25 Aprel 2024

Cümə axşamı, 16:31

QIZILA BƏRABƏR GÜMÜŞ

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığması Dünya çempionatında yaxşı nəticə göstərib

Müəllif:

15.09.2022

Yenilənmiş Azərbaycan Cüdo Federasiyası əsas milli komandalarla yanaşı, həm də yeniyetmə və gənclərin inkişaf səviyyəsini nəzarətdə saxlayır. Bir neçə il qabaq cüdo üzrə yığma komandada aşağı yaş qruplarında ciddi rəqabətin olmadığı deyilirdi. Bu gün fərqli mənzərə yaranıb. Hazırda cüdo üzrə həm gənclər, həm də yeniyetmələrdən ibarət yığma kifayət qədər xoş təsir bağışlayır.

 

Taleyin ironiyası  

Buna Bosniya və Herseqovinada keçirilən Dünya çempionatında əmin olmaq olardı. Təmsilçilərimiz bu nüfuzlu yarışı üç medalla başa vurub. 48 kiloqram (kq) çəkidə yarışan Aydan Vəliyeva macarıstanlı idmançı Luka Veq ilə mübarizədən qalib ayrılaraq, dünya çempionatının bürünc medalına sahib olub. Yüksək əzmkarlıq nümayiş etdirən Aydan bir səhvin ucbatından üçüncü yerlə kifayətlənib. Vəliyevanın hazırlıq səviyyəsi daha yüksək əyarlı medal gözləməyə imkan verirdi.

60 kq çəkidə çıxış edən Nizami İmranov barədə də eyni fikirləri söyləmək olar. Yarışdan əvvəl hamının qızıl medal gözlədiyi Nizami yarımfinalda diqqətsizliyə görə məğlubiyyət acısı yaşayıb. Sonda İmranov təsəlliverici mərhələdə fransalı idmançı Dayyan Boulemtafesə qalib gələrək Dünya çempionatının bürünc medalçısı olub.

Şahin Oruczadə (55 kq) isə finala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda da inamlı qələbə qazanan cüdoçu yalnız həlledici görüşdə istəyini reallaşdıra bilmədi. Nəticədə, Oruczadə Dünya çempionatının gümüş medalına layiq görülüb.

Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatının son günündə komanda yarışlarının nəticələri məlum olub. Burada Azərbaycan komandası qızıla bərabər gümüş medal əldə edib. Azərbaycan millisi ilk görüşdə Bosniya və Herseqovina yığmasına 4:1, dörddə bir finalda Kanada yığmasına 4:2, yarımfinalda isə Ukrayna yığmasına 4:3 hesabı ilə qalib gələrək finala çıxıb.

Finalda Azərbaycan komandasının rəqibi güclü Fransa millisi idi. Milli komandanın cüdoçusu Fidan Əlizadə Ukrayna ilə keçirilən yarımfinal görüşündə zədələndiyinə görə, final görüşünə çıxa bilməyib və komanda görüşə 0:1 hesabı ilə geridə başlayıb. Buna baxmayaraq, təmsilçilərimiz hesabı 3:3 edə bilib. Hesab 3:3 olanda qaydalara görə, həlledici görüş keçirilməlidir. Görüşün hansı çəki dərəcəsində olacağı isə püşkatma ilə müəyyən edilir. Təəssüf ki, püşkatma həlledici görüşün 63 kq-da olmasına qərar verib. Bu çəkidə idmançımız Fidan Əlizadə zədəli olduğuna görə, görüşə çıxa bilməyib və qələbə avtomatik Fransa komandasına verilib.

 

Daha çox medal qazana bilərdilər

Bosniya və Herseqovinadakı çıxışı “Region plus”a dəyərləndirən yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli nəticədən razı qaldığını bildirib. O əmindir ki, cüdoçular daha çox medal qazana bilərdilər: “Hakimlərin mübahisəli qərarları olmasaydı, daha çox medalımız olacaqdı. Nizami İmranov və Aydan Vəliyevadan qızıl medal gözləyirdik. Nizami yarımfinalda səhvə yol verdi və nəticədə, bürünc medalla kifayətləndi. Bu komandadan bir neçə idmançı üçün bu yarış sonuncu oldu. Onlar gənclər yığmasına keçirlər. Sevindirici haldır ki, gənclər və əsas komanda üçün belə yaxşı idmançılarımız var”.

Dünya çempionatından 9 ildən sonra Azərbaycana medal qazandıran bürünc medalçı Aydan Vəliyeva “Region plus” jurnalına açıqlamasında yarış barədə bunları söyləyib: “Yarış günü doğulduğum tarixə düşürdü.  Özümə dünya çempionluğu hədiyyə etmək istəyirdim. Həm nəzərə alanda ki, bu, yeniyetmələrdə son dünya çempionatım idi, daha da üzülürəm. Əsas rəqib kimi Yaponiya cüdoçusunu görürdüm. Üz-üzə gəlsəm, qalib olacağıma inanırdım. Uduzduğum İtaliya idmançısı məğlub edə biləcəyim rəqib idi. Sadəcə, öz səhvlərimdən uduzdum. Eyni stabilliyi gənclərdə də göstərməyə çalışacağam. Ola bilsin, çəki dərəcəm dəyişdi. Çünki 48 kiloqram üçün çox, yəni 5-6 kiloqram çəki salıram. Düşünürəm, gənclərdə 52 kiloqramda döyüşmək daha rahat olar mənə. Amma yekun qərarı məşqçilər verəcək”.

 

Məqsəd – Olimpiya Oyunlarında medallar qazanmaqdır

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rövşən Rüstəmov cüdoçuların əldə etdiyi medalların bir günün nəticəsi olmadığını bildirib: “Bunun üçün uzunmüddətli hazırlıq keçilmişdi. Qısamüddətli hədəfimizdə Dünya çempionatı, uzunmüddətli hədəfimizdə isə Parisdə keçiriləcək Olimpiya Oyunlarında medallar qazanmaq var. Daşkənddə keçiriləcək Dünya çempionatından da böyük gözləntilərimiz var. Bir neçə aydır ki, buna hazırlıqlar gedir. Milli komanda bunun üçün Azərbaycanın Göygöl rayonunda və Gürcüstanda təlim-məşq toplanışında olub. Həm baş məşqçimiz Riçard Trautman, həm də performans direktorumuz Mark van der Ham bu uğurun əldə olunması üçün çalışır”.

R.Rüstəmovun sözlərinə görə, ACF idmançıların təkcə texniki və taktiki yöndə hazırlaşması üçün yox, həm də nizamlı olması üçün də iş görür: “Biz cüdoya təkcə idman növü kimi baxmırıq. Cüdo həm də bizim üçün ciddi analitik təhlil aparmaq üçün bir obyektdir. Yaxınlarda biz yeni proqram təminatının istifadəsinə başlamışıq. İdmançıların bütün yarışları videogörüntü vasitəsilə ciddi təhlil olunur və bizim baş məşqçilərə cüdoçuların harada səhv etməsi barədə tövsiyələr verir. Eyni zamanda federasiya olaraq klubların lisenziyalaşdırılmasını yaxın zamanlarda həyata keçirməyi planlaşdırırıq. Azərbaycanda 100-dən artıq cüdo klubu var ki, onların yenidən lisenziyalaşdırılmasına ehtiyac var. Valideynlər övladlarını hansı müəllimin ixtiyarına verdiyini bilmək istəyirlər. Həm məşqçilərin, həm də hakimlərin yenidən sertifikasiyadan keçməsi üzərində çalışırıq. Ümid edirik ki, ilin sonunadək bütün bu işləri yekunlaşdıracağıq”.

Federasiyanın vitse-prezidenti Azərbaycan cüdosunun 50 illiyi münasibəti ilə silsilə tədbirlərin olacağını qeyd edib: “Həmin tədbirlər planı üzərində çalışırıq. Noyabr ayında Bakıda “Böyük dəbilqə” turniri keçiriləcək. Həmin tədbir çərçivəsində Azərbaycan cüdosunun 50 illiyinə həsr olunan silsilə tədbirlər olacaq”.

Yeniyetmələrdən ibarət komandanın çıxışını müsbət qiymətləndirmək olar. Məşqçi heyəti gənclərin yarışlarına dəvət alacaq Nizami İmranov, Aydan Vəliyevanı mütəmadi olaraq diqqətdə saxlamalıdır. Bu cüdoçulardan olimpiya medalları gözlənilir.



MƏSLƏHƏT GÖR:

93