına əmin edib. Buna baxmayaraq, “Şimal axını-1” kəməri ilə tədarükün azaldılması faktı mövcuddur. Bu da “mavi yanacağın” qiymətinin yüksəlməsinə səbəb olur. Üstəlik, belə vəziyyət Aİ-nin qış mövsümünə lazımi səviyyədə hazırlaşmaq səylərinə də təhlükə yaradır.

 

Neqativ ssenari

Mövcud vəziyyət fonunda iyulun 7-də Avropada qazın qiyməti martdan bəri ən yuxarı həddə qalxaraq 1000 kubmetr üçün 1900 dolları ötüb. Bir çox elektrik stansiyaları təbii qazla işlədiyi üçün Avropada elektrik enerjisinin qiymətləri də rekord səviyyəyə qalxıb.

Beynəlxalq Enerji Agentliyin rəhbəri Fatih Birol isə Rusiyanın Avropaya təbii qaz nəqlini tamamilə dayandıra biləcəyini istisna etmir: “Qış mövsümü nə qədər çox yaxınlaşırsa, Rusiyanın niyyəti də bir o qədər aydın olur. Düşünürəm ki, təbii qaz tədarükünün azaldılmasının məqsədi Avropaya qaz anbarlarını doldurmağa imkan verməmək və Rusiyanın qış aylarında təsirini gücləndirməkdir”.

O vurğulayıb ki, Avropa ölkələri nüvə obyektlərinin bağlanmasını təxirə salmalı və yeraltı qaz anbarlarını qış başlayana qədər doldurmaq üçün mümkün olan hər şeyi etməlidir.

Beynəlxalq Enerji Agentliyinin 2022-2025-ci illər ərzində qaz bazarlarının dinamikası ilə bağlı son hesabatına əsasən belə nəticəyə gəlmək olar ki, davam edən “təbii qaz müharibəsi”ndə hamı uduzacaq. Burada yeganə sual kimin daha çox itirəcəyi ilə bağlıdır. Agentliyin ekspertlərinin hesablamalarına əsasən, Rusiya təbii qazının Avropaya tədarükünün azalması qaçılmazdır. Lakin bu, təkcə “qoca qitə” ölkələrinə deyil, həm də Rusiyaya ciddi zərbə vuracaq. Söhbət ondan gedir ki, təbii qaz axınını Asiyaya tam şəkildə yönəltmək üçün Moskvaya 10 il vaxt lazımdır. Bundan başqa, Avropaya tədarükün azalması Rusiyada təbii qaz hasilatının aşağı düşməsinə gətirib çıxaracaq. 2025-ci ilə qədər Rusiya qazının boru kəmər vasitəsilə Aİ-yə ixracının 2021-ci illə müqayisədə 55%-dən çox azalacağı gözlənilir. 2022-2025-ci illərdə Rusiyada qaz hasilatı ilə bağlı ümumi itki sanksiyalar və Aİ-nin Rusiyanın enerji resursundan imtina etməsi fonunda 480 milyard kubmetrdən çox ola bilər. Avropa ölkələri Rusiya qazının tədarükündən  tez bir zamanda imtina edərsə, 2022-2025-ci illərdə bu ölkədə hasilat itkiləri təxminən 550 milyard kubmetrə çata bilər.

Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edirlər ki, mövcud tədarük strukturu saxlanılsa belə 2022-ci ildə Rusiyadan Aİ ölkələrinə kəmərlər vasitəsilə qaz nəqli 45%, yəni təxminən 80 milyard kubmetr azalacaq. Eyni zamanda, təbii qaz idxalının ümumi strukturunda Rusiyanın payı cəmi 25% olacaq. Bununla da təxminən son 20 ilin ən aşağı göstəricisi qeydə alınacaq.

 

Fəal axtarış

Aİ qaz böhranından çıxış yolunu əsasən əvvəllər qəbul edilmiş “RePowerEU” planının həyata keçirilməsində görür. Onun əsas elementi, məlum olduğu kimi, bərpa olunan enerji mənbələrinin gələcək inkişafıdır. Amma bu, təbii ki, uzaq perspektivdir.

Yeri gəlmişkən, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson söyləyib ki, qısamüddətli perspektivdə Avropanın enerji çatışmazlığından sığortası yeraltı qaz anbarlarının doldurulmasıdır: “Buna görə də hər il noyabrın 1-dək yeraltı qaz anbalarının doldurulmasını təmin etmək məqsədilə tənzimləmə mexanizmi tətbiq etmişik. Qiymətlərin baha olmasına baxmayaraq, anbarların doldurulması prosesi uğurla gedir. Aİ ölkələrində yeraltı qaz anbarlarının doldurulması səviyyəsi 50%-dən yuxarıdır. Bu da ötən illə müqayisədə, təxminən, 6% çoxdur”.

Avrokomissar xatırladıb ki, Aİ Rusiya enerji resursunun 50 milyard kubmetrini mayeləşdirilmiş təbii qazla (LNG), 10 milyard kubmetrini isə digər mənbələrdən kəmərlər vasitəsilə nəql ediləcək “mavi yanacaq”la əvəz etməyə çalışır. Bu məqamda xatırladaq ki, Avropaya LNG tədarükü rekord səviyyəyə çatıb: mayda Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı növbəti rekord müəyyən edilib - 12,8 milyard kubmetr.

Digər ölkələrdən qaz tədarükünə gəlincə, K.Simson məlumat verib ki, bu məsələdə Norveç və ABŞ-la əməkdaşlıq dərinləşib. Bundan başqa, Aİ Misir və İsraillə qaz ixracını artırmaqla bağlı razılığa gəlib. Avropa İttifaqının bu məsələ ilə bağlı danışıqları artıq son mərhələdədir: “İyulda Azərbaycana səfər edəcəm. Eyni zamanda bizim Kanada, Qətər, Əlcəzair və digər ölkələrlə intensiv təmaslarımız var”.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarının mətbuat katibi Stefano Qrassi isə bildirib ki, iyulun 18-də Avropa İttifaqı Azərbaycanla enerji sahəsində çox mühüm memorandum imzalamağa hazırlaşır və bu, Brüsselin qaz böhranından çıxmaq üçün planlaşdırdığı addımlardan biri olacaq. KİV-in məlumatına əsasən, memorandumun K.Simsonun Bakıya səfəri zamanı imzalanacağı gözlənilir. Avrokomissar isə bildirib ki, Azərbaycanla hazırlanan saziş TAP kəməri ilə Cənub-Şərqi Avropaya qaz nəqlinin həcmini iki dəfə artırmaq məqsədi daşıyır.

 

Yardım əli

Rusiya təbii qazından asılılıq Avropa üçün başağrısına çevrilib. Digər asılılıqlar kimi ondan da qurtulmaq çox çətindir. Amma Avropaya kömək heç kəsin gözləmədiyi yerdən – Türkiyədən gəlib. Belə ki, Ankara gözlənilmədən bəyan edib ki, Türkmənistan qazının öz ərazisi ilə Avropaya ixracını təşkil etməyə hazırdır. Türkiyəli rəsmilər deyirlər ki, Aşqabadla bu məsələ ilə bağlı danışıqlar prosesi son mərhələdədir. Eyni zamanda, belə tədarükün mümkün ixrac variantı kimi məhz Cənub Qaz Dəhlizi nəzərdən keçirilir.

Xatırladaq ki, bu mövzu iyunda Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlarda da müzakirə olunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib ki, Ankara Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrinin təbii qaz məsələsində daha az əziyyət çəkməsi üçün hər cür səy göstərir. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə öz üzərinə böyük məsuliyyət götürüb.

Türkiyənin vitse-prezidenti Fuat Oktay isə daha açıq danışaraq məlumat verib ki, Ankara ilə Aşqabaq təbii qazın tədarükü ilə bağlı üç variant üzərində çalışır: qazın Xəzər dənizindən, daha sonra TANAP kəməri vasitəsilə tədarükü, svop müqaviləsi və ya kəmərlərə qədər dəniz yolu ilə (gəmilərlə) tədarük. O, vurğulayıb ki, bu məsələdə nəticənin tez əldə olunmasına şəxsən Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov ciddi dəstək verir.

Belə bir layihənin həyata keçirilməsinin Türkiyəyə verəcəyi siyasi və iqtisadi dividendləri nəzərə alsaq, Ankaranın bu məsələdə fəallığının məntiqli olduğunu söyləyə bilərik. Belə ki, o, Türkmənistan qazının tranzitindən aşkar gəlirlə yanaşı, öz ehtiyacları üçün də istifadə edə biləcəyi yeni “mavi yanacaq” mənbəyinə çıxış əldə edəcək. Ən əsası Türkiyə Aralıq dənizi regionunda ən böyük təbii qaz qovşağına çevriləcək. Aşqabad isə öz növbəsində hər il aktuallığını qoruyan təbii qaz ixrac marşrutlarının şaxələndirilməsi məsələsini həll edə biləcək.

Variantlardan hansının seçiləcəyini proqnozlaşdırmaq olduqca çətindir, lakin təsadüfi deyil ki, sadalanan sxemlər arasında Türkmənistan qazının svop tədarükü də var. Görünən odur ki, söhbət Türkmənistandan qazın İran vasitəsilə Azərbaycana nəqlindən gedir. Qeyd edək ki, bu ilin yanvarında başlanan bu əməliyyat o qədər uğurlu olub ki, tərəflər iyunda əvvəlcədən razılaşdırılmış 1,5 milyardlıq tədarükün üç dəfə artırılması barədə razılığa gəliblər.

Eyni zamanda İran Prezidenti İbrahim Rəisi türkmənistanlı həmkarı Sərdar Berdıməhəmmədovla Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısı çərçivəsində bildirib ki, Tehran Bakının son müraciətinə uyğun olaraq, Türkmənistan qazının öz ərazisindən Azərbaycana tranzitini artırmağa hazırdır. Yəni tədarükün artırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu, o deməkdir ki, hətta türkmən qazının bir hissəsinin İranın şimal ərazilərinə, bir hissəsinin isə Naxçıvan Muxtar Respublikasının ehtiyaclarına tədarük ediləcəyini nəzərə alsaq belə, Azərbaycanın svop müqaviləsi çərçivəsində aldığı qazın qalan həcminin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac oluna biləcəyi ehtimalı yüksəkdir. “Mavi yanacağın” qiymətinin yüksək olduğu indiki şəraitdə belə tədarüklər onların həyata keçirilməsi üçün lazım olan xərcləri tam ödəyir. Üstəlik, bu həcmlərin satışı, çox güman ki, məhz spot satışlar əsasında həyata keçirilir.



MƏSLƏHƏT GÖR:

99