26 Dekabr 2024

Cümə axşamı, 05:42

ZƏFƏR ŞÜARI İLƏ

Azərbaycan Laçın rayonu üzərində suveren nəzarətini tam bərpa etdi

Müəllif:

01.09.2022

Avqustun 26-da Azərbaycanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərin nəticəsi olan tarixi hadisə baş verib. Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin həm də bir güllə belə, atılmadan azad olunması ilə Laçın rayonu tam şəkildə Azərbaycan Respublikasının suveren nəzarətinə qayıdıb. Rayonun inzibati mərkəzində – Laçın şəhərində bundan sonra əbədi olaraq Azərbaycan bayrağı dalğalanacaq.

 

Azərbaycanlılar qayıtdılar!

Laçın şəhərinə, həmçinin Zabux və Sus kəndlərinə nəzarətin Azərbaycana qaytarıldığını dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev elan edib. Prezidentin «Twitter» hesabından paylaşdığı cümlələr bir anda bütün dünya mətbuatına yayılıb: «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!»

Beləliklə, 44 günlük müharibənin sonunda Ermənistanın kapitulyasiya aktı olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin əsas bəndlərindən biri də həyata keçirilib. Söhbət sənədin 6-cı maddəsindən gedir. Bu maddə Laçın dəhlizi üzrə hərəkət üçün yeni marşrutun müəyyənləşdirilməsini və rusiyalı sülhməramlıların onun mühafizəsi üçün yerini dəyişməsini nəzərdə tuturdu. Müharibə başa çatan zaman imzalanmış üçtərəfli bəyannamədə bütünlükdə Laçın rayonunun 2020-ci il dekabrın 1-dək işğaldan azad olunması nəzərdə tutulsa da, o zaman bu, mümkün olmamışdı. Səbəb Ermənistanı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsi ilə birləşdirən yeganə yolun Laçın şəhərindən keçməsi idi. Lakin bəyannamənin imzalanmasından 2 il keçmədən Azərbaycan bunun üçün yeni yol çəkib, nəticədə, rayona nəzarət tam olaraq Bakının nəzarətinə qayıdıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu haqda detallı şəkildə danışıb. «Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq… Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur», - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistana onun ərazisindəki yolu da çəkməyi təklif edibmiş: «Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər. O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni bu, faktiki olaraq manipulyasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq».

Beləliklə, Azərbaycan Laçın şəhəri və ətraf kəndlərin mümkün qədər tez boşaldılması üçün üçün bütün tədbirləri görüb. Buraya yeni yolun çəkilişi və Rusiya sülhməramlılarının oraya yerləşdirilməsi də daxildir. Yeni yolun iş rejimi isə – rəsmi Bakı bunu dəfələrlə dilə gətirib – gələcək Zəngəzur dəhlizinin hüquqi rejimindən asılı olacaq. Xatırladaq ki, üçtərəfli bəyannaməyə əsasən, həmin dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməlidir.

İstənilən halda, erməni revanşistlərin Azərbaycan ərazilərinin işğaldan tam və qeyd-şərtsiz azad edilməsi prosesi çərçivəsində Laçının Bakıya qaytarılmasına müqavimət göstərmək «arzu»su iflasa uğrayıb. Amma bu, təbii ki, erməni ictimaiyyəti üçün ənənəvi azərbaycanofobiyaya tutması ilə müşahidə olunub: guya hansısa dəhşətli hadisə baş verib, əvvəllər «ermənilərin əlində olan» «növbəti ərazilər» «düşmənin nəzarətinə keçib». Ermənistanda heç kim söhbətin erməni təcavüzkarlar tərəfindən 30 il əvvəl işğal edilmiş torpaqların Azərbaycana qaytarıldığından getdiyini demir. Halbuki, bu, erməni işğalınadək yalnız azərbaycanlıların yaşadığı ərazilərdir.

Ermənistanda ayrı-ayrı əsəbi başlar Laçında az qala silahlı müqavimət səviyyəsində təxribatlara çağırışlar etsələr də, onlar qaçılmaz olan həqiqətlə barışmaq məcburiyyətində qalıblar – Azərbaycan şəhəri azad edilib və dəhliz üçün yeni marşrut istifadəyə verilib. Amma Bakı bunun üçün «Qisas» hərbi əməliyyatı kimi əsaslı arqumentə də əl atmalı olub. Nəticədə, erməni işğalçılar Laçın, Zabux və Susu tərk etmək məcburiyyətində qalıblar. Bu zaman onların bəziləri biabırçı təcrübələrini təkrarlayaraq evlərə, meşələrə və s. od vurublar və nəticədə Azərbaycanın Baş Prokurorluğu müvafiq cinayət işi başladıb. Amma bu hallar 2020-ci ilin payızında işğalçıların Kəlbəcər və Laçın rayonunu tərk edən zaman törətdikləri analoji hadisələrin miqyasına çatmayıb. Nəzərə alsaq ki, Azərbaycan ermənilərin cinayət əməllərinin qarşısını istənilən yol və vasitə ilə almağa hazırdır, bu, belə də olmalı idi.

Qeyd edək ki, bundan əvvəl prezident İlham Əliyev Laçına qanunsuz köçürülmüş ermənilərin orada qalmalarının mümkünsüzlüyünü açıq şəkildə ifadə etmişdi. «Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər», - deyə dövlət başçısı müsahibəsində bildirmişdi.

 

İşğala son qoyulması prosesi məntiqi sonluğuna çatacaq

Laçın şəhəri ilə Zabux və Sus kəndlərinin işğaldan azad olunması tarixə 44 günlük müharibənin nəticəsi olaraq, hərbi mərhələnin xüsusi akkordu kimi düşə bilər. Bir şey şübhə doğurmur – Laçın şəhəri və ətraf kəndlərin Bakının nəzarətinə qaytarılması Azərbaycan Respublikasının təxminən 30 il ərzində – 1990-cı illərin əvvələrindən 2020-ci ilin Vətən müharibəsinədək – işğal altında qalmış bütün əraziləri üzərində suverenliyini bərpa edəcəyinin müjdəçisidir. Azərbaycan ərazilərinin azad olunması prosesinin hərbi mərhələsinin davam edib-etməyəcəyi üçtərəfli bəyannamənin vacib şərtlərindən birinin dinc yolla reallaşdırılıb-reallaşdırılmayacağından asılıdır. Söhbət Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazisindən bütün erməni silahlı birləşmələrinin çıxarılmasından gedir – istər Ermənistan Respublikası Silahlı Qüvvələrinin hissələri, istərsə də qanunsuz erməni silahlı birləşmələri.

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində verdiyi müsahibəsində bununla bağlı da xəbərdarlıq səsləndirib: «Bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq».

Bununla yanaşı, separatçı xuntanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qalmış nümayəndələri hətta indi – Azərbaycan Silahlı Qüvvələrinin «Qisas» əməliyyatı nəticəsində darmadağın olunduqdan, Laçının işğaldan tam azad edilməsindən sonra belə, «Dağlıq Qarabağın müstəqilliyi» haqda fikirlər səsləndirirlər. Demək, hadisələr istənilən formada inkişaf edə bilər. Amma bu halların hər birinin nəticəsi eyni olmalıdır – Azərbaycan azad olunmuş Qarabağın hər qarışı üzərində suverenliyini birdəfəlik bərpa etməlidir.

Xankəndi şəhərində və onun ətrafında yaşayan erməniləri Azərbaycan öz vətəndaşları sayır və bunu prezident İlham Əliyev bir daha dilə gətirib. Dövlət başçısının da dediyi kimi, onlar bundan sonra da Azərbaycanda yaşamaq üçün bütün imkanlara malikdirlər. Lakin bu insanlar burada Azərbaycan Respublikasının vətəndaşı kimi, dinc, hər hansı qanunsuz hərbi «müşayiət» olmadan yaşamalıdırlar.

Azərbaycan Respublikası digər vətəndaşları kimi, erməni millətindən olan vətəndaşlarına da təhlükəsizlik, dinc yaşayış, inkişaf və çiçəklənmə zəmanəti verir. Lakin bu zəmanət təbii ki, dövlətə qarşı qanunsuz əməllərlə məşğul olan, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin bir hissəsini qoparmağa çalışan qüvvələrə aid deyil. Rəhbərləri hələ də Azərbaycan ərazisində – müvəqqətii olaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə cinayətkar bəyanatlar verən separatçı xuntanın salamat qalmış hissəsi də iflasa məhkumdur. Məsələ yalnız onların mövcudluqlarına könüllü son qoyacaqlarında, yoxsa bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin daha bir məhvedici əməliyyatına ehtiyac yaranacağındadır.

Azərbaycanla Ermənistanın dövlətlərarası münasibətləri normallaşdırmasına gəlincə, bu, İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamaq istəyindən, buna nə qədər hazır olduğundan asılıdır. Bu, Ermənistanın Azərbaycan tərəfindən münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü 5 baza prinsipini praktik olaraq qəbul etməsinə bağlıdır. Bu prinsiplərin əsasını isə Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıması, bir-birinə qarşı ərazi iddiaları irəli sürməməsi təşkil edir.

Prezident İlham Əliyev açıq və qəti şəkildə bildirib ki, «Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir».

Beləliklə, Ermənistan Qarabağ regionunun Azərbaycana məxsus olduğunu qəbul etməzsə, sülh müqaviləsinin imzalanması sadəcə, mümkün deyil. Bəli, İrəvan bunu qəbul etməli, həm də birmənalı, hər hansı ikimənalılığa yol vermədən etməlidir. O, Azərbaycan ərazilərinin işğalda saxlandığı 30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi mövqedən birdəfəlik əl çəkməlidir.

Laçının Bakının nəzarətinə qaytarılması Ermənistanı öz maraqları baxımından da belə yanaşmaya alternativin olmadığına əmin etməlidir. Təbii ki, əgər erməni tərəfi Azərbaycanın dəfələrlə bəyan etdiyi yanaşmanı – Azərbaycanın ərazi bütövlüyünün tanınmayacağı təqdirdə rəsmi Bakının da analoji addım atacağını alternativ variant saymırsa.



MƏSLƏHƏT GÖR:

162