Müəllif: Sənan NADİROĞLU
Azərbaycan 2023-cü ildə ilk beynəlxalq yarışa ev sahibliyi edib. Milli Gimnastika Arenasında fevralın 18-19-da batut gimnastikası üzrə Dünya kuboku keçirilib.
Azərbaycanda altıncı dəfə təşkil olunan Dünya kubokunda 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edib. Bu kubok bizim üçün Selcan Maqsudovanın fərdi proqramda uğurlu çıxışı ilə yadda qalacaq. Təsnifat mərhələsini özünə inamlı çıxışı ilə üçüncü pillədə başa vurararaq finala yüksələn idmançımız həlledici mərhələdə hakimlərdən 53,510 xal toplayaraq bürünc medala layiq görülüb.
Qadınlar arasında fərdi növdə ilk pillədə Braziliya təmsilçisi Kamilla Qomes (54,860 xal) qərarlaşıb. Fransalı Lea Labrousse (53,970 xal) isə gümüş medal qazanıb.
Kişi batutçuların fərdi yarışında Qazaxıstan təmsilçisi Daniel Mussabayev (59,240 xal) birinci olub. İspaniyalı Xorxe Martin 58,530 xalla ikinci, fransalı Allan Morante 58,270 xalla yarışı üçüncü pillədə başa vurub.
Braziliya təmsilçiləri Alisa Qomes, Rayan Dutra icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna sahib olublar.
Fərdi proqramda kişilər və qadınlar arasında qaliblərin mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da iştirak ediblər.
Qadınlar arasında sinxron batut proqramı üzrə Braziliya komandası 46,340 xalla birinci, Ukrayna cütlüyü 46,010 xalla ikinci, ABŞ-2 komandası isə 44,500 xalla üçüncü pillədə qərarlaşıb. Kişilər arasında sinxron batut proqramı üzrə Qazaxıstan-1 komandası 51,940 xalla birinci, Almaniya komandası 51,080 xalla ikinci, Portuqaliya komandası isə 50.730 xalla üçüncü olub.
Doğma arenada
Azərbaycan gimnastı Selcan Maqsudovanın doğma arenada çıxışı növbəti dəfə uğurlu alınıb. Xatırladaq ki, ötən il Dünya kubokunda gümüş medal qazanan idmançımız Azərbaycan batut gimnastikası tarixində fərdi növdə medal qazanan ilk qadın olub.
S.Maqsudovanın çıxışı milli komandanın baş məşqçisi Vladimir Şulikini razı salıb: “Batut gimnastikası üzrə Dünya kuboku ilin ilk yarışı olub. Bu mənada hazırlıq bir qədər çətin idi. Selcan optimal formasını yığmasına baxmayaraq, həyəcanlı görünürdü. Bakıda doğma azarkeşlər qarşısında çıxış etmək hər zaman məsuliyyətlidir. Onun çıxışından razı qaldım. Təsnifatda hərəkətləri yüksək dəqiqliklə yerinə yetirib. Ona görə təsnifatda yalnız bir dəfə çıxış edib. Buna görə də ikinci çıxışına ehtiyac qalmayıb. Finalda həmişə diqqətli olmaq lazımdır. Bəzən ən güclü idmançı belə bir səhvə görə medaldan kənarda qalır. Amma Selcan yaxşı çıxış etdi. Bürünc medal böyük nəticədir. Dünya kubokunda Braziliya, ABŞ, Fransa kimi güclü ölkələr təmsil olunub. Rəqiblərin güclü olduğunu unutmaq olmaz”.
V.Şulikin 2023-cü ildə əsas hədəfin Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu söyləyib: “Hər bir idmançının arzusu olimpiadada iştirak etməkdir. Bu ildən lisenziya uğrunda mübarizə başlayır. Selcan Maqsudovanın Parisə vəsiqə qazanmaq şansını yüksək qiymətləndirirəm. Sadəcə plan üzrə hazırlaşmalıyıq. Onun məşq proqramını bir qədər çətinləşdirmişik. Rəqabət artdıqca gərgin mübarizəyə hazır olmalıyıq. Bizim üçün ilin əsas turniri Dünya çempionatı olacaq. Çünki mundialda Paris Olimpiadasına birbaşa vəsiqələr oynanılacaq. Selcanın indiki hazırlığı yaxşıdır. Amma getdikcə daha yaxşı olacaq”.
Hədəf Paris-2024
Selcan Maqsudova “Region plus” jurnalına açıqlamasında bürünc medalı yaxşı nəticə adlandırıb. 2022-ci ildə Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunda gümüş medal əldə edən 20 yaşlı idmançı eyni nəticəni təkrarlamamasının səbəbini yeni proqramda çıxış etməsində görüb: “Yeni proqramımla yaxşı nəticə göstərdiyim üçün çox şadam. Dünya kubokunun üçüncüsü oldum. Düzdür, ötən il ikinci yeri tutmuşdum. Bu da yaxşı nəticədir. Əsas odur ki, medalçılar sırasındayam. Ötənilki nəticəni ən azı təkrarlamağıma yeni proqramda çıxış etməyim mane ola bilər. Buna görə həyəcan çox idi. Məşqçi ilə müzakirələrdən sonra proqramı bir qədər çətinləşdirdik. Rəqabət yüksəkdir. Medal qazanmaq istəyirsənsə, daha çətin hərəkətləri etməlisən. İki dəfə üçlü salta yerinə yetirməklə təsnifatda uğurlu çıxış etdim. Ona görə də ikinci cəhdimi istifadə etmədim. Finalda da layiqli çıxış etdik. Bürünc medalı yaxşı nəticə sayıram. Yarış zamanı bizə dəstək olan azarkeşlərə, yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına və məşqçilərə minnətdaram”.
O, hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu vurğulayıb: “Cari il hədəfim qarşıdakı Dünya kuboku yarışlarında da medalçılar sırasına düşmək və ilin sonunda keçiriləcək dünya çempionatında olimpiadaya lisenziya qazanmaqdır. Dünya çempionatında Paris Olimpiadasına birbaşa lisenziya qazanmaq imkanı var”.
MƏSLƏHƏT GÖR: