Müəllif: Tatyana İVANAYEVA
Azərbaycanlı rəsssam, UNESCO - Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO - Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Lətafət Məmmədova təkcə yaratdığı təsviri incəsənət nümunələri ilə deyil, həm də müasir türkiyəli rəssamların müəllimi kimi tanınır. Onun müəllif kurslarını bitirən rəssamların işləri peşəkarların diqqətini cəlb edir. L.Məmmədova ilə görüşümüz sentyabrın 29-dan oktyabrın 5-dək Müasir İncəsənət Muzeyində keçiriləcək “Rənglərin sirri” adlı fərdi sərgisinə qızğın hazırlıq işlərinin davam etdiyi dönəmə təsadüf edib. Amma söhbətimiz təkcə rəssamlıq, yaradıcılıq, tələbatın olduğu rəssamlıq kurslarının yaradılması barədə müzakirələr aparmaqla məhdudlaşmayıb. Lətafət xanım bütün bu illər ərzində Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olub, çünki o, doğma vətənindən təcrid olunmaq barədə düşünmür... Buna görə də rəssamın söhbətə son illərin əsas hadisəsi haqqında düşüncələrlə başlaması tamamilə qanunauyğundur...
- İstanbulda mənim yaşadığım bölgə çox məşhur ərazi hesab olunur. Düşünürəm ki, buna görə bədnam qonşularımızın bir çox nümayəndələri də məhz burada məskən salıblar. Bütün bu illər ərzində “bədbəxt və həyatdan küsmüş”lərin saxta naləsini eşitməli olmuşam. Lakin onlar elit rayonlarda yaşayır və mühüm vəzifələr tuturlar. Tarixin axarını özlərinə lazım olan istiqamətə yönəltmək onların sevimli məşğuliyyətidir. Onlar onilliklər ərzində gizlətməyin çətin olduğu milli təkəbbürün “qurbanları”dlr. Tarixi Qələbimizlə bağlı xəbəri böyük ruh yüksəkliyi ilə qəbul etdik. Bunu sözlə ifadə etmək çox çətindir. Bu, bizim üçün şərəf, qürur mənbəyi idi!
- Rəssam üçün vətən nədir?
- İlk öncə qeyd etmək istərdim ki, rəssam azad olmalıdır. O, material məsələlər barədə düşünməməlidir. Məişət məsələləri – ona ehtiyacın olmasına baxmayaraq – diqqəti yayındırır və “aşağı dalğaya” keçməyə vadar edir. Türkiyədə yaşadığım dövrdə bütün vaxtım özümə məxsusdur. Belə deyək: mən eyni zamanda həm xoşbəxtəm, həm də xoşbəxt deyiləm. Ailənin uzaqda olması yalnız axşam vaxtları yada düşür. Amma gündüz vaxtları!... Həmin vaxt mənim həyatım yalnız incəsənətlə əhatə olunub. Söhbət tələbələrimdən, molbertimdən və palitramdan gedir. Bütün vaxtımı praktiki olaraq kətanın qarşısında keçirirəm. Yəni istirahət etmək mənə aid deyil. Qəribə səslənə bilər, amma mənim üçün istirahət özüm üçün işləməkdir. Əvvəllər 5 günlük kurslar keçirdimsə, indi bu kurslar 4 gün davam edir. Həftənin iki gününü sırf öz yaradıcılığıma ayırmışam. Şənbə və bazarı şəxsi yaradıcılığım üçün bayram günləri kimi gözləyirəm. Həmin günlər qarşımdakı kətana qərq olur, onun üzərində öz kainatımı yaradıram. Buna görə də Türkiyədə ailəmdən uzaqda olmağıma baxmayaraq, tənha olduğumu hiss etmirəm. Uca tanrı mənə əziz olan insanları qorusun. Lakin hazırda iki ölkədə yaşadığıma görə həyatım iki yerə bölünüb: Bakıda diqqətim ailəmə, İstanbulda isə incəsənətə yönəlib. Ən yaxşı işlərimi məhz İstanbulda ərsəyə gətirdiyimi etiraf etməliyəm.
- Geri qayıtmaq barədə düşünürsünüzmü?
- Ətrafımdakı insanlar daxil olmaqla, illər sonra Azərbaycana qayıdan çox sayda insan tanıyıram. Onlar oturuşmuş və firavan həyatlarının olmasına baxmayaraq, Azərbaycana qayıdıblar. Onların bəziləri burada öz övladlarını böyüdüb, təhsil verib və övladları qarşısında misssiyalarının başa çatdığını düşündüyünə görə öz gələcək həyatlarını yalnız vətənlərində görüblər. Mənim həyat yoldaşım da belə qərar verib. Azərbaycan onu özünə çəkirdi. Amma çətin qərar verib Türkiyədə qalmalı oldum. İstanbulda olmağımı bir növ “mədəniyyət səfiri” kimi qəbul edirəm və hər gün öz borcumu vicdanla yerinə yetirirəm. Buna görə də doğma diyardan uzaqda olduğuma görə təəssüfləndiyimi söyləyə bilmərəm. Axı, vətən ayrılmaz bir parça kimi insanın daxilində yaşayır. Ola bilər ki, bizimlə bağlı məsələdə mentalilet öz rolunu oynayır: azərbaycanlılar öz torpağına çox bağlıdırlar. Bunu xüsusilə Qarabağın bir zamanlar işğal atında olmuş ərazilərinin azad edilməsi uğrunda gedən 44 günlük müharibə zamanı hiss etdim. Yadımdadır, iki ay ərzində yuxusuz qaldığım üçün xəstələndim. Əsəb sistemi ilə bağlı problemlər yaranmışdı. Şəhərlərimizin atəşə tutulması, dinc əhalinin və uşaqların həlak olmasından xüsusilə sarsıldım. Durmadan ağlayırdım. Telefon daim əlində idi, günün saatından asılı olmayaraq, xəbərlərə baxırdım. Vətənlə bağlı hisslərimin nə qədər dərin olduğunu məhz o zaman anladım. Bundan əvvəl bunun necə əhəmiyyətli olduğunu güman belə edə bilmirdim. Üstəlik, etiraf etməliyəm ki, torpaqlarımızın qaytarılacağı xoşbəxt günü görəcəyimə ümidim yox idi. Doğrudur, həyat yoldaşımda bununla bağlı həsəd aparılacaq əminlik var idi. Nəticədə, o, bu məsələdə haqlı oldu. Lakin əvvəllər buna inanmamağıma görə müəyyən dərəcədə kədərlənirəm. Amma bu düşüncələr əsrlər əvvələ uzanan qabaqkı itkilərimizə əsaslanırdı. Azərbaycan Ordusu addım-addım doğma torpaqlarımızı geri qaytaran zaman böyük qürur hissi yaşayırdım!
- İki qardaş xalqın mədəni “kodları” fərqlidirmi?
- Türkiyəlilər real həyatda da “Bir millət, iki dövlət” şüarı ilə yaşayırlar. Söhbət tək türkiyəli rəssamlardan getmir. Sadə vətəndaşların mənə qarşı isti münasibətləri ilə qarşılaşmışam! Peşəkar sahədə də diqqətdən kənar qalmamışam. “Zirvədə” olmaq niyyətim olmasa da, tez-tez müxtəlif tədbirlərə dəvət alırdım. Hörmət bu xalqın mədəniyyətinin bir parçasıdır. Mən fəxrlə söyləyə bilərəm ki, bu ölkədə mən çox sayda diplomla təltif olunmuşam. Bu da Azərbaycan incəsənətinin yüksək səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir. Buraya Azərbaycan incəsənətinin müxtəlif növləri daxildir. Türkiyəlilər də bu sahədə müəyyən üstünlüyümüzün olduğunu inkar etmirlər. Hətta qardaş ölkənin müasir incəsənəti “tədrislə bağlı kökünü” Azərbaycan məktəbindən götürür. Azərbaycanlı valideynləri Bosfor boğazı sahillərində işləyən və ya yaşayan çoxlu sayda azərbaycanlıların müxtəlif müsabiqələrin qalibi olublar! Bəlkə də burada özünü tədrislə bağlı fərqli yanaşma göstərir. Xalqlar arasında fərqlər də məhz bu məsələdə özünü büruzə verir: bizim üçün tədris fasilənin olmadığı prosesdir. Amma onlar üçün dərslərin belə çoxluğu ağlasığmazdır. Düşünürəm ki, musiqiçilərimizin, rəssamlarımızın uğurunun sirri məhz incəsənətə dair seçdikləri sahədə daimi təcrübə keçmək istəkləri ilə əlaqədardır. Hər halda, Türkiyə xalqının tarixi mahiyyətini də nəzərə almaq lazımdır. Onlar hər şeydən əvvəl döyüşçülərdir. Bir sözlə, onların qanında efemerlik deyil, döyüş sənəti var. Xatirimdədir, yayda mövsümün bağlanışı ərəfəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının dolu zalını görən zaman türkiyəli qonaqlar heyrətlənmişdi. Nisbətən kiçik bir ərazidə səkkiz (!) əhəmiyyətli teatrın yerləşdiyi Bakımızla necə fəxr etməyəsən?
- Sıfırdan başlamaq...
- Əlbəttə, çətindir! Üstəlik, təşkil etdiyim kursların kifayət qədər populyar və varlı insanlar arasında tələbatlı olması fonunda qorxaq olduğumu gizlətməyəcəm. Ancaq hər şeyə kiçik addımlarla başlamışam. Əvvəlcə, dövlət işi ilə bərabər həftədə bir-iki gün təşkil etdiyim kursda çalışırdım. Daha sonra bu şəxsi praktika əsas işimə çevrildi. Nəticədə, tez bir zamanda təşkil etdiyim kurslara gəlmək istəyənlərin sayı kurslardakı yerlərin sayından daha çox oldu. Doğrudur, ilk vaxtlar ətrafımdakı bir çox insan düşünürdü ki, universitetdə dosent ola-ola kursda müəllim olmaqla mən “vəzifəmi aşağı saldım”. Amma mən bu formatı elə çox bəyəndim ki, özümü sanki lotereya qalibi kimi hiss edirdim. Bundan başqa, hər tələbəm kurslarda sevgi hissi ilə iştirak edirdi. Bundan o qədər böyük enerji alırdım ki, seçimimin düzgün olduğunu başa düşürdüm. Mən məhz bu zaman Azərbaycan vətəndaşlarının aktiv həyat tərzlərinə malik olduqlarını anladım. Türkiyəlilər isə əksinə tələskən deyillər. Həyatımızda mühüm əhəmiyyət kəsb edən səbri də məhz onlardan öyrəndim. Onlar mənə baş verənlərə “daha da pis olardı” anlayışı ilə baxmağı göstəriblər. “Daha da pis olardı” anlayışı bir növ Allahın qismətini qəbul etməyin ifadəsidir. Onlara Allaha inamı göstərişə deyil, dərin daxili hisslərə əsaslanır. Bəlkə də buna onların tarixi inkişaflarında qlobal sarsıntıların olmaması təsir göstərib. Yəni, onların dövlət quruluşları təməlinə qədər dağıntılara məruz qalmayıb.
- Sizin müəllif kurslarınız rəsm məktəblərindən biri kimi qəbul olunur.
- “Kurslar” anlayışı müəyyən şəxslər tərəfindən müəyyən səviyyəyə çatdırılıb. Niyə? Çünki bununla bağlı hər kəsin öz düşüncəsi var. Buna qiymət vermək mənə düşmür. Mənim “məsuliyyət zonama” tələbələrim daxildir. Gizlətməyəcəyəm, amma bəzən belə iradlar eşidirəm: “Nəyə görə özünü öldürürsən? Onların hamısı rəssam olası deyil ki!”. Amma pafoslu səslənsə də bir məsələyə aydınlıq gətirmək istərdim: mənim yanıma bilik qazanmaq üçün gələnlərin bu cür düşünməsi məni diksindirir. Tam olaraq belə! Rəssamlıq dərsləri, ilk növbədə, bilik verir, bədii təfəkkürü inkişaf etdirir. Odur ki, tələbəm məlumatı tam qavrayana qədər izah edəcəyəm. Bundan əlavə, mənim təşkil etdiyim kurslar çoxlu praktiki təlimlər əldə etməyə imkanı verir. Mən tələbələrimin bəziləri ilə uzun illərdir ki, əlaqə saxlayıram. Bunlar zaman çərçivəsi ilə məhdudlaşmır... Hesab edirəm ki, rəssamlıq kursları hər hansı bir saatdan başqa saata qədər vaxt keçirmək deyil. Bunun əksini düşünmək qəbuledilməzdir. Bu, şəxsi “mən”imin bir növ xarici təzahürüdür. Tələbələrimin tam başa düşməsi üçün lazım olan qədər izah edəcəyəm və göstərəcəyəm. Onların əksəriyyəti artıq bir neçə ildir ki, mənimlədir. Düzgün bədii zövqün aşılanması təlim proqramının tərkib hissələrindən biridir. Buna görə də mənim kurslarımı bitirən şəxslər sərgilərdə incəsənətlə psevdoformaları ayıra bilir. Üstəlik, onlar öz fikirlərini düzgün şəkildə izah edirlər.
- Amma sizin fəaliyyətiniz təkcə kurslardan ibarət deyil.
- Türkiyədə təkcə rəssamlıq dərsləri keçməmişəm. Bir çox rəsm sərgilərində və onların açılışlarında iştirak etmişəm. Üstəlik, “Letafet Hafiz gızı atolyesi” adlı kurslarımın tələbələrinin rəsmlərinin hər il sərgisi keçirilir. Yeri gəlmişkən, emalatxanamın adı altında keçirilən sərgilər hər zaman tanınıb. Kursları bitirən tələbələrin bəziləri artıq fərdi sərgilər keçirirlər.
- Sizə qulaq asan zaman hər kəsin rəssam ola biləcəyini düşünürəm...
- Hər kəs rəsm çəkməyi öyrənə bilər. XVIII-XIX əsrlərdə zadəgan ailələrdə rəsm dərsləri keçirilirdi. Üstəlik, musiqi alətlərində ifa etmək, mahnı oxumaq, şeir yazmaq yaxşı xüsusiyyətlər hesab olunurmuş. Buraya ictimai şöhrətə can atmaqla bağlı zəruri olan tələb daxil deyildi. Rəssam olmağa gəlincə, uzun illərdən sonra başa düşdüm ki, rəngləri hər kəs görə bilməz!.. Bu, Allah vergisidir... Çünki cədvəli monoxromda təsvir etmək mümkündürsə, rəssamlıq rəng olmadan mənasızdır!
- Bəs siz hansı rəngi sevirsiniz?
- Mən nüanslar və çalarlarla bütün palitranı sevirəm. Peşəkar fəaliyyətimdə həm “isti”, həm də “soyuq” dönəmlər olub. Məni rəssamlığa gətirən məhz “rəngə toxunuş” idi. Bu, ucu-bucağı olmayan genişlikdir...
- Rəng rəssamın daxili dünyasını əks etdirirmi?
- Şübhəsiz! Hətta daha çox! Rəng enerjidir! Siz bu enerjini xarici dünyaya verirsiniz. Təkcə rəngi görmək, hiss etmək kifayət etmir. “Palitra oynuna” da ehtiyac var. Axı, hər hansı bir hipostazdakı rəng müxtəlif sahələrdə fərqli şəkildə “səslənir”. Odur ki, bizə forma, bununla bağlı baxış və kompozisiya lazımdır. Komponentlərin cəmi nəticənin yaradılmasına yönəlib. Rəssam hər gün belə düşüncə ilə yaşayır. Fikrimcə, ilhamı “tutmaqla” bağlı iddialar yanlışdır. Yaradıcılıq üçün lazımi atmosferi özünüz müəyyənləşdirirsiniz. Bu o qədər xoşdur ki, onu sözlə ifadə etmək belə çətindir. Bu, həyatla bağlı xoşbəxtlikdir!
- Amma hər yeni iş tez bir zamanda uğurla nəticələnmir...
- Bu hər bir işə aid deyil və dərhal olmur. Özüm haqqında danışarkən etiraf etməliyəm ki, daim belə vəziyyətlə qarşılaşıram. İllərdir bitirmədiyim rəsmlərim var. Bu rəsmləri bitirə bilmirəm, vəssalam! Yalnız kətanın ağ səthində fırçanın hər ştrixini, süjeti, hərəkətin istiqamətini hiss edəndə işə başlayıram.Rəssam kimi əvvəlcə rəsmi xəyalımda çəkirəm. Bəzən ev işləri ilə məşğul olanda da düşüncələrimdə rəsmi “çəkməyə” başlayıram. Bəzən qarşıma hər hansı bir detal çıxır. Həmin an başa düşürəm ki, məhz bu detalı öz vaxtını gözləyən əsərə aid etmək olar. Məsələn, uzun müddət kənarda qalan rəsmi cəmi yarım saata tamamlamışam.
- Paralel olaraq bir neçə rəsm üzərində işləyirsinizmi?
- Bütün yaradıcılıq həyatım boyu! Elə alınıb ki, yalnız bir kətan üzərində işləyə bilməmişəm. Odur ki, kurslarımda eyni yanaşmadan istifadə edirəm. Tələbələrim üç rəsm üzərində işə başlayırlar: yağlı boyalar bir kətan üzərində quruduğu zaman, vaxt və atmosferi itirmədən başqa işlə məşğul ola bilərsiniz.
- Hazırda şəxsi sərginizə hazırlaşırsınız...
- İnanmayacaqsınız, amma bu, vətənimdə ikinci şəxsi sərgimdir. Birincisini Türkiyəyə getməmişdən qabaq keçirmişdim. İndi 20 ildən sonra bütün işlərimi Azərbaycana gətirmişəm. İstanbulda özüm üçün yalnız 25 kətan saxlamışam. Əgər kimsə bir rəssamın işinin ağır olmadığını düşünürsə, bu fikrin səhv olduğunu mənim barmaqlarım sübuta yetirə bilər. Mən bir neçə həftə ərzində fırça əvəzinə stepler tutmuşdum. Steplerlə kətanları çərçivələrə bərkidirdim. Ümumiyyətlə, istənilən sərgiyə hazırlaşmaq müəyyən emosional gərginliyə səbəb olur. Yəni, rəsmləri çərçivələrə bərkitmək kifayət etmir. Sərginin mühüm cəhəti onun ekspozisiyasıdır. Bu məqamda da yaradıcı yanaşma lazımdır: bir ömrə bərabər rəsm əsərlərini məhdud məkanda yerləşdirmək lazımdır. Bu zaman rəsmlər bir-birinə uyğun olmalıdır. Axı, bu sərgi yaşadıqlarımı, öyrəndiklərimi, hisslərimi əks etdirir... “Rənglərin sirri” fərdi sərgisi palitra vasitəsilə bir çox məsələlər haqqında bəhs edəcək açıq hekayədir...
- İnsanlar rəsm çəkməyi niyə öyrənirlər?
- İnsanlara rəssamlığı öyrətməyin mənə görə nə üçün vacib olduğundan bəhs edəcəyəm. Mən indiyədək demək olar ki, bütün “analıq borcumu” yerinə yetirmişəm: uşaqlarımı böyütmüşəm, təhsil vermişəm və onlar ailə qurublar. Buna görə də özünüzə və yaradıcılığınıza daha çox diqqət ayıra biləcəyiniz zaman yetişib. Söhbət özümü tanıyandan bəri “nəfəs aldığım” mühitə qərq olmaqdan gedir. İnanın, incəsənət olmasa, bundan sonra yaşaya bilmərəm. Eyni zamanda ailə mütləq birinci yerdə olacaq. Amma reallıq budur ki, övladlarımın hər birinin öz həyatı və məqsədləri var. Bəli, onlar bizi – məni və atalarını sevir, bizim qayğımıza qalırlar. Lakin əslində, mənim bugünkü həyatım iki sütun üzərində dayanır: həyat yoldaşım və rəssamlıq. Artıq elə bir yaşdayıq ki, bir-birimizə dəstəyimiz mühüm rol oynayır. Beləliklə, yalnız ev işlərinin və tənbəl həyat tərzinin məni cəlb etmədiyini anladım. Odur ki, mütləq şəkildə kətanla, insanlarla təmasda olmalıyam. Ünsiyyət mənim enerjimi artırır və öyrətməyi sevirəm.
MƏSLƏHƏT GÖR: