19 Dekabr 2024

Cümə axşamı, 16:20

2023-cü İLİN ZƏNGİN GÜNDƏLİYİ

Bu il Azərbaycan hansı yarışlara ev sahibliyi edəcək?

Müəllif:

15.01.2023

2023-cü il dünya idmanı üçün bir sıra mühüm idman yarışları ilə əlamətdar olacaq. Yeni il 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziyaların əldə olunması baxımından da önəmlidir. Hər il olduğu kimi 2023-cü ildə də Azərbaycan bir sıra böyük idman yarışlarına ev sahibliyi edəcək.

 

İntensiv yaz

İlin ilk böyük yarışı fevralda təşkil olunacaq. 18-19 fevral tarixlərində Bakıda batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Martın 9-12-də isə Azərbaycan Gimnastika Federasiyası idman gimnastikası üzrə Dünya Kubokunu təşkil edəcək. Boks üzrə “Böyük İpək Yolu-2023” beynəlxalq turnirinin də mart ayında keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda apreldə tennis üzrə yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunan Avropa turniri keçiriləcək. Aprelin 21-23-də bədii gimnastika üzrə məşhur idmançılar Dünya Kubokunda iştirak üçün Bakıya gələcəklər. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda 30-dan çox ölkədən 200-ə yaxın gimnastın iştirakı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək sayca 10-cu Dünya Kuboku olacaq. Azərbaycanda dəfələrlə bu idman növü üzrə çempionatlar və dünya kubokları keçirilib. 

Aprelin 28-30-da Bakıda Formula 1 üzrə Azərbaycan Qran-prisi keçiriləcək. Builki Formula 1 Qran-prisinə ölkəmiz 7-ci dəfə ev sahibliyi edəcək. F1-in yeniliyi isə Azərbaycanla yanaşı, Avstriya, Belçika, Braziliya, ABŞ (Ostin) və Qətərdə də Qran-pri çərçivəsində keçiriləcək sprint yarışı olacaq. Bakı sprint yarışı Formula 1 üçün bu mövsümün ilk yarışı olacaq. Artıq könüllülərin müsahibələri start götürüb. Növbəti Formula 1 yarışında könüllü qismində çalışmaq üçün müraciət edənlərin sayı ötən illə müqayisədə 20 faizə yaxın artaraq 9500 nəfər təşkil edib. Onların arasından ən aktiv 1500 könüllü seçilərək, yarışların təşkilat komitəsinin müxtəlif sahələrinə cəlb olunacaq.

May ayı da beynəlxalq idman tədbirləri ilə zəngin olacaq. Belə ki, mayın ilk günlərində Suqovuşan-Mingəçevirdə avarçəkmə üzrə “Prezident Kuboku” təşkil olunacaq. Mayın 4-15-də atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Mayın 6-7-də Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kuboku baş tutacaq. Mayın 8-13-də isə Bakıda həndbol üzrə Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq yarış keçiriləcək.

Mayın 17-21-də Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Milli Gimnastika Arenasında start götürəcək çempionat Bakıda baş tutacaq bu növü üzrə 5-ci qitə çempionatı olacaq (2007, 2009, 2014, 2019). Dörd gün davam edəcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq.

Bundan başqa, mayın sonunda taekvondo üzrə Dünya çempionatının keçirilməsi nəzərdə tutulub. Məhz bu ayda ağır atletika, şahmat, basketbol üzrə beynəlxalq yarışlara ev sahibliyi ediləcək. Yelkən idmanı üzrə “Baku Cup”, voleybol üzrə Avropa gümüş liqası, velosiped üzrə “Əziz Şuşa” beynəlxalq turnirləri keçiriləcək. Velosiped yarışının coğrafiyası bu dəfə daha böyük ərazini əhatə edəcək. Bakı, İsmayıllı, Qəbələ, Gəncədə davam edəcək yürüş Şuşada başa çatacaq.

 

Yayın açılışı

İyulun 29-dan avqustun 6-dək Azərbaycanda basketbolsevərləri sevindirəcək yarışlar keçiriləcək. Bakı ilk dəfə olaraq 18 yaşadək gənclər arasında basketbol üzrə qitə çempionatının keçirilmə məkanı olacaq. Beynəlxalq Basketbol Federasiyası çərçivəsində baş tutacaq çempionatda iştirak edəcək komandalar tezliklə bəlli olacaq.

İyulun 29-da Bakıda son 7 ildə ikinci dəfə şahmat üzrə Dünya Kuboku keçiriləcək. Burada 200-dən çox şahmatçı iştirak edəcək. Dünya Kubokunda ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaq və dünya çempionluğu uğrunda mübarizəyə qoşulacaq.

Avqustun 5-dən 13-dək 17 yaşlı qızlar arasında Avropa çempionatı da Bakıda keçiriləcək. Yayın son günlərində isə Atıcılıq üzrə Dünya çempionatına ev sahibliyi edəcəyik.

 

Lisenziya mövsümü olan payız

Sentyabrda cüdo həvəskarlarının diqqəti Bakıya yönələcək. Bu ayda əvvəlcə cüdo üzrə lisenziya xarakterli “Böyük Dəbilqə” turniri, ardınca isə paracüdo üzrə Qran-pri təşkil ediləcək. Bu ayda həm də Şuşada ikinci dəfə şahmat üzrə beynəlxalq yarış olacaq.

Sentyabr-oktyabr aylarında avarçəkmə üzrə “Mingəçevir reqatası” təşkil ediləcək. Mötəbər yarışda 20-yə yaxın ölkədən 100 idmançının iştirakı gözlənilir.

Dekabrda Bakıda ənənəvi yapon döyüş sənəti “Budo” festivalının keçirilməsi planlaşdırılır. Bu festivalın ziyarətçiləri Yaponiyanın bir sıra ənənəvi idman növləri ilə tanış ola biləcəklər: karate, cüdo, aykido, kendo və sair. Onlar həmçinin Yaponiya mədəniyyəti və idmanı ilə bağlı stendləri ziyarət edə biləcəklər.

Sadalanan yarışlardan başqa il ərzində Azərbaycanda futbol üzrə Avropa çempionatının seçmə oyunları, həmçinin futbol, voleybol üzrə Avropa kuboklarının oyunları keçiriləcək.

Qeyd edək ki, sadalanan yarışların bəziləri Paris Olimpiadasına lisenziya xarakteri daşıyır. Onların böyük qismi isə idmanda kütləviliyin artırılmasına, həmçinin idmançıların lazımi beynəlxalq təcrübəyə yiyələnməsinə yönəlib.



MƏSLƏHƏT GÖR:

140