25 Dekabr 2024

Çərşənbə, 23:50

ZƏLZƏLƏNİN İQTİSADİ FƏSADLARI

Dağıdıcı zəlzələnin Türkiyəyə vurduğu zərərin həcmi 50 milyard dolları aşa bilər

Müəllif:

01.03.2023

Şübhəsiz ki, Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ, ilk növbədə, böyük insan faciəsidir. Milyonlarla insan bir gecədə evsiz qalıb və normal həyat üçün lazım olan hər şeydən məhrum olub. Bu baxımdan şəhər və kəndlərin bərpası imkanlarını qiymətləndirmək üçün iqtisadçılar dəymiş ziyanı tez bir zamanda  hesablamalıdırlar...

ABŞ investisiya bankı “JPMorgan” zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına birbaşa zərərin azı 25 milyard dollar olacağını proqnozlaşdırıb. Digər beynəlxalq və türkiyəli analitiklər isə bu il üçün ölkə ÜDM-nin 1-3% itki ilə üzləşəcəyindən bəhs edirlər.

Bundan başqa, qlobal iqtisadiyyatda da qısamüddətli mənfi tendensiyalar qeydə alınıb. Ekspertlərin fikrincə, Türkiyədəki böhranın onun ticarət tərəfdaşı olan ölkələrə də multiplikativ təsiri mümkündür.

 

Fərqli proqnozlar

Kahramanmaraş və Qaziantepdə baş verən zəlzələ nəticəsində dəymiş ziyanın miqdarı və miqyası ilə bağlı hələ dəqiq hesablamalar yoxdur. Lakin ABŞ-ın “Morgan Stanley” bankının hazırladığı hesabatda qeyd edilib ki, təkcə Türkiyənin mənzil sektorunda birbaşa itkilər təxminən 24 milyard dollar olacaq. Bu bankın hesablamalarına əsasən, bu rəqəm bəzi əlavə xərclər daxil olmaqla, 38 milyard dollara qədər ola bilər. Digər tərəfdən hesablamalar zamanı 13,5 milyona yaxın insanın yaşadığı və işlədiyi təbii fəlakət zonasındakı müəssisələrə dəymiş iqtisadi zərər nəzərə alınmayıb. Bu da Türkiyənin iqtisadi aktivliyinin az qala 10%-ni təşkil edir.

Təbii fəlakətlərin modelləşdirilməsi ilə məşğul olan “Karen Clark & Company” isə bəyan edib ki, zəlzələ nəticəsində sığorta itkiləri təxminən 2,4 milyard dollar təşkil edə bilər.

“Türk Girişim və İş Dünyası Konfederasiyası” (TÜRKONFED) təbii fəlakətdən 4 gün sonra açıqladığı ilkin hesabatda dəymiş ziyanı 84 milyard dollardan çox və ya ölkənin ÜDM-in, təxminən, 10%-i kimi qiymətləndirib. Onun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəymiş ziyan 70,8 milyard dollara bərabərdir. Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq. Üstəlik, işçi qüvvəsi ilə bağlı itkilər 2,9 milyard dollara başa gələcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə Türkiyə ÜDM-in 1%-ə qədər azalacağını proqnozlaşdırıb. Bank analitikləri hesab edirlər ki, bu rəqəm 2023-cü ilin sonunda bərpa səylərində gözlənilən artım səbəbiylə ağlabatan təxmindir, çünki bu, infrastruktur və təchizat zəncirlərinə mənfi təsiri kompensasiya edəcək.

“Zəlzələ əsasən kənd təsərrüfatı sahələrinə və yüngül sənayenin olduğu ərazilərə təsir edib və buna görə də digər sektorlarda yan təsirlər məhduddur”, - AYİB-in baş iqtisadçısı Beata Yavorçik “Reuters” agentliyinə bildirib.

Hər halda, bu bank artıq 2023-cü il üçün Türkiyə ÜDM-in artımı ilə bağlı proqnozunu 3,5%-dən 3%-ə endirib. Xatırladaq ki, Türkiyə Avropa və Yenidənqurma İnkişaf Bankının maliyyə vəsaitlərini ən çox əldə edən ölkələrdən biridir.

Bundan başqa, əvvəllər Beynəlxalq Valyuta Fondunun ekspertləri bu il Türkiyə iqtisadiyyatının 3% artacağını gözləyirdilərsə, indi onların əksəriyyəti bu göstəricinin azı üçdə bir azalmasından danışır.

Dünya Bankının iqtisadçıları isə ABŞ mediasına müsahibələrində bildiriblər ki, böyük təbii fəlakətlərdən sonra özəl və dövlət sektorunun bərpası üçün, bir qayda olaraq, iqtisadiyyata investisiyalar qoyulmalıdır. Beləliklə, bu, nominal olaraq ölkənin ÜDM-in səviyyəsinin saxlanılması demək olacaq. Lakin Dünya Bankı son hesabatında Türkiyə iqtisadiyyatının itkisini 34,2 milyard dollar səviyyəsində qiymətləndirir. Bu da ölkənin 2021-ci ildəki ÜDM-in 4%-nə bərabərdir. Eyni zamanda davam edən afterşoklar üzündən bu məbləğin artması mümkündür. Üstəlik, təbii fəlakətin nəticələrinin aradan qaldılması və bərpası Türkiyəyə baha başa gələ bilər.

“Bərpa və yenidənqurma xərcləri daha yüksək, bəlkə də, iki dəfə çox olacaq. İqtisadi pozulmalarla bağlı ÜDM itkiləri də zəlzələ nəticəsində xərcləri artıracaq”, - Dünya Bankının hesabatında qeyd edilib.

 

Multiplikativ effekt

Türkiyə iqtisadiyyatı üçün, belə demək mümkünsə, təsəlliverici məqam da var. Belə ki, zəlzələdən 14 milyona yaxın əhalisi olan böyük bir ərazi zərər görsə də, əslində, ölkə iqtisadiyyatının əsas müəssisələri həmin bölgədə cəmləşməyib və bu region turizm istiqaməti deyil.

Yeri gəlmişkən, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, zərərçəkmiş 11 əyalətdən ibarət bölgənin ÜDM-dəki payı cəmi 9,8% təşkil edir. Fəlakət zonasındakı bölgənin iqtisadiyyatı əkinçilik, heyvandarlıq, sənaye istehsalı, xüsusilə də tekstil, metallurgiya və energetika sahələri sayəsində formalaşır. Məsələn, Türkiyədə istehsal olunan ipliyin 36%-i Kahramanmaraşın, dünyada xalça istehsalının 60%-i Qaziantepin payına düşür. Üstəlik, Qaziantep Yaxın Şərq bazarları üçün ixrac bazasıdır. Ölkədəki sitrus meyvələrinin üçdə biri Adanada istehsal olunur və Türkiyənin ən böyük polad zavodu Hatayda yerləşir.

Türkiyəli iqtisadçı Erinç Yeldan müsahibəsində bildirib ki, Türkiyənin əsas istehsal gücü qərb bölgələrində cəmləşdiyi üçün zəlzələdən zərərçəkmiş ərazilərin sənaye və kənd təsərrüfatı sahələrindəki itkilərinin ölkə iqtisadiyyatına təsiri məhdud olacaq.

Tanınmış türkiyəli iqtisadçı Hayri Kozanoğlu isə hesab edir ki, 2022-ci ilin sonuna olan göstəricilərə əsasən zəlzələdən zərərçəkmiş vilayətlərin ixracatdakı payı 8,72% təşkil edib və bu rəqəm 19,76 milyard dollara bərabərdir: “İkinci dərəcəli effektlərə gəlincə, bərpa xərclərinin əsasən dövlət büdcəsi hesabına ödəniləcəyi güman edilir ki, bu da təbii olaraq onun kəsirinin artmasına səbəb olacaq. Ən çox təsirlənən 5 əyalətdə vergi itkilərinin büdcəyə təsiri məhdud olsa da, büdcədə əlavə 15 milyard dollarlıq kəsir gözlənilir”.

Onun sözlərinə görə, bunun 5 milyard dollarının xarici yardım və beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına təmin ediləcəyi gözlənilir. İqtisadçının fikrincə, bütün amillər nəzərə alınsa, dəymiş ziyanın yekun məbləği 70 milyard dollara qədər arta bilər.
Bu arada, demək olar ki, bütün ekspertlər bu il Türkiyə iqtisadiyyatının valyuta və inflyasiya böhranları ilə üzləşə biləcəyini düşünürlər. Məsələn, iqtisadçı Murat Kubilayın fikrincə, bərpa işləri üçün iqtisadiyyata pul yatırmaq zərurəti nəzərə alınsa, bu il üçün 20%-lik inflyasiya proqnozu iki dəfə artırıla bilər.

Analitiklərin fikrincə, Türkiyə iqtisadiyyatının digər zəif nöqtəsi 2022-ci ildə artıq 110,2 milyard dollara çatan xarici ticarət kəsiridir.

Qeyd edək ki, zəlzələdən dərhal sonra Türkiyə hökuməti iqtisadiyyata mənfi təsirləri bir növ cilovlamaq üçün addımlar atmağa başlayıb. Belə ki, fevralın 8-də Türkiyə birjası 24 ildən sonra ilk dəfə olaraq ölkə şirkətlərinin səhmlərinin panik dalğalanmalara məruz qalmaması üçün ticarəti fevralın 14-ü axşama qədər dayandırıb. Türkiyə Mərkəzi Bankı isə əsas faiz dərəcəsini 0,5% azaldaraq 8,5%-ə endirib. Bu ölkənin tənzimləyicisi bəyan edib ki, aşağı borclanma xərcləri, hətta inflyasiya tüğyan etdiyi bir vaxtda da fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı səyləri dəstəkləyəcək: “Zəlzələnin qısa müddətdə iqtisadi fəaliyyətə gözlənilən təsirinə baxmayaraq, onun ortamüddətli perspektivdə Türkiyə iqtisadiyyatının göstəricilərinə davamlı təsir göstərəcəyi təxmin edilmir”.

 

Müvəqqəti çətinliklər

Türkiyənin cənubunda baş verən dağıdıcı yeraltı təkanlar dünya iqtisadiyyatına da təsir edib. Buraya, xüsusilə neftin, həmçinin sement və betonun qiymətlərindəki artım daxildir. Belə ki, Türkiyənin Ceyhan dəniz limanının bağlanmasından sonra neft bahalaşıb. Məlum olduğu kimi, burada Türkiyənin ən böyük neft emalı zavodlarından biri yerləşir. Liman başqa məhsullarla yanaşı, İraq və Azərbaycan neftini də ixrac edir. “S&P Global Commodities at Sea” tərəfindən aparılan araşdırmada deyilir ki, bu ölkələrdən Ceyhan vasitəsilə dəniz yolu ilə xam neft ixracatı yanvarda gündəlik orta hesabla 1 milyon barel təşkil edib.

Agentliyin hesabatında qeyd edilib ki, neftin dünya qiymətləri sıçrayışdan bir neçə gün sonra stabilləşib: “Türkiyənin Aralıq və Qara dənizlər arasında mühüm mövqeyinə görə zəlzələ nəticəsində dəymiş ziyan gəmiçilik sektoruna da təsir edir. Türkiyənin Aralıq dənizi sahilindəki İsgəndərun limanına zəlzələ və daha sonra konteyner yanğınları ciddi ziyan vurub. Bu, əməliyyatların dayandırılmasına və “Maersk” kimi qlobal logistika şirkətlərinin daşımalarına təsir göstərib”.

“Maersk” şirkəti bəyan edib ki, bərpa işlərinin nə qədər davam edəcəyi və limanın zədələnməsi ilə bağlı tam yoxlanılmasının nə vaxt bitəcəyi hələ məlum deyil: “Hazırda İsgəndəruna və oradan yeni sifarişlər qəbul etmirik”.

Bu arada, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Hari Cons məlumat vermişdi ki, zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə hissəsinin operatoru və Ceyhan terminalı neftin tankerlərə yüklənməsi üzrə əməliyyatları müvəqqəti dayandırıb. Yükləmə əməliyyatlarının təhlükəsiz olduğundan əmin olmaq və prosesi yenidən başlamaq bir həftə vaxt aparıb.

“Bu müddət ərzində neftin Ceyhana nəqli davam edib. Neft oradakı anbarlarımızda toplanılmışdı”, - H.Cons bildirib. Tədricən neftin terminaldan daşınması əvvəlki rejimdə bərpa edilib.

Əlbəttə ki, yaranan vəziyyətlə əlaqədar Qazaxıstan neftinin BTC-yə tədarükü də dayandırılmışdı.

“Fevralın 7-də “QazTransOil” SC-yə Ceyhan dəniz terminalında yüklənmə əməliyyatlarının müvəqqəti dayandırılması ilə əlaqədar fors-major hallara dair xəbərdarlıq daxil olub. Bununla əlaqədar, daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunmaqla Aktau limanından Bakıya neft ixracı dayandırılıb”, - şirkətin məlumatında bildirilib.

Beləliklə, ekspertlərin fikrincə, Türkiyə bu gün Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu üçün onun iqtisadiyyatında baş verən hər hansı hadisə, üstəlik, daha ciddi sarsıntılar bizim üçün izsiz keçə bilməz. Amma əsas məhsulların tədarükündə ciddi dəyişiklik gözlənilmir. Qarşılıqlı turist axını ilə bağlı proqnozlar daha çox sırf psixoloji aspektlər üzündən korreksiyaya məruz qala bilər.

Hər halda, Türkiyə Azərbaycanın iqtisadi sahədə qarşılıqlı əlaqələr daxil olmaqla, çox önəmli və yaxın tərəfdaşıdır. Buna görə də, bu istiqamətdə hər hansı çətinliklər qarşılıqlı dəstək yolu ilə həll olunacaq. Burada əsas məsələ fəlakətin humanitar nəticələrinin tez bir zamanda aradan qaldırılması və zərərçəkənlərin normal həyatının təmin olunmasıdır.



MƏSLƏHƏT GÖR:

129