Müəllif: Sənan NADİROĞLU
İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı Azərbaycan idmanı üçün tarixi qələbə ilə başa çatıb. 70 ildən çox tarixi olan mötəbər yarışda həm qızlar, həm də oğlanlar arasında qızıl medal Azərbaycan şahmatçısına qismət olub.
14 ildən sonra
20 yaşadək qızlar arasında keçirilən yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 10-cu turda çempionluğu təmin edib. Yarış ərzində yüksək əzmkarlıq və ustalıq nümayiş etdirən Beydullayeva adını Azərbaycan şahmat tarixinə dünya çempionu olan ilk gənc şahmatçı kimi yazdırıb. Ölkəmizin digər təmsilçisi Ləman Hacıyeva çempionatı 7 xalla 10-cu sırada başa vurub.
Kişilərin yarışında da çempion Azərbaycan şahmatçısı olub. 11-ci həlledici turda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıb. Tərəflər sülhə razılaşıb. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlının isə 7,5-ə çatıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.
Gövhər Beydullayeva reytinqə görə yarışda 4-cü olmasına baxmayaraq, bütün partiyalarda düzgün debüt seçimi və sonadək mübarizə nümayiş etdirib. Əksər rəqiblərindən üstün oyun göstərən G.Beydullayeva bu qələbə ilə qadın şahmatçılardan ibarət Azərbaycan millisində yerini möhkəmləndirib və dünya kubokuna vəsiqə qazanıb.
Abdulla Qədimbəyliyə gəlincə, dünya çempionatında qələbə onun üçün yeni şans olacaq. Bu qələbə həm də növbəti yarışlara motivasiya rolunu oynayacaq. İtaliyadakı uğurlu çıxış sayəsində Abdulla Qədimbəyli həm də beynəlxalq qrossmeyster normasını yerinə yetirib və şahmat aləmində ölkəmizin 29-cu qrossmeysteri olub.
Qeyd edək ki, son illər 20 yaşlılar arasında dünya çempionatında şahmatçılarımız medal qazanmayıb. Eltac Səfərli 2008-ci ildə keçirilmiş dünya çempionatında bürünc medal əldə edib. Ondan əvvəl Şəhriyar Məmmədyarov iki qızıl medala, Zeynəb Məmmədyarova isə bürünc medala sahib olublar. İndi isə 14 ildən sonra Azərbaycan şahmatçıları dünya çempionatında parlaq qələbə qazanıblar. Belə bir nüfuzlu yarışda iki qızıl medal tarixi nəticədir.
Şəhidlərin xatirəsinə
Yenicə çempion olan Abdulla Qədimbəyli yarışla bağlı təəssüratlarını “Region plus” jurnalı ilə bölüşüb. Şahmatçı son turda böyük həyəcan yaşadığını bildirib: “Sona qədər yaxşı oyunlar keçirdim. Axırıncı görüşüm çox çətin oldu. Ondan da çətin olan isə heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi. Yarışdan əvvəl də bilirdim ki, çətin olacaq. Yaxşı çıxış etdiyimi düşünürəm. Bizə güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Növbəti hədəf kimi dünya kubokunda çıxış etmək və əla nəticə göstərmək istəyirəm. Mənim üçün narahat olan, həyəcan keçirən, uğuruma sevinən hər kəsə təşəkkür edirəm”. O, qələbəni şəhidlərimizə həsr etdiyini deyib.
Azərbaycan tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın şahmatçı Gövhər Beydullayeva bundan sonra daha çox çalışacağını qeyd edib: “Ölkəmə ilk çempionluğu yaşatmaq çox qürurverici və sevindirici haldır. Təkcə özümə görə deyil, 20 yaşadək oğlanlar arasında dünya çempionu olan komanda yoldaşım Abdulla Qədimbəyliyə görə də çox sevinirəm. İtaliyada himnimizin iki dəfə səslənməsi inanılmaz hissdir.
Turnirə uğurlu start vermişdim. Oyunlarım özümün də çox xoşuma gəlirdi. 10-cu turda Urh Zala ilə görüşdə də üstün vəziyyətdə idim. Düşünürdüm ki, qalib gələcəyəm. Hətta həmin gün çempion olacağımı da hiss edirdim. Mənim oyunum davam edərkən əsas izləyicilərimin - qazaxıstanlı Assel Serikbay ilə bolqarıstanlı Nurgül Səlimovanın görüşündə birincinin qalib gəldiyini gördüm, hesabladım ki, bu nəticəyə əsasən, heç-heçə ilə də çempion ola bilərəm. Öz oyunumda isə üstünlük mənim tərəfimdə olsa da, qələbə çətin görünürdü. Əlbəttə ki, oynasaydım, uda bilərdim. Düzdür, görüşün əvvəlində əldə etdiyim üstünlüyü sonradan reallaşdıra bilmədim. Rəqibin də əks-həmlə şansları var idi. Bütün bunları nəzərə alıb heç-heçəyə razılaşdım və çempionluğu təmin etdim.”
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov gənclər arasında dünya çempionatının qalibləri olan Abdulla Qədimbəyli və Gövhər Beydullayevanın uğurunu tarixi nəticə adlandırıb. O, 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatının ən mötəbər turnirlərdən biri olduğunu bildirib: “1951-ci ildən bəri keçirilən bu yarışda bir qayda olaraq gələcək dünya çempionları iştirak edirlər. Boris Spasski, Vişvanatan Anand, Anatoli Karpov kimi şahmatçılar gənclər arasında dünya çempionatlarındakı çıxışları ilə tanınıblar”.
Faiq Həsənov qeyd edib ki, bu yarışda qalib gələn idmançının titulundan asılı olmayaraq, ona beynəlxalq qorssmeyster titulu birbaşa verilir, eyni zamanda dünya kubokunda iştirak etməyə haqq qazanır: “Çox xoş haldır ki, Abdulla Qədimbəyli bu yarışa qədər həm beynəlxalq qrossmeyster normativlərini ödəyib, həm də ötənilki Avropa çempionatındakı çıxışı ilə dünya kubokuna vəsiqəni qazanıb”.
Federasiya rəsmisi şahmatçılarımızın oyun taktikası barədə də danışıb: “Abdullanın çıxışı göstərib ki, o, çox sakit və təmkinli idi. Bir dəfə də məğlub olmadı. Son turda da öz komanda yoldaşı ilə oynadı, gərgin mübarizə heç-heçə başa çatdı. Bununla belə, çempionluğu əldə edə bildi. Qələbədən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şahmatçılarımızı təbrik etdi. Bu, çox xoş haldır və bir daha göstərir ki, şahmat hər zaman dövlət qayğısında və diqqətindədir. Şahmatçılar da bilirlər ki, onların arxasında dövlət, bütün respublika dayanıb”.
MƏSLƏHƏT GÖR: