19 Dekabr 2024

Cümə axşamı, 16:39

AZAD DRAMATURQLA SÖHBƏT

İsmayıl İMAN: “İstənilən mətn təəssüratlardan, eşitdiyin hekayələrdən və müşahidələrindən yığılan konstruktor kimidir”

Müəllif:

15.11.2022

Ədəbiyyata  bələd olanlar bilirlər ki, ədəbi əsər yuxuya bənzəyir. Müəllif və oxucu onu bir-birinin arasında iki yerə bölür. Bu zaman yazıçı aparıcı rola malikdir. O, öz oxucusunun əlindən turaraq onu personajların xatirələri və istəklərinin, hərəkət və əməllərinin olduğu hekayəyə daxil edir. Bu hekayədə “məskən salan” oxucu isə müəllifin təqdim etdiyi məkanı artıq yaşadıqları ilə doldurmağa başlayır. Demək, əsər müəyyən mənada “qonağ”ın təxəyyülünün məhsuluna çevrilir. Axı, yaxşı kitablar, pyeslər, ssenarilər geridə buraxılmış həyatın bir parçasıdır. Buna görə onlar hər bir oxucu üçün fərqli cür “açılır”. Amma istiqaməti təyin edən məhz müəllifdir.

İsmayıl İman dramaturq, nasir, ssenarist, teatr layihələrinin müəllifi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Son illərdə onun pyesləri Rusiyanın “Lyubimovka”, “Pervaya çitka”, “Remark” kimi böyük dramaturgiya müsabiqələrində və festivallarında ən yaxşılar sırasında yer alıb. 2018-ci ildə Bakının teatr həyatında mühüm hadisələrdən biri onun “Limbo” pyesi əsasında Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən interaktiv tamaşa olub (bu layihə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sifarişi ilə həyata keçirilib). 2019-cu ildə İ.İmanın “Ərəblinski” ssenarisi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən keçirilən bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsində birinci yerə layiq görülüb. 

- Sizin müəllif olaraq həyatda təmasda olduğunuz hər şeyi öz daxilinizdən keçirdiyinizi iddia edə bilərəm?

- “Daxildən keçirmək” çox yaxşı yanaşmadır. Bizi əhatə edən həyat maddidir. Bunu yaradıcı nöqteyi-nəzərdən dərk edirəm: bundan istifadə edə bilərəmmi, bu, faydalıdırmı, rahatdırmı, mümkündürmü? Hər şey bir növ ədəbi təhlil prizmasından qavranılır. Bunu sonradan ssenariyə, tamaşaya və ya nəsr mətninə çevirmək mümkündür. Buna görə də bu funksiyanı “söndürməyin” mümkün olmadığı mətndə “daxildən keçirmək” yanaşması ön plana çıxır. Hətta bəzən başqalarının hekayələri ilə, yəni mənim ərsəyə gətirmədiyim, kənardan təklif olunan süjetlərlə və ya başqasının ideyası/süjeti ilə işləməyi xoşlayıram. Məni maraqlandıran belə süjetləri də “daxilimdən keçirirəm”. Hətta deyə bilərəm ki, kənar hekayələrdə də mən varam.

- Sözlərdən istifadə edərək “geyim” yaradan dizayner kimisiniz...

- İstənilən mətn təəssüratlardan, eşitdiyin hekayələrdən və müşahidələrindən yığılan konstruktor kimidir. Bəli, məncə bu, uydurulan, axıra qədər düşünülmüş bir şeyin, olub bitənlərin, olmamış hadisələrin bir növ özünəməxsus montajıdır...

- Bu, hər zaman uğurlu olurmu?

- Yazı prosesi zamanı alınmayan mətnlər də olur. Bəziləri bu və ya digər səbəbdən sonraya saxlanılır və ya sonadək yazılmır. Əvvəllər belə hallar olub və bu, çox pis təsir edir, çünki belə bir mətnə qayıdıb onu bitirmək çox çətindir. Axı, siz artıq bir insan kimi dəyişmisiniz. Şərti olaraq bu gün siz bu hekayəni fərqli və başqa əhvali-ruhiyyə ilə təqdim edərdiniz. Buradan belə nəticə çıxır ki, mətnləri vaxtında bitirmək və işi uzatmamaq məqsədəuyğundur.

- Uğursuzluqlar və təəssüfləndiyiniz məqamlar olubmu? Yaxud mətnə “müqavimət göstərdiyiniz” anlar olubmu?

- Açığı, tam uğursuz mətnlər yoxdur. Axı, belə olsa mən özüm də “soyuya” bilərəm. 5-6 il qabaq yazılan mətnlər artıq mənim üçün maraqlı deyil. Bu mərhələ artıq keçib. Mətnlə bağlı “müqavimət” məsələsinə gəlincə, burada söhbət daha çox zaman çərçivələrindən, prioritetlərdən gedir. Burada üzərimə götürdüyüm öhdəlik və konkretləşdirilmiş müəyyənlik rol oynayır. Daim nəsə yazıram, nəyinsə üzərində işləyirəm. Buna görə də müəyyən bir nizam var. Buraya təyin etdiyim vaxt çərçivəsi də daxildir.

- Bəlkə, buna mətnlərin “ruhu əks etdirən” və “sifarişlə” yazılan kateqoriyalara bölünməsi təsir göstərir?

- Belə yanaşmanı sifarişlə yazılan əsərlərə bağlamazdım. Çünki belə mətnlərə qərq olmaq istəyi o qədər güclü ola bilər ki, onlar da “ruhumu əks etdirə” bilər. Bir sözlə, mən “ruh üçün və əksinə” olan mətnləri birləşdirməyə meyil edirəm. Amma elə mətnlər var ki, onlar ön plana çıxır. Bu zaman onları “sakitləşdirmək” lazım gəlir. Düzdür, bu, hər zaman alınmır və bəzən hər şeyi kənara qoyub, məhz belə mətnləri yazmalı oluram.

- ... bu, təbəssüm doğurur...

- Əslində, təbəssümü növbəti mətnin bitməsini anlamaq doğurur. Çünki bir mətnə başladığının, onu davam etdiyinin və bitirdiyinin fərqinə varırsan.

- “Uşaq” da müstəqil həyata başlayır...

- Yeri gəlmişkən, “ay uşaq, irəli get” yanaşması maraqlı paradoksa gətirib çıxarır: zaman keçdikcə mətnlər “öz həyatlarını yaşamağa başlayır”. Məsələn, bu, premyerası sentyabrın əvvəlində Almatıda keçirilən “Astara bağları” dramında baş vermişdi. Mənim rejissor dəyişikliklərim ilə bu əsər “№37” adı ilə tamaşa qoyulub: hadisələrin baş verdiyi məkan Qazaxıstana dəyişdirilib və bu tamaşa bu ölkədə yanvarda baş verən hadisələrə uyğunlaşdırılıb. Beləliklə, Qazaxıstanda indiyədək dərk edilən ağrılı məsələyə istinad edildiyi üçün izləyicilərin bu tamaşa ilə birbaşa əlaqəsinin yaranması baş verdi. Bir sözlə, mətn bu tamaşada “öz həyatı ilə yaşayır”: ilk növbədə, qazax dilində tamaşaya qoyulub. Mən bunu kənardan da görürdüm. Bu əsər artıq mənim əlimin altından çıxmışdı. Bu əsərə son hərfinə qədər bələdəm. Amma səhnədə nədən bəhs olunduğunu başa düşmürdüm. Bu əsərin səhnələşdirilməsində iştirak etməyimə baxmayaraq, bəzi anlar əlimdən sürüşüb gedirdi. O, artıq “öz həyatını yaşayırdı”. Mənim əsərim artıq “böyümüşdü”. Açıqı, bu, kifayət qədər xoş duyğular yaradır.

- Belə hallarda milli kimliklə bağlı olan məqamları itirmək ehtimalı var. Fikrimcə, müəlliflər, ilk növbədə, öz ölkələrinin mədəniyyətini əks etdirirlər...

- Məsələn, hadisələrin cərəyan etdiyi ölkəni dəyişməklə bu əsər ilə müəllifin doğma vətəni arasında bağlılıq qopmur. Mən özümü ölkəmdən ayırmıram. Mən onun mədəni məkanının bir parçasıyam. Hətta bəzi əsərlərimin adlarında da birbaşa Azərbaycana istinad edilir. Onun hüdudlarından kənarda səhnələşdirilən pyeslərim isə ölkəmi xarici oxucuya və ya tamaşaçıya göstərmək üçün daha bir fürsətdir. Qəhrəmanların hekayələri vasitəsilə mən müəyyən adət-ənənələrdən bəhs edir, xalqımızın həyatı haqqında baxışlarımı bölüşürəm. 

- Müasir dövrdə insanlar daha çox qısa ifadələrdən istifadə edirlər. Onlar işlərinizə uyğundurmu?

- Əlbəttə ki, nəyisə uzun, ətraflı şəkildə təsvir etmək olar. Amma bununla da bir çox məqamları izah etmək mümkün olmaya bilər. Lakin tutumlu bir formadan istifadə edərək dərin bir məna ifadə etmək mümkündür. Reallıq ona gətirib çıxarıb ki, insanlar artıq gəzən/qaçan zaman belə nəsə oxuyurlar. Amma mən özümü bu seqmentdə yazan bir şəbəkə müəllifi kimi qəbul etmirəm. Mən internetdəki bəzi uzun yazıların tərəfdarı və pərəstişkarı deyiləm. Lakin ssenarinin, tamaşanın və ya nəsrin formatı yalnız müəllifin nə demək istədiyindən və bunun üçün ona nə qədər həcm lazım olduğundan asılıdır. Söhbət izləyiciyə/oxucuya fikri çatdırmaq üçün ismarış verməkdən gedir. Yaradıcılığım üçün ifadələrin uzunluğunun aktuallığını heç vaxt təhlil etməmişəm. Daha çox “doğranmış ifadələr”dən istifadə edirəm.

- Hansı əsərləriniz sizin yaradıcılığınızı oxucu ilə daha yaxşı tanış edə bilər?

- Bunu demək çətindir. Nəsrlə başladım. Sonra ssenari işinə start verdim. Daha sonra pyeslərə keçdim. Bundan sonra qısa nəsrə ehtiyac yarandı və 2019-cu ildə çoxlu sayda hekayələr yazdım. Bu gün çiynimdə müəyyən bir yaradıcılıq yükü ilə oxuculara məsləhət görərdim ki, yaradıcılığımla tanış olmağa iki-üç il əvvəl ərsəyə gətirdiyim pyeslərdən başlasınlar. Son vaxtlar nəsrə az diqqət yetirirəm.

- ?

- Nəsrin oxunması üçün onu mütləq çap etmək lazımdır. Yəni kitab olmalıdır. Ssenari yalnız kino sənayesi ilə birbaşa əlaqəli insanlar tərəfindən oxunur. Bunun tamaşaçıya çatdırılması üçün isə film çəkilməlidir. Təəssüf ki, yerli kinematoqrafiyada müəyyən süstlük var. Üstəlik, davamlı xərclər meydana gəlir və nəticədə, layihə hər zaman reallaşmır. Amma pyeslərlə bağlı vəziyyət bir başqa cürdür. Pyes səhnələşdirilməsə də, bədii qiraətlərdə tamaşaçıya/oxucuya çatdırıla, dram müsabiqələrinin, festivalların bəzi resurslarına yerləşdirilə bilər. Üstəlik, bədii qiraətlərin formatını bəyənirəm. Doğrudur, bu zaman fərqli nəticələr ola bilər. Məsələn, bəzən pyesin bu formatda səsləndirilməsi böyük effekt yarada bilər. Amma bu formatda bəzi hallarda pyesə uyğun olmur, pyesdəki “həyatı öldürür”.

- “Sevilya” hekayəniz yenidən kütləvi bədii qiraət formatına diqqət çəkib...

- Azərbaycanda dram əsərlərinin bədii qiraətinə, təxminən, 10 il əvvəl YUĞ teatrı start verib.             Bu məsələdə “dirçəldib” sözündən istifadə etmək bir az artıq olardı, çünki bədii qiraətin gələcək inkişafı olmalıdır. Bu tendensiyanın davam etməsini istərdim. Bu, tamaşaçını, xüsusən də müasir dramaturgiya ilə tanış etmək üçün rahat formatdır. Bu formatda hətta klassik əsərlər belə yeni nəfəs alacaq. Bu format maliyyə baxımından da cəlbedicidir: tam hüquqlu tamaşa üçün maliyyə vəsaitinin xərclənməsinə ehtiyac yoxdur. Məsələn, YARAT Müasir İncəsənət Mərkəzində klassik səhnə - “qara kabinet” olmadan belə bir təcrübə var idi. Əslində, bədii qiraət tamaşaçıları mətnlə birbaşa tanış edir. Bu zaman səhnə mizanını məhz tamaşaçılar özləri düşünürlər. Cəsarətlə söyləyə bilərəm ki, bu, teatrlara da ideal şəkildə uyğun olardı. YARAT-dakı layihə təkcə tamaşaçılar arasında maraq oyatmayıb. Sadə insanlar gələcəkdə belə tədbirlərdə iştirak etmək arzusu ilə mənimlə əlaqə saxlamağa başladılar. Təbii ki, pyes oxumaq praktikasını davam etdirmək istəyirəm. Amma bu da vaxt tələb edir: teatr truppasından fərqli olaraq, doğru insanları seçmək və toplamaq lazımdır. Məsələ kastinqdə deyil, bədii qiraət layihəsi həm vaxt, həm də enerji aparır. Üstəlik, məşq prosesini unutmaq olmaz.

- Bu zaman müəllif kimi istər-istəməz əsərlərinizin qəhrəmanlarını canlandırmağa başlayırsınız.

- Bununla bağlı, mübahisə etməyəcəyəm. Belə bir risk var, çünki müəllif hər bir personajla - onların sayından asılı olmayaraq - süjetin hər yerində görünəcək. Bu, bəzən müəllifi “tələyə salır”... Bu “ədəbi minaları” keçə bilib-bilməməyim, bunun öhdəsindən gəlib-gəlməməyim barədə dramaturgiya sahəsində tənqidçilər, mütəxəssislər qərar verməlidir. Baxmayaraq ki, hazırda belə peşəkarlar məsələsində ölkədə “gərginlik” mövcuddur. Pyeslərimlə bağlı Azərbaycandan kənarda maraqlı tənqidlər oxudum. Bəlkə də, bu məsələdə özünü səhnə dünyasının özünüməxsus xüsusiyyəti göstərir. Burada təqdim olunan məhsuldan asılı olmayaraq, yalnız müsbət qiymətləndirmə adət halını alıb. Lakin bu zaman həqiqi qiymətləndirmə olmur, rəylər “sürüşkən” forma alır. Axı, tənqidçilər heç kəsin, xüsusilə görkəmli şəxsiyyətlərin xətrinə dəymək istəmir. Amma mən öz növbəmdə tənqidə tam hazıram. Lakin obyektiv tənqidə. Bu zaman mən onunla razılaşıb-razılaşmamaq hüququna malik olmalıyam. Müəlliflə, yəni mənimlə konstruktiv dialoqu hər zaman xoş qarşılayıram.

- Amma insan əsəri tənqid etməklə onunla bağlı düşüncələrini dilə gətirir, onu özündən keçirir, şərti həmmüəllifə çevrilir.

- Bu, normal prosesdir! Heç bir problem görmürəm. Hər bir insan hansısa hallarla, hadisələrlə, həyatın eniş-yoxuşları ilə üzləşərək onu özündən keçirir. Müəyyən bir insan istənilən işi şəxsi təcrübəsinə əsasən qiymətləndirir. “Devays”ımızı birləşdirərək müəyyən məqamdan sonra daxili vəziyyətimizdən asılı olaraq, ətraf mühiti özümüzdən keçirərək təkrarlayırıq. Üstəlik, kənar bir tamaşaçı/oxucunun əsərlərimdə diqqətimdən yayınan bir şeyi tapması mənim xoşuma gəlir. Söhbətlərin birində hətta etiraf etmişdim ki, məndə pyesləri müzakirə etmək, müəllif kimi oxumaq həvəsi yaranıb. Çünki belə məqamlarda yazdıqlarımdan yeni nəsə öyrənirəm. Axı, bunu düşünmədən, şüuraltı səviyyədə yaza bilərəm. Diqqətli tamaşaçı-tənqidçi isə nəyisə tapıb onu üzə çıxara bilər. 

- Belə çıxır ki, diskussiya klublarının formatı faydalı olardı? 

- Fikrimcə, bu format istənilən müəllifə lazımdır. Yaradıcı insanların rəyə ehtiyacı var. İzləyicinin necə reaksiya verməsi, mətni necə başa düşməsi/qəbul etməsi hər zaman maraqlıdır. Personajların pyesləri və dialoqları universal ola bilər, amma bu, tamaşaçının nəzərində fərqlidir. Hər kəs mətni fərqli şəkildə mənimsəyir, bəzi məqamları tutuşdurur, bəzilərini isə yox. Buna görə də üçüncü tərəfin düşüncələrindən xəbərdar olmaq çox maraqlı və vacibdir.

- İnternetdə əsərlərinizə reaksiyanı, onlara yazılan şərhləri izləyirsinizmi?

- İnternetə əsərlərimi yerləşdirmək mənlik deyil. Bu, dram müsabiqələri və festivalların komandaları tərəfindən edilir. Onlar qısa siyahıları və sairi dərc edirlər. Amma ədəbi əsərlərim paylaşılan zaman buna nəzər yetirirəm. Məsələn, bu yaxınlarda mənə Ulan-Udedə onlardan birinin oxunması üçün link göndərdilər. Burada onun müzakirəsi davam etdirilir. Mənə bununla tanış olmaq çox maraqlıdır.

- Maliyyə tərəfini də unutmayaq.

- Əlbəttə, məsələnin bu tərəfi də var. Yəni bunu nəzərə almamaq mümkün deyil. Dramaturqun Azərbaycanda necə yaşadığına aydınlıq gətirmək istərdinizmi? Belə bir stereotip var ki, dramaturqlar yoxsul insanlardır, amma bizim yazıçılara münasibətdə bu postulatı üçə-dördə vurmaq lazımdır. Ən yaxşı halda ikiyə.

- Sizə dramaturgiyanın hansı janrında yazmaq daha maraqlıdır?

- Bütün janrlara diqqət yetirməyə çalışıram. Pyeslər, ssenarilər üzərində işləmək nə qədər maraqlı olsa da, bəzən nəsr üçün çox darıxıram. Lakin bütün bu janrları vahid ədəbi məzmun birləşdirir, eyni zamanda onların hər biri fərqlidir. Birindən digərinə keçid olduqca orqanik şəkildə baş verir.

- Belə bir fikir var ki, sakitçilik yaradıcılıq üçün rahatlıq gətirir...

- Bu, mənə aid deyil. Rahatlığı sevməyən insanam. Hətta sakit mühitə düşsəm belə, ətrafımdakı insanlara “dinclik vermirəm”. Məsələn, müxtəlif layihələrin yaradılması, bəzi işlərin təşkilində. Mən özümü sırf mətn yazarı hesab etmirəm. Amma fəaliyyətim bilavasitə onlarla bağlıdır: nəyinsə təbliğ edilməsi, onun publikaya çıxarılması. Burada söhbət hətta mənim müəllifliyimə aid olmayan kənar mətnlər və layihələr ilə işləməkdən gedir. Eyni zamanda ön səhnədə insanların qarşısına çıxmağı sevdiyimi söyləyə bilmərəm. Amma son vaxtlar bunu tez-tez edirəm. Bunu əsərin təşviq edilməsinə və hazırkı dövrün tələblərinə görə edirəm. Buna uyğunlaşa biləcəyimə ümid edirəm. Yeri gəlmişkən, cəmiyyətin məni qapalı insan kimi qəbul etməsi ilə bağlı üçüncü tərəflərin qiymətləndirmələrini çox eşitmişəm. Lakin bu, əsla belə deyil! Mən ətrafımdakı insanlarla ünsiyyəti xoşlayıram.

- Böyük T. Salahov deyirdi ki, təvazökarlıq unudulmağa aparan yoldur...

- Onunla qismən razıyam. Hətta bir çox cəhətdən. Mətnlərinizi bir şəkildə təbliğ etməlisiniz (əgər söhbət məndən gedirsə). Yəni heç kəs köməyə gəlməyəcək və yardım göstərməkdə israr etməyəcək. Buna görə də bütün səviyyələrdə bəzi layihələrin həyata keçirilməsində yalnız özünə arxalanmalısan. Yaradıcı mühit nizamsızdır. Odur ki, çox şeylə özün məşğul olmalı, məsələləri həll etməlisən. Təəssüf ki, bizim cəmiyyətdə müəllifin məhsuldarlığına təsir göstərən agentlər yoxdur. Sırf yaradıcılıqla məşğul olmaq idealda olur. Amma reallıqda vergi ödəməli, bəzi mətnləri redaktə etməli, dizaynerlərlə ünsiyyət qurmalı. Bunlar daha çox vaxt və səy tələb edən işlərdir. Tamaşa və ya ssenari ilə bağlı işlərin olduğu zaman bütün bunlar qıcıqlandırıcı amillərdir. Başa düşmək lazımdır ki, heç kəs sizin üçün rahat şərait yaratmayacaq. Mən də rahat şəraiti sevmirəm. Mənim üçün səs-küylü ab-havada, elə də maraqlı olmayan musiqi sədaları altında yaradıcılıqla məşğul olmaq rahatdır. Məsələn, avtomobildə, qonaqlıqda mətnlə işləmək mənim üçün çox rahatdır. Hətta kənardan açıq-aşkar “müdaxilələr” olsa belə, heç bir şərait yaradıcılığım üçün narahatlıq yaratmır. Bu barədə sadəcə düşünmürəm.

- Sərbəstlik...

- Bu, çox cəlbedicidir, çünki nizam-intizamlı olmağı öyrədir. Bəlkə də, məhz buna görə tamamilə bir-biri ilə əlaqəsi olmayan bir neçə mətnləri paralel şəkildə yazdığım gərgin iş rejimini xoşlayıram. Rahat şərait sürəti yavaşladır və iş prosesinə yenidən qoşulmağa vadar edir. Bu, kifayət qədər çətin olur. Eyni zamanda fasilə vermək istəyi meydana gəlir. Ancaq bu baş verən zaman hərəkətin sürətini qaytarmaq istəyirəm. Qeyd etdiklərimə qayıdaraq bir daha demək istəyirəm ki, usanmazlıq mənə xas olan xüsusiyyətdir. Onun “əsarətinə” düşənlərin adekvat reaksiya verməsi çox yaxşıdır. Etiraf edirəm ki, özünüzə “irəli get” ismarışını vermək çətin ola bilər. Tənbəllik hissinin mənə xas xüsusiyyət olduğunu gizlədə bilmərəm. Bitməsinə az qalan mətni davam etdirmək üçün bəzən ciddi səy göstərmək lazım gəlir.

- Müəllif kimi mətnləri bir-birindən fərqləndirirsinizmi?

Hər birini sevirəm. Zaman keçdikcə bəzilərinə öyrəşirsən, bugünkü nöqteyi-nəzərdən onların natamamlığını başa düşürsən. Amma onların hər biri mənim əzizdir, dəyərlidir...



MƏSLƏHƏT GÖR:

131