29 Mart 2024

Cümə, 12:05

MÜSBƏT ZONADA

Azərbaycan dünyada baş verən iqtisadi təlatümlər fonunda tarazlığı qorumaqda davam edir

Müəllif:

01.08.2022

Azərbaycan iqtisadiyyatı nəinki neqativ xarici təzyiqlərə tab gətirir, hətta iqtisadi inkişaf statistikasını yaxşılaşdırır. Ölkədə illik iqtisadi artımın hazırkı səviyyəsi (6,2%) bu il üçün dünya üzrə orta proqnozdan düz 2 dəfə yüksəkdir. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qeyd etdiyi kimi, bu göstərici ölkənin dünya iqtisadiyyatında xüsusi çəkisinin artması deməkdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, ölkə iqtisadiyyatının artımına pandemiya dövründə prezidentin nəzarəti ilə hökumətin atdığı addımların bütövlüyü və ardıcıllığı, iqtisadi və struktur islahatlarının nəticələri, həmçinin dövlət müəssisələrinin vahid blok kimi idarə edilməsi və daimi yaxşılaşan biznes mühiti kimi amillər səbəb olub.

 

Xarici fon və daxili reallıq

Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci il üçün dünya üzrə ÜDM artımı proqnozunu apreldəki proqnozlaşdırılanla müqayisədə 0,4 faiz bəndi, 2023-cü il üçün isə 0,7 faiz bəndi azaldıb. Beləliklə, IMF hesab edir ki, bu il dünyada ÜDM artımı 3,2%, gələn il isə 2,9% olacaq. Fondun ekspertlərinin fikrincə, onsuz da pandemiya nəticəsində zəifləyən dünya iqtisadiyyatına daha bir neçə sarsı keçirib. Məsələn, xüsusilə ABŞ və Avropanın böyük ölkələrində inflyasiyanın gözləniləndən yüksək olması maliyyə şərtlərinin sərtləşməsinə səbəb olub. Bundan başqa, dünya ÜDM-ə COVID-19 səbəbindən Çin iqtisadiyyatının yavaşlaması, həmçinin Ukraynadakı vəziyyət təsir göstərib. 

Dünya iqtisadiyyatında ümumi vəziyyət məhz belədir. Azərbaycanın əsas ticarət tərəfdaşları olan qonşu ölkələrə gəlincə, Rusiyadakı iqtisadi durum göz qabağındadır. Beynəlxalq ekspertlərin əksəriyyəti hesab edir ki, Rusiya sanksiyalara tab gətirsə belə, staqnasiyadan yan keçə bilməyəcək.

Digər tərəfdən Türkiyədə cari il üçün inflyasiya proqnozları artır. Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu bildirib ki, indi ölkədə inflyasiya əvvəlcə proqnozlaşdırılan 42,8% əvəzinə 60,4% səviyyəsində gözlənilir.

“Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirib.

Buna baxmayaraq, bu kifayət qədər çətin xarici fonda, demək olar ki, bütün aparıcı reytinq agentlikləri və dünya təşkilatları Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını artırır. 2022-ci ilin birinci yarısının statistikasına əsaslanaraq onlarla razılaşmamaq mümkün deyil. Belə ki, ölkə iqtisadiyyatı 6,2%, qeyri-neft sektoru 9,6% artıb. Qeyri-neft-qaz sənayesində 11%, qeyri-neft emal sənayesində 15%, nəqliyyat sektorunda 27%, turizm və ictimai iaşədə 86%, informasiya və rabitə sektorunda 14% əlavə dəyər artımı olub. Bundan başqa, qeyri-neft ixracının artımı 25% təşkil edib. Xarici ticarət balansının müsbət saldosu isə düz 12,1 milyard dollar olub.

“Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri, təxminən, 20% artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12%-dən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5%, 1% olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”, - Azərbaycan dövlət başçısı qeyd edib.

 

İnflyasiyanı cilovlamaq

İnflyasiya həqiqətən bütün dünyada problemdir. M.Cabbarov sözügedən toplantıda qeyd edib ki, cari ilin iyun ayında ötən ilin iyun ayı ilə müqayisədə dünya bazarında buğda 30%, xam palma yağı 50%, kərə yağı 29%, günəbaxan yağı 45%, qarabaşaq 43% bahalaşıb: “Bununla yanaşı, cari il iyun ayının sonuna dünya bazarlarında təbii qazın qiyməti ilin əvvəlindən 42%, “Brent” markalı neftin bir barel spot qiyməti isə 53% artıb”.

Aydındır ki, bu fonda Azərbaycan daxilində qiymətlər sabit qala bilməz. Artıq qeyd edildiyi kimi, cari ilin yanvar-iyun aylarında ölkədə inflyasiya 12,9% təşkil edib, ərzaq məhsullarının qiymətləri indeksi isə müvafiq olaraq 19% artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əhalinin gəlirlərinə təsir edən bu neqativ halla mübarizə aparmaq üçün hökumət antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planını təsdiq edib. Bu plan çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi, qiymət manipulyasiyalarının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

“Minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir”, - deyə M.Cabbarov məlumat verib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov isə hesab edir ki, gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın cilovlanacağı və tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır.

O, mətbuat konfransında bəyan edib ki, mövsümi amillərin bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir: “Son 2 ayda mövsümü amillərlə bağlı ərzaq qiymətlərinin azalmasını müşahidə edirik. Bundan başqa, logistika xidmətlərinin dəyəri də azalır”.

T.Kazımov əlavə edib ki, iyunda 0,1%-lik deflyasiyaya baxmayaraq, illik inflyasiya tendensiyası hələ də davam edir: “Hesablamalarımıza görə, 2022-ci ilin sonuna inflyasiya səviyyəsi indiki göstəricilərdən aşağı olacaq. Xarici bazarlarda əlverişli şəraitdə inflyasiya 2023-cü ildə birrəqəmli ola bilər”.

 

Valyuta sabitliyi və investisiyalar

AMB Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyəti kifayət qədər sabit hesab edir. Mərkəzi Bank iyulun 29-da keçirilən iclasının nəticələrinə görə, bu il ardıcıl üçüncü dəfə uçot dərəcəsini 7,75% səviyyəsində saxlayıb. Bu qərarın səbəblərindən biri də Azərbaycanın əsas tərəfdaşları olan ölkələrin milli valyutasının ucuzlaşması fonunda manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsidir.

Yeri gəlmişkən, T.Kazımov deyib ki, hazırda banklar tərəfindən əhalidən nağd valyuta alışının həcmi satışından çoxdur və buna o cümlədən ölkəyə pul köçürmələrinin artımı təsir göstərib. Belə ki, iyunda banklar tərəfindən nağd valyutanın xalis alışının həcmi 109,8 milyon dollar təşkil edib. Bu da son 7 ilin ən yüksək göstəricisidir.

Amma AMB valyuta hərraclarında dollara tələbin azalmasını nəzərə alaraq, manat/dollar üzrə məzənnə siyasətində dəyişiklik etmək fikrində deyil. Valyuta bazarındakı tarazlıq da ölkənin valyuta ehtiyatlarının 2022-ci ilin yanvar-iyun aylarında 1,8% artaraq 54,2 milyard dollara yüksəlməsini təmin etməyə kömək edir. Bu, həm də bu il iyulun 1-nə xarici dövlət borcunun ÜDM-də payının 16,6%-ə qədər azalması fonunda iqtisadi sabitliyin bariz göstəricisidir. Dövlət başçısı İlham Əliyevin bununla bağlı söylədiyi kimi, “bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində, belədir”.

Beləliklə, bütün bu amillər son nəticədə iqtisadi inkişafın ən mühüm stimulu olan investisiya cəlbediciliyinə təsir göstərir. Yeri gəlmişkən, nazir M.Cabbarovun qeyd etdiyi kimi, cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub: “Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5% təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8%-dək artıb”.

Təbii ki, burada işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də mühüm rol oynayır. “Birmənalı olaraq “Böyük Qayıdış”ın bizim üçün iqtisadi artım drayveri kimi qalmasını proqnozlaşdırırıq”, - Azərbaycanın iqtisadiyyat naziri vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. Bu strategiyaya əsasən, Azərbaycan 2027-ci ilədək iqtisadiyyatın qeyri-neft sektoruna birbaşa xarici investisiyaları 50-75% artırmağı planlaşdırır (bu göstərici 2011-2021-ci illərdə 11,1 milyard dollar olub).

Əlbəttə ki, bugünkü dəyişikliklər, təlatümlər, böhranlar şəraitində nəzərdə tutulan planların yerinə yetirilməsi çətindir. Amma ümid edək ki, Azərbaycan bundan sonra da dünyada baş verən iqtisadi təlatümlər zamanı tarazlığı qoruyub saxlaya biləcək.


MƏSLƏHƏT GÖR:

100