Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan paytaxtı aprelin 28-30-da keçiriləcək növbəti “Formula 1” yarışlarına hazırlaşır. Dünyanın diqqət mərkəzində olacaq “Formula 1” üzrə Azərbaycan Qran prisi yarışın qalibini müəyyənləşdirmək baxımından çox önəmli olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) artıq trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayıb. Tikinti-quraşdırma işləri yarış həftəsinə qədər davam edəcək. Yollarda ciddi tıxaca səbəb olmamaq üçün tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçirilir.
Yarışa hazırlıq çərçivəsində “Formula 1”in keçirilməsində vacib rol oynayan könüllülərin müsahibə mərhələsi başa çatıb. İlkin mərhələdə 10 mindən çox könüllü mötəbər yarışın təşkilati işlərində iştirak etmək istəyini bildirib. Bakı Şəhər Halqası hər gün 200 könüllünün təlimdə iştirak etdiyini açıqlayıb. Bu təlimlərin nəticələrinə əsasən yarışa buraxılacaq 1500 nəfərin adları açıqlanacaq.
Rekord sayda bilet satışı
Təşkilatçılar məlumat veriblər ki, fevralın sonunadək “Formula 1”in 3 tribunasına biletlər artıq tamamilə satılıb. Amma digər tribunalarda (“İçərişəhər”, “Azneft”, “Muğam”, “Qız qalası”, “Xəzər”, “Bulvar”) hələ boş oturacaqlar var və avtoidman həvəskarları bilet almağa tələssələr, yarışı oradan izləyə biləcəklər. Son iki ayda biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə bağlıdır. Digər tərəfdən pilotlar üçün ən çətin yarış zolağı məhz Bakı trekidir.
Bakı Şəhər Halqasının rəsmi məlumatına əsasən, 2023-cü ildə yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edilir. Bunu yarışı televiziyadan deyil, birbaşa tribunadan izləmək istəyən əcnəbi azarkeşlərin sayının artması da təsdiqləyir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb.
Hazırda dünyanın 100-ə yaxın ölkəsindən biletlər alınır. Buraya Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan və digər ölkələr daxildir. İlk üç sırada isə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.
Sprint yarışlarla bağlı adrenalin
“Formula 1” ekspertləri Bakının bu il də ənənəyə sadiq qalaraq ən həyəcanlı yarış məkanı adını qoruyacağını proqnozlaşdırır.
Şübhəsiz ki, rekord bilet satışında Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı, ilk dəfə sprint yarışlarına ev sahibliyi etməyimizin də rolu var.
Sprint yarışları ötmə və yüksək sürətlə yarışmaq imkanları olan traslarda keçirilir, onlar xüsusi dramatikliyi ilə yadda qalır və geniş pərəstişkarları cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından sayılan Azərbaycan Qran prisi də bu siyahıda yer alıb.
Ümumiyyətlə, 2023-cü ildə keçiriləcək sprint yarışlarının sayı iki dəfə artırılaraq altıya çatdırılıb. Beləliklə, “Formula 1” Azərbaycan Qran prisi çərçivəsində təqvimdə ilk sprint yarışı məhz Bakıda baş tutacaq.
“Son iki ildə keçirilən sprint yarışları ilə bağlı azarkeşlərdən müsbət reaksiya aldıq. Növbəti mövsümdə altı sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Onlar üç günlük yarış həftəsonunu avtoidman həvəskarları üçün daha rəqabətli və həyəcanlı edir. Eyni zamanda inanıram ki, sprint formatı bizim əsas tərəfdaşlarımıza – “Formula 1” komandalarına, yayımçılara və ev sahibliyi edən ölkələrə fayda verəcək”, - “Formula 1” prezidenti Stefano Domenikali bu yaxınlarda bildirib.
İdman bayramı
Bakı yarışlarına gəlincə, Azərbaycan bunu hər zaman bayram kimi təşkil edir. Axı, “Formula 1” həmişə idman həvəskarları üçün bayram olub və faktiki belə olaraq qalır. Bakı Şəhər Halqasında girintili-çıxıntılı küçələr, yoxuşlar, enişlər və başgicəlləndirici döngələrlə hərəkət marşrutu haqlı olaraq şəhər yarışları arasında ən sürətli və gözlənilməz sayılır.
Etiraf etməliyik ki, 2016-cı ildə debütdən bəri bu yarış bütün gözləntiləri aşa bilib, “Formula 1” aləmində şəhər yarışlarının ətrafındakı stereotipləri qırmağa nail olub. Gözlənilməz finişə görə Bakı yarışı azarkeşlərin hər il səbirsizliklə gözlədiyi yürüşlərdən birinə çevrilib. Bu il “Gözlənilməzə hazır ol” adı altında keçiriləcək yarış ənənəni davam etdirərək azarkeşlərə daha bir unudulmaz həftəsonu bəxş edəcək.
Xatırladaq ki, “Formula 1” üzrə Dünya çempionatının Azərbaycan mərhələsində indiyədək altı fərqli pilot qalib gəlib. Bu baxımdan, Azərbaycan Qran prisi gözlənilməzlərin baş verdiyi yarış titulunu qorumağı bacarıb. “Bakı sindromu” kimi tanınan bu termin F1 azarkeşləri arasında populyardır. 6,003 kilometrlik trek uzunluğu ilə Bakı hazırkı “Formula 1” təqvimində dördüncü ən uzun trekdir, həmçinin sıralanma turunda Luis Hamilton və Çarlz Leklerin qəzaya uğradığı məşhur “qala hissəsində” ən dar döngəyə (7,6 m) malikdir.
Bundan başqa, Bakı yarışı ən sürətli şəhər yarışlarından biridir. F1 trekləri arasında ən uzun sürət düzlüyü (2,2 km) məhz Bakıdadır və qeydə alınan rəsmi maksimal sürət (Valtteri Bottas, “Williams” komandası) 366 kilometr saatdır.
Lakin Bakı qlobal “Formula 1” ailəsini təkcə treklə təəccübləndirmir. Yarışı yerində və ya evdən izləyən tamaşaçılar heyrətamiz şəhər fonunda baş verən bu möhtəşəm idman tədbirində tamam fərqli təcrübə yaşayırlar. F1 pilotlarının UNESCO tərəfindən qorunan İçərişəhər, eləcə də şəhərin müasir siluetini və gözəl Xəzər dənizi mənzərəsini özündə birləşdirən Bakının mərkəzinin mənzərəli küçələrində yarışması yarışa xüsusi maraq qatır.
Qeyd etdiyimiz kimi, Bakı bu il ilk dəfə olaraq sprint yarışına ev sahibliyi edəcək. Bununla da, azarkeşlər üç gün ərzində rəqabətin yüksək həddə yüksəldiyi yarışdan maksimum zövq ala biləcəklər.
“Formula 1” üzrə Azərbaycan Qran prisi üçillik fasilədən sonra, nəhayət ki, azarkeşlərin yarış həftəsi səbirsizliklə gözlədiyi konsert proqramını geri gətirir. Bakıdakı “Formula 1” yarışında elektronik rəqs musiqisinin ulduzlarından hesab olunan niderlandlı DJ, musiqi prodüseri və qlobal fenomen Hardvell çıxış edəcək.
MƏSLƏHƏT GÖR: