Müəllif: Nadir XOSROVOĞLU
Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında çıxışını 2 medalla başa vurub. Səfərə 11 cüdoçuyla yollanan yığma Bakıya cəmi 2 mükafatla qayıdıb: Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan komandasına bürünc medal qazandırıb.
Azərbaycan idmançılarının dünya çempionatındakını çıxışını müsbət qiymətləndirmək mümkün deyil. Millinin təcrübəli cüdoçularının ümidləri doğrultmaması, idmançılarımızın finala qədər irəliləməməsi düşünməyə çox sayda sual yaradır.
Uğursuzluq ardınca uğursuzluq
Azərbaycanın qadınlardan ibarət yığmasının Daşkənd çempionatında iştirakı daha çox turistik xarakter daşıyıb. Leyla Əliyeva (48) və Gültac Məmmədəliyeva (52) erkən mərhələdə uduzmaqla yarışı tərk edib. Bu çəkilərdə son illər olduğu kimi hazırda da beynəlxalq arenada mübarizə aparacaq cüdoçumuz yoxdur.
Təəssüflə qeyd etməliyik ki, Daşkənddə kişi cüdoçularımız da parlamayıb və güclü rəqib təsiri bağışlamayıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov növbəti mötəbər yarışında medalsız qaldı. Hərçənd məşqçilərin ümid etdiyi idmançılardan biri məhz Hüseynov idi. İdmançı ilk görüşdə uduzmaqla yarışa hazır olmadığını göstərib. Qazaxıstanlı rəqibi Eldos Smetov dünya çempionatının ikiqat mükafatçısı olmasına baxmayaraq, Kəramətin məğlubiyyətinə haqq qazandırmaq çətindir. Dünya çempionatında zəif rəqib olmur. Əsas vaxtda üstünlük qazanmayan Kəramət “golden score”da rəqibin həmləsinə düşməklə çempionatı tərk edib.
Yaşar Nəcəfov 66 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Bununla belə, cüdoçu azarkeşləri təəccübləndirməyi bacarmayıb və yüksək səviyyədə mübarizə aparmağa qadir olduğunu sübuta yetirə bilməyib. Dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olmuş Orxan Səfərovun (66 kq) çıxışını isə ayrıca təhlil etmək lazımdır. Titullu və təcrübəli idmançı artıq 1/8 finalda mübarizəni dayandırıb. Onun Özbəkistan səfəri iki görüşdən ibarət olub. Dünya çempionatında Səfərov isveçrəli Freddi Uesinqeri məğlub etdiyi ikinci raunddan başlayıb, lakin 1/8 finalda Boqdan Yadova (Ukrayna) uduzaraq, medallar uğrunda mübarizəni yarımçıq qoyub. Beləliklə, Səfərov karyerasının son ilində bu mötəbər yarışda layiqli nəticə göstərə bilməyib.
73 kiloqram çəki dərəcəsi daim Azərbaycan cüdosunun əsas kateqoriyası hesab edilib. Olimpiya çempionu Elnur Məmmədli məhz bu çəki dərəcəsində Pekin Yay Olimpiya Oyunlarının qalibi olub, dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer alıb. Lakin onun layiqli davamçısı yoxdur. Dünya çempionatı və olimpiadanın mükafatçısı Rüstəm Orucov ilk görüşdə braziliyalı cüdoçuya uduzmaqla ona olan ümidlərin üstündən xətt çəkib. Rəqibi növbəti mərhələdə məğlub olduğundan Rüstəm bürünc medal uğrunda görüşlərə buraxılmayıb. Nəticədə titullu idmançımız Vətənə medalsız qayıdıb.
Bu çəkidə ən yüksək nəticəni Hidayət Heydərov göstərib. O, bürünc medal qazanıb. Hərçənd idmançı 14 finalda italiyalı Manuyel Lombardoya uduzmasaydı, daha yüksək əyarlı medal qazana bilərdi. Heydərovun məğlubiyyətində əsas səbəb kimi diqqətsizlik və rəqibi düzgün qiymətləndirməməyi göstərmək olar.
81 kiloqram çəki dərəcəsində millimizə yeni dəvət olunan Cənubi Azərbaycandan olan Səid Mollayi ümumiyyətlə yarışda medal qazana bilməyib. Dünya çempionu olan cüdoçu beşinci yerlə kifaylənib. Əminliklə söyləmək olar ki, Mollayi nəyə qadir olduğunu göstərə bilməyib və adekvat müqavimət göstərməyib. Bürünc uğrunda mübarizədə Səid Şamil Borçaşviliyə (Avstriya) uduzub. O, iki dəfə “vaza-ari” fəndinə düşüb. İki “vaza-ari” fəndi isə bir “ippon” çevrilib. Bu, düşünməyə əsas verir. Bu idmançı qızıla iddialı cüdoçu hesab edilirdi, amma çempionat onun bürünc belə qazanmaq gücündə olmadığını üzə çıxarıb.
90 kiloqramda çıxış edən Məmmədəli Mehtiyevdən danışmağa belə dəyməz. İdmançının mötəbər yarışda çıxışı bir neçə dəqiqədən ibarət olub. Belə olan halda onun çıxışını düzgün qiymətləndirmək bir qədər çətindir. Mehdiyev uzun illər milli komandanın üzvü olsa da, ardıcıl olaraq böyük yarışları medalsız başa vurub. Onun idman hazırlığı əksər hallarda qeyri-qənaətbəxş hesab edilib.
Çempionatının son günündə komandaya medal qazandıran Zelim Kotsoev azarkeşləri sevindirə bilib. Əslində, medala iddialı sayılmayan Kotsoyev çox layiqli mübarizə aparıb. Yarımfinalda Kanada idmançısı Kayl Reyeslə mübarizədə üstünlüyünü qoruya bilməyən Kotsoyev “ippon”la məğlubiyyət acısı yaşayıb. Amma toparlanmağı bacaran idmançı Belçika təmsilçisini udmaqla bürünc medala layiq görülüb.
Paris ərəfəsində
Cüdo üzrə Azərbaycan milli komandası üçün yaxşı şəraitin yaradıldığı heç kəsə sirr deyil. Cüdoçulara performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edir. Böyük məşqçi heyətinə baxmayaraq, yekun nəticə ürəkaçan deyil. Paris Olimpiadasına iki ildən də az vaxt qalıb və belə heyətə malik komandadan medal gözləməyə dəyməz.
İlin əvvəlindən milliyə dəvət olunan almaniyalı baş məşqçi Riçard Trautman mütləq federasiya qarşısında hesabat verməlidi. Onun dünya səviyyəsində mütəxəssis olduğu bildirilir. Amma cüdoçuların hazırlıq səviyyəsi çoxlu suallar yaradıb. Milli üzvləri dünya çempionatında yaxşı mübarizə aparmayıblar. Ola bilər ki, Trautman onlara fərqli taktika üzrə tapşırıqlar verib, bu isə cüdoçular tərəfindən dəqiq öyrənilməyib. Millidə Rüstəm Orucov, Orxan Səfərovun karyerasının son illərini keçirdiyi aşkar hiss olunur. Döyüş zamanı idmançılarımızın gözlərində qığılcım hiss olunmur. Ümid etmək istərdim ki, baş məşqçi Riçard Trautman millinin problemlərinə bələddir və onları həll etməyə qadirdir.
Qeyd edək ki, cüdo millisinin növbəti böyük yarışı 4-6 noyabrda Bakıda keçiriləcək “Böyük Dəbilqə” silsiləsindən olan beynəlxalq turnir olacaq.
MƏSLƏHƏT GÖR: