25 Aprel 2024

Cümə axşamı, 04:14

İLK DƏFƏ ŞUŞADA

Şəhriyar Məmmədyarov Azərbaycanın incisində keçirilən tarixi turnirin qalibi olub

Müəllif:

01.10.2022

30 ilə yaxın erməni işğalı altında olan və 2020-ci ildə Böyük Qələbə nəticəsində azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada sentyabrın 21-dən 24-dək ilk beynəlxalq şahmat turniri – “Shusha Chess 2022” keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən turnir bu qədim Azərbaycan şəhərini dünya şahmat xəritəsinə daxil edib.

Turnirin açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev bildirib ki, bu, velosiped yarışından sonra Şuşada keçirilən ikinci beynəlxalq turnirdir. MOK rəsmisi turnirin FIDE-nin təqviminə daxil ediləcəyinə və ənənəvi olacağına inandığını vurğulayıb.

Azərbaycan Şahmat Federasiyası rəhbəri Mahir Məmmədov isə dünyaca məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnunluğunu ifadə edib.

O xatırladıb ki, 2022-ci il “Şuşa ili” elan edilib: “Biz istəyirik ki, bu turnir ənənəvi xarakter alsın. Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur”.

M.Məmmədov dünya şahmat təqviminin çox sıx olduğuna görə klassik şahmat turnirinin təşkilinin çətin olduğunu qeyd edib: “Buna görə də turnirin şahmat aləmində müasir trendi olan sürətli şahmatda - rapid və blitsdə keçirilməsi qərara alınıb”.

“Shuhsa Chess 2022” Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunduğundan mərasimdə kiçik tamaşa nümayiş etdirilib: Qarabağ xanlığının son varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın Fransa yazıçısı Aleksandr Düma ilə şahmat oynaması canlandırılıb.

 

Məşhur şahmatçılar

Beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri – üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edib.

Qadınların yarışında milli komandanı Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva təmsil ediblər.  

Xarici iştirakçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya çempionu Meri Arabidze (Gürcüstan) və Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) olub.

Ümumi mükafat fondu 150 min manat təşkil edən yarışın reqlamentinə əsasən qalib həm rapid, həm də blits turnirində qazanılan xalların cəminə əsasən müəyyən olunub. Kişilərin yarışında 26 xal toplayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.

 

Xüsusi əhəmiyyət kəsb edən turnir

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov “Region plus” jurnalına açıqlamasında Şuşada ilk şahmat turnirinin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Şuşadakı yarış azərbaycanlılar üçün ikiqat əhəmiyyətlidir. Ona görə Azərbaycan milli komandasının əksər üzvləri bu turnirdə mübarizə apardı. Mən, eyni zamanda əcnəbi şahmatçılara, hakimlərə, partiyaları saytla canlı təqdim edən şərhçilərə, media nümayəndələrinə təşəkkürümü çatdırıram. Gərgin oyunlar izlədik. Şuşa turnirinə olan yüksək maraq yarışa olan diqqəti daha da artırdı. Şuşada şahmat turnirinin yüksək səviyyədə təşkil olunması yarışın gələcəkdə də keçirilməsinə dəstək olacaq. Bütün şahmatçılar Şuşa turnirindən razı qaldılar. Fikrimcə, Şuşa turnirinin ənənəvi olması üçün böyük zəmin yarandı”.

 

Məmmədyarov: “Heç vaxt unutmayacağam”

“Shusha Chess 2022” turnirində kişilərin yarışında qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qələbəsini şəhidlərə həsr edib. 37 yaşlı qrossmeyster Şuşada qələbə qazandığına görə özünü xoşbəxt hiss etdiyini söyləyib: “Şuşada yarışda iştirak etmək xüsusi hisslər bəxş edir. Bu şəhərdə ilk şahmat yarışının qalibi olmaq qürurvericidir. Burada birinci olmağı arzuladığımı gizlətmirəm. Amma rapid yarışından sonra blitsdə mübarizə kifayət qədər çətin oldu. Rəqiblər yaxşı, mən isə super mübarizə göstərdim. Şuşada ilk şahmat yarışının qalibi olduğumu heç vaxt unutmayacağam. Təxminən 22 ildən çox Azərbaycan millisinin şərəfini qoruyuram. Yığmada oynadığıma görə fəxr edirəm. Son aylar çox sayda yarışlarda iştirak edirəm. Lakin turnirlərdə tez-tez birinci olmaq alınmır. Qalib olduğuma görə xoşbəxtəm. Şuşada quruculuq işləri aparılır. Bir müddət sonra şəhər daha da möhtəşəm olacaq. İlk şahmat turnirində təşkilatçılıq ən yüksək səviyyədə idi. Qonaq şahmatçıların hər biri mənim fikrimi təsdiqləyir. Şuşa qəlbimizdə xüsusi yer tutur. Bu şəhər uğrunda gedən döyüşlərdə bizim ailənin də itkiləri oldu. Fərid və Qubad şəhidlik zirvəsinə yüksəldi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

“Shusha Chess 2022” turnirinin iştirakçısı, üçqat Avropa çempionu Rauf Məmmədov Şuşadakı turnirin ənənəvi olmasını arzuladığını bildirib: “Bu turnirin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə, bu, təşkilatçılardan asılıdır. Amma şahmatçı kimi burada yarışmaq çox gözəl hisslərdir. Növbəti illərdə digər tanınmış şahmatçıları Şuşada görmək istərdim. Cıdır düzündə olmaq arzularımdan biri idi. Burada insan özünü fərqli hiss edir: 40-a yaxın ölkədə olmuşam, belə təbiət görməmişəm. Şuşa çox gözəldir, şəhər insanı valeh edir. Nəticəyə gəlincə o qədər yaxşı oynamadım. İstədiyim nəticəni əldə etmək mümkün olmadı. Şəhriyarın qələbəsinə ürəkdən sevinirəm”.

Turnirin fəxri qonağı beşqat dünya , 11 qat olimpiya çempionu olan Nona Qaprindaşvili Şuşa turnirinin yüksək səviyyədə keçirildiyini deyib. Həmyerlisi gürcü Meri Arabidzenin qələbəsini xüsusi qeyd edən dünya şahmatının canlı əfsanəsi Şəhriyar Məmmədyarovun uğurunun gözlənilən olduğunu söyləyib.

Xatırladaq ki, “Shusha Chess” turnirində bütün görüşlər rəsmi sayt vasitəsilə canlı yayımlanıb. Partiyalar Azərbaycan və ingilis dilində şərh edilib.



MƏSLƏHƏT GÖR:

91