Müəllif: Sənan ŞƏFİZADƏ
Daniel Laskau dünya şöhrətli rumıniyalı və almaniyalı cüdoçu olub. O, Rumıniya çempionu, Almaniya çempionatlarının qalibi, dünya çempionu olub, 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib. Son illərdə Laskau Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının aparıcı mütəxəssislərindən biri və Hakimlər Komitəsinin rəhbəridir. O, cüdonun dünyada inkişafı və yeni mərhələyə qədəm qoymasında mühüm rolu olan insanlardan biridir. Aydındır ki, Azərbaycan idmanının inkişafı üçün infrastrukturun olması ilə yanaşı, ixtisaslı mütəxəssislər də vacibdir.
“Region plus” jurnalı Daniel Laskauya ölkəmizdə cüdonun vəziyyəti və gələcəyi ilə bağlı suallar ünvanlayıb.
- Keçən il BCF Akademiyasında azərbaycanlı hakimlərə təlim keçdiniz, indi isə məşqçilərdən yekun imtahan götürməyə gəlmisiniz. Yerli hakimlərin və məşqçilərin biliklərini necə qiymətləndirirsiniz?
- İlk dəfə Azərbaycana 2003-cü ildə yeniyetmələr arasında Avropa çempionatına gəlmişəm. Yəni iyirmi il əvvəl. İldən-ilə müxtəlif səbəblərdən bura qayıdırdım, lakin bunların hamısı təbii ki, peşəkar fəaliyyətlə - turnirlərlə, seminarlarla bağlı idi. Keçən il Azərbaycan Cüdo Federasiyası məşqçi və hakimlərin inkişafı, maarifləndirilməsi ilə bağlı böyük proqrama start verdi və bu proqram çərçivəsində çoxsaylı görüşlər, təlimlər keçirdik. Xüsusilə qeyd etmək istəyirəm ki, milli federasiya bütün səviyyələrdə cüdonun inkişafına diqqət yetirir və buraya həmçinin uşaqlar, yeniyetmələr və komandanın hər bir idmançısına fərdi yanaşma daxildir. Ötən il iki dəfə Bakıda oldum, məşqçilər və hakimlərlə görüşdüm, onlarla təkcə müasir cüdonun reallıqları haqqında deyil, həm də kiçik yaşlardan böyük idmançıların yetişdirilməsi proqramı barədə danışdıq. Belə ki, cüdo uşaqlıqdan başlayır, kiçik yaşlardan bu idman növünü öyrənməlisən.
- Bu idman növündə uğur qazanmaq üçün ən çox nəyə diqqət etmək lazımdır?
- Cüdoda uğur qazanmaq üçün bu idman növünə kiçik yaşlardan başlamaq lazımdır. Hər bir uşaq qaçmaq, üzmək, güləşmək istəyir. Odur ki, o, cüdo ilə yeni məşğul olmağa başlayanda biz ona belə bir fürsət veririk. Yəni uşaqlar tataminin ətrafında qaçıb özlərini ifadə edə bilirlər. Bu, onların idmanda gələcək inkişafı üçün bir növ bazadır. Cüdoda yüzdən çox texnika var və məşqçilər onların hər birini tədricən öz tələbələrinə çatdırmalıdırlar ki, onların tələbələri gələcəkdə uğur qazansınlar. Cüdo idman növü ilə məşğul olanların 80 faizi uşaqlardır. Uzun illərin təhsilinin və gərgin məşqlərin zirvəsi isə yeni başlayan idmançıların nümunə götürdüyü Olimpiya və dünya çempionlarıdır.
Bu sahədə dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan isə bu məsələdə ön sıralardadır. Hər mərtəbəsində tatami gördüyümüz üç mərtəbəli binada sizinlə söhbət edirik. Bu, əsl cüdo fabrikidir.
- Beynəlxalq Cüdo Federasiyasının Akademiyası Azərbaycanla yanaşı bir çox ölkələrdə təlimlərdə iştirak edib. Bu təlimlərin hansı ölkəyə xüsusi təsiri olub?
- Azərbaycanla həmsərhəd olan dövlətləri - Türkiyə və Gürcüstanı qeyd etmək istərdim. Sizə çox yaxın olan Türkiyədə bunun nəticəsini açıq şəkildə hiss etdik. Türkiyə BCF Akademiyanın kursunu dövlət dilinə tərcümə edən ilk ölkə olub. Son iki ildə proqram çərçivəsində orada yüzdən çox məşqçi hazırlanıb, onlardan bəziləri idman karyerasını yenicə başa vurub. Azərbaycanla qonşu olan Gürcüstanda da cüdo çox inkişaf edib. Orada da məşqçilər bizim akademiyanın proqramını keçib və məzunların bir qismi indi uşaqlara bu idmanı öyrədirlər. Bu günə qədər Gürcüstanda cüdo yarışlarında, o cümlədən dünya çempionatlarında parlamağı bacaran bütöv bir idmançı ordusu yetişib.
- Azərbaycan cüdo məktəbinin vəziyyətini necə qiymətləndirirsiniz?
- Qafqaz cüdoçularına xas olan əsas keyfiyyətlərdən biri güləş ruhudur. Bu keyfiyyət qandadır, milli dəyərlərlə, mədəniyyətlə ötürülür. Azərbaycan idmançılarının döyüşlərin nəticəsini son saniyələrdə necə həll etməsini, müxtəlif möhtəşəm hərəkətlərlə rəqiblərini darmadağın etməsini və medallar qazanmasını izləmək çox maraqlıdır. Bunu öyrətmək mümkün deyil, çünki bu, genetik səviyyədədir. Mötəbər yarışlarda idmançılarınızın cəldliyini görmüşük. Bu təcrübəni mütləq gələcək nəsillərə ötürmək lazımdır.
- Azərbaycanda yalnız bir dünya, iki olimpiya çempionu var. Hər olimpiadada idman həvəskarları qızıl medal arzulayır. Azərbaycanda bu idman növünün gələcəyini necə görürsünüz?
- Bunun üçün sizdə hər şey var: maliyyə, çempionların yetişdirilməsi üçün infrastruktur və əlbəttə ki, idman kadrları. Üstəlik, komandanın nəticələri sabitdir, demək olar ki, idmançılar bütün yarışlarda bərabər və inamlı çıxış edirlər. Hər dövrdə milli komandanın heyətindən bir neçə istedadlı idmançı meydana çıxır. Buna görə də yeni böyük qələbələrin çox da uzaqda olmadığı şübhəsizdir. Sadəcə inanmaq və davam etmək lazımdır.
- Son illər olimpiadadan sonra BCF qaydalarda dəyişiklik edir. “Paris 2024”dən sonra cüdo qaydalarında dəyişiklik gözlənilirmi?
- Adətən, hər dövrdə idmançıların tədricən öyrəşdiyi dəyişiklikləri yoxlamaq üçün bizə bir il vaxt lazım olur. İndi bizim belə imkanımız yoxdur və Parisə qədər hər şey olduğu kimi qalacaq. Amma Olimpiya Oyunlarından sonra cüdo idman növünün gələcək inkişafı üçün müəyyən fikirlər var. Məsələn, hamı rəqiblərin fədakarlıqla vuruşduğu və xəbərdarlıq almadığı möhtəşəm döyüşlər görmək istəyir. Cüdonu daha cəlbedici edəcək dəyişikliklər barədə düşünmək yaxşı olar.
MƏSLƏHƏT GÖR: