26 Aprel 2024

Cümə, 04:35

ŞƏRAİT YARATMAQ ÜÇÜN

Hökumət Azərbaycanın ixrac potensialında özəl sektorun payını artırmaq üçün onun problemlərini tez həll etməyi qarşısına məqsəd qoyub

Müəllif:

01.02.2023

“Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunan ölkə hökumətinin əsas məqsədlərindən biri kiçik və orta biznesin (KOB) qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulda (ÜDM) payının 35%-ə, məşğulluğun isə 60%-ə çatdırılmasıdır.

Ümumiyyətlə, son onilliklər ərzində, hətta ötən il də Azərbaycanda sahibkarlığın inkişafına dair çoxlu sayda sənədlər, dövlət proqramları qəbul edilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib, sahibkarlıq subyektlərində yoxlamaların aparılması qadağan olunub və sair. Şübhəsiz ki, bütün bunlar iqtisadiyyatda özəl sektorun payının artması statistikasına, o cümlədən son dərəcə vacib məsələ olan məhsul istehsalı və ixracı sahəsinə müsbət təsir göstərib. Bununla bağlı, göstəricilər sevindirici olsa da, mövcud potensialı tam əks etdirmir. Yəni problemlər var və onları həll etmək lazımdır.

 

Tendensiya və proqnozlar

Azərbaycanda 2022-ci ilin makroiqtisadi nəticələri ilə bağlı ən vacib məsələ qeyri-neft ixracının həcmi olub. Belə qeyri-neft ixracı ilk dəfə olaraq 3 milyard dollara çatıb. Bu da 2021-ci illə müqayisədə düz 10,3% çoxdur. Doğrudur, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib ki, qeyri-neft ixracının dəyərində artım olsa da, struktur baxımından məhsulların çeşidlənməsi nəzərəçarpacaq dərəcədə yaxşı deyil, çünki Azərbaycanın ixrac payında meyvə və tərəvəz üstünlük təşkil edir: “Qeyri-neft ixrac dəyərinin tərkib hissəsi 600 milyon dollar aqrar, 190 milyon dollar aqrar-sənaye məhsulları təşkil edir. İxrac olunan meyvə və tərəvəzin tərkib hissəsinə baxsaq, daha çox pomidor məhsulunun ixrac olunduğunu görərik”.

Qeyd edək ki, qeyri-neft məhsullarının ən böyük ixracatçıları hələ də dövlət şirkətləri - SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” və sair olsa da, bu göstəricinin formalaşmasında özəl şirkətlərin payı da ildən-ilə artır. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu yaxınlarda məlumat verib ki, hazırda qeyri-neft-qaz ixracının 1/4-dən çoxu KOB-lar tərəfindən həyata keçirilir. Onların iqtisadiyyatda rolu xeyli artıb. Sahibkarlıq subyektlərinin 99%-i KOB-lardır. Üstəlik, onların əlavə dəyərin yaradılmasında, məşğulluqda və investisiyalarda iştirakı durmadan artır. Belə ki, Azərbaycanın ÜDM-nin 83,5%-i özəl sektorun payına düşür.

Bundan başqa, İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, 2027-ci ilə qədər qeyri-neft ixracının həcminin 5 milyard dollara yüksələcəyini nəzərə alsaq, bu göstəricidə biznesin payının da artacağını söyləyə bilərik. Lakin bütün müsbət tendensiya və proqnozlara baxmayaraq, arzu olunan məqsədlərə çatmağı ciddi şəkildə ləngidən məqamlar var və bunlar ekspertləri və rəsmiləri narahat edir. Məsələn, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı bildirib ki, Azərbaycanda istehsal olunan bəzi məhsulların maya dəyəri xarici analoqları ilə müqayisədə yüksəkdir, bu da onların ixracına problem yaradır: “Azərbaycan şirkətlərinin öz məhsulları üçün qiymətləri xarici iştirakçılara təqdim edəndə onların analoqlarından qat-qat baha olduğu məlum olur. Bu baxımdan, sahibkarlara işlərini təkmilləşdirməyi və rəqəmsallaşma istiqamətində addımlar atmağı tövsiyə edirik”.

Məhsulun maya dəyərini formalaşdıran problemlər sırasında yüksək vergilər və gömrük rüsumları var. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov isə qeyd edib ki, ötən il Azərbaycan sahibkarlarından 6 000-ə yaxın müraciət daxil olub ki, onların tərkibində ixracla bağlı məsələlər də var: “İş adamlarının çoxu gömrük prosedurları ilə bağlı çətinlik olduğunu bildirib. Yerli istehsal məhsulları ölkəyə idxal olunan xarici istehsal məhsullarından baha olur. Baxmayaraq ki, sahibkarlar qiymətlərin yüksək olmasını keyfiyyətlə əlaqələndirirlər”.

Üstəlik, Azərbaycanda istehsalla məşğul olan sahibkarlar məhsullarını iri pərakəndə satış şəbəkələrində satmağa başlamaq istəyərkən problemlərlə üzləşirlər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, mikro və kiçik sahibkarlığın pərakəndə satış şəbəkələrinə daxil olmasına dəstək mexanizmi çərçivəsində KOBİA onlardan 24-nün məhsulunun pərakəndə satış sahəsinin icarə haqqının bir hissəsinin ödənilməsi yolu ilə satışına şərait yaradıb.

Eyni zamanda O.Məmmədov bu gün çox aktual olan bir məsələyə də toxunub: bir çox dövlət qurumlarının, o cümlədən KOBİA-nın dəstək mexanizmləri olsa da, bütün sahibkarlar, xüsusən regionlardakı sahibkarlar bunlardan xəbərdar deyil.

 

Stimullaşdırıcı tədbirlər

Sahibkarlığın inkişafı üçün dövlət maliyyə dəstəyindən tutmuş güzəştlərə qədər çoxlu sayda mexanizmlər tətbiq edib. Məsələn, 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə KOB-ların kreditləşdirilməsi davam etdirilib. Onlara 146 milyon manat güzəştli kreditlər verilib ki, bu da proqnozdan 4,2% çox olub. Bu kreditlər 3-ü azad edilmiş ərazilər də daxil olmaqla, 2726 layihənin həyata keçirilməsinə kömək edib.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyevin sözlərinə görə, bu il Azərbaycanda sahibkarlıq subyektlərinə 150 milyon manat ətrafında güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır. KOBİA isə ötən il 1000-dən çox KOB subyektinin 26 sərgi və yarmarkada (7-si xaricdə, 19-u Azərbaycanda) iştirakına təmənnasız dəstək göstərib.  

Bundan əlavə, ilin əvvəlində Prezident İlham Əliyev “Bakı KOB Evi”nin açılışında iştirak edib. Burada sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Bu xidmətlərə biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlər daxildir. Bu da son deyil. “Bakı KOB Evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Yeri gəlmişkən, ötən il Gömrük Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna biznes mühitinin inkişafına yönəlmiş dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən, Azərbaycanda bundan sonra malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı, gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

“Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı bildirişlərin verilməsi mühüm addımdır. Bəzən bilərəkdən və yaxud bilməyərəkdən gömrük rüsumu yüksək göstərilir. Bildiriş verməklə biz bu problemi aradan qaldıracağıq. Gömrük büdcə daxilolmalarından daha çox nəzarətedici orqan olmalıdır ki, ölkəmizə qanunsuz daşımaların qarşısı alınsın”, - Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bir neçə aydır ki, gömrük ekspertizası elektron qaydada aparılır: “Ekspertizaya göndərilən malların rəyi onlayn olacaq. Eyni məhsullar yenidən gələndə onları ekspertizadan keçirməyə ehtiyac qalmayacaq. Bu isə gömrük prosedurunun müddətini azaldacaq”.

Stimullaşdırıcı tədbirlərdən biri sahibkarlıq subyektlərində aparılan yoxlamalara moratoriumun 1 il müddətinə uzadılmasıdır. Xatırladaq ki, Azərbaycanda sahibkarların fəaliyyətinin yoxlanılmasına moratorium  2015-ci il noyabrın 1-dən tətbiq edilib.

Beləliklə, qanuna əsasən, yalnız vergi yoxlamaları, həmçinin əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhlükə törədən hallarda yoxlamalar aparıla bilər. Bundan başqa, maliyyə bazarı subyektlərinin auditi, özəl tibb müəssisələrinin tikintisinə və fəaliyyətinə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.

 

Məqsədlər planı

Bununla belə, Prezident İlham Əliyevin ötən ilin dekabrın sonunda təsdiq etdiyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun haqlı olaraq sahibkarlığın inkişafı üçün ən mühüm qanunvericilik stimulu hesab olunmalıdır. Burada birinci məqam sahibkarlıq subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların rəqabət qabiliyyətinin artırılması, investisiya və innovasiya fəaliyyətinin stimullaşdırılmasıdır. Bu siyasətin nəticəsi yenə də mikro, kiçik və orta müəssisələrin ÜDM-də və qeyri-əmtəə ixracında xüsusi çəkisinin artması olmalıdır. Bu qanunla KOB-lara iqtisadiyyatın prioritet sahələri ilə bağlı inkişaf proqramlarında iştirak üçün bərabər imkanların yaradılmasını, həmçinin dövlət dəstəyinin göstərilməsi prosedurlarında açıqlıq və şəffaflıq vəd edilir. Üstəlik, KOB-ların dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi niyyətinin olduğu da vurğulanmalıdır. Qeyd edək ki, bu məsələ biznes və dövlət sektoru arasında əbədi mübahisə mövzularından biridir.

Digər mühüm məqam odur ki, vergi siyasətinin həyata keçirilməsi qanunvericilik səviyyəsində müəyyən edilir ki, bu da özəl sektorun sahibkarlıq və investisiya fəaliyyətinə töhfə verəcək. Bununla əlaqədar, bir sıra vergi güzəştlərinin tətbiq olunduğu KOB subyektlərinin klasterlərinin yaradılması istiqamətində də addımlar atılacaq.

Yeri gəlmişkən, qanun çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulur. Bu isə hüquqi şəxslər və fərdi sahibkarlar, onlara dövlət tərəfindən göstərilən xidmətlər və dəstək tədbirləri, onların fəaliyyətinin qiymətləndirilməsinin nəticələri haqqında elektron məlumatlar toplusudur.

Bundan başqa, bu il AZPROMO “Milli ixrac strategiyası”nın təsdiq edilməsini gözləyir. “Strategiya yaxın 4 ili əhatə edəcək və Azərbaycan ixracına müsbət təsir göstərəcək”, - AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, 2023-cü ildə Biznesin İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, yeni alətlərin ərsəyə gətirilməsi qarşıya hədəf kimi qoyulub: “İndiyə qədər əsas alətimiz olan Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin tətbiq edilməsi olub. Sahibkarlığın İnkişafı Fondu minlərlə layihəni əhatə edir, lakin bir alətlə çalışması bu günün tələbinə uyğun deyil. Bu nöqteyi-nəzərdən biz Azərbaycan iqtisadiyyatının tələbinə uyğun olaraq bir sıra maliyyə alətlərini ərsəyə gətirəcəyik”.

Maliyyə dəstəyi baxımından KOB İnvestisiya Fondunun yaradılması planı da var. Bu fond layihələrdə sahibkarlıq subyektlərinin tərəfdaşı kimi çıxış edəcək. Yerli investorlar isə vəsaitlərini fonda yatırmaqla ona üzv ola bilərlər.

Bir sözlə, hökumət Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına nikbin yanaşır və bu məsələ ilə bağlı ciddi addımlar atır. Düşünülən məsələlər tam icra olunarsa, şübhəsiz ki, özəl sektor statistik hesabatlarda mövqeyini daha da gücləndirəcək.



MƏSLƏHƏT GÖR:

66