29 Mart 2024

Cümə, 02:30

KRAKOV-2023

Polşa Rusiya və Belarusun iştirak etməyəcəyi üçüncü Avropa Oyunlarına hazırlaşır

Müəllif:

15.03.2023

2015-ci il dünya idmanına yeni kütləvi yarış əlavə olunub. Əsası Azərbaycanda qoyulan ilk Avropa Oyunları qitənin ən nüfuzlu turnirləri sırasına qatılıb. İkinci Avropa Oyunları 4 il sonra Belarusun Minsk şəhərində baş tutub. Bu il sayca üçüncü olacaq Avropa Oyunları Polşanın Krakov və Malopolska şəhərlərində keçiriləcək.

Qitə oyunlarına 3 ay vaxt qalmasına baxmayaraq, Təşkilat Komitəsi bir sıra mühüm məsələləri həll etməyib. Hətta oyunların proqramı tam təsdiqlənməyib. İdmançılar üçün Polşadakı Avropa Oyunları əsl sınaq məkanı olacaq. Çünki əksər növlərdə Paris Olimpiadasına lisenziya qazanmaq imkanı var. Lisenziya xarakteri daşıdığına görə oyunlarda güclü rəqabətin olacağı gözlənilir.

 

Komandaların şansları

Qarşıdan gələn Avropa Oyunlarının proqramına kamandan oxatma, 3x3 basketbol, sinxron üzgüçülük, atletika, badminton, çimərlik həndbolu, çimərlik futbolu, boks, breykdans, avarçəkmə, dalğıc idmanı, qılıncoynatma və digər idman növləri daxildir.

Təəssüf ki, keçiriləcək yarışların siyahısında Azərbaycan idmançılarının ənənəvi idman növü olan güləş yoxdur. Bu idman növündə idmançılarımız həmişə medallar qazanır və dünya reytinqlərində lider mövqeləri tuturlar. Buna görə də güləşin olmaması Avropa Oyunlarında komandamızın medal sayına ciddi təsir göstərəcək. Eyni zamanda son illər ölkəmizdə inkişafda olan gimnastika da qitə oyunlarının proqramına daxil edilməyib.

Əvvəlki Avropa Oyunlarında cüdo yarışları həm də qitə çempionatı statusu daşıyırdı. Mükafatçılara iki medal verilirdi. Bu il isə cüdoda ancaq komanda yarışları keçiriləcək. Bu səbəbdən, Azərbaycan cüdo yarışlarında təmsil olunmayacaq. Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu qərarı belə izah edib: “Bu il Avropa Oyunlarında ancaq qarışıq komanda yarışları olacaq. Çox güman orada iştirak etməyəcəyik. Çünki qızlar arasında ağır çəkili idmançımız yoxdur. Həmin dövrdə cüdoçularımız mötəbər yarışlara hazırlıq prosesində olacaq”.

Sumo güləşinin III Avropa Oyunlarının proqramına daxil edilməsinə baxmayaraq, bu növdə yarış müsabiqədən kənar qaydalarla keçiriliəcək. Avropa Sumo Federasiyası hazırda sumonun əsas proqramda olması üçün danışıqları davam etdirir. Qeyd edək ki, yarış müsabiqədən kənar keçiriləcəyi təqdirdə idmançılara medal və diplom verilməyəcək.

Avropa Güləş Birliyi də oyunlarda təmsil olunmaq üçün danışıqlara başlayıb. Qitə təşkilatı güləşin Polşadakı yarışda oyunların proqramına daxil edilməsi üçün müraciət ünvanlayıb. Yunan-Roma, sərbəst və qadın güləş növlərindən, heç olmasa, ikisinin Avropa Oyunlarına daxil olunması müzakirə obyektinə çevrilib. Polşa tərəfi bunun üçün əlavə idman qurğusunun və könüllülərin lazım olacağını bildirib. Digər tərəfdən idman növlərinin sayı artacağı halda yarış müddətinin uzadılması əlavə problemlər yaradacaq. Yarışın təşkilatçıları idman növləri ilə bağlı son qərarı apreldə qəbul edəcəyini açıqlayıb.

Azərbaycan idmançıları Polşadakı Avropa Oyunlarına növbəti aydan etibarən hazırlaşmağa başlayacaq. Mayda artıq nümayəndə heyətinin sayı və təmsil olunacağımız idman növləri dəqiqləşəcək. Avropa Oyunlarına ən erkən hazırlığıa kikboksçular qoşulub. Xüsusi proqramla hazırlaşan kikboksçular Polşaya yollanmazdan əvvəl təlim-məşq toplanışında iştirak etməyi planlaşdırır. İndidən söyləmək olar ki, idmançılarımız əsasən boks, karate və kikboksda medal qazanmağa namizəd sayılacaq. Padel, tekbol kimi yeni yaranan növlərdə medal şanslarımız yüksək deyil.

 

Qənaətcil oyunlar

Krakov şəhərinin meri Yaçek Mayxrovski Polşa televiziyasına müsahibəsində Avropa Oyunlarını maksimum qənaətlə keçirmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə əsasən yarışa görə əlavə infrastruktur inşa olunmayacaq: “Avropa Oyunları Bakı və Minskdə yüksək səviyyədə təşkil olunub. Hər iki ölkədə yeni obyektlər inşa olunub və ya bərpa edilib. Krakov və Malapolskada buna ehtiyac yoxdur. Bizim idman qurğularımız var. Çalışmalıyıq bizdə olan arenalardan istifadə edək. Yenisini inşa etməyə pul xərcləmək lazım deyil. Oyunların bayram kimi keçirilməsinə çalışacağıq. Hazırda müasir dünyada kütləvi idman yarışları həm sülhün çarçısıdır”.

Krakov və Malapolska şəhərlərinin ortaq ev sahibliyi edəcəkləri Avropa oyunlarının maskotları artıq ictimaiyyətə təqdim olunub. Müsabiqədə “Krakuşek” adlı əjdaha və “Salamandra Sandra” adlandırılan kərtənkələ maskot kimi seçilib. Hər iki maskotun ortaq şüarı isə “Biz birlikdəyik!” olacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsinə əsasən Rusiya və Belarus idmançıları Polşadakı Avropa Oyunlarına buraxılmayacaq. Yarışlarda 48 ölkədən 2000-dən çox idmançının iştirak planlaşdırılır. 29 idman növü üzrə yarışlar 24 kompleksdə baş tutacaq.


MƏSLƏHƏT GÖR:

62