27 Aprel 2024

Şənbə, 01:41

SAMMİTDƏN SAMMİTƏ

Martın əvvəlində Bakı eyni vaxtda ali səviyyəli iki beynəlxalq görüşə ev sahibliyi edib

Müəllif:

15.03.2023

Bakıda 1 həftə ara ilə iki miqyaslı tədbirin keçirilməsi Azərbaycanın bəşəriyyətin böyük hissəsini narahat edən məsələləri gündəmə gətirmək əzminin növbəti göstəricisi sayıla bilər. O məsələlərin ki, dünya gücləri arasında qarşıdurmanın getdikcə qızışması fonunda planetin aparıcı dövlətləri tərəfindən lazımi diqqət göstərilmir.

Sivilizasiyalararası dialoq problemi, üçüncü dünya ölkələrinin ən mühüm problemlərinin həlli, yoxsulluqla və sərvətlərin ədalətsiz bölünməsi ilə mübarizə Azərbaycan paytaxtında keçirilmiş çoxsaylı forumlarda gündəmə gətirilmiş mövzulardır.

 

Kontakt var!

Məsələn, martın əvvəlində keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü COVID-19 pandemiyasının yaratdığı problemlər və pandemiyadan sonrakı qlobal bərpa dövrünə həsr edilmişdi. Görüşdə təxminən 70 dövlət və hökumət başçısı, həmçinin aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi.

Hərəkatın sədri, Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında Bakının atdığı operativ addımların Qoşulmama Hərəkatını pandemiya ilə bağlı çağırışlara hərtərəfli cavabın verilməsi üçün səfərbər etdiyini deyib, bunun, şübhəsiz ki, beynəlxalq arenada qurumun nüfuzunu artırdığını söyləyib.

Dünyanın COVID-19 pandemiyasının yaratdığı görünməmiş problemlərlə mübarizəni hələ də davam etdirdiyi nəzərə alınaraq bildirilib ki, onun fəsadları ilə mübarizədə səylərin birləşdirilməsi, effektiv tədbirlərin görülməsində aparıcı rolu məhz Qoşulmama Hərəkatı oynayıb. Yalnız onu xatırlatmaq kifayətdir ki, BMT Baş Assambleyasının bu bəlanın nəticələrinin aradan qaldırılması ilə bağlı fövqəladə sessiyasının keçirilməsinin təşəbbüskarı məhz Azərbaycan olub. Bu, inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi problemlərinin gündəmə gətirilməsinə, pandemiya dövründə üçüncü dünya ölkələrində resursların çatışmadığına diqqət çəkilməsinə imkan verib.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə 2019-cu ildə, dünyanın qlobal fəlakət yaşadığı kritik dövrdə başlayıb. Buna baxmayaraq, Bakı inkişaf etmiş dövlətlərin diqqətini inkişaf etməkdə olan, hər hansı köməyi olmadan fəlakətlə baş-başa qalmış ölkələrdə yaşanan faciəvi vəziyyətə cəlb etmək üçün hərəkat üzvlərinin maraqlarını BMT səviyyəsində müdafiə edə bilib.

Azərbaycan Prezidenti bir sıra aparıcı dövlətləri açıq şəkildə peyvənd millətçiliyində günahlandırıb, üstəlik, bunu konkret faktlarla ifadə edib. O, çıxışlarından birində deyib: «İnkişaf etmiş ölkələr dünya əhalisinin 14%-ni təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53%-ni sifariş ediblər. Yəni bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir».

Bakı inkişaf etmiş ölkələri peyvənd və digər kritik vacib müdafiə vasitələrinə görə patent və intellektual hüquqlardan imtinaya çağırıb. Prezident İlham Əliyev həyati əhəmiyyətli qoruma vasitələrinin, o cümlədən bütün dünyada qiymət baxımından da əlçatan olmasının vacibliyini bildirib, buna görə də onların milliləşdirilməsindən imtina edilməli olduğunu söyləyib. Əksər müşahidəçinin fikrincə, bu, mütləq məsuliyyət hissini, Azərbaycanın təşkilatçılığının təsirini və liderlik keyfiyyətləri nümayiş etdirir.

 

Köhnə hərəkatın yeni həyatı

Bu gün postpandemiya dövründə də Qoşulmama Hərəkatının ümumi əməkdaşlıqda, üzvlərin maraqlarının təminində aparıcı rol oynaması həm də Azərbaycanın sədr kimi fəallığı ilə əlaqəlidir. İlham Əliyev qurumun Bakıda keçirilən sammitində bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq hədəfi ədalətin və beynəlxalq huququn müdafiəsidir. Dövlət başçısı pandemiya dövründə və ondan sonra qurumun əhəmiyyətini qeyd edib, bütün xalqların suverenliyinə, ərazi bütövlüyünə hörmətə əsaslanan qoşulmama prisipinin qorunub saxlanmasının vacibliyini bildirib. Azərbaycan öz prezidentinin liderliyi altında xüsusilə Cənubi Qafqazda regional əməkdaşlıq və sabitliyə yönəlmiş səylər də göstərib. Məhz Bakının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılıb və burada məqsəd inklüzivliyin təmini, üzv dövlətlər arasında koordinasiyanın təkmilləşdirilməsidir. Bakı 2022-ci ildə Qoşulmama Hərəkatının Şuşada keçirilmiş konfransında qurumun Gənclər təşkilatının yaradılmasında da əsas rolu oynayıb.

Xatırladaq ki, «soyuq müharibə»dən sonra Qoşulmama Hərəkatı öz əhəmiyyətini qismən itirmişdi, çünki yeni şəraitdə hərəkatın «qlobal faydalılığı» tədricən azalırdı. XXI əsrdə təhlükəsizliyə qeyri-ənənəvi təhdidlərin yaranması ilə qurum dövrün tələblərinə uyğunlaşıb və bu çağırışlara xüsusi yanaşma formalaşdırıb. Bu gün Qoşulmama Hərəkatı hesab edir ki, onun dəyərlərinə təhlükə var və suverenliyin, ərazi bütövlüyünün pozulması hallarının da daxil olduğu beynəlxalq təhlükəsizlik normalarına bu da öz təsirini göstərir.

Bundan başqa, hərəkatın son sammiti Şərqlə Qərb arasında qarşıdurmanın artması fonunda beynəlxalq təhlükəsizlik sisteminin eroziyaya uğraması ilə bağlı narahatlıqları da ortaya qoyub.

Azərbaycan Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci nəhəng beynəlxalq quruma çevrilməsi, bununla da, dövlətlərarası məsələlərdə nəzərəçarpacaq və effektiv rol oynaya bilməsi üçün əlindən gələni edir. Qurum bundan sonra da qeyri-hərbi blok statusunu qorumaq, yeni dünya düzənində bu statusla çıxış etmək niyyətindədir.

Məhz bu səbəbdən Bakının sammitin təşkilindəki məqsədlərindən biri də beynəlxalq birliyin diqqətini BMT-də islahatlar mövzusuna çəkmək idi. Azərbaycanda hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasında bir daimi üzv yeri Qoşulmama Hərəkatı üzvlərinə ayrılmalıdır. Bakı BMT TŞ-də Afrikanın da təmsil olunmasını dəstəkləyir.

Bu kontekstdə dövlət başçısı Prezidenti İlham Əliyev ilə BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Tsaba Körösi arasında görüş də olub. Görüşdə İ.Əliyev yalnız BMT-nin ali orqanlarında islahatlar məsələsinə toxunmayıb, həm də Azərbaycanın  minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.

 

Qlobal layihələr sammiti

Daha bir vacib hadisə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-11-də keçirilmiş «Dünya bu gün: çağırışlar və ümidlər» mövzusunda X Qlobal Bakı Forumudur. Bir-birinin ardınca bu cür miqyaslı tədbirlərin keçirilməsi Azərbaycanın Bakıda, ilk növbədə, dünya siyasətinin əks mərkəzlərinə daxil olmayan dövlətlər üçün xüsusilə vacib olan mövzular üzrə hərtərəfli dialoq aparmaq üçün tanınan platforma yaratmaq planlarını ortaya qoyur.

Tədbirin açılışında çıxış edən Azərbaycan Prezidenti onu özünün də iştirak etdiyi Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə eyni cərgəyə qoyub.

Gündəliyə toxunan dövlət başçısı iştirakçılara bir həftə əvvəl Bakıda keçirilmiş Qoşulmama Hərəkatı sammitini xatırladıb. O, bildirib ki, Azərbaycan bu quruma sədrlik etdiyi illərdə hərəkatda əsas islahat istiqamətlərini müəyyənləşdirib və bu, ötən il baş vermiş proseslərin təsiri ilə edilib. Söhbət, ilk növbədə, pandemiya və Rusiya-Ukrayna müharibəsindən gedir.

Mövcud təhlükəsizlik institutları ilə bağlı tənqidi danışan İlham Əliyev misal kimi, bir daha ATƏT-in Minsk qrupunu göstərib, onun 25 ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin effektiv həlli yolunu axtarmaqdansa, danışıqlar prosesinin imitasiyası ilə məşğul olduğunu xatırladıb. Prezident bildirib ki, bu qurum fəaliyyətində faktiki olaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində yer almış tələblərə məhəl qoymayıb, nəticədə, İkinci Qarabağ müharibəsi qaçılmaz olub.

Hazırda Azərbaycan tam olaraq elə özünün təklif etdiyi sülh gündəminə köklənib və sülh prosesinin fasilitatorlarının dəstəyini gözləyir. Bununla yanaşı, Bakı bu prosesin yekunu olaraq Qarabağ ermənilərinin Azərbaycanda gedən siyasi-hüquqi proseslərə qayıtmasını gözləyir, bunun tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması şəraitində baş tutacağına inanır.

«Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq», - deyə İlham Əliyev bildirib.

Gələcəkdən danışan dövlət başçısı Bakının Avropanın enerji təhlükəsizliyinin təminində artan rolunu xüsusi vurğulayıb, bu istiqamətdə aparılan işlərin perspektivindən, o cümlədən «yaşıl enerji dəhlizi»nin yaradılmasından, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasından bəhs edib.

Sammit iştirakçıları Azərbaycan Prezidentinin dilə gətirdiyi tezisləri dəstəkləyib, regionda dayanıqlı sülh və əmin-amanlığın bərqərar olması işinə yardım göstərməyə hazır olduqlarını bildiriblər.

Latviya prezidenti Egils Levits çıxışında beynəlxalq hüquq və ərazi bütövlüyünün təməl olduğunu deyib: «Bu, Azərbaycan siyasətinin vacib hissəsidir. Bu forum çərçivəsində Azərbaycan müxtəlif beynəlxalq məsələləri də gündəmə gətirir. Biz bu məsələlər haqda yaxşı məlumatlanmalıyıq. Bu forumda böyük təcrübəyə malik şəxslər iştirak edir».

O, şübhəsiz ki, Qlobal Bakı Forumunun iştirakçıları olan 4 prezidenti, 2 baş naziri, 6 spiker və naziri, BMT-nin düz 5 strukturunun rəhbərlərini, 25 sabiq prezidenti, 21 keçmiş baş naziri, 23 ölkənin xarici işlər naziri müavinlərini və ümumilikdə 61 ölkədən 360 nümayəndəni nəzərdə tutub. Onların iştirakı ilə aparılan diskussiyalar hər zaman maraqlıdır, çünki bu şəxslər böyük təcrübəyə malikdirlər. Bu günün çətin proseslərini anlamaq üçün isə bu təcrübə çox vacibdir, ona ciddi ehtiyac var.

Bakıya gəlincə, o, sammitdən sammitə keçməklə, sadəcə dünya siyasətinin səhifələrinə yaşanan hadisələrin salnaməsini yazmır, həm də ciddi problemlərin həllinə konstruktiv töhfələr verir.



MƏSLƏHƏT GÖR:

64