26 Dekabr 2024

Cümə axşamı, 16:49

UZUN SÜRƏN GÖZLƏNTİDƏN SONRA

Azərbaycan atıcılarının Qahirədə keçirilən Dünya çempionatında mühüm qələbələri

Müəllif:

01.11.2022

Atıcılıq Azərbaycanın bir neçə dəfə uğur qazandığı idman növüdür. Bu idman növü haqqında bəhs etməyimə səbəb Nigar Nəsirovanın güllə atıcılığı üzrə dünya çempionatında qazandığı “bürünc” olub. 1990-cı illərdə Azərbaycan idmançıları bu idman növündə uğur qazansalar da, yeni nəsil idmançıların formalaşmasında qələbələrin davamı gəlmədi. İdmançılarımız uzun illər İslam Həmrəyliyi Oyunları istisna olmaqla, böyük beynəlxalq yarışlarda ən yüksək səviyyəli medallardan kənarda qalıblar. Qeyd edək ki, dünya çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olub.

 

Nikbinlik üçün əsas yaradan nəticə

Nigar Nəsirovanın nəticəsi nikbinlik üçün müəyyən əsas yaradıb. İdmançımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən atıcılıq üzrə dünya çempionatında bürünc medal qazanıb. Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.

N.Nəsirova gənclər arasında iştirak etdiyi yarışlarda diqqəti özünə cəlb etmişdi. Belə ki, o, 2006-cı ildə Moskvada keçirilən Avropa çempionatında şəxsi yarış üzrə gümüş medal qazanıb. N.Abbasova 2017-ci ildə Mariborda keçirilən Avropa çempionatında komanda mübarizəsində bürünc medala layiq görülüb. Amma o, 2019-cu ildə Minskdə təşkil edilən Avropa Oyunlarında mükafatçılar sırasında yer almayıb. Bu dəfə isə dünya çempionatında əldə olunan nəticə onun karyerasında ən böyük uğurdur.

 

İnanmaq və məşq etmək lazımdır

Nigar Nəsirova “Region plus” jurnalına dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüb: “Karyeramın ən böyük uğurlarından biri olması ilə razıyam. Qazanılan medalda məşqçi heyəti və mənə dəstək olan insanların böyük əməyi var. Bizim idman növündə uğur qazanmaq çətindir. Daim İradə Aşumovanın nəticələrinə sevinmişik. Bu gün İradə xanım şəxsi məşqçimdir. Fikrimcə, ölkəmizin atıcılıqda potensialı böyükdür. Sadəcə, inanmaq və hazırlaşmaq lazımdır. Atıcılıqda nəticə qazanmaq çox çətindir, çünki rəqabət güclüdür. Pandemiya dövründə biz çox geri düşdük. Amma inanıram ki, qısa zamanda biz uğurların davamını gətirəcəyik”.

 

Qahirədə “gümüş”

Qahirədə keçirilən güllə atıcılığı üzrə dünya çempionatında daha bir uğur Ruslan Lunyovun adı ilə bağlıdır. İdmançımız qızıl medalın bir addımlığında dayanmaqla gümüş medalla kifayətlənib. O iriçaplı tapançadan 25 metr məsafəyə cəld atəş üzrə ikinci yeri tutub. Atıcımız 60 atəşdən 584 xal toplayıb.

Bu idmançının 2022-ci ildə ilk uğuru deyil. O, hələ sentyabrda Polşanın Vrotslav şəhərində keçirilən Avropa çempionatında yüksək nəticə əldə edib. O, standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birinci yerə layiq görülüb.

İdmançı güllə atıcılığı üzrə olimpiya mükafatçısı İradə Aşumovanın oğludur. Onun ilk məşqçisi valideynləri olub. Bu gün Ruslan Lunyov uğurları ilə ailə ənənəsini davam etdirir.



MƏSLƏHƏT GÖR:

143