Müəllif: Tatyana İVANAYEVA
“HƏR ŞEY MƏHZ BU GÜN YARADILIR”
Səbinə Şıxlinskayanın hər bir layihəsi insan varlığının mahiyyətinə müraciət edən aydın şəkildə qurulmuş ismarışdır. Deyə bilərik ki, o, rəssam və müstəqil kurator kimi müasir incəsənətdə öz istiqamətini yaradıb. S.Şıxlinskaya şəxsi yaradıcılığı ilə məhdudlaşmayıb. O, zaman və məkan anlayışlarını aşa bilən rəssamların əsərlərini müxtəlif sərgilərdə bir araya gətirib. Bununla o, artıq formalaşmış sərhədləri inkar edib və ənənəvi postulatları dağıdıb. İndi S.Şıxlinskaya müasir incəsənət vasitəsilə həyati əhəmiyyət kəsb edən mövzunu gündəmə gətirir. Bununla o, hər birimizi öz hisslərimizi gizlətməyərək daxili “mən”imizlə ünsiyyət qurmağa vadar edir. Bu mənada ünsiyyət zamanı lazım olmayan suallara yer yoxdur... Əksinə, şəxsi hissləri müəyyənləşdirmək və üzə çıxarmaq lazımdır...
Yeni layihə təqdim edən zaman gözlərdən qığılcımların saçılması normal haldır. Bir çox rəssam etiraf edib ki, rəsm əsərlərini tamamladıqdan sonra işdən müəyyən bir uzaqlaşma anı olduğunu hiss edirlər. Yəni rəssam əsəri ərsəyə gətirdiyi dövrdə onunla birbaşa təmasda olur. Bundan sonra növbəti layihə üçün yeni hisslər yaranır. Əslində, bu, sevgiyə bənzəyir. Eyni anda iki “obyekt”lə bağlı güclü hisslər yaşamaq mümkün deyil. Biri digərini sıxışdırır... Amma söhbət təkcə bundan getmir...
“Bu, sadəcə olaraq müharibənin məhv etdiyi nəsildən, mərmilərdən xilas olsalar da, onun qurbanı olanlardan bəhs etmək cəhdidir” (E.M.Remark).
- Oktyabrın 13-də müharibə mövzusunda keçirilən sərgidə mən də iştirak etmişəm. Bu, özündə həm həyatı, həm də ölümü cəmləşdirən aktual mövzudur. Bu, bizim gələcəyimizin olub-olmaması ilə bağlı mövzudur. Əslində, bu sərgi hər hansı lokal müharibə ilə bağlı deyil. Bu, ümumbəşəri faciədir. Bu, bəşəriyyətin keçmişdəki dərsləri dərk etməməsi, hərbi münaqişələrin çoxalması, insanların ölməsi barədə məcburi etirafdır... Bunun fonunda müasir tariximizdə baş verən hadisələr yenidən canlanır: Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində təxminən 30 il işğal altında olmuş torpaqlarını qəhrəmanlarımızın gücü və ruhu sayəsində geri qaytarıb. Bizə dost olmayan qonşumuzun ölkəmizin ərazi bütövlüyünü, dövlət sərhədini tanıması ilə bağlı tarixi sənədi imzalamasının şahidi olduq. Yaxın tariximizdə düz iki dəfə qanlı və dəhşətli müharibədən keçmişik. Fikrimcə, ərazi baxmından uzaq görünən müharibə belə hər zaman bizə yaxındır. Yaradıcılığımda bu mövzuya ilk dəfə deyil ki, müraciət edirəm. Gürcüstanda 2008-ci ildə baş verənləri əks etdirən “Təhlükəli qırmızı” videoinstalyasiyası çəkdim. Bu, sonradan dünyanın bir çox ölkələrində nümayiş etdirilib. Etiraf edirəm ki, bəşəriyyətin sosial problemlərinə kəskin reaksiya verirəm. Açığı, özümü dünyanın gözəl olması barədə inandırmaqdansa – bu, belə deyil – baş verənlər haqqında dürüst danışmağa üstünlük verirəm. Mən həyatı sevirəm! Mən özümü pozitiv insan hesab edirəm. Hər yeni günə sevinirəm və bu həyatda “var olduğum” üçün Allaha, valideynlərimə və Kainata təşəkkür edirəm. Eyni zamanda ətrafda baş verənlərə göz yummaq istəmirəm. Yəni bütün problemlərin bitəcəyi, hamının xoşbəxt olacağı və ətraf aləmin xarici təsirlərə məruz qalmayacağı ilə bağlı fikirləri təkrarlamaq istəmirəm. Hər şeydən kənara çəkilərək fəlsəfi fikirlər söyləmək mənlik deyil! Mən cəmiyyətlə qaynayıb-qarışır və hər şeyə reaksiya verirəm.
Yolverilməzlik. Refleksiya
“Müharibə dumanı” adlı sərgi iddialı layihədir. Sərgi Bakı Höte-Mərkəzinin direktoru Alfons Huqun kuratorluğu ilə təşkil olunub. Burada tanınmış beynəlxalq rəssamlar iştirak edirlər. Biz belə işlər təqdim edirik: əgər bəşəriyyət ağlını başına yığarsa, müharibələr heç vaxt baş verməyəcək. Mənim “Carpet bombing” (“Xalça bombardmanı”) adlı işim, demək olar ki, heç kəsin toxunmadığı mövzunu əks etdirib. Bu termin XX əsrdən bəri istifadə olunur. Gernika, Barselona, Drezden, Tokio, Qroznı, Mariupol və digər şəhərlər “xalça bombardmanı”na məruz qalıb. Bir çox xalqların mədəni irsinin, sakral həqiqətlərin qədim vizuallaşdırılmasının rəmzlərinin belə qeyri-insani hərəkətlə məhv edilməsi məni pis mənada heyrətə gətirib. Azərbaycan üçün xalça hər şey deməkdir! O, yeni həyatın doğulmasının şahididir. Sonuncu yola da onun vasitəsilə salınır. Xalça bizim milli qürurumuz, xalqımızın milli kimliyidir. “Xalça bombardmanı”nın necə həyata keçirildiyini öyrənməyə başladım. Bu bombardmanın hansısa dizaynla həyata keçirilə biləcəyini düşünən zaman çox güclü emosiyalar yaşadım. Bu, sadəcə sinizmin zirvəsidir! Amma vəziyyətin daha da pis olduğunu anladım. Belə ki, bu bombardmanların məqsədi şəhərləri yer üzündən silməkdir. Xəstə təfəkkürün məhsulu olan fikrə əsasən, bombardmanları müəyyən ardıcıllıqla həyata keçirməklə xarabalıqlardan “xalça toxumaq” olar. Amma “xalça” sözü boş torpağa uyğun gəlmir! Əminliklə deyə bilərəm ki, “carpet bombing” ifadəsinin müəllifləri Şərq mentalitetindən uzaq şəxslər olub. Çünki xalça bizim üçün sadəcə yerə sərilən örtük deyil! O, bizim üçün müdafiədir, bəzəkdir. Uca Tanrıya dua etmək üçün yerə təmiz xalça sərilir. Beləliklə, öz işimlə vurğulamaq istəyirdim ki, bəşəriyyət elə bir məhvolma mərhələsindədir ki, mədəniyyət qana bulaşmuş iddialar uğrunda istifadə olunur. Pasifistəm və bütün müharibələrə qarşıyam. Mən həmişə sülh tərəfdarıyam. Amma söhbət suveren ərazilərin azad edilməsindən və məcburi köçkünlərin doğma evlərinə qayıtmasından gedirsə, fikrimcə, hər kəs vətənpərvər olmalı və həyatının bahasına olsa da, vətənini müdafiə etməlidir. Müasir incəsənətdə qədim Latın atalar sözü – “toplar danışanda, musiqi susur” artıq qəbuledilməzdir. Düşünürəm ki, müasir rəssamların “istixana” şəraitinə ehtiyacı yoxdur. Onlar dünya ilə bağlı bütün məsələlərə reaksiya verirlər. Bunu müxtəlif yollarla edirlər. Onlar hisslərini, müəllifin ismarışını ifadə etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Müasir rəssam müharibə, cəmiyyət, ətrafımızdakı həyat haqqında fərqli düşünür və hər zaman münasibət bildirir. Buna görə də tələbələrimə müəyyən anı gözləməməyi öyrədirəm. Rəssam dəri qatı digərlərindən daha az olan şəxsdir. Təkcə onun daxili dünyasına deyil, həm də onun özünə hər kəs toxunmalıdır. Bu, modernistlərin və onlar kimilərinin dövründə qalıb. Hazırda bu, mənim üçün həyati əhəmiyyət kəsb edən mövzudur və bu barədə uzun müddət danışmaq olar. Amma təkcə bunun haqqında deyil...
“Müasir İncəsənət Məktəbi”. Gələcəyə gedən yol
Son zamanlar təhsilədaha çox diqqət yetirirəm. Fəxr edirəm ki, YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə “Müasir İncəsənət Məktəbi” adlı layihəm uğurla inkişaf edir. Bu, Azərbaycanda ilk belə təşəbbüsdür. “Müasir İncəsənət Məktəbi”nin 35 yaşa qədər 28 tələbəsi indiki dövrdə ehtiyac duyulan şəxslərdir. Onlar müəyyən vəzifələrdə çalışır və yaxşı karyera qurublar. Üstəlik, onlar menecmentlikdən art-menecmentliyə keçməyə qərar veriblər. Beləliklə, ənənəvi akademik bilikləri olanlar müasir incəsənətdə multidissiplinar rəssam olmaq üçün yenidən hazırlanır və biliklər əldə edirlər.
“Müasir İncəsənət Məktəbi” olduqca yaxşı inkişaf edir. Biz bir ailəyə çevrilmişik. Ən əsası, nəticə yalnız məzun olduqdan sonra diplom əldə etmək olmayacaq. İçərişəhər ərazisində gələn ilin martında publika ilə bağlı interaktiv layihəyə start veriləcək. Məkan təsadüfən seçilməyib: məni hər zaman ənənələrlə müasirliyin vəhdəti maraqlandırıb. Mövzu cəlbedicidir. Bu, bir çox yaradıcı insan üçün böyük maraq doğurur. Həm də mənim üçün. Hesab edirəm ki, kök olmadan heç bir ağacın budağı belə böyüyə bilməz. Buna görə də doğulduğumuz, yaşadığımız, yaratdığımız məkanın ənənəvi milli-tarixi bilikləri ilə bağlı xatirə və köklər mənim üçün önəmlidir. Bu baxımdan, gənclərin müasir incəsənəti ilə heç nəyə baxmayaraq, öz unikallığını qoruyub saxlayan, üzərində dayandığı mədəni təbəqələrin enerjisi ilə “qidalanan” İçərişəhər incəsənətin duallığının ən bariz nümunəsidir. Bu layihənin əsasında sadəcə nailiyyətlərimizin və “Müasir İncəsənət Məktəbi”nin yalnız məktəb kimi göstərilməsi dayanmır. İncəsənətdə yeni formaların olduğunu insanlara çatdırmaq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, interaktiv incəsənət yaradılan zaman bu prosesə publikanın cəlb edilməsi ilə bağlıdır. “Site-specific art”ı misal göstərmək olar. Bu zaman müəyyən məkan seçilir. Məhz bura sərgi layihəsinin bir hissəsinə çevrilir. Bir sözlə, hesab edirəm ki, elan etdiyim bu layihənin nəticəsi həm paytaxt sakinlərini, həm də onun qonaqlarını maraqlandıracaq. Üstəlik, mart ayının Novruz bayramı ilə bağlı olduğunu unutmaq olmaz. Sərginin keçirilməsinin məqsədi tələbələrin milli adət-ənənələri, İçərişəhərin tarixini, onun memarlığını, şəxsi hekayələri və İçərişəhərin yerli əhalisinin xatirələrini öyrənməkdir. Bəlkə də, gələcək sərgi çərçivəsində biz gözlənilməz “intellectual messages” həyata keçirəcəyik.
Müdriklik və öz üzərində işləmək haqqında
Kiminsə söylədiyi və mənim üçün aktual olan, məqbul sayılan fikirlərini xatırlayıram: “Dəyişə biləcəyin bir şeyi dəyişmək üçün özündə güc tap. Dəyişə bilməyəcəyin bir şeyi qəbul elə. Birini digərindən ayıracaq qədər ağıllı ol”. Buna görə də müdrik olmağa çalışıram... Eyni zamanda “mən bilirəm ki, heç nə bilmirəm” postulatını da kifayət qədər sakit şəkildə qəbul edirəm. Bu fikir məni qətiyyən narahat etmir. Əksinə, bunu müəyyən mənada ruh yüksəkliyi ilə qəbul edirəm. Bu fikir mənə biliklərimi artırmaq və hər gün sözün əsl mənasında yeni bir şey öyrənmək imkanı verir. “Müasir İncəsənət Məktəbi”ndəki tələbələrə əvvəlcədən məlumat verilib ki, bizim münasibətlərimiz üfüqi şəkildə quralacaq: nə mən sizi, nə də siz məni öyrədirsiniz. Biz sadəcə fırtanaya düşə biləcək və ya sakit havada üzəcək gəmidə birgə hərəkət edirik. Bu zaman birlikdə müasir incəsənəti anlamağa çalışırıq, çünki hər şey məhz bu gün yaradılır. Yəni bu, dünənki gün, modernizm deyil. Bu barədə artıq incəsənət tarixçiləri, nəzəriyyəçilər və filosoflar tərəfindən hər şey danışılıb. Müasir incəsənət sözün əsl mənasında bu gündən, ən uzağı dünəndən bəri inkişaf etdirilir. Bu mənada “Məktəb” mənə çox şey verib. Burada mənə maraqlı olan biliklərimin sərhədini genişləndirirəm. Məktəbin fəal göstərdiyi 6 ay ərzində mən özüm dəyişdim. Bu prosesi dayandırmaq fikrində deyiləm. Eyni şəkildə yaradıcılığım da dəyişir...
Biliyin gücü. Azadlıq. Məsuliyyət. Seçim
İnanıram ki, bilik təkcə güc deyil. Bu, insana azadlıq da verir. Biliklə silahlandıqda müəyyən seçim azadlığına, manevr etmək qabiliyyətinə malik olursunuz. Xüsusən də yaradıcı insanların fəaliyyəti bir məsələ ilə məhdudlaşmır. Bilik hər zaman qapalı məkanın yaratdığı vakuumu dağıdır. Bu mənada missioner deyiləm. Amma hesab edirəm ki, pedaqoq, başqalarına nəyisə öyrətmək, danışmaq missiyasını öz üzərinə götürən şəxs, ilk növbədə, dinləyici ilə onda çatışmayan bilikləri bölüşməlidir. Azadlıq kontekstində məsuliyyətə gəlincə, çox şey azadlığı hiss etməyə və həyata keçirməyə imkan verən biliyin necə təqdim edilməsindən asılıdır. Aydındır ki, müasir incəsənətə ilk dəfə qərq olmağa başlayanları kiçik uşaqlarla müqayisə etmək olar. Belə ki, onları təhlükəli “obyektlərlə” baş-başa buraxaraq qaçılmaz ölümə məhkum etmək olmaz. Bu zaman pedaqogikanın parametrlərini nəzərə alaraq biliyə gedən yolda savadlı şəkildə rəhbərlik etmək vacibdir. Müasir incəsənətin öyrənilməsində səthilik yolverilməzdir. Buna görə də “Müasir İncəsənət Məktəbi”ndə təhsil uzun müddətə nəzərdə tutulub. Bu ciddi şəkildə hazırlanmış proqramdır. Mən öz üzərimə götürdüyüm məsuliyyəti açıq şəkildə dərk edirəm və güman ki, əvvəlki təcrübəm belə bir addım atmağa yardım göstərib. Uzun müddətdir ki, müxtəlif ustad dərslərinin keçirilməsi ilə məşğul oluram. Üstəlik, uzun illərdir ki, gənclərlə işləyirəm. Müxtəlif ölkələrə səfər etmişəm, bir çox institutlarda mühazirələr oxumuşam. Rəhbərliyim altında olan gənclərlə bir çox layihələr həyata keçirmişəm. Buna görə də tam əminliklə söyləyə bilərəm ki, mənim “Məktəbimdən” “qorunmayan körpələr” bu dünyaya atılmayacaq. Güman ki, gənc rəssamlar üçün şüurlu bir məsuliyyət götürmüşəm. Bununla onları bədii baxışın “kataraktasından” azad etmişəm. Volterdə esselərindən birində insanın özünü xoşbəxt hiss etməsi məsələsinə toxunulur. İki insan arasında paralellər aparılır: filosof geniş bilik sahibi olmasına baxmayaraq, həyatda mütləq xoşbəxtliyi axtaran və kainatı anlamaq istəyən zaman mənasızlığı dərk edib. Amma sadə qonşu qadın “yüksək araşdırmalar” aparmayaraq aza qane olub və şəxsi xoşbəxtliyini tapıb. Bu zaman Volter oxucuya belə bir suallar ünvanlayır: hər bir insanın xoşbəxtliyi tapmağa çalışdığını nəzərə alsaq, bu məqamda filosof hansı yolu seçərdi? O, öz həyat yolunu, yoxsa dünya və özü ilə harmoniyada yaşayan sadə qadını məmnun edən həyat yolunu seçəcək? İnanın, filosof ikinci yolu qəti şəkildə rədd edərdi.
Paradoks məhz budur: insan ətrafı başa düşməyərək, dərk etməyərək illüziyalarla yaşamaqdansa, biliyi seçərək bədbəxt yaşamağa üstünlük verir. Buna görə də hər şeyə açıq gözlə baxmağa üstünlük verən insanam, bunu tələbələrimə də öyrədirəm...
MƏSLƏHƏT GÖR: