19 Dekabr 2024

Cümə axşamı, 16:48

ALTAY HƏSƏNOV: “AZƏRBAYCAN DÜNYANIN GİMNASTİKA MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİB”

Azərbaycan Gimnastika Federasiyası yubileyini qeyd edir

Müəllif:

15.10.2022

Azərbaycanlı idmansevərlərin əksəriyyəti artıq gimnastikanı yeni idman növü hesab etmirlər. Bu gün Azərbaycanın gimnastika üzrə güclü milli komandası var. O, gimnasitkanın bütün növləri üzrə yarışmağa qadirdir. Bizim kişi və qadın gimnastlarımız dünyanın ən nüfuzlu yarışlarında medallar qazanaraq Azərbaycanı layiqincə təmsil edirlər. Oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edib.

“Region plus” jurnalı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova federasiyanın uğurları və məqsədləri barədə suallar ünvanlayıb.  

- Altay müəllim, oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyi tamam oldu. AGF 20 il ərzində çox çətin və məsuliyyətli yol qət edib. Bu yola başlayanda gimnastikanın ölkədə bu dərəcədə seviləcəyini, populyar olacağını gözləyirdinizmi?

- 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyası ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyaya prezident seçilməsi ilə yenidən quruldu. Biz, demək olar ki, sıfırdan başladıq. Düzdür, Sovet dönəmində bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası və tamblinq ölkəmizdə mövcud olub. Lakin beynəlxalq gimnastika aləmində bizim öz sözümüzü deməyə hələ çox var idi. Bəli, müstəqillik əldə etdikdən sonra gimnastikanın dirçəlişi məhz 2002-ci ildə federasiyanın yenidən qurulduğu vaxtdan başladı. Sözsüz ki, biz bu yola çıxanda qarşımıza müəyyən hədəflər qoymuşduq. Məqsədlərimizə doğru addımladıqca müəyyən çətinliklərın olacağını bilirdik. Məsələyə real yanaşıb, məsuliyyəti hiss edirdik. Nəticədə, bu gün ölkəmizdə gimnastikanın 9 növü inkişaf etdirilir. Çoxsaylı beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edirik. Həm beynəlxalq arenada idmançılarımız uğurlar qazanır, həm də federasiya nümayəndələrimiz beynəlxalq qurumlara seçilir. Həqiqətən bu 20 ildə böyük yol keçmişik və bu gün biz böyük təcrübəyə malik federasiya kimi 20 illik yubileyimizi qeyd edirik.  

- Müxtəlif vaxtlarda gimnastika növləri üzrə yığma komandaların heyətinə legionerlər cəlb edilib. Necə düşünürsünüz, uğurlu “ulduzlar”ın millidə yer almaları idmançılarımızın hazırlığına necə təsir göstərir?  

- Bu gün artıq təkcə futbol klublarında deyil, müxtəlif idman növləri üzrə yığma komandaların tərkibində legionerlərin çıxışı ilə kimisə təəccübləndirmək mümkün deyil. Bəli, hər hansı bir idman növü yeni inkişaf etməyə başlayanda legionerlərlə əməkdaşlıq əvvəlcə beynəlxalq yarışlarda iştirak təcrübəsi qazandırır. Daha sonra isə bu təcrübə yerli idmançılarımızın hazırlığında istifadə olunur. Xatırlatmaq istərdim ki, 2002-2003-cü illərdə Azərbaycanda gimnastika yeni inkişaf etməyə başlayanda, ölkəmizi yarışlarda legionerlər təmsil edirdi. Amma indi, Tokio Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışlarda ölkəmizi öz yetirməmiz Zöhrə Ağamirova təmsil etdi. Bu gün bədii gimnastika üzrə Bakı məktəbinin yetirmələri Avropa çempionatlarının mükafatçılarıdır. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları ərəfəsində, qadın idman gimnastikası və batut gimnastikasının ölkəmizdə yeni inkişaf etməyə başladığı dövrdə də Azərbaycanı legionerlər təmsil edirdi. Bu gün isə batut gimnastikası üzrə bizim yetirmələrimiz mötəbər yarışlarda medallar qazanır. 2022-ci ildə Bakıda batut gimnastikası üzrə keçirilən Dünya kubokunda gimnastımız Selcan Mahsudova gümüş medal qazandı. Bu növ üzrə 2022-ci ilin Avropa çempionatında da gimnastlarımız gənclər arasında 2 qızıl medala layiq görüldü. Bu il Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər XVI Yay Olimpiya Festivalında gimnastika tariximizdə ilk dəfə, qadın idman gimnastikası üzrə gənc təmsilçimiz Nazənin Teymurova final mərhələsinə vəsiqə qazanıb. İdmançımız həmçinin bu il Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala yüksəlib. Legionerlərlə əməkdaşlıq beynəlxalq təcrübə əsasında milli idman məktəbinin inkişaf etdirilməsi baxımından çox yaxşı üsuldur. Sadəcə, bu üsuldan səmərəli və düzgün şəkildə istifadə etmək lazımdır.  

- AGF 20 il öncə gimnastikanın demək olar ki, yalnız 3 (bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və batut gimnastikasnın bir növü olan tamblinq) növünü inkişaf etdirməyə başladı. Hazırda isə 9 növ inkişaf etdirilir. Sizcə əldə olunan uğurların sirri nədədir?

- Bəli, qeyd etdiyim kimi, bu gün ölkəmizdə gimnastikanın 9 növü inkişaf etdirilir. Bunlardan 4-ü Olimpiya (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası), 4-ü qeyri-olimpiya (akrobatika gimnastikası, aerobika gimnastikası, parkur, TeamGym), biri isə qeyri-yarış növü olan gimnastika hamı üçün növüdür. Qeyd edim ki, 8 gimnastika növü Beynəlxalq Gimnastika Federasiyasına, TeamGym isə Avropa Gimnastikasına aiddir. Belə ki, biz hər iki quruma daxil olan bütün gimnastika növlərini inkişaf etdiririk.  

Bugünkü nailiyyətlərimiz AGF-nin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında düzgün və vaxtında verilmiş qərarlar və güclü strategiya sayəsində əldə olunub. Uğurların sirri həm də yeniliklərə açıq olmağımızla bağlıdır. Bildiyiniz kimi, müasir dövrümüzdə inkişaf çox sürətlə gedir. İdmanın təqdimatında da bir çox yeniliklər var. Qeyd etmək lazımdır ki, hazırda inkişaf etmiş müasir texnologiyanın da idmana böyük təsiri var. Biz açıq fikirlə bütün bu texnologiyaların istifadə olunmasından və həmçinin innovativ ideyalardan çəkinmirik. Gələcək isə - gənclərimizindir. Odur ki, biz daim gənclərimizi öz fəaliyyətimizə cəlb edirik. Düşünürəm ki, bütün bunlar bizə yubiley nişanımızı məhz “20 il inkişafda” adlandırmağa imkan verir.

- İllər öncə Azərbaycanda bir çox insan övladlarından birinin döyüş növləri ilə məşğul olmasında maraqlı idi. Hazırda isə valideynlər həm oğlan, həm də qızlarını gimnastikaya yazdırmağa həvəs göstərir. Bu isə onu göstərir ki, federasiya qarşısına qoyduğu məqsədlərdən birinə - kütləviliyə nail olub.

- Hamımız bilirik ki, gimnastika Azərbaycanda ənənəvi idman növü deyil. 20 il ərzində bizim ən böyük məqsədlərimizdən biri ölkəmizdə bu ənənənin yaradılması, əhalinin gimnastikaya marağının artırılması olub. Gimnastikanın populyarlaşmasında gimnastlarımızın beynəlxalq arenadakı uğurları böyük rol oynayıb. 2004-cü (Afina-2004) ildən etibarən gimnastlarımız Olimpiya Oyunlarının bədii gimnastika üzrə yarışlarında iştirak edir. 2012-ci (London-2012) ildən onlara kişi idman gimnastları qoşulub. 2020-ci (Tokio-2020) ildə isə onlarla bərabər ilk dəfə olaraq ölkəmiz qadın idman gimnastikasında da təmsil olunub. Olimpiya (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası) və qeyri-Olimpiya növləri (akrobatika və aerobika) üzrə idmançılarımız dünya və Avropa çempionatları, dünya və Avropa yaş qrupları yarışları, Ümumdünya və Avropa Oyunları, Yay Universiadası, Dünya kubokları və digər beynəlxalq yarışlarda medallar qazanıb. Parkur və TeamGym isə bizim üçün çox yeni növlərdir.

Gimnastikaya marağın artmasına ölkəmizdə gimnastika növləri üzrə keçirilən irimiqyaslı beynəlxalq yarışlar da təkan verir. Əgər 2002-ci ildən 2016-cı ilə qədər ölkəmizdə yalnız bədii gimnastika üzrə yarışlar təşkil olunurdusa, 2016-cı ildən etibarən hər il 4 Olimpiya növü üzrə Dünya кuboku mərhələləri keçirilir. Bədii gimnastika ilə yanaşı, batut gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə Avropa və dünya çempionatları, o cümlədən dünya yaş qrupları yarışları təşkil olunub.

Gimnastikanı digər idman növlərindən fərqləndirən cəhətlərdən biri də odur ki, bu, idmanın hamı üçün olan növüdür. Çünki burada yaş məhdudiyyəti yoxdur. Xüsusi fiziki bacarıq tələb olunmur. Bu növ Avropa ölkələrində çox populyardır. On minlərlə insan bu növ üzrə keçirilən beynəlxalq tədbirlərə qatılır. Bu tədbirlər fəal tamaşaçıların iştirakı ilə böyük bir gimnastika bayramına çevrilir.

Bilirsiniz ki, hazırda gimnastika da daxil olmaqla, müxtəlif idman növlərinin inkişafı, əhalinin sağlam həyat tərzinə cəlb olunması, idmanda kütləviliyin artırılması, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqətindədir. Düşünürəm ki, digər tədbirlərimizlə yanaşı, gimnastika hamı üçün növünün ölkəmizdə daha da inkişaf etdirilməsi kütləviliyin artırılmasına öz böyük töhfəsini verə bilər.

- Müstəqil Azərbaycan tarixində Olimpiya Oyunlarında komanda növlərində təmsil olunduğumuz yeganə idman növü gimnastikadır. Son olaraq Tokio Olimpiadasında da qrup hərəkətləri komandamız çıxış etdi. Növbəti hədəf yəqin ki, Paris Olimpiadasına lisenziya qazanmaq olacaq.

- Bəli, hazırda Azərbaycanda Olimpiya növləri üzrə komanda yarışlarında uğur qazanan növ bədii gimnastikadır. Qrup hərəkətləri komandamızın doğma divarlar arasında, Milli Gimnastika Arenasında Tokio Olimpiya Oyunlarına lisenziya qazanması həqiqətən çox həyəcanverici idi. Onlar 2019-cu ilin dünya çempionatının çoxnövçülük nəticələrinə əsasən Olimpiya Oyunlarına vəsiqə qazanan ilk 5-liyə düşə bildilər. 2022-ci ildə qrup hərəkətləri komandamız Bakıda keçirilən Dünya kubokunda qızıl, İsraildə keçirilən Avropa çempionatında 3 bürünc, V İslam Həmrəyliyi Oyunlarında (Türkiyə) isə 2 qızıl və 1 gümüş medal qazandı. Təmsilçilərimiz ən böyük uğura bu ilin sentyabrında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında imza atdı. Komandamızın bu yarışda əldə etdiyi bürünc medal Azərbaycanın gimnastika tarixində dünya çempionatında qrup hərəkətləri üzrə qazanılan ilk medal oldu.

Təbii ki, növbəti hədəf Paris Olimpiadasına lisenziya qazanmaq olacaq. Gimnastlar artıq 2023-cü ilin dünya çempionatında lisenziya əldə etmək üçün mübarizə aparacaq. Demək olar ki, komandamız gəncdir. Ümid edirəm ki, digər idman növlərində də komanda yarışlarında uğurlarımız olacaq. Bədii gimnastlarımızın uğurları göstərir ki, bu mümkündür. Ümumiyyətlə, komanda işi böyük bir qüvvədir. Gənclərin cəlb olunduğu komanda isə daha güclüdür. Bu, təkcə yarış meydançasında deyil, yarışların təşkilində də belədir.  

- İdmanın inkişafı üçün ilk növbədə nə lazımdır: istedad, əzmkarlıq, motivasiya, yoxsa maliyyə vəsaiti?

- Qeyd olunanların hər biri vacibdir. Həmfikir insanlardan ibarət komandanın olması mütləqdir. Biz sadəcə olaraq qarşımıza dünya səviyyəli yarışlarda medal qazanmalıyıq məqsədini qoymamalı, ilk növbədə, buna nail olmaq üçün birinci və ikinci mərhələdə nə edəcəyimizi aydınlaşdırmalıyıq. Təbii ki, maliyyə vəsaiti də lazımdır. İdmançılara təchiz olunmuş idman zalları, yüksək ixtisaslı məşqçilər, xoreoqraflar, həkimlər, masajçılar lazımdır. Amma əsas rolu təbii ki, idmançılar oynayır. Hər bir uğurun arxasında saatlarla edilən gərgin məşq və əzmkarlıq dayanır. Fəxri kürsüyə gedən yol çətindir.

- Bəlkə də, sualım çox sadə səslənəcək, maraqlıdır, gimnastikada zədə riski nə qədərdir? Yelena Muxinanın və digər idmançıların faciəvi taleyini çoxları bilir.

- Təəssüf ki, idmanda hər zaman zədə təhlükəsi var. Bu, təkcə gimnastikada deyil. Zədələnmə təhlükəsi bütün idman növlərində mövcuddur. Bir sıra səbəblər idmanda ciddi xəsarətlərə səbəb olur – bəzən idmançı səhv edir, bəzən məşqçinin nəzərindən nəsə qaçır, bəzən onlar öz gücünü düzgün dəyərləndirməyərək təhlükəli element icra etmək qərarına gəlirlər. Bəzən isə bu, sadəcə, bədbəxt hadisə nəticəsində baş verir. Düşünürəm ki, bir çox tamaşaçılar Avropa Oyunları zamanı batut yarışlarında bir idmançının batutdan yıxılmaq təhlükəsi ilə üzləşdiyini və könüllümüzün necə tez reaksiya verdiyini xatırlayırlar. Qadın idman gimnastikasında isə yüksək risk baxımından bəzi elementlərin yerinə yetirilməsi qadağan edilib. Təbii ki, heç kim qəzalardan sığortalanmayıb, amma təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmamaq vacibdir.

- Azərbaycanda gimnastika ilə beynəlxalq yarışlarda iştirak etmək üçün deyil, özün üçün məşğul olmaq imkanı varmı?

- Əlbəttə, var. Biz kütləvi idmana böyük diqqət yetiririk. Hamıya məlumdur ki, idmanla məşğul olan hər bir şəxs bu sahəni peşəkar şəkildə sonadək davam etdirmir. Bəziləri fiziki göstəriciləri uyğun olmadığına görə, bəziləri idman göstəricilərinə görə, deyək ki, böyük uğurlar qazanmır, kimi isə, sadəcə olaraq, həyatını idmana həsr etmək istəmir. Ancaq uşaqlıq yaşlarında bədənini idarə etməyi öyrənmək, gimnastika üzrə bacarıqlara sahib olmaq hər kəsə lazımdır.

Ən vacibi odur ki, biz gimnastika bölmələrini və ayrıca gimnastika hamı üçün növünü inkişaf etdiririk. Buraya istənilən yaşda və istənilən fiziki hazırlıqlı insan məşq etmək üçün müraciət edə bilər. Ötən il bu növün həvəskarlarından ibarət bir qrupumuz “Qızıl Yaş” gimnastika festivalında iştirak etdi. Yəni "qızıl dövr" deyəndə 50 və yuxarı yaşlı insanlar nəzərdə tutulur. Onlar hazırladıqları çıxış proqramlarını beynəlxalq yarışlarda təqdim etdilər. Yəni, özünüz üçün gimnastika ilə məşğul olmaq imkanı təkcə uşaqlar üçün deyil, hər kəs üçün mövcuddur.  

- 20 il ərzində AGF həm də dünyada milli gimnastika federasiyalar arasında ən yaxşı olaraq fərqləndi. 6 il ardıcıl olaraq FIG tərəfindən fərqlənən 10 federasiyasının sırasına daxil olub, 6 ildən üçündə isə bu siyahıya liderlik edib. Gələcək üçün növbəti illərdə hansı hədəflər var?

- Təbii ki, federasiyamızın rəhbərliyi tərəfindən düzgün qurulmuş işlərin nəticəsidir ki, biz 20 il ərzində daim inkişaf edərək bu səviyyəyə çatmışıq. Artıq qeyd etdiyimiz uğurlarla yanaşı, 2014-cü ildə Milli Gimnastika Arenasının istifadəyə verilməsi bizim üçün yeni inkişaf mərhələsinə yol açdı. Buna dəstək isə ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi və 6 gimnastika növünün məhz bu Avropa Oyunlarına daxil edilməsi oldu. İdmançılarımızın yarış meydançasında, federasiya nümayəndələrinin beynəlxalq gimnastika aləmində nüfuzu var. Bizim mütəxəssislər Avropa Gimnastikası (Fərid Qayıbov Avropa Gimnastikasının prezidentidir) və Beynəlxalq Gimnastika Federasiyasında (Natalya Bulanova – bədii gimnastika üzrə Texniki Komitənin üzvü; Siyana Vasileva – bədii gimnastika üzrə Atletlərin nümayəndəsidir) məsul vəzifələrə sahibdirlər. Məşqçilərimiz və xoreqoraflarımız ustad dərsləri vermək üçün müxtəlif ölkələrə dəvət olunurlar. Hakimlərimiz Avropa Gimnastikası və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dünya və Avropa çempionatları, həmçinin digər mötəbər yarışlarda hakimlik etmək üçün dəvət olunurlar. Nəticədə, bu gün biz fərqlənən federasiyaların siyahısındayıq. Gələcəkdə hədəflərimiz isə əldə etdiklərimizi qoruyub saxlamaq, gimnastikanın inkişafında günün nəbzini tutmaq, yeniliklərdən çəkinməmək və gimnastikanın ölkəmizdə daha da inkişaf etməsinə can atmaqdır.

- 2020-ci ildə koronavirus pandemiyası dünyanı bürüdü. Azərbaycan Gimnastika Federasiyası hansı çətinliklər və problemlərlə üzləşdi? Onların öhdəsindən gəlmək nə dərəcədə mümkün oldu?  

- Koronavirus insanları bir sıra hadisə və layihələrə “fasilə verməyə” məcbur etdi. Bir çox yarışlar ləğv edildi və ya təxirə salındı. Hətta Tokio Olimpiadası bir il sonraya keçirildi. İdman zalları bağlandı. Məşq rejimi birdən-birə pozuldu. Başqa ölkələrin idmançılarının da bu problemlərlə üzləşməsi əlbəttə ki, təsəlliverici deyildi. İdmana yeni başlayanlar baza elementlərini onlayn məşqlər vasitəsilə çətin də olsa, hardasa yerinə yetirə bilirdilər. Lakin, təcrübəli idmançılar üçün daha çətin idi. Açıq havada məşq etməyə icazə veriləndə, yığma komandalarımızın idmançıları Milli Gimnastika Arenasının ərazisindəki parkda məşqlərini bərpa etdilər. Olimpiya Oyunları və Avropa çempionatlarına hazırlaşan idmançılarımız müəyyən müddət ərzində karantin qaydaları çərçivəsində qapalı şəkildə Milli Gimnastika Arenasında məşq ediblər.

Belə bir problem də yaranmışdı. Uşaqlar, adətən, 4-5 yaşından gimnastika ilə məşğul olmağa başlayırlar. İdman infrastrukturu sadəcə bir il yarım və ya iki il işləməyibsə, bu o deməkdir ki, uşaqlar gimnastika bölməsinə sadəcə gəlməyiblər. Ola bilsin ki, bununla əlaqədar yeniyetmə yaş qruplarının yarışlarında hələ də “boşluqlarımız” olacaq. Məlum olduğu kimi, koronavirus bütün dünyanı bürüdü və belə problemlərlə təkcə biz üzləşmədik. Onu da xatırlatmaq istəyirəm ki, məhz ciddi karantin dövründə federasiyamız öz saytında vətəndaşlarımızın təcrid olunduğu dövrlərdə də ev şəraitində formada qalmalarına kömək etmək üçün gimnastika hamı üçün növü çərçivəsində federasiyanın sosial şəbəkələrdəki səhifələrində onlayn gimnastika məşğələləri təşkil edilirdi. Sevindirici haldır ki, dünya tədricən koronavirus pandemiyasından çıxır. Ümid edirəm ki, bütün bunlar arxada qaldı.

- Hazırda respublikamızın müxtəlif bölgələrində gimnastika bölmələri fəaliyyət göstərir. Bakıdan kənarda olan nəticələr - gimnastikaya olan maraq Sizi razı salırmı?

- Hazırda Azərbaycanın 26 bölgəsində gimnastika növləri üzrə bölmələr fəaliyyət göstərir. Bildiyiniz kimi, ölkəmizdə bədii gimnastikaya daha böyük maraq var. Lakin biz istəyirik ki, digər gimnastika növlərimiz də bölgələrdə inkişaf etsin. Hədəflərimizdən biri də odur ki, gimnastikaya nəinki qızlarımız, həmçinin oğlanlarımız da maraq göstərsin. Qeyd edim ki, bölgələrdə boya-başa çatan uşaqlar gözəl təbiətdə böyüdükləri üçün daha güclü olurlar. Belə gənclərimizin güc tələb edən idman gimnastikası növünə cəlb edilməsi məqsədəuyğundur. Bəzi insanlar düşünürlər ki, gimnastika güc tələb etmir. Amma bu beləd deyil. Məhz bu gimnastika növü oğlanlarda güclü bədən quruluşunun formalaşmasına imkan yaradır. Mən ümid edirəm ki, növbəti illərdə biz gimnastikanın digər növlərinin də daha çox inkişaf etməsinə nail olacağıq.

- Altay müəllim, legioner idmançılardan danışdıq. Bəs mütəxəssislər necə, bu gün yerli kadrların sayı sizi qane edirmi?  

- İstər idmançılar, istərsə də məşqçilər arasında kifayət qədər yerli kadrlarımız var. Qeyd etdiyim kimi, əvvəllər legionerlərin iştirak etdiyi beynəlxalq yarışlarda indi azərbaycanlı yetirmələr ölkəmizi təmsil edir. Hətta onların arasında bölgələrdən də idmançılar var. Tokioda keçirilən son Olimpiya Oyunlarında Misir yığmasına yerli məşqçimiz rəhbərlik edirdi. Bu, Azərbaycan milli məşqçilik məktəbinin təcrübəsindən xəbər verir. Hazırda yerli kadrlarımız həm Bakıda, həm də Azərbaycanın bölgələrində işləyirlər. Biz isə bölgələrdə gimnastikanın inkişafı fonunda qarşımıza yeni vəzifə qoymuşuq. Hələ ki, Bakıdan gimnastlar məşqçi kimi rayonlara gedirlər. Amma gələcəkdə Azərbaycanın bölgələrində yerli məşqçilər korpusu fəaliyyət göstərəcək. Artıq namizədlər var. Düşünürəm ki, mənzərə tezliklə əsaslı şəkildə dəyişəcək. Bədii gimnastikada yaxşı kadr potensialımız var. Gimnastikanın başqa növlərində də tətbiq edə biləcəyimiz təcrübə mövcuddur. Sadəcə olaraq, milli məktəbin yaradılması fərdi idmançının yetişdirməsindən daha çox vaxt və səy tələb edir.

- Futboldan güləşə qədər əksər idman növlərinin təməl prinsipində gimnastika elementləri dayanır. Gimnastika ilə məşğul olan insan gələcəkdə istənilən növdə uğur qazana bilər. Elə AGF-nin şüarı da belədir: “İdman gimnastikadan başlayır”. Bununla bağlı fikirlərinizi bilmək istərdik.  

Bu şüarı biz uzun illərdir ki, istifadə edirik. Bu fikirlə həm yerli, həm də beynəlxalq mütəxəssislər razılaşırlar. Belə ki, hər idman növündə isinmə hərəkətləri var. İsinmə hərəkətlərində və məşq prosesində gimnastika elementlərindən istifadə olunur. Elə bir idmançı yoxdur ki, gimnastikanın təməl elementlərini icra etməsin. Bütün bunlar bir daha təsdiq edir ki, idman gimnastikadan başlayır.

Bu il 20 illik inkişafını qeyd edən federasiyamız “idman gimnastikadan başlayır” şüarı ilə Azərbaycanda idman növlərini də birləşdirmiş oldu. Düşünürəm ki, ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının sağlam gənclərimizin sayının çoxalması və idmanda kütləviliyə nail olmasında rolu böyükdür.

Mən çox istərdim ki, Azərbaycan ailələrində böyüyən gənclər idmanla məşğul olsunlar, həm fiziki, həm də mənəvi cəhətdən sağlam olsunlar.



MƏSLƏHƏT GÖR:

155