28 Mart 2024

Cümə axşamı, 18:03

ÇİNGİZ ALLAZOV: “RƏQİBİN KİMLİYİ MƏNƏ ÖNƏMLİ DEYİL”

Dünyanın ən məşhur azərbaycanlı kikboksçusu ilə müsahibəni təqdim edirik

Müəllif:

01.02.2023

Yanvar ayının idman hadisələrindən biri dünyanın tanınmış kikboksçularından biri, “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan kikboksçu Çingiz Allazovun Azərbaycana gəlişi olub.

Azərbaycanəsilli idmançının populyarlığı son illər artmaqda davam edir. Ardıcıl qələbələr onu dünyanın ən güclü kikboksçularından birinə çevirib. Ç.Allazov son böyük qələbəsini yanvarın 15-də Tailandda əldə edib. “ONE Fight Night” turnirində məşhur tailandlı kikboksçu Superbon Sinqx Mavini məğlub edən Çingiz 70,3 kq kateqoriyasında çempionluq kəmərini rəqibdən alıb.

“Region plus” jurnalı Bakıda olarkən Çingiz Allazovla görüşüb və ona bir neçə sual ünvanlayıb:

- İlk növbədə, sizi böyük qələbə münasibətilə təbrik edirik. Hindistan mətbuatı tailandlı Superbon Sinqxi məğlub etməyinizi karyeranızda yeni dövrün başlanğıcı kimi qiymətləndirir. Bu fikirlə razısınız?

Superbon Sinqx Mavi çox güclü idmançıdır. O, böyük təcrübəyə və yaxşı texnikaya malikdir. Tailandda haqlı olaraq əfsanə sayılır. Bu idman növünün tanınmasında onun parlaq karyerasının rolu az deyil. Əksəriyyət qələbə qazanacağıma şübhə ilə yanaşırdı. Bu, təbiidir. Superbonu məğlub etmək tarixi uğurdur. Təsəvvür edin, hazırda reytinqdə azərbaycanlı Çingiz Allazov birincidir. Bütün döyüşçülər arasında biz birinciyik. Bu pilləni qorumaq lazım olacaq.

- İkinci raundda Superbona nokautla qalib gəldiniz. Taktika belə idi, yoxsa onun vəziyyətə nəzarətini itirdiyini hiss etdiniz?

- Tailandda Superbon kimi idmançıya qalib gəlmək çox çətindir. Məşqçilərlə bu barədə fikirləşmişdik. Məqsədimiz ancaq nokaut idi. Başqa heç bir taktika uğurlu olmazdı. İlk dəqiqələrdən hücumda oldum. Ardıcıl zərbələr taktikaya uyğun idi. Nokaut təmiz qələbə deməkdir. Bizə ancaq bu lazım idi.

- Hazırda reytinqdə birinci pillədəsiniz. Növbəti döyüşdə rəqibiniz kim olacaq?

- Rəqib indi bilinmir. Növbəti döyüşüm 7-8 aydan sonraya planlaşdırılır. Rəqibin kimliyi mənə önəmli deyil. Çempionluq kəmərinin sahibi istənilən rəqiblə döyüşə hazır olmalıdır. Bu, erməni idmançı Marat Qriqoryan da ola bilər. Əsas məsələ yaxşı formamı itirməməkdir. Kəməri özümdə saxlamaq istədiyim üçün hər an döyüşə hazıram.

- Azərbaycana çox az hallarda gəlirsiniz. Bu nə ilə bağlıdır?

- Azərbaycan Vətənimdir. Fəxr edirəm ki, azərbaycanlıyam. Əvvəllər 3 dəfə Vətəndə olmuşam. Ölkəmin mənə dəstəyini hər zaman hiss edirəm. Son illər pandemiyaya görə gəlmək mümkün olmadı. Uzun illərdir Belarusda yaşayıram. Digər tərəfdən idmançı həyatı daimi səyahətdir. Biz çox vaxt Tailandda təlim-məşqlərdə oluruq. Ona görə vaxt tapmaq çətin olur. Amma bundan sonra məni tez-tez görəcəksiniz.

- Hazırda beynəlxalq arenada hansı ölkəni təmsil edirsiniz?

- Azərbaycan və Belarusu təmsil edirəm. Uşaqlıqdan Belarusda yaşayıram. Amma gələcəkdə Azərbaycanda yaşamağı düşünürəm. Bakıda evim də var. Yaxınlarda vətəndaşlıqla bağlı müraciət etmək istəyirəm. Azərbaycan pasportuna sahib olmaq mənim üçün qürurverici olacaq. Vətənimi heç vaxt unutmuram. Əksər yarışlarda bayrağım çiynimdə olur.

- Azərbaycanda peşəkar kikboksun vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda idman inkişaf edir. Dövlət idmana böyük dəstək olur. İdmançıların sosial problemləri həll olunur. Həvəskar idmanda uğur qazana bilən idmançılarınız var. Buna görə də onlar peşəkar idmana keçmirlər. Peşəkar kikboks inkişaf etməyib. Yaxşı idmançılarınız var, amma bu sahədə məşqçilər azdır. Mən həmişə kömək etməyə hazıram. Belarusda məşq zalım fəaliyyət göstərir. Azərbaycanlı idmançılara hər zaman dəstək olmağa hazıram. Məşq etməyə, təcrübəmi bölüşməyə heç vaxt yox demərəm. Biz bir-birimizə dəstək olmalıyıq ki, gələcəkdə də güclü idmançılarımız olsun.

- MMA – qarışıq təkbətək döyüş növü olaraq çox populyardır. MMA-ya keçmək barədə düşünmüsünüz?

- Bəzi düşüncülərimiz olub. Bəlkə də siz haqlısınız. MMA da daha böyük pullar var. ONE FC də çempion olaraq mövqeyimdən razıyam. Son illər ONE FC dünyanın aparıcı TV kanalları ilə əməkdaşlıq edir. İl ərzində döyüşlərə 200 milyondan çox insan baxır. Hazırda bizim döyüşlərimiz televiziya aləmində futbol üzrə Çempionlar Liqası və ya Formula 1 kimi nəhəng yarışlarla rəqabət aparır. Başqa idman növünə keçmək fikrində deyiləm. Hər idmanın öz lideri, çempionu var. Peşəkar kikboksda qazandığım uğurlardan razıyam, onları qorumaq istəyirəm. Əlbəttə, daha irəli getməliyik, qələbələrin davamı gəlməlidir.

- Azərbaycan idmançılarından hansının döyüş üslubunu bəyənirsiniz?

- Alim Nəbiyev, Xəyal Caniyev, Pərviz Abdullayev kimi idmançılarımız var. Hər biri ölkəmizin idman şərəfini qoruyur. Heç kimi ayrıca fərqləndirməyəcəyəm. Azərbaycan bayrağını ucaldan hər bir idmançı bizim üçün əzizdir.

Bəzən ciddi nüfuzu olmayan turnir böyük çempionat kimi təqdim olunur. Bəzi idmançılar bilərəkdən saxta titullar əldə edirlər. Xalq və idman həvəskarları çempionu saxta idmançıdan ayırmağı bacarmalıdır. Peşəkar idmanda belə hallara daha çox rast gəlinir. İnternet dövründə istənilən yarış barədə rahat məlumat almaq olar.

- İdmançı karyeranızı bitirəndən sonra promouter, yoxsa məşqçi kimi fəaliyyət göstərməyi düşünürsünüz?

- İndi karyeramın zirvəsindəyəm. Bu barədə heç düşünməmişəm. İstərdim Bakıda məşq zalım olsun. Orada yeniyetmə və gəncləri hazırlaşdıraq. Belarusda ildə bir dəfə böyük festival təşkil olunur. Orada 2000 idmançı iştirak edir. Bakıda böyük idman festivalları keçirmək istəyərdim. Məşqçi olmaq hər bir idmançıda alınmır. Ona görə əvvəlcədən söyləmək çətindir.

- Dolğun cavablara görə təşəkkür edirəm. Sizə yeni qələbələr və uğurlar arzulayırıq!


MƏSLƏHƏT GÖR:

62