16 Aprel 2024

Çərşənbə axşamı, 13:14

MƏHSULDAR İL

2022-ci ili Azərbaycan idmanı üçün uğurlu adlandırmaq olar

Müəllif:

01.01.2023

Dünyanı bürüyən pandemiya rəsmən başa çatmasa da, 2022-ci ili idman üçün bərpa mövsümü adlandırmaq olar. Azərbaycan idmanı da başa çatmaqda olan 12 ay ərzində aktiv həyata qayıtdı. Koronavirus pandemiyasına görə dayandırılan çempionatlar yenidən keçirildi. Gəlin 2022-ci ildə Azərbaycan idmanında qazanılan qələbələri yenidən xatırlayaq.

 

Futbol və şahmatda yüksək nailiyyətlər

“Qarabağ” klubu futbolsevərləri sevindirdi. Ağdam klubu Azərbaycan çempionatında qələbə qazanandan sonra avrokuboklarda da uğurlu çıxış etdi. Çempionlar Liqasında başlanan mübarizə Avropa Liqasında davam etdi. Qrupda üçüncü yeri tutan Qurban Qurbanovun komandası tarixində ikinci dəfə Konfrans Liqanın pley-off mərhələsinə vəsiqə qazandı.

Azərbaycan millisi minifutbol üzrə Avropa çempionatının finalında Rumıniyaya qalib gəlməklə tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu oldu.

Şahmat üçün də  2022-ci ili uğurlu adlandırmaq olar. 20 yaşlı şahmatçılar arasında keçirilən Dünya çempionatında Abdulla Qədimbəyli və Gövhər Beydullayeva gənclər arasında dünya çempionu tituluna sahib çıxmaqla adlarını tarixə yazdılar. Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında mükafatçılar sırasında yer aldı. Günay gümüş, Ülviyyə bürünc medala layiq görülməklə ilkə imza atdılar.

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında iki təmsilçimiz medalçı oldu. 12 yaşlı oğlanların yarışında Xaqan Əhməd ikinci, 10 yaşlı qızların yarışında isə Leyla Mirzəliyeva üçüncü yeri tutdu. Rumıniyanın Mamaya şəhərində dünya birinciliyində bir medalımız oldu. 18 yaşlı qızların yarışında Ayan Allahverdiyeva gümüş medal əldə etdi.

İşğaldan azad edilən Şuşada ilk dəfə şahmat üzrə beynəlxalq şahmat turniri baş tutdu. Kişilərin yarışında Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov qələbə qazanaraq bu turnirin qalibi oldu. Naxçıvan isə 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdi və burada Azərbaycan komandası fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı.

 

Gimnastikada uğurlar

2022-ci il Azərbaycan gimnastikası üçün də uğurlu illərdən oldu. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ölkə idmanı tarixində ilk dəfə Dünya çempionatında bürünc medala layiq görüldü. İsrailin Təl-Əviv şəhəri daha bir mötəbər idman yarışına, bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdi. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatı Azərbaycan komandası üçün 4 bürünc medalla yadda qaldı. İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar. Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla birgə sinxron cütlüklər yarışında ikinci yeri tutdu. Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin  böyüklər arasında gümüş medal qazandı. Bu növ üzrə komanda yarışlarında təmsil olunan Adil Hacızadə, Mixail Malkin və Tofiq Əliyev bürünc medala sahib çıxdı.

Gimnastlarımızın İslam Həmrəyliyi Oyunlarında çıxışını xüsusilə qeyd etmək lazımdır. Belə ki, fərdi bədii gimnastika proqramında qüvvəsini sınayan Zöhrə Ağamirova qızıl (lent və gürzlər), gümüş (halqa) və bürünc (top) medallar qazandı. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız isə 3 lent və 2 topla qızıl, 5 halqa ilə gümüş medala layiq görüldü. Fərdi proqramda finalda çıxış edən təmsilçimiz İlona Zeynalova gürzlərlə 4-cü, lentlə 6-cı oldu. Alina Gözəlova isə topla 4-cü, halqa ilə çıxışına görə 7-ci yeri tutdu. Ümumilikdə bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri V İslam Həmrəyliyi Oyunlarını 8 medalla (5 qızıl, 2 gümüş, 1 bürünc) başa vurdu.

Aerobika gimnastikası üzrə idmançılar da uğurlu çıxışları ilə yadda qaldılar. Belə ki, fərdi proqramla çıxış edən Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə gümüş medal qazandılar. Üstəlik, bütün rəqiblərini qabaqlayan Vladimir və Mədinə qarışıq cütlüklər arasında çempion oldular. Bundan başqa, Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov üçlük tərkibində gümüş medal əldə etdilər. Beləliklə, gimnastikanın bu növü üzrə komandamızın üzvləri İslamiadanı 5 medalla (2 qızıl və 3 gümüş) başa vurdu. Ümumilikdə, Azərbaycan gimnastlarının V İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 17-yə (8-7-2) çatdı.

Bakıda təşkil olunan Dünya kubokunda qrup hərəkətləri üzrə komandamız çoxnövçülük üzrə ikinci pillədə qərarlaşmaqla gümüş medala sahib çıxdı. Batut gimnastikası üzrə Dünya kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil etdi. 19 yaşlı idmançımız Azərbaycana gümüş medal qazandırdı.

 

Güləşçilərin və cüdoçuların mövsümü

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşlıların Avropa çempionatında yunan-Roma güləşçilərimiz yığmamızın aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırdı. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qitə birinciliyi Azərbaycan güləşi üçün rekord nəticələrlə əlamətdar oldu. Sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxdı. Maqomedxan Maqomedov Avropa çempionu oldu. Əliabbas Rzazadə, Hacı Əliyev, Əşrəf Aşırov və Abubakr Abakarov gümüş, Turan Bayramovla Osman Nurmaqomedov isə bürünc medal qazandı. Beləliklə, millimiz 159 xalla komanda hesabında Avropa çempionu oldu. Bu, yığmamızın tarixində 3-cü belə tituludur.

Eyni zamanda qadın güləşində Elis Manolova Avropa ikincisi oldu. Yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i Vətənə medalla qayıtdı. 2022-ci ili Azərbaycanda güləşçilərin ən uğurlu mövsümü adlandırmaq olar. Ötən ildə həm böyüklər, həm gənclər, həm də yeniyetmələrdən ibarət komandalar iştirak etdikləri əksər yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Azərbaycan cüdo tarixində ilk dəfə komanda yarışında qızıl medal qazanıldı. Belə ki, Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdoçularımız bütün komandaları üstələyərək festivalın qızıl medalını əldə etdilər. Ötən il Azərbaycan milli yığma komandasının idmançıları Bakıda keçirilən Böyük Dəbilqə turnirində 4 qızıl və 2 bürünc medal qazanaraq rekord nəticə göstərdi.

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışlarında yeniyetmə oğlanlardan ibarət komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutdu.

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlarında gənc oğlanlardan ibarət komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birincilik qazandı.

 

İslam Oyunlarında dördüncü yer

Anna Başta qılıncoynatma üzrə Avropa çempionatında qızıl, Dünya çempionatında gümüş medal əldə etdi. O, həmçinin 2022-ci ildə Dünya kubokunun qalibi oldu.

Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionluğunu bayram etdi, ölkə kubokunu qazandı.

Avarçəkmədə Diana Dimçenko Avropa çempionatında qızıl, Dünya çempionatında gümüş medala layiq görüldü.

Ruslan Lunyov güllə atıcılığı yarışlarında Dünya kubokunun gümüş, Avropa çempionatının qızıl medalını qazandı.

Türkiyədə keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 281 idmançı təmsil etdi. 15 günlük yarışların sonunda Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurdu.

Bir sözlə, 2022-ci ili əminliklə, Azərbaycan idmanı üçün uğurlu il adlandırmaq olar. Növbəti il təmsilçilərimizi ciddi sınaqlar gözləyir. 2023-cü ildə idmançılar Paris Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəyə başlayacaqlar.



MƏSLƏHƏT GÖR:

69