18 Aprel 2024

Cümə axşamı, 18:36

ZİRVƏLƏRƏ UCALMAQ

Yelena HAQVERDİYEVA: “Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə doğulmuş, xaç suyuna salma mərasimindən keçmiş dünyəvi azərbaycanlı rəssamın xristian kilsəsində rəsmlər çəkməsi unikal hadisədir”

Müəllif:

15.02.2023

Bakı Fotoqrafiya Evində “Gənclik” sərgisi keçirilir. Burada təkcə görkəmli azərbaycanlı rəssam Ucal Haqverdiyevin orijinal əsərləri təqdim edilməmişdi. Bu sərgi həm də onun bədii dəst-xəttinə xas olan unikal üslubun formalaşdığı atmosfer haqqında bir növ hekayə idi. Bu, sanki əvvəlki sərgilərin davamıdır və burada Ucalın təkrarolunmaz istedadını yalnız qismən göstərilib. “Gənclik” sərgisinin ekspozisiyasını azərbaycanlı rəssamın yaxınları toplayıb. Onlar hesab ediblər ki, sərgidə Ucalın bir zamanlar ünsiyyət qurduğu insanlara, yəni 1980-ci illərin rəssamlarına da istinad edilməlidir. Onlar artıq o dövrün ruhunu qoruyan fotoportretlərdən bu gün özlərinə baxırlar. Bu rəssamlar artıq özlərini təsdiqləyib, təcrübə qazanıblar. Bu sərgidə isə onlar gənclik dövrləri ilə görüşə gəliblər. Sərgi italyan neorealizmi ruhunda Fellini üslubunun ətri Abşeron müşkü ilə hopdurulmuş bir növ zaman maşını idi. Ümumiyyətlə, qarışdırmaq və yeni bir şey fikirləşmək Ucala xas olan xüsusiyyət idi. O, palitranın nüanslarında klassikaya sadiq qalırdı və əksinə. Ucalın işləri həm bəlağətlidir, həm də dərin mənalı tərzdə susmağı bacarır. Bu sərgidə başqa sual da ortaya çıxıb: kim kimə diqqətlə baxır? Yəni ziyartəçilər rəsmlərə, yoxsa rəsmlər ziyarətçilərə? Onların hər biri insanı özünə cəzb və valeh edən fəlsəfi mənalarla zəngindir. İnsan bu əsərlərin mənasını başa düşəndən sonra ona bir zamanlar müəllif tərəfindən dərk edilmiş növbəti həqiqət açılır. Yelena Haqverdiyeva ilə söhbətləşən zaman mənə bu sehrə toxunmaq nəsib olub. O məlumat verib ki, Ucalın xatirəsinə həsr olunmuş sərgilər silsiləsi davam edəcək. Bu ilin mayında növbəti rəsm sərgisi təşkil olunacaq. Daha sonra bu il ərzində kitab qrafikası daxil olmaqla, qrafika ilə bağlı layihənin detallı şəkildə təqdimatı keçiriləcək və sair.

Y.H.: - İndiyədək inana bilmirəm ki, Ucal sağ olarkən onun bir dənə də olsun fərdi sərgisi keçirilməyib. Onun rəsm əsərləri Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Tunis, Avstriya, Almaniya və Türkiyədə keçirilən müxətlif sərgilərdə nümayiş etdirilib. Onun bir çox rəsm əsəri ABŞ, Avstriya, Almaniya, Finlandiya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Amma vətəndə uzun müddət “səssizlik hökm sürüb”. Bəlkə fərdi sərgilərə xüsusi olaraq ehtiyacı yox idi? Axı, onun ətrafında hər şey daim hərəkətdə idi. O, xarakterinə uyğun olan yaşayış mühiti yaratmışdı. Üstəlik, onun rəssam kimi formalaşması ötən əsrin səksəninci illərində, yəni ölməkdə olan sistemin ideologiyasının digər yaradıcı ifadə formaları axtarışında gənclərin təzyiqinə tab gətirə bilmədiyi dövrdə baş verib. Bu, yeni yaradıcı təbəqənin formalaşdığı dövr idi. O vaxt çəkilmiş həvəskar kinoxronika kadrları müxtəlif performansları qoruyub saxlayıb. “Labirint” adlı həmfikir rəssamların birliyi var idi. Bu komandanın bəzi layihələrini Bakı Fotoqrafiya Evindəki sərginin ekspozisiyasına daxil edilmiş fotolarda görmək olar.

- Qeyd etmək istərdim ki, “Gənclik” sərgisi təqdimat formatı baxımından çox maraqlıdır.

- Bu sərgi adət edilmiş təqdimatdan fərqləndirilmək üçün məhz belə təşkil olunub. Bu, daha çox yeni Azərbaycan incəsənətinin yarandığı dövrə yönəldilib. Bunu isə bu gün yaradıcılığı artıq klassikaya çevrilmiş rəssamların ənənələrini davam etdirən insanlar edib. Ucalın əhatə dairəsinə daxil olmuş insanlar artıq ad qazanıb və onların əsərlərinə Azərbaycanın hüdudlarından kənarda böyük tələbat var. Amma o vaxt biz gənc, cəsarətli və dəlisov idik... Bir emalatxanadan digərinə “axan” qruplar idik: axtarır, sınaqdan keçirir və davamlı ünsiyyət qururduq. Bu fərqli xarakterlərin, müxtəlif insanların cazibə qüvvəsi Ucal idi. O, bu fikir və mülahizə polifoniyasını mənimsəyərək və öz fəlsəfəsindən keçirərək sanki bir toxumu yaradıcı işə çevirirdi. O, bununla özünü müxtəlif materiallar, janrlar və sferalarda sınayırdı. Ucal sanki Kainatın “fərdi qolları”nı öyrənirdi. Burada isə incəsənətin istənilən təzahürü üçün yer var, çünki burada hər zaman gözəllik və harmoniya yaşayıb.

- Ucal Haqverdiyevin yaradıcılıq dünyası necədir?

- İlk növbədə, burada “çox əhali yaşayır” və eyni zamanda bu dünya fərdiyyətçidir. Ucalın irsini öyrənənlər onun yaradıcılığını hansısa bədii cərəyanla əlaqələndirməyə çalışırlar. Amma fikrimcə, bu işin perspektivi yoxdur. Ucal hər zaman nəyisə öyrənirdi. O, özünü müxtəlif janrlarda sınaqdan keçirirdi. Bunu hər zaman böyük həvəslə edirdi! O, ayrı-ayrı dayanan və rəddedilməz “avtoritetlər”lə - rəssamlıq və qrafika ilə məşğul olurdu. O, vaxtaşırı keramika, ağac və daşdan da müxtəlif işlər görürdü. Ucalın naxışlara maraq göstərdiyi dövr olub. O, çox sayda kitab oxuyub, albomlar araşdırıb və sonradan bütün bunlar kitab qrafikasına çevrilib. Onun yaradıcı dünyası şeirlərində əks olunur, gündəliklərində, əlyazmalarında saxlanılır. Onun yaradıcılığını ayrı-ayrılıqda və ümumilikdə götürsək, Ucalın əzəmətinin öz dövrünü qabaqladığını söyləyə bilərik. Fərqli, həyatda ikən bəzən ziddiyyətli olan Ucalın irsi bu gün də böyük maraq oyadır. Onun irsi hələ uzun müddət öyrəniləcək. Ötən il Bakıda Ucal Haqverdiyevin iki sərgisi açılanda məndə belə bir inam yaranıb. Belə ki, ötən ilin aprelində Azərbaycan Milli Xalça Muzeyində rəssam ilə mənim əsərlərimin yanaşı dayandığı “Bir taleli iki insan” ekspozisiyası, mayda isə YARAT Müasir İncəsənət Məkanı tərəfindən “Mövcudluqda ünsiyyət” adlı fərdi retrospektiv sərgi keçirilib. Hər ikisi üzərində böyük işlər aparılıb. Bu zaman məlum olub ki, bu sərgilər Ucalın qısa, lakin inanılmaz dərəcədə məhsuldar həyatı ərzində yaratdığı və gördüyü işlərin növbəti təqdimatına start verib.

- Buna istinad edərək onun təsviri incəsənətin bütün istiqamətlərini sınaqdan keçirdiyini söyləyə bilərikmi?

- Ucal həyatı və yaşamağı sevirdi... Deməli, onu öyrənmək də Ucalın yaradıcılıq axtarışlarının tərkib hissəsi idi. Buna yaradıcı ailə və onu əhatə edən insanlar da təsir göstərib. Ucal əzəmətli şəxsiyyətlər ətrafında böyüyüb, boya başa çatıb. Ucal onlardan öyrənir və özünə yaradıcı atmosferi hopdururdu: Kamal Əhməd, Rasim Babayev, Murad Əşrəf, Sənan Qurbanov... Onlar Ucalın müəllimləri və ustadları idi. Eyni zamanda onların hər biri o vaxt qəbul edilmiş çərçivəyə sığmırdı. Buna görə də onların təsviri incəsənətə baxışı Ucalın özünə, onun dünyagörüşünə uyğun gəlirdi: rəssamın ərsəyə gətirdiyi bütün əsərlər elə bir təcrübədir ki, onu mütləq yaşamaq lazımdır və rəssamı yaradıcı insan kimi ən dolğun şəkildə göstərən istiqamət seçilməlidir. Düşünürəm ki, İntibah dövrünün motivləri məhz bu narrativə əsaslanıb. Söhbət mif və əfsanələrdən qaynaqlanan miniatür rəssamlığında dərin köklərə malik şərq motivlərindən gedir. Onun rəsm əsərlərində, xüsusilə qadın obrazlarında və onların üzlərində əks olunan sevgi və heyranlıq hissləri var. Düşünürəm ki, Ucal öz yaradıcılığında əsasən insana xitab edirdi. Digər tərəfdən o, forma, texnika, özünü ifadə üsulları axtarışı ilə şəxsi məkanını genişləndirərək özünü də öyrənirdi. Ona elə gəlirdi ki, bütün bunlar da kifayət etmir və ya o, bəlkə də sadəcə yaşamağa tələsirdi. Onun böyük qəlbində bütöv dünya, həddi-hüdudu olmayan istedad dünyası yerləşirdi...

- Ucalın işindən bəhs edən zaman, mövzu hər zaman kilsə məsələsinə çatır.

- Kilsəyə gəlincə, onun bununla bağlı yolu heyrətamiz idi. Hesab edirəm ki, bu, uzaq keçmişdən başlayır. Ucalın anası Vera Kalinina Volqaboyunda yerləşən Ulyanovsk şəhərində anadan olub. Ucal mənə demişdi ki, onlar yayda bəzən bu şəhərə gedirdilər. Belə səfərlərin birində Ucalın xalalarından biri ona “İncil” hədiyyə etmişdi. Əgər düz xatırlayıramsa, onun həmin xalası tanrıya xidmət etmək yolunu seçmiş və rahibə olmuşdu. Onun həmin hədiyyəsini ailəmiz bu günə kimi qoruyub saxlayır. Bu gün onu xatırlayan zaman düşünürəm ki, hədiyyə olaraq vverilən “İncil” Ucal üçün kilsəyə gedən yolun simvoluna çevrilib. Amma... Onun xatirəsinə həsr olunmuş sərgilərin hər birinin hazırlıq prosesi zamanı getdikcə daha çox əmin oluram ki, onun bütün yolu addım-addım bu istiqamətdə gedib. Əslində, onun gündəlik qeydləri də bunu göstərir: “Mən hər zaman qəlbimlə rəsm çəkmişəm. Qəlbim mənə necə rəsm çəkəcəyimi deyirdi. Onun məndən tələb etdiyinə bəzən nail olurdum. Qəlbim sevdiyim insanları seçirdi. Tanrıya da bütün qəlbimlə inanıram. Başqalarının ağlına sığmayanı (Üç üqnum barədə mübahisələr), yalnız qəlb başa düşür. Qəlb tanrıdan gəlir, ilahiliyi qoruyur və onu axtarmağa sövq edir. Heç kəs qəlbə qadağa qoya bilməz. Qəlb çox tələbkardır və buna görə də mən tez-tez yaxşı rəsmlərimi rəsm xatirinə deyil, qəlbimin nəyə ehtiyacı olduğunu anlamaq üçün yenidən çəkirdim”.

Beləliklə, şəxsiyyət və rəssam Ucal Haqverdiyevin həyat hekayəsi “qərar verib” ki, Bakıdakı Mixail Arxangel kilsəsində Müqəddəs Apostol Varfolomey kapellasını çəkməsi onun yaradıcılığının zirvəsidir. Təəssüf ki, bu, onun sonuncu işi idi...

- ... fikrimcə, bu, miqyas baxımından onun istedadına uyğun idi.

- Ucal çox böyük insan idi. O, dahi sözünün özündə ehtiva etdiyi mənada dahi insan idi. Ucal nəyə başlayırdısa, ondan əvvəl olmayan bir şey yaradırdı. O, adi şeyləri fərqli görmək kimi inanılmaz qabiliyyətə malik idi. Yəni Ucal bunu onun yaradıcı qavrayışını dəqiq əks etdirən yeni tərzdə təqdim etmək bacarığına malik idi. Xatirimdədir, o, hər zaman kilsə daxilində rəsm çəkmək arzusundan danışırdı. O, bu istəyini hətta romantik münasibətimizin əvvəlində, birlikdə təhsil aldığımız zaman da dilə gətirib. O vaxt belə bir şey haqqında düşünmək çətin idi, çünki bu, qeyri-reallıq kateqoriyasına aid idi. Sovet İttifaqı! O dövrdə kilsə nüfuzdan salınırdı. Məsələn, kilsəyə gedənlər sosial ostrakizmə məruz qalırdılar! Mənim yanımda isə tanrıdan, onunla bağlı olan təlim və ayinlərdən danışan bir insan var idi. Məhz o vaxt Milad bayramı barədə eşitdim. Doğrudur, Pasxa bayramını özümüzə uyğun tərzdə qeyd edirdik. Bir dəfə yanvar ayında Ucal gəldi və özü ilə gətirdiyi şamı yandırdı. Biz o zaman mikrorayonda yaşayırdıq. Mənim anam həyəcan içində tez süfrə açdı və biz ilk dəfə Milad bayramını qeyd etdik.

- Buna təəccüblənməmək mümkün deyil...

- Günlərin bir günü Ucal kilsədə ibadətdən sonra Serafim Ata (həmin vaxt kilsədə baş keşiş idi) ilə tanış olur. Rəssam məhz ona arzusundan danışır və onu həyata keçirməyə imkan yaratmağı təklif edir. Serafim Ata buna sadə cavab verib: “Əgər arzu qəlbdən gəlirsə, kilsəni mütləq çəkəcəksən”. Bu sözlərdən sonra Ucalda ruh yüksəkliyinin necə yarandığını təsvir etmək çox çətindir. Üstəlik, bura şəhərin ən qədim kilsələrindən biridir. Tarixi dənizlə bağlı əfsanələrlə zəngin olan kilsədəki rəsmlər sıfırdan çəkilməli idi. Söhbət zamandan keçərək gedən gəmidən gedir. Kilsənin arxitekturası sanki dəniz gəmisinin konturlarını təkrarlayırdı. Buradakı pilləkənlər isə ildən-ilə insanların ehtiras burulğanları və şübhə cərəyanlarından keçərək tanrıya tərəf getdiyi taxta körpülərə bənzəyirdi. İlk addım Məryəmin simasının təsvir olunduğu ikona olub. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr bununla tanış olub və Ucala gələcək işlərində xeyir-dua vermişdi.

- Çox ciddi işdir...

- Kilsə rəsmləri xüsusi rəssamlıqdır. Yəqin ki, “canlı” anlayışı məhz buna şamil edilir. Ucalın bədii arsenalında Madonnaların təsvirləri olan çoxlu əsərlər var. O, ikonoqrafiyanı çox ciddi şəkildə öyrənmiş və rəsmlərində bu üsullardan istifadə etməyə çalışmışdı. Kilsədə rəsmlərin çəkilməsinə başlayaraq Ucal təkcə bədii hissə ilə bağlı tam məsuliyyəti öz üzərinə götürməyib, həm də təmir-tikinti işlərinin hər bir mərhələsinə, ikonostazın yaradılmasına nəzarət edib. Düşünürəm ki, Ucal maksimum dərəcədə daha çox iş görməyə çalışırdı. Həmin vaxt mənim xatirəmdə gözəl günlər kimi qalıb. O dövrdə yanımızda artıq yaxın dostlar, tələbələr, bizi sevən insanlar var idi.

- Amma onun tam həyata keçirilməsini görmək nəsib olmayıb...

- Burada da o, sanki özünə sadiq qalıb. Onun başladığı bir işi təxirə salmaq kimi xüsusiyyəti var idi. Bəs bu, niyə belə idi? Bunu yalnız onun özü bilirdi. Dünyasını dəyişəndən sonra çoxlu sayda yarımçıq qalan işləri qalıb. Bəziləri “Gənclik” sərgisinə daxil edilib, çünki insanlar onları görməlidirlər. Bunlar Ucalın tamamlanmış və tanınmış bədii əsərlərindən heç də az dəyərli deyil. Burada həkimlərin proqnozlarının əksinə olaraq, Ucalın uzun beş illik ömrü əks olunub. Yadımdadır, Serafim Ata kilsədəki rəsm işlərinin tamamlanması xahişi ilə mənə necə müraciət etmişdi. Desəm ki, bu barədə heç vaxt düşünməmişəm düz olmazdı. Serafim Atanın arqumentləri o qədər dərin idi ki, dostlarımın və həmkarlarımın dəstəyi ilə bu işi tamamlaya bildim.

- Fərqli bir fikir səsləndirmək istərdim. Fikrimcə, Müqəddəs Varfolomey kapellasının freskaları və ikonaları Ucalın yaradıcılıq irsinin ən inanılmaz sərgisidir. Əvəz olunmaz xeyir-duanın verildiyi ekspozisiya.

- Onun bu işini bu baxımdan nəzərdən keçirməmişəm. Birmənalı olaraq söyləyə bilərəm ki, o, burada öz qəlbini qoyub. Şübhəsiz ki, bu, onun bütün həyatının işi idi. Görünür, bunda Ucalın heç vaxt inamını itirmədiyi tanrının iradəsi var idi. Daha doğrusu, kilsədəki rəsmləri unikal tolerantlıq nümunəsi hesab edərdim. Tanrı qarşısında bərabərlik kimi. Razılaşın, əhalisinin əksəriyyəti müsəlman olan ölkədə doğulmuş, xaç suyuna salma mərasimindən keçmiş dünyəvi azərbaycanlı rəssamın xristian kilsəsində rəsmlər çəkməsi unikal hadisədir. Heyrətamiz taledir. Odur ki, ənənəvi sərgi formatında onun fərqli işləri barədə danışmağa dəyər. Üstəlik, dəfələrlə... 



MƏSLƏHƏT GÖR:

66