28 Mart 2024

Cümə axşamı, 16:49

PROQNOZ MÜSBƏTDİR

Dünya iqtisadiyyatındakı mənfi tendensiyalar fonunda Azərbaycan dövlət büdcəsini artırır

Müəllif:

15.07.2022

Ukraynada baş verən hərbi münaqişə cəmi bir neçə ay ərzində qlobal iqtisadiyyatda ciddi böhrana səbəb olub. Enerjidaşıyıcıları, ərzaq və xammal qiymətlərinin artması, təchizat zəncirində fasilələr, ərzaq təhlükəsizliyi üçün artan risklər, faiz dərəcələrinin artırılması yolu ilə daha sərt pul siyasətinin tətbiqi - günümüzün bu reallıqları həm nüfuzlu beynəlxalq təşkilatları, həm də hökumətləri 2022-ci ilə dair gözləntilərinə yenidən baxmağa vadar edir.

Qeyd edək ki, ilin birinci yarısının yekunlarına əsasən Azərbaycanın büdcə proqnozlarına düzəlişlər edilib. İcmal büdcənin dəqiqləşdirilmiş gəlirləri 36,7 milyard, xərcləri isə 35,5 milyard manat səviyyəsində proqnozlaşdırılır: bundan qabaq 5,2 milyard manat kəsirlə təsdiq edilmiş icmal büdcəsində artıq profisit yaranıb.

 

Xarici konyunktur

Dünya Bankının 2022-ci ilin iyununda dərc etdiyi “Dünya iqtisadiyyatının perspektivləri” adlı hesabatına əsasən, qlobal iqtisadi artım ilkin proqnozla müqayisədə 1,2 faiz bəndi azalaraq 2,9% təşkil edəcək. Eyni zamanda iqtisadi artım Rusiya və Ukrayna istisna olmaqla, xammal ixrac edən ölkələrdə 0,3 faiz bəndi artaraq 3,7%-ə qədər yüksələcək. Geosiyasi gərginliyin artması və enerjidaşıyıcılarına qarşı sanksiyaların tətbiqi son 9 ildə enerji resurslarının ən yüksək qiymətinə gətirib çıxarıb. Məsələn, 2022-ci ilin yanvar-may aylarında “Brent” markalı neftin orta aylıq qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə düz 60,9% artaraq 102 dollara çatıb. Bu dövr ərzində ən yüksək qiymət mart ayında qeydə alınıb: 112,5 dollar. Bu, 2021-ci ilin mart ayı ilə müqayisədə 1,7 dəfə çoxdur.

Bu arada, Dünya Bankının məlumatına əsasən, bu ilin birinci rübündə təbii qazın qiyməti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artıb. Enerji resursları ilə yanaşı, digər xammal növlərinin, həmçinin taxıl, metal, gübrənin qiyməti də artıb. Buna səbəb Rusiya və Ukraynanın bu xammal növlərinin əsas ixracatçıları olmasıdır. Belə ki, bu ilin 5 ayı ərzində əvvəlki dövrlə müqayisədə kənd təsərrüfatı məhsulları 19,5%, ərzaq məhsulları 24,6%, taxıl isə 26,5% bahalaşıb. Xammal növləri arasında ən çox qiymət artımı gübrələrdə qeydə alınıb: 110,3%.

Əlbəttə ki, bütün bunlar nəticə etibarilə digər ölkələrin, xüsusən də hər iki münaqişə tərəfləri ilə ticari-iqtisadi əlaqələri olan dövlətlərin iqtisadiyyatına təsir etməyə bilməzdi. Bunun Azərbaycana həm mənfi, həm də müsbət təsiri var. Bir tərəfdən inflyasiyaya xarici amillər təzyiq göstərir, digər tərəfdən isə ölkənin əsas ixrac məhsulu olan neftin satışından əldə olunan gəlirlər artır.

 

Azərbaycanda tendensiyalar

Neftin qiymətinin əhəmiyyətli dərəcədə artması ümumi daxili məhsulun (ÜDM) nominal dəyərinə təsir göstərib. Amma maraqlı statistika da müşahidə olunur: ümumi daxili məhsulun nominal həcmi əsasən neft sektoru hesabına yüksəlib. Lakin onun real artımı tamamilə qeyri-neft sektoru hesabınadır.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında yaradılmış əlavə dəyər 39,6 milyard manatdır. Bu da ilkin proqnozun 45,7%-ni təşkil edir. Neftin qiymətinin artması isə yanvar-aprel aylarında bu enerji resursunun ÜDM-dəki payını 20 milyard manata çatdırıb. Bu da ilkin proqnozun 76,6%-nin yerinə yetirildiyini göstərir. Nəticədə, neft komponentinin ÜDM-də payı 50,8%-ə çatıb.

Bu arada, neft sektorunda proqnozdan artıq əlavə dəyər yaradılması dövlət büdcəsinin icrasına da öz təsirini göstərib. Neft şirkətlərinin büdcəyə ödədiyi gəlir vergisinin həcmi də artıb. Belə ki, neft şirkətləri aprelin sonuna qədər əvvəlcə proqnozlaşdırıldığı kimi, yəni 239 milyon manat deyil, düz 1,2 milyard manat gəlir vergisi ödəyib. Bu dövrdə iqtisadi artım isə 7,2% təşkil edib ki, bu da son 12 ilin ən yüksək göstəricisidir. Neft sektorunda 0,2%-lik cüzi artım fonunda qeyri-neft sahəsində 11,4% artım müşahidə olunub. Qeyri-neft sektorunun ümumi daxili məhsulunda payının ikiqat artması əsasən nəqliyyat, turizm, sosial və digər xidmətlər hesabına təmin edilib.

Nəticədə, Azərbaycanda bu ilin yanvarından aprel ayının sonuna qədər məhsullar, işlər və xidmətlərə görə dövlət büdcəsinə 1,1 milyard manat ƏDV daxil olub. Qeyd edək ki, bundan qabaq həmin dövr ərzində 898,5 milyon manat ƏDV daxil olacağı proqnozlaşdırılırdı.

Ümumiyyətlə, 2022-ci ilin yanvar-may ayları üçün Dövlət Neft Fondundan ayırmalar istisna olmaqla, bütün digər gəlir maddələrinin icrası gözləntiləri üstələyib. Ən böyük artıqlaması ilə yerinə yetirilmə apreldə qeydə alınıb: faktiki olaraq 3,7 milyard manat vəsait daxil olub ki, bu da proqnozlardan düz 42% çoxdur. Eyni zamanda, bu mənada ən böyük gəlir vergi xidmətlərindən daxilolmaların payına düşür (2,1 dəfə - 2,2 milyard manat).

Beləliklə, 2022-ci ilin ilk beş ayında dövlət büdcəsinin profisiti 2 milyard manat təşkil edib. Bu da proqnozlardan 4 dəfə çoxdur. İcmal büdcəsinin profisiti isə 4 milyard manata yaxındır (2 dəfə).

Belə profisitin yaranmasına səbəb olan amillərdən biri neft və qaz ixracından gələn valyuta gəlirlərdir. Qeyd edək ki, bu enerji resurslarından əldə edilən gəlirlər bərabərləşib.

Bu dövrdə vergi daxilolmaları proqnozlardan, təxminən, 2 milyard manat çox olub. Bütün bunlar hökuməti dövlət büdcəsinə yenidən baxmağa və əlavə gəlirləri yenidən bölüşdürməyə sövq edib.

Güman edilir ki, büdcədə yeni imkanların yaradılması müdafiə, təhlükəsizlik sahələrində, həmçinin azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin ən qısa müddətdə öz doğma torpaqlarına qayıtması istiqamətində işlərin görülməsini təmin edəcək.

 

Proqnozlar yaxşıdır, inflyasiyadan başqa

Əlavə xərclərin əsas hissəsinin investisiyayönümlü olduğunu nəzərə alsaq, yenilənmiş proqnozlara əsasən, qeyri-neft sektorunun ÜDM-də real artım tempi 4,9%-dən 5,5%-ə yüksələcək. Bu da tikinti və digər sektorlar hesabına təmin ediləcək.

“Ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrə proqnozlaşdırılandan çox daxilolmalar əldə edildiyini nəzərə alaraq, Prezident İlham Əliyev artan gəlirlərin bir hissəsinin işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinə yönəldilməsi barədə göstəriş verib”, - Milli Məclisdə çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

O vurğulayıb ki, dövlət başçısı sosial müdafiə, müdafiə və təhlükəsizlik sahələrində, ərzaq təhlükəsizliyi üçün əlavə ehtiyatlar və yeni infrastruktur layihələrinə ayrılan xərclərin artırılması barədə də göstəriş verib.

Proqnozlaşdırma zamanı neftin orta illik qiyməti 50 dollardan 85 dollara, orta illik inflyasiya isə 4%-dən 12,5%-ə qaldırılıb. Bu da nominal neft və qeyri-neft ÜDM-in artmasına səbəb olub. Bu ilin sonuna ÜDM-in həcmi ilk dəfə olaraq üçrəqəmli ifadə olunacaq, yəni 115,4 milyard manat həcmində qeydə alınacaq. 28,8 milyard manatlıq əlavə ÜDM artımının əsas hissəsi neft sektorunun hesabına planlaşdırılır.

Bu arada, Hesablama Palatasının hesablamalarına görə, sentyabr-dekabr aylarında inflyasiya proqnozunu təmin etmək üçün, orta hesabla, 2-2,5% qiymət artımı qeydə alınmalıdır. Bu zaman yay aylarında, adətən, cüzi bahalaşmanın və ya deflyasiyanın olması nəzərə alınır.

Digər tərəfdən praktikaya əsasən, xərclərin böyük hissəsi 4-cü rübdə icra olunacaq. Bu, o deməkdir ki, xərclərin artması təkcə bu il üçün deyil, həm də gələn il üçün də inflyasiya təzyiqi yaradacaq.

 

Büdcədə nə dəyişib?

Dəyişikliklərə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 8,9% artırılaraq 29,2 milyard manata, xərcləri isə 8,1% artırılaraq 32,3 milyard manata çatdırılıb. Nəticədə, dövlət büdcəsinin kəsiri 43 milyon artaraq 3,1 milyard manat və ya ÜDM-in 2,7%-ni təşkil edib.

Dövlət büdcəsinə yenidən baxılması nəticəsində neft gəlirlərinin xüsusi çəkisi 15,5 milyard manat və ya bütün gəlirlərin 53,2%-ni, qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 13,7 milyard manat və ya bütün gəlirlərin 46,8%-ni təşkil edəcək.

Dövlət büdcəsinin doldurulmasında əsas yük yenidən vergi orqanlarının üzərinə düşəcək. Onlar 11,7 milyard manat vergi toplamalıdırlar. Bu, 33,1%-lik artım deməkdir və ya bütün dövlət büdcəsinin gəlirlərinin 40,2%-ni təşkil edəcək. İkinci sırada ənənəvi olaraq Dövlət Gömrük Komitəsidir – müvafiq olaraq 4,6 milyard manat (+8,1%) və ya 15,8%. 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF), daha doğrusu, bu fonddan transferlər üçün fasilə verilməsinin zamanı yetişib. Belə ki, bu fonddan transferlərin həcmi düz 9,4% azalıb. Bu, bütün dövlət büdcəsinin gəlirlərinin 39,4%-ni təşkil edəcək. Əlbəttə ki, bu, ARDNF-nin gəlirləri toplaması funksiyasının artırılması baxımından son dərəcə müsbət qərardır. Bu gün nə qədər az xərclənirsə, gələcək nəsillər üçün bir o qədər çox qalacaq. Yeri gəlmişkən, bu il Dövlət Neft Fondunun gəlirlərinin 15,8 milyard, xərclərinin isə 11,6 milyard manat olacağı gözlənilir.

Digər müsbət məqamlardan biri qeyri-neft sektoru üzrə proqnozun 5,8% artırılmasıdır. Bu da hökumətin artıq bu seqmentdə lazımi artım potensialına malik olması deməkdir. Burada da hər şey sadədir - qeyri-neft sektorunun payı nə qədər çox olarsa, neft gəlirlərindən asılılıq da bir o qədər az olacaq.

Dövlət büdcəsində xərclərə gəlincə, sosial müdafiəyə ayrılan xərclər 2,4%, təhsilə isə 0,06% artacaq. Daha 193 milyon manat ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Təbii ki, bu, indiki şəraitdə tamamilə məntiqli qərardır.

Xərclərdəki artımın böyük hissəsi ölkədəki layihələrə dövlət investisiyalarının artması ilə bağlıdır: 1,3 milyard manat. Azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə əlavə 470 milyon manat vəsait yönəldiləcək. Yəni ən böyük sərmayələr Qarabağdakı tikinti layihələrinə qoyulacaq. Qeyd edək ki, azad edilmiş ərazilərdəki layihələrə 2,7 milyard manat vəsait ayrılıb. Bu, bundan qabaq təsdiq edilmiş büdcədəki vəsaitdən 21% çoxdur.

Maliyyə vəsaitinin ayrıldığı ikinci ən böyük sahə müdafiə və milli təhlükəsizlikdir. Bu məqsədlə 5 milyard manat vəsait ayrılıb. Bu da bundan qabaq təsdiq edilmiş büdcədəki vəsaitdən 13% çoxdur. Qarabağda hərbi əməliyyatların başa çatmasından, təxminən, iki il keçməsinə baxmayaraq, qonşu ölkədə revanşist əhvali-ruhiyyə səngimək bilmir. Üstəlik, Ermənistanın gah sülhə razılıq verməsi, gah da təxribat xarakterli bəyanatlar səsləndirməsi Azərbaycanı hadisələrin istənilən inkişafına hazır olmağa vadar edir. Xoşbəxtlikdən, qeyd etdiyimiz rəqəmlərdən göründüyü kimi, Azərbaycanın Ermənistanın istənilən addımına layiqli cavab verməsi üçün kifayət qədər iqtisadi resursu var.


MƏSLƏHƏT GÖR:

100