Müəllif: Sənan NADİROĞLU
Cari mövsüm Çempionlar Liqasında Azərbaycanı təmsil edən ölkə çempionu “Qarabağ” pley-off mərhələsində mübarizəni dayandırıb. Ardıcıl üç mərhələni adlayan Ağdam təmsilçisi həlledici görüşdə Çexiyanın “Viktoriya” komandasına uduzub. Bununla belə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokuboklarda qrupda oynamaq imkanı qazanıb. Payızdan etibarən “Qarabağ” Azərbaycanı qitənin ikinci klub yarışı Avropa Liqasında təmsil edəcək.
Avropa Liqası ərəfəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan “Region plus”un suallarına cavab verməyi xahiş etdik.
- 5 ildən sonra növbəti dəfə Çempionlar Liqasında çıxış etmək imkanı var idi. Sizcə, “Qarabağ” Bakıda, yoxsa səfərdə daha dəqiq oynamalı idi?
- Artıq bu barədə danışmaq düzgün olmaz. İrəli baxmaq lazımdır. Çexiyadakı görüşdə də komandamız layiqincə oynadı. Səhvlərimiz oldu. Amma biz komanda kimi mübarizə aparırıq. Udanda da, uduzanda da bir oluruq. Artıq Avropa Liqası barədə düşünmək lazımdır.
- “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasında oyunlarını necə qiymətləndirirsiniz?
- Hər zaman deyirəm ki, futbolçularım həm də döyüşçülərimdir. Çətin oyunlarımız oldu. Bu oyunları unuda bilmərik. “Lex”, “Sürix”, “Ferentsvaroş” kimi təcrübəli klublarla mübarizə apardıq. Bu gün Azərbaycan klubu Avropa Liqasına vəsiqə qazanıb. Bu yarışın zəif olmadığını bilirik. ÇL-dəki oyunlarımızdan razı qaldım. İlbəil “Qarabağ” təcrübəsini artırır.
- Çexiyadakı matçdan sonra qapıçı Şahruddin Məhəmmədəliyev sərt tənqid olundu. Ona qarşı belə reaksiya gözləyirdinizmi?
- Futbolda hər oyun nəticədən asılıdır. Azarkeş hər zaman bizdən yüksək nəticə istəyir. Bu onların haqqıdır. Futbol səhvlər üzərində qurulub. Məhz səhvlər nəticəni həll edir. Yenə təkrar edirəm. Məğlubiyyəti Şahruddinin üzərinə atmaq olmaz. Futbol komanda oyunudur. Bütün komandamız Çempionlar Liqasında oynamaq istəyirdi. Təəssüf ki, alınmadı. Biz indi irəli baxmalıyıq. Düşünürəm futbolçularım bu matçı tezliklə unuda bilməyəcək. Bu amil bizə təsir edə bilər.
- Avropa Liqasında “Qarabağ” artıq təcrübəli komanda kimi mübarizə aparacaq. Avroliqa barədədüşüncələrinizi bilmək istərdik...
- Avropa Liqası kifayət qədər səviyyəli yarışdır. Bəzi məqamlarda hətta Çempionlar Liqasından fərqlənmir. Rəqibdən asılı olmayaraq maksimum nəticə qazanmağa çalışacağıq. Zədəli oyunçuların sağalmasını diqqətdə saxlamalıyıq. Müəyyən zədəlilər var. Avropa Liqasına qədər bir neçə həftə vaxtımız olacaq. ÇL-i tezliklə unudaraq fikrimizi Azərbaycan Çempionatı və Avropa Liqasına yönəltməliyik. Biz hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Bu dəfə də azarkeşlərimizi sevindirmək üçün maksimum ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.
- Yeni transferlər olacaq?
- Vaxtımız çox deyil. Hazırda bir neçə oyunçu variantı var. “Qarabağ”da rəqabətin güclü olmasını istəyirik. Mövqelərə daha çox futbolçu seçimi olarsa, bu ancaq komandanın xeyrinə olar. Vaxtımız az olsa belə transferlərin baş tutması üçün səy göstəririk.
- Belə bir fikir var ki, “Qarabağ”a Azərbaycan futbolunda rəqib yoxdur. Bu fikirlə razısınız?
- Ölkədə yaxşı klublarımız var. Əlbəttə, avrokuboklardakı çıxış baxımından biz hər zaman istəmişik qrup mərhələsində klublarımızın sayı çox olsun. Həm ölkə futbolunun nüfuzuna böyük dəstək olar, həm də rəqabət baxımından irəliləyiş əldə edərik. Avropa kuboklarında klublarımızın sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
- Bu gün, demək olar ki, ölkə futbolunda “Qarabağ”a rəqib yoxdur. Yeni mövsümdə də komandanız ölkə çempionluğuna əsas namizəd sayılır. Bu amil futbolçularınızı arxayınlaşdırmır?
- Arxayınçılıq hər zaman narahatlıq yaradır. Həmişə çalışıram futbolçularım arxayınlaşmasın. Bu, problemlər yarada bilər. Hətta qələbədən sonra belə futbolçulara irəli baxmağı xahiş edirəm. Nəticə bu gün var. Sabah üçün yenidən çalışmaq lazımdır. Ölkə çempionatında asanlıqla qızıl medalları qazanmaq olmur. Hər mövsüm “Qarabağ” güclü olduğunu göstərmək üçün qələbələr qazanır. Avrokuboklarda da çıxış etdiyimizi nəzərə alaraq iki cəbhədə mübarizə apardığımızı söyləməliyəm. Cari mövsümdə çempionat yeni başlayıb. Amma məqsədimiz titulu qorumaqdır. Həm Azərbaycan Çempionatı, həm ölkə kubokunda sona qədər mübarizə aparacağıq.
- 44 günlük Vətən müharibəsindən 2 il ötür. İndi Ağdamı təmsil etmək hansı hisslər yaradır?
- Dəfələrlə söyləmişəm. Bu gün komandamız daha rahat oynayır. Yəni sanki çiyinlərimizdən ağır yük götürülüb. Ağdam şəhəri tamamilə azaddır. Düzdür, orada infrastruktur yox dərəcəsindədir. Klub olaraq hər zaman çalışmışıq Azərbaycanı layiqincə təmsil edək. Şükürlər olsun azarkeşlərimizi sevindirməyi bacarmışıq.
MƏSLƏHƏT GÖR: