Müəllif: Mirabbas MƏMMƏDOV, Dövlət Sərhəd Xidməti Muzeyinin baş direktoru
Bu il dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev bu görkəmli şəxsiyyətin yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Əlamətdar tarix münasibətilə Vaşinqtonda şairin xatirə barelyefinin açılışı olub. Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu xatirə barelyefi Vaşinqton şəhərinin tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərinə vurulub. Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanın ABŞ-dakı səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. Mərasimdə Vaşinqton şəhəri Kolumbiya Əyalətinin meri xanım Mariel Bauserin 2022-ci il oktyabrın 24-nü Hüseyn Cavidin Anım Günü elan etməsi barədə bəyanatının mətni oxunub. Bəyanatda Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı rolu ilə yanaşı, onun azadlıq uğrunda və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə qeyd edilir. Vurğulanıb ki, Cavidin azad və ədalətli dünya idealları, onun ədalətsizlik və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə çağdaş dünyamızda aktual olaraq qalmaqdadır.
Maarifçi
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi Repressiya Qurbanları Muzeyi”ndə Hüseyn Cavidlə bağlı bir sıra maraqlı sənədlərin surətləri var. Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. O, 5 il mədrəsədə təhsil aldıqdan sonra bir müddət məşhur maarifçi, şair və pedaqoq Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı dünyəvi məktəbində biliklərə yiyələnib. Hüseyn 1898-1905-ci illərdə Təbrizdə təhsilini davam etdirib, ərəb və fars ədəbiyyatını öyrənərək biliyini təkmilləşdirib. 1905-ci ildə İstanbul Universitetinin filologiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra vətənə qayıdan Hüseyn Naxçıvan, Gəncə və Tiflisdəki məktəblərdə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. 1906-cı ildə ədəbi yaradıcılıq yoluna qədəm qoyan Hüseyn ərəbcə “əbədi”, “ölməz” mənasını verən “Cavid” təxəllüsünü götürüb. Sanki o bilirdi ki, ərsəyə gətirəcəyi dram əsərləri, poemaları və şeirləri əbədi yaşayacaq, onun adı gələcək nəsillərin dilindən düşməyəcək.
Arzuolunmaz müsavatçı
Onun “Peyğəmbər”, “Azər”, “Knyaz”, “Topal Teymur”, “Şeyx Sənan”, “Siyavuş”, “Xəyyam”, “Şəhla” əsərlərinin nəşri və teatrlaşdırılmış tamaşaları ictimaiyyət tərəfindən böyük həvəslə qarşılansa da, sovet hökuməti Hüseyn Cavidin hər bir uğurunu tənqidi şəkildə qəbul edir, onu “proletar şairi”, “sosialist realizmi yazıçısı” yoluna yönəltmək cəhdlərindən vaz keçmirdi. Eyni zamanda sovet hökuməti şairə fiziki təzyiq belə göstərib. 1926-cı il martın 29-da Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Ə.Qarayevin sədrliyi ilə keçirilən büro iclasında xarici ezamiyyətlər məsələsinə baxılırdı. Müzakirə olunan müraciətlər arasında Hüseyn Cavidin müalicə məqsədi ilə xaricə getməsinə icazə verilməsi xahişi də olub. Amma şairin xahişi təmin edilməyib.
Qeyd edək ki, bolşevik hakimiyyətinin Hüseyn Cavidə qarşı, yumşaq desək, mənfi münasibətinin kökündə onun keçmişdə “Müsavat” partiyasına üzv olması dayanırdı. O, bu partiyanın sıralarını rəsmən tərk etsə də, “Müsavat” ideyalarına sadiq qalıb, sovet ideologiyasını qəbul etməyib və “sosializm quruculuğunun uğurlarını” öz yaradıcılığında əks etdirməyib. Üstəlik, əsərlərində məhəbbəti tərənnüm edən şair kütlənin Stalinə olan “sevgisini” anlaya bilmirdi. Şərə və zorakılığa qarşı çıxış edən dramaturq Stalinin və onun azərbaycanlı silahdaşı M.D.Bağırovun repressiya siyasətini qəbul etmirdi. Ola bilsin ki, şair İblisin dili ilə danışaraq məhz onları nəzərdə tuturdu:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşkünü divanə bəbəklər.
Azərbaycanın xalq yazıçısı
1934-cü ilin yanvarında keçirilən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XII Qurultayında Mir Cəfər Bağırov deyib ki: “Türkiyədə müsavatçılar Hüseyn Cavidi Azərbaycanın xalq yazıçısı hesab etməkdə davam edirlər. Müsavatçılıq ideologiyası və müsavatçı ünsürlərlə mübarizədə daha qətiyyətli yenidənqurma lazımdır”.
Hüseyn Cavid çıxışlarının birində etiraf edib ki, Azərbaycanda Kommunist Partiyasının ondan tələb etdiyi əsərləri yazmağa ilham verən qəhrəmanlar tapa bilmir. “Kommunist” nəşriyyatının direktoru A.Triniç 1934-cü ildə keçirilən Azərbaycan Yazıçılarının I Qurultayının tribunasından demişdir ki, Hüseyn Cavid kimi düşünənləri sovet yazıçısı adlandırmaq olmaz. Yazıçı M.Hüseynov isə təklif etmişdir ki, qurultay Hüseyn Caviddən “pambıq və neft planlarının həyata keçirilməsinə dair əsərlər” yazmağı tələb etsin. Təhqir və əsassız qınaqlara etiraz əlaməti olaraq Hüseyn Cavid qurultayın iclasını tərk edib.
1937-ci ildə keçirilən Azərbaycan Yazıçılarının II Qurultayında da şairə böhtanlar atılıb. Buna baxmayaraq, qurultay nümayəndələrinin əksəriyyəti ona hörmətlə yanaşırdılar. Yığıncaq rəhbərinin sözün yoldaş Hüseyn Cavidə verildiyini bildirməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdı. Amma Hüseyn Cavid öz həqiqi fikirlərini səsləndirməyib. O, yalnız “indiki sistem, uğurlar və qəhrəmanlar haqqında” yazmağa davam edəcəyinə söz verib.
“... digər sahələrdə olduğu kimi, ədəbiyyatda da söz sahibi yalnız Mərkəzi Komitədir”
Hüseyn Cavid ona qarşı sərt münasibətin haradan qaynaqlandığını yaxşı bildiyi üçün 1936-cı ilin oktyabrında Bağırova qısa məktub ünvanlamışdı: “Hörmətli yoldaş, M.Cəfər Bağırov! Son zamanlar həm mənəvi, həm də maddi mənada özümə və əsərlərimə qarşı hörmətsiz və soyuq yanaşma ilə üzləşirəm. Bu, müxtəlif şəxslərin fərdlərin kaprizinin nəticəsidir. Mövcud vəziyyətə diqqət çəkməyə cəsarət edərək, otuz ildən artıq fəaliyyət göstərən xəstə və yorğun yazıçının vəziyyəti ilə maraqlanmağınızı xahiş edirəm. Hüseyn Cavid. 3 oktyabr 1936-cu il. Bakı.”.
Sadəlövh Hüseyn Cavid 1934-cü ildə Stalinin Kaqanoviçlə yazışmalarından xəbərdar ola bilməzdi: “Bütün kommunist yazıçılara başa salmaq lazımdır ki, digər sahələrdə olduğu kimi, ədəbiyyatda da söz sahibi yalnız Mərkəzi Komitədir və onlar şübhəsiz ikinciyə tabe olmağa borcludurlar”.
Həbslə bağlı siqnal
1937-ci il iyunun 3-də saat 18:00-da Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XIII Qurultayı öz işinə başladı. M.C.Bağırov bir daha yazıçıları hədəfə almağa başladı. Onun tənqidi bəzən təhqirlərə yaxınlaşırdı: “Bu bir həqiqətdir ki, uzun müddət xalq düşmənləri - Talıblı, Şahbazi, Əli Nazim, Əhməd Cavad və başqaları cəzasız şəkildə yazıçılar sırasında olublar. Fakt budur ki, “atamanşiklər”, “qrupovşiklər” – Qarayev, Cəbiyev və başqaları Musaxanlı, Hüseyn Cavid və başqaları kimi qatı müsavatçıları himayə altına aldılar”.
Əslində, Bağırovun çıxışı Azərbaycan Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi İdarəsinə etiraz edən yazıçılara qarşı “qətiyyətli hücuma” başlamaq üçün siqnal idi. Elə həmin gün bununla bağlı qərar çıxarılıb və iyunun 4-nə keçən gecə Azərbaycan ədəbiyyatının ən parlaq şairləri - Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiq həbs edilib. Oktyabrda Əhməd Cavad, yanvarda isə Mikayıl Müşfiq güllələnib. Hüseyn Cavid isə iki ildən artıq müddətdə dövlət təhlükəsizlik idarəsinin zirzəmisində öz aqibətini gözlədi. 1939-cu il iyunun 9-da SSRİ NKVD-nin xüsusi idarəsi qərar qəbul etdi: antisovet təşkilatında və təşviqatda iştiraka görə 8 il müddətinə məcburi əmək düşərgəsində həbs olunsun.
Hüseyn Cavid cəzasının ikinci hissəsini İrkutsk vilayətində çəkərkən xəstələnib və nəticədə vəfat edib. 1941-ci il dekabrın 7-də bu vilayətinin Tayşet rayonunda yerləşən Şevçenko kəndinin qəbiristanlığında dəfn edilib. 41 il sonra, yəni 1982-ci ildə Azərbaycanın ovaxtkı rəhbəri, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi Azərbaycana gətirilib və şairin vətənində - Naxçıvanda dəfn olunub.
MƏSLƏHƏT GÖR: