19 Aprel 2024

Cümə, 11:53

“MƏN REJİSSORAM, BU, MƏNİM İŞİMDİR”

Cavid İMAMVERDİYEV: “Sərəncamınızda belə bir teatr kollektivinin - xor, orkestr, balet, gözəl aktyor truppasının - olması xoşbəxtlikdir”

Müəllif:

15.04.2023

Rejissorla standart söhbət hər zaman onun şəxsiyyətinin təhlili vasitəsilə teatr və ya kinodakı vəziyyəti anlamağa cəhd etməkdir. Əlbəttə ki, o, nə qədər böyük və istedadlı insandırsa, onun şəxsiyyəti haqqında məlumat bizim üçün bir o qədər maraqlıdır. Yaradıcı portretini nəzərdən keçirməyə çalışacağımız Cavid İmamverdiyev özünü hələ uzun müddət qabaq uğurlu rejissor, ssenarist və prodüser kimi təsdiqləyib. Onun peşəkar və yaradıcılıq dosyesində poeziya, müəllif mahnıları, Şən və Hazırcavablar Klubuna həvəs, kino və teatr orqanik şəkildə vəhdət təşkil edir. Mədəniyyət sahəsində qazandığı uğurlara görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cavid İmamverdiyev “Tərəqqi” medalı ilə təltif edilib. O, artıq bir müddətdir ki, zəngin yaradıcılıq təcrübəsindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsində istifadə edir.

- Sizinlə müsahibəmizə başlamamışdan əvvəl peşəkarlıq barədə danışdıq. Siz Mədəniyyət Nazirliyindəki yeni təyinatları nümunə göstərərək həvəskarların dövrünün bitdiyini bildirdiniz. Bəs bu mənada teatrlar və ya daha dəqiq desək, çalışdığınız teatr haqqında nə deyə bilərsiniz?

- Əgər teatrın rəhbərliyindən danışırıqsa, o zaman bizdə ən peşəkar direktorlardan biri, əməkdar incəsənət xadimi Əliqismət Lalayev var. O, uzun illər Polad Bülbüloğlunun dövründə İncəsənət şöbəsinə rəhbərlik edib. Fikrimcə, bu, Mədəniyyət Nazirliyinin qızıl dövrü idi. Mən artıq 30 ildir ki, bu sahədə çalışıram. Teatrımızda çox yaxşı baş dirijorumuz, xormeysterimiz, baş xoreoqrafımız, texniki qrupumuz var. Truppaya gəlincə, bizdə çox istedadlı aktryorlar işləyir. Buraya həm gənc, həm orta yaşlı, həm də ağsaqqal aktyorlar daxildir. Üç il qabaq buraya gələn zaman çox möhtəşəm yaradıcı ab-havaya düşdüm. Peşəkarlıq mövzusunu isə bu fikirlə davam etdirmək istərdim: kimisə öyrətmək, kimdənsə öyrənmək lazımdır. Bu, başqa teatrlarda da baş verir. Bu yaxınlarda Aleksandr Yakovleviç Şarovskinin yubileyi keçirilib... Bir neçə il bundan əvvəl mən Rus Dram Teatrından bir qədər uzaqlaşdım. Doğrudur, o vaxta qədər bu teatrla çox sıx əməkdaşlıq etmişəm. Səmimi şəkildə deyirəm ki, bu teatrın truppası ilə çalışmaqdan böyük zövq almışam. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını uzun müddətdir ki, ziyarət etmirəm. Amma tamamilə qəti şəkildə bilirəm ki, mərhum Azər Paşa Nemətov teatral incəsənətimizin hamisi olub. Gənc Tamaşaçılar Teatrı çox maraqlı teatra çevrilib. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru dostum, istedadlı rejissor Qurban Məsimovdur. Mənə elə gəlir ki, kinodan fərqli olaraq teatrlarda hər şey yaxşıdır!

- Bəs hansı meyarlara əsasən teatrda hər şeyin yaxşı olduğunu düşünürsünüz?

- Çünki tamaşaçılar teatrlara gəlirlər. Məsələn, bu gün bizim teatrda “Bəxtiyar” tamaşası iki dəfə nümayiş etdiriləcək. İnsanlar həm gündüz, həm də axşam göstəriləcək tamaşaya bilet alıblar. Yəni onlar necə deyərlər, qazandıqları manatla onu seçiblər.

- Bəlkə, bu məsələdə tamaşanın adı - bəstəkarı Tofiq Quliyevin olduğu eyniadlı filmlə bağlı xatirələr rol oynayıb?!

- Tamaşanın premyerası ötən ilin mayında olsa da, indiyədək ona maraq azalmayıb.

- Gəlin teatr idarəçiliyi mövzusuna yenidən qayıdaq. Direktorla hər şey aydındır. Baş rejissor – incəsənətə, yoxsa peşəyə aid məsələdir?

- Belə deyim: mən hər zaman aktyorlara deyirəm ki, rejissor nöqteyi-nəzərdən onlar mənim üçündür, baş rejissorluq baxımından isə mən onlar üçünəm. Mənə elə gəlir ki, rəhbərliklə yaradıcı kollektiv arasında körpülər qurmalı, problemlərini həll etməyə çalışmalı və onları teatr rəhbərliyinin diqqətinə çatdırmalıyam. Doğrudur, biz tam qarşılıqlı anlaşma şəraitində çalışırıq. Əlbəttə ki, baş rejissorun funksiyalarına ümumilikdə teatrın repertuarının seçimi zamanı məsləhət vermək də daxil olmalıdır. Yeri gəlmişkən, bizim teatr repertuarı çox müxtəlifdir, həm Azərbaycan, həm də rus dilindədir. Bizim teatrda bu mövsümün əvvəlində isə ingilis dilində “Anamın kitabı” tamaşasının premyerası olub. Bundan başqa, repertuarımızda “O olmasın, bu olsun”, “Arşın mal alan” və “Silva” kimi Azərbaycanın və xarici ölkələrin klassik operettaları var. Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası ilə bağlı gözəl tamaşamız var. Səhnəmizdə Cənnət Səlimov, Əli Usubov, Əsgər Əsgərovun tamaşaları göstərilir. Bu gün teatrda çox güclü gənc rejissorlar komandası formalaşıb və sizə yalnız bir neçəsi barədə bəhs edəcəyəm. Məsələn, İradə Gözəlova. Repertuarımızda onun bir neçə tamaşası var: “Kimdir müqəssir”, “999-cu gecə”, ingilis dilində olan qeyd etdiyim tamaşa və “Lara Martin's Jazz Club” adlı heyrətamiz tamaşa. “Lara Martin's Jazz Club” tamaşasının premyerası ötən mövsüm baş tutub və burada baş rolu Azərbaycanın əməkdar artisti Nərgiz Kərimova ifa edib. Hələ pandemiyadan əvvəl köhnə dostum Samir Qulamov Viktor Hüqonun romanının motivləri əsasında “Paris Notr-Dama ithaf” tamaşasını səhnələşdirib. Bundan başqa, o, ötən mövsüm 44 günlük Vətən müharibəsində şəhid olan əsgərlərin analarına həsr olunmuş tamaşanı təqdim edib. Mən artıq iki tamaşa səhnələşdirmişəm: musiqisi Tofiq Quliyevə adi olan “Bəxtiyar” və musiqi müəllifi Polad Bülbüloğlu olan “Nəğməmə inan”. Allah qoysa, üçüncü tamaşanı da səhnələşdirəcəyəm. Hər şey çox maraqlıdır. Ümumiyyətlə, mən teatrımızın repertuarı ilə dörd yaşımdan tanışam. Babamın əlimdən tutub bura gətirdiyini çox yaxşı xatırlayıram. Buna görə də “O olmasın, bu olsun” və ya “Arşın mal alan”ı uşaqlıqdan əzbər bilirəm. Yaşa dolduqdan sonra isə Rus Dram Teatrını seçdim. Ora tez-tez getməyə başladım, təbii ki, musiqili teatrı da unutmadan. Amma bu, şəxsi zövq məsələsidir!

- Bəs özünüzü, ilk növbədə, hansı rolda hiss edirsiniz: yaradıcı şəxsiyyət, yoxsa güclü peşəkar?

- Mən özümü güclü rejissor hesab edirəm, bu sənətin bütün mərhələlərini keçmişəm. Fəaliyyətə Şən və Hazırcavablar Klubu və televiziyada başladım. Sonra kino sahəsində davam etdirdim. İki bədii və ondan çox sənədli filmim var. Amma akademik teatrda bu keyfiyyətlərdən biri olmadan mümkün deyil.

- Söhbətimizin əvvəlində dediniz ki, teatrda hər şey kinodan qat-qat yaxşıdır.

- Mövcud vəziyyəti nəzərdə tuturdum. Amma bu barədə danışmaq istəmirəm, çünki kinoprodüser işindən ayrılmışam. Lakin uzun illər Mədəniyyət Nazirliyinin “Yaddaş” adlı sənədli filmlər studiyasına rəhbərlik etmişəm. Doğrudur, kino sahəsindən tam ayrılmaq fikrində deyiləm. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvüyəm. Ötən il Səməd Səmədov haqqında “Toylar kralı” sənədli filmini təqdim etdim. Bundan başqa, 2 il qabaq əfsanəvi diktorumuz Rafiq Hüseynova həsr olunmuş “Ekranın səsi” filminin prodüseri olmuşam. Bəs indi kino sahəsində nələr baş verir? Bilmirəm, daha doğrusu, bilirəm, amma mənim fikrimcə, bütün bunlar xoş hadisələr deyil. Mədəniyyət Nazirliyinin yeni tərkibi ilə bağlı söhbətə qayıtsaq, ümid edirəm ki, yaxşılığa doğru müəyyən dəyişikliklər başlayacaq. Kino sahəsində prodüser kimi işlədiyim 15 il ərzində dövlətin 7 studiyası olub: “Azərbaycanfilm”, “Yaddaş” və “Salnamə” (sənədli filmlər), animasiya filmləri studiyası, həmçinin “Debüt”, “Mozalan” və “Dublyaj”. Bu studiyalarda çoxlu maraqlı filmlər çəkilib, onlarla peşəkar işçi çalışıb. Bu gün bildiyim qədəri ilə onlar artıq fəaliyyət göstərmirlər. Hələ pandemiyadan əvvəl, Kino Günündə “On il bir arada” layihəsini təqdim etdim. Bu, son 10 il ərzində gördüyümüz işlərdən bəhs edən kiçik videolardan ibarət idi. Buraya hər bir studiyada çəkilən bir video daxil idi. Bilirsiniz, mən özüm də heyrətlənmişdim ki, həmin müddətdə bu studiyalarda nə qədər işlər görülüb. Üstəlik, onların zəhməti ilə çəkilən filmlər öz həyatlarını yaşayır, vaxtaşırı onlara rəylər verilir. Bir çox filmlərim hələ də qonorar alır. Beləliklə, onlar göstərilir və izlənilir. İndi, təəssüf ki, belə bir şeylə öyünə bilmərik. Mənə vaxtaşırı beynəlxalq festivallar üçün film seçənlər zəng edirlər. Lakin mənim onlara təklif edəcəyim heç nə yoxdur. Həmkarlarıma zəng edirəm, amma onlarda da oxşar vəziyyət var.

- Bu səbəbdən teatrda daha maraqlıdır?

- Xeyr, buna görə deyil. Sizə bir müqayisə də göstərmək istərdim... Mən təxminən 15 il sənədli filmlər studiyasında işləmişəm. Orada ildə 15-20 film çıxırdı. Lakin mən rejissor kimi bu müddət ərzində ən yaxşı halda bir-iki film çəkə bilmişəm. Bu, qanunauyğun hal idi. Yəni cəmi 3 ay yaradıcılıqla məşğul olurdum. Yerdə qalan dövrdə məmur və ya kino prodüseri (kimə hansı vəzifə daha yaxındırsa) idim. Teatrda yaradıcılıq gecə-gündüz olan bir anlayışdır. Günün 24 saatı! “Bəxtiyar” tamaşasından cəmi bir həftə sonra “Nəğməmə inan” adlı yeni tamaşanın məşqlərinə başladım. İndi tam sürətlə ədəbi materialı öyrənərək yeni bir tamaşaya başlayacağam. Eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə teatr ithafı üzərində işləməyə başlamışam. Ümid edirəm ki, yeni tamaşalarım da əvvəlkilər kimi uğurlu olacaq.

- Repertuar seçimi, yəni bu və ya digər əsəri səhnələşdirməyə qərar verən zaman nəyə üstünlük verirsiniz: zamanın tələbinə, yoxsa rejissorun istəyinə, ilhama?

- Bir çox amillərə. Baş rejissor olaraq mənim fikrimcə, ilk növbədə, klassik Azərbaycan əsərləri səhnələşdirilməlidir. Buna görə də mən Tofiq Quliyevin, daha sonra Polad Bülbüloğlunun yaradıcılığından başladım. İkincisi, səhnələşdirdiyim tamaşaları izləyicilərə çatdırmaq istədiyim bir növ ismarış kimi qəbul edirəm. Bu, çalışdığım bu sahələrə aiddir. Bu, artıq getdiyim həm film, də televiziya sahələrinə aiddir. Belə ki, bu sahələr vasitəsilə çatdırmaq istədiyim ismarış yox idi və ya çatdırmaq istədiyim ismarış indiki televiziya üçün “format” deyil. Yaradıcılığın əsasını istər başqa müəlliflərin əsərlərini götürmək, istərsə də öz ssenarini yazmaq yolu ilə tamaşaçılara çatdırmaq istədiyin ideya təşkil edir.

- Yəni bu, işə dolayı yolla təsir edir və bununla bağlı məsələ yalnız sizin şəxsi həvəsinizlə bağlıdır.

- Bəli, amma hesab edirəm ki, insan ancaq sevdiyi işlə məşğul olmalıdır. Lakin başqa bir vacib məqam var. İndi hansısa dramatik materiala müraciət edən və ya hansısa ideya ilə çıxış edən zaman, ilk növbədə, onu truppamızda sınaqdan keçirirəm. Üstəlik, mən konkret bir sənətçinin ifa edə biləcəyi ssenari yazmaq istəyirəm, çünki həqiqətən də yaxşı aktyorlarımız çoxdur. Təkcə xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Pərviz Məmmədrzayevi, əməkdar artistlər Nərgiz Kərimova, Fərid Əliyev, Naidə Orucovanı qeyd etmək kifayət edir... Teatrda çoxlu gənc istedadlı artistlər də var: Mehriban Zalıyeva, Rauf Babayev, Ülviyyə Əliyeva, Emil Heydərov, Aydan Həsənova, Şaban Cəfərov... Azərbaycan səhnəsinin ən yaşlı aktyoru - Boris Fyodoroviç Qrafkin də bizim teatrda çalışır. O, artıq 86 yaşın içindədir. Ötən il “Nəğməmə inan” tamaşası üzərində işləyən zaman onun qəhrəmanını onun adı ilə adlandırmağa qərar verdim. Gözəl yazıçı Mixail Şerbaçenkonun 40 ilə yaxındır ki, teatrımızın kitabxanasında olan pyesini oxuyanda başa düşürdüm ki, bu, Fərid Əliyevin roludur, digərləri Nərgiz Kərimova, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayevin rollarıdır. Qəhrəman Boris Fedoroviçlə bağlı hissəyə çatanda dərhal ona aktyorun adını verməyə qərarlaşdırdım. Bu ideya Polad Bülbüloğlu və teatrın direktoru tərəfindən müsbət qarşılanmışdı. Bəzən elə olur ki, materialı oxuyub başa düşürsən ki, truppada tamaşanın obrazlarına uyğun gələn aktyorlar yoxdur. Belə də olur. Aktyor obraza uyğun olmalıdır!

- Rejissor iddiasız insan ola bilərmi?

- Bu peşəyə, yəni rejissorluğa, ümumiyyətlə, yaradıcılığa iddia olmadan gəlmək mümkün deyil.

- İddianı sağlam və qeyri-sağlam kimi anlayışlara ayırırsınızmı?

- Əlbəttə. Başqalarından daha yaxşı bir şey etmək, öz sözünü demək istəyi qəbul edilən məsələdir. Qeyri-sağlam iddialılıq isə belə olur: budur mən buradayam və burada olmağımdan xoşbəxt olun. Əgər bir insan eqosunu ön plana çıxarırsa, bu, yaxşı hal deyil. Eyni zamanda yaradıcı insan üçün qəbuledilmə anı çox önəmlidir. Məmurlar tez-tez soruşurlar ki, niyə xalq, əməkdar artist titulları sizin üçün bu qədər önəmlidir? Onlar deyirlər ki, amma ABŞ-da belə titullar yoxdur. Bəli, bu belədir. Lakin ABŞ-da aktyor və rejissor əməyi üçün tamamilə fərqli bir ödəniş sistemi var. Məsələn, mən buradayam və bir çox dostlarım, həmkarlarım xalq artisti olmaq arzusundadırlar. Biz məhz bu ənənələr üzərində tərbiyə olunmuşuq. Mənim babam hələ sovet dövründə Azərbaycanın görkəmli dövlət xadimi olub. O, iki sözü nəfəsini dərərək səsləndirirdi: akademik və xalq artisti. O, bunun zirvə olduğunu başa düşürdü.

- Bu təsdiq edilmədir?

- Təsdiq edilmə də yox, bu, insanın nəyəsə nail olmasının sübutudur: elmdə akademik, sənətdə xalq artisti. Mən elə tərbiyə almışam ki, həyatda buna can atmağa dəyər. Məsələn, atam 36 yaşında professor olub, məqsədyönlü şəkildə buna doğru addımlayıb. Buna baxmayaraq, akademik, tibb institutunun kafedra müdiri, parlamentin deputatı olan atamdan kim olduğunu soruşanda belə cavab verirdi: mən həkiməm. Əvvəla, bu, peşədir, sənətdir. Mənim vəziyyətimdə də belədir. Mən direktoram, bu, fəxr etdiyim və əziz tutduğum işimdir. Mənim iki peşəm var - peşəkarcasına müəllif mahnıları ilə və rejissorluqla məşğulam. Bunların köməkliyi ilə nəsə deyə, arzularımı, duyğularımı insanlara çatdıra bilərəm.

- Baş rejissor, iddialılıqdan başqa hansı şəxsi keyfiyyətlərə malik olmalıdır? Baş rejissor vəzifəsi özündə başqa bir məsuliyyəti ehtiva

- Məsuliyyət hər zaman və hər bir məsələ ilə bağlı olmalıdır.

- Yekun nəticə üçün?

- Hər şey üçün. Mən elə tərbiyə olunmuşam ki, kişi məsuliyyəti öz üzərinə götürməyi, qərar verməyi və yaxınlarının qayğısına qalmağı bacarmalıdır. Bu halda yaxınlar dedikdə təkcə ailə nəzərdə tutulmur. Hesab edirəm ki, aktyorlarıma titul, müəyyən güzəştlər əldə etmək məsələsində yardım göstərməliyəm. Heç olmasa onlarla teatr rəhbərliyi, Mədəniyyət Nazirliyi arasında bir növ körpü olmalıyam.

- Bəs baş rejissorun hüquqları barədə nə deyə bilərsiniz? Açılan imkanlar baxımından ruhunuzu sevindirən nəsə varmı?

- Belə deyək, sərəncamınızda belə bir kollektivin - xor, orkestr, balet, gözəl aktyor truppasının olması xoşbəxtlikdir. Başa düşürsünüzmü? Bəs kinoda problem nə idi? Yenə bu mövzuya qayıdırıq... Sifariş almaq üçün gözləməli olurdum və bütün bunların nəticəsində cəmi iki bədii film çəkə bilirdim. Doğrudur, sənədli filmin çəkilməsi daha asan idi. Öz studiyam, kameram, montaj otağım, işıq, səs qurğularım olsa belə, film çəkə bilmirəm. Məndən soruşurdular ki, niyə film çəkmirsən? Mən isə belə cavab verirdim: maliyyə məsələsini həll etmək lazımdır. Teatrda isə dövlət maaşı alan kollektivim, işləmək imkanım var. Üstəlik, bu, mənim və həmkarlarımın birbaşa rəsmi vəzifəsidir. Xoşbəxtlik məhz budur. Yəni küləyin hansı istiqamətdə əsəcəyini gözləməməkdir! Kino sahəsində isə illərlə gözləmək lazım gəlirdi. İndi həyatımda teatr var. Üç il əvvəl başa düşdüm ki, tezliklə 50 yaşım olacaq və həmişə heyran olduğum teatra getməsəm, bu, heç vaxt baş verməyəcək. Yenə deyirəm, mən tamamilə xoşbəxtəm, çünki sənət adamı kimi yaradıcılığımın kiməsə lazım olduğunu bilmək çox vacibdir. Teatrda məhz belə hisslər yaşayıram.

- Yeri gəlmişkən, “zərurət” haqqında. İzləyiciyə çatdırdığınız ismarışdan danışdınız. Amma bir problem var: bilirsiniz, sənətçi ismarışı “çatdırmaq istədi, amma çatdıra bilmədi” kimi və ya onun fikrini eşitmədilər, anlamadılar kimi hallar olur.

- Çətin sualdır, bilmirəm. Hər halda, mənim bütün ismarışlarım ünvana çatır. Görünür, mən xoşbəxt insanam, ya da mənə elə gəlir. Amma mənim izləyicilərimlə əlaqələrim var. Söhbət mənim internet səhifəmdən, xüsusi saytlardan, izləyicilərlə yaradıcı görüşlərdən gedir. İnsanlar filmlərimə baxır, tamaşalarıma gedir, mahnılarıma, şeirlərimə qulaq asırlar. Aydındır ki, hər kəsi razı salmaq mümkün deyil. Lakin tamaşaçılar nə demək istədiyimi anlayırlar. Məsələn, “Bəxtiyar” və ya “Nəğməmə inan” tamaşaları ilə nə demək istəyirdim? İnsan öz işi ilə məşğul olmalı, ona sadiq qalmalı və asan qazanc dalınca qaçmamalıdır. Mənim daxili aləmimdə də belə çəkişmə anı olub: pul qazanmağın asan olduğu televiziyaya getmək, yoxsa pul dalınca qaçmamaq, incəsənətlə məşğul olmaq və öz işimə sadiq qalmaq.

- Bəs musiqili teatrın özəlliyi nədir? Deyəcəksiniz ki, burada oxuyurlar, amma operada da oxuyurlar, deyəcəksiniz ki, burada rəqs edirlər, amma baletdə də rəqs edirlər.

- Mən, ümumiyyətlə, opera teatrında işləmək istəməzdim, bu, mənlik deyil. Bir tamaşaçı kimi operaya zövqlə qulaq asa bilərəm, lakin onu səhnələşdirmək istəməzdim. Necə deyərlər, bu mənada materialda o qədər də dərin deyiləm. Amma sirkdə tamaşa qoymaq istərdim. Bu, mənim arzumdur. Mən iki paralel hekayəni, köhnə sovet sirkini və “Cirque du Soleil”i, yəni iki klassik cərəyanı birləşdirib onlara teatrallıq vermək və yeni bir şey yaratmaq istərdim. Bilirsiniz, yazılmamış şeirlər, çəkilməmiş filmlər “qəbiristanlığı” var, nə yaxşı ki hələ ki səhnələşdirilməmiş tamaşalar “qəbiristanlığı” yoxdur.

- Bəs bu halda ismarış nədir: semantik yük, yoxsa bütün bunların hansı məqsədlə həyata keçirilməsinin səbəbi?

- Semantik yük. Mənim üçün hər hansı bir bədii əsərin qavranılması üçün ən vacib meyar ona tamaşaçı gözü ilə baxmağımdır. Kinoteatrda, teatrda mahnı dinləyən zaman peşəkar olduğuna görə hansısa səhvlər, nöqsanlar axtarırsan. Düşünürsən ki, mən başqa cür edərdim və ya aktrisa bu rola uyğun deyil. Amma sən tamaşaçıya çevrilir, peşəni unudur, ekranda və ya səhnədə baş verənlər səni məftun edirsə, demək, hər şey yaxşı alınıb. Bu arada, uzun müddət əfsanəvi “Qaya” qrupunun solisti olmuş, Azərbaycanın xalq artisti Rauf Babayev haqqında film çəkmək istəyirəm. Mən artıq bu qrup haqqında film çəkmişəm. Bu filmlə hansı fikri çatdırmaq istədiyimi başa düşməyimə baxmayaraq, bu materialı necə təqdim edəcəyimə hələ də qərar verməmişəm. Rauf Babayev pandemiya zamanı dünyasını dəyişib. Lakin o, koronavirusa yoluxduğu üçün yox, heç nə etmədiyi üçün dünyasını dəyişib. O, 80 il yaşayıb, daim işləyib və yəqin ki, işinə sədaqətlə bağlı ismarış bu məqama da uyğundur. Axı, bəzən ismarışlar dəyişmir. Sevimli rejissorum Eldar Ryazanov bütün filmlərində eyni hekayədən bəhs edib. Rasim Ocaqov da bütün yaradıcılığı ilə eyni fikri çatdırıb. Bulat Okucavanın dediyi kimi, sənətkarın hər zaman əsas vəzifəsi özü haqqında danışmaqdır. Odur ki, mahnılarımla, şeirlərimlə, filmlərimlə, tamaşalarımla özüm, mənim üçün əziz və vacib olanlar, məni narahat edən məsələlər haqqında danışıram.

- Vladimir Menşovun filmindəki belə bir məşhur cümləni xatırlayırsınız? 20 il keçəcək teatr, kino olmayacaq, yalnız televiziya qalacaq.

- Yeri gəlmişkən, bunu zamanın özü təkzib edib: yoxa çıxan ilk şey məhz televiziya oldu! O, artıq maraqlı deyil! “Şən və Hazırcavablar Klubu”, “Nə? Harada? Nə zaman?” kimi verilişlərə aşiq olduğum televiziya artıq özünü tükəndirib. “Şən və Hazırcavablar Klubu” da artıq yoxdur...

- Bəlkə, bunun günahı televiziyada yox, klubun özündə idi?

- Xeyr, hansısa Bakı məktəbinə getsəniz, Şən və Hazırcavablar Klubunun yaşadığını görəcəksiniz. Mən Şən və Hazırcavablar Klubunun çempionatlarında da olmuşam, müharibədən əvvəl Ukraynada da komandaların çıxışlarına baxa bilmişəm. Buna görə də reallıq budur ki, həmin Şən və Hazırcavablar Klubunu indiki vəziyyətə gətirən məhz televiziya olub. Bu, hər şeyə aiddir. Televiziya, kino, teatr tamaşaçını öz arxası ilə aparmalı, tamaşaçının arxasınca getməməlidir. Mənim bununla bağlı fikrim belədir. İndi televiziya publikanın ehtiyacları üçün işləyir.

- Bəs teatrda vəziyyət necədir?

- Teatrda hər şey yaxşıdır. Rejissorlar işləyirlər. Onlar gördükləri işlərə ideya qatmağa və tamaşaçıları arxaları ilə aparmağa çalışırlar. Mümkün olduğu təqdirdə bu kino sahəsinə də aiddir. Çox yaxşı rejissorlarımız var. Hər halda, bütün bu müddət ərzində onlarla əla film çəkilib. Məsələn, bir neçə il əvvəl Ülviyyə Könül “Həddən artıq uyğunluq” adlı çox gözəl film ərsəyə gətirib. Bu, “Gözəlçə” filminin yeni üsulla çəkilmiş versiyasıdır. Kimsə deyir ki, bizim kadrlarla bağlı ciddi problemlərimiz var. Mən bunu hiss etmirəm. Bizdə çoxlu aktyorlar, rejissorlar, səs rejissorları, işıq dizaynerləri var. Lakin onların başqa peşələrə getməməsi üçün onları qorumaq, qayğılarına qalmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

67