25 Dekabr 2024

Çərşənbə, 17:05

ORTAQ YATIRIMLA

Türk İnvestisiya Fondunun yaradılması TDT üzvlərinin birgə işgüzar layihələrinə impuls verəcək

Müəllif:

15.06.2023

Son illər Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr möhkəm iqtisadi təmələ əsaslanan strateji ittifaq formalaşdırırlar. Söhbət investisiya təşəbbüsləri çərçivəsində əməkdaşlıq perspektivi ilə birgə enerji və nəqliyyat layihələrindən gedir.

Beynəlxalq təcrübə göstərir ki, infrastrukturun və digər kapital tutumlu layihələrin maliyyələşdirilməsinin ən yaxşı yolu xüsusi regional investisiya fondlarının yaradılmasıdır. Bu fondların maliyyə vəsaiti isə təsisçi ölkələrin hesabına formalaşır. Türk İnvestisiya Fondunu (Türk Yatırım Fondu - TYF) yaradan TDT ölkələri də məhz bu yolla gedib.

 

İqtisadi qardaşlıq

Son illər Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın qardaş türkdilli dövlətləri ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, xarici risklərin minimuma endirilməsi, enerji və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yeni platformalar yaradırlar. Ukraynadakı müharibə nəticəsində meydana gələn qlobal geosiyasi parçalanmanı nəzərə alsaq, hazırda TDT dövlətlərinin belə əməkdaşlığına xüsusilə ehtiyac duyulduğunu söyləyə bilərik. Əslində, Avrasiya regionunu əhatə edən bu neqativlik nəqliyyat, logistika, yanacaq-energetika kimi sahələrdə problemlərin yaranmasına, bir sıra qeyri-emal sənaye sahələrinin isə fəaliyyətində çətinliklərə səbəb olub.

Bu arada, inteqrasiya proseslərinin maksimum intensivliyinə TDT-nin ötən ilin noyabrında İstanbulda keçirilmiş sammitində nail olunub. O vaxt türk dövlətlərinin uzunmüddətli inkişaf konsepsiyasının prioritetləri müəyyən edilib və əsas sənəd - “Türk Dünyası-2040” qəbul olunub. Bu sənədlə biznes əməkdaşlığının genişləndirilməsi üçün ən optimal iqtisadi istiqamətlər müəyyənləşdirilib. Söhbət, ilk növbədə, regional nəqliyyat və logistika dəhlizlərinin səmərəliliyinin artırılmasından, transsərhəd ticarətin genişləndirilməsi üçün gömrük prosedurlarının asanlaşdırılmasından, güzəştli ticarət mexanizmlərinin tətbiqindən və Xəzər-Qara dəniz regionunun davamlı inkişafına töhfə verəcək digər tədbirlərin həyata keçirilməsindən gedir.

Yeni geosiyasi reallıqlar TDT ölkələrini, onların Asiya və Avropadakı tərəfdaşlarını Mərkəzi Asiya regionundan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Köhnə Qitə ölkələri istiqamətində uzanan Orta Dəhlizin bir neçə marşrutunun infrastrukturunu genişləndirməyə sövq edir.

Yeri gəlmişkən, dəniz limanı və dəmir yolu infrastrukturunun genişləndirilməsi ilə bağlı işlər Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədə xüsusilə fəal şəkildə həyata keçirilir. Məsələn, Qazaxıstanda “Aktau dəniz limanı” XİZ-in bazasında konteyner habının yaradılması üzrə işlərə başlanılıb, yeni yollar çəkilir, Dostık-Moyıntı dəmir yolunun ikinci xəttinin elektrikləşdirilməsi davam etdirilir.

Tezliklə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanacaq. Bu dəmir yolunun Xəzər dənizinin limanlarına çıxışı olacaq. Azərbaycanda da oxşar tədbirlər həyata keçirilir: Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanının və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun infrastrukturunun imkanları genişləndirilir. Paralel olaraq Türkiyənin şərqində dəmir yollarının modernləşdirilməsi davam edir, Qarsda logistika terminallarının, həmçinin BTQ marşrutunda yerləşən digər kommunikasiyaların inşası başa çatdırılır.

Bütün transsərhəd əhəmiyyətli infrastruktur-nəqliyyat layihələri dövlət vəsaiti hesabına və qismən də beynəlxalq donor təşkilatlarının kreditlərinin cəlb edilməsi hesabına maliyyələşdirilir.

TDT ölkələri gömrük prosedurlarının sadələşdirilməsini və güzəştli ticarət rejiminin tətbiqini nəzərdə tutan bir sıra birgə tədbirlər də planlaşdırıblar. Məqsəd təşkilat ölkələri arasında ticarət dövriyyəsini artırmaqdır.

Bundan başqa, Türk Dövlətləri Təşkilatının üzvləri azad ticarət, istehsal, xidmət, kənd təsərrüfatı kimi sahələrə birgə investisiyaların cəlb edilməsi haqqında saziş üzərində işləyirlər. Buraya üçüncü ölkələrin bazarlarına birgə daxil olmaq, yüksək texnologiyalı sənaye klasterlərində davamlı dəyər zəncirlərinin yaradılması və s. daxildir.

 

Ümumi pul

Belə təşəbbüslərin maliyyələşdirilməsini optimallaşdırmaq üçün TDT ölkələri birgə kapitallaşma şərtilə xüsusi investisiya fondlarının formalaşdırılması imkanlarını nəzərdən keçirirlər. Bu təcrübə uzun müddətdir ki, bütün dünyada uğurla tətbiq olunur. Belə ki, iqtisadiyyat sahəsi ilə məşğul olan müxtəlif təşkilatlar regional səviyyədə dövlətlərarası əhəmiyyətli infrastruktur, sənaye və xidmət layihələrini maliyyələşdirən, həmçinin kiçik və orta biznes (KOB) subyektlərini risk kapitalı ilə təmin edən birgə investisiya fondları yaradırlar.

Avropa İttifaqında (Aİ) belə kollektiv strukturlar fəaliyyət göstərir. BRİKS və ASEAN ölkələri də investisiya fondları formalaşdırıb. Bundan başqa, oxşar struktur Cənubi Amerikanın bir sıra ölkələrinin iqtisadiyyatlarını birləşdirən “Mercosur” təşkilatında da fəaliyyət göstərir. Bir qayda olaraq, belə vəsaitlərin kapitallaşdırılması təsisçi dövlətlərin büdcə vəsaitləri hesabına həyata keçirilir. Bəzi hallarda dövlət-özəl tərəfdaşlıq mexanizmlərindən də istifadə olunur və bazardan vəsait cəlb edilir. Lakin belə dövlətlərarası təşkilatların maliyyə vəsaitləri, demək olar ki, hər zaman güzəştli şərtlərlə və nisbətən uzun müddətə verilir.

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr də oxşar yolla getmək niyyətindədir. Təşkilata daxil olan dövlətlər “yaşıl enerji” və iqtisadiyyat bazarının kapitallaşmasının genişləndirilməsi, iqlim gündəmi ilə bağlı məsələlərin həlli və s. məqsədilə türk “yaşıl maliyyə şurası”nın yaradılması perspektivini araşdırır.

Bu da son deyil. TDT üzvləri üçün rəqəmsallaşma mərkəzinin, həmçinin startaplara, proqram təminatı şirkətlərinə investisiya cəlb etmək üçün türk ölkələrinin birgə müəssisə fondunun formalaşdırılması imkanları nəzərdən keçirilir...

 

Əsas vəzifə

Region ölkələrinin maliyyə strukturlarının gələcək şaxələnmiş arxitekturasının formalaşmasında ilk addım 2022-ci ilin noyabrında Səmərqənddə keçirilmiş sammitdə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar olub. Razılaşmalara əsasən, təşkilatın baş qərargahı İstanbulda yerləşəcək və fondu prezident, İdarə Heyəti, Direktorlar Şurası və baş direktor idarə edəcək. 2018-2022-ci illərdə TDT-nin Baş katibi olmuş qazaxıstanlı diplomat Bağdad Amreyev Türk İnvestisiya Fondunun prezidenti təyin edilib. Fondun prezidentinin səlahiyyət müddəti 4 ildir.

Fondun 500 milyon dollar məbləğində nizamnamə kapitalı 5 təsisçi ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın vəsaiti hesabına formalaşacaq. Bu ölkələrin hər biri fonda 100 milyon dollar vəsait ayıracaq. Eyni zamanda nizamnamə kapitalı ödənilmiş (dövlət tərəfindən) və dövriyyəyə cəlb edilmiş səhmlərə bölünəcək. Ödənilmiş səhmlərin payı 350 milyon dollar, cəlb olunmuş səhmlərin payı isə 150 milyon dollar məbləğində qiymətləndirilir. Hər bir ölkə 70 milyon dollar dəyərində ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək. Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı 30 milyon dollar təşkil edəcək.

Türk İnvestisiya Fondunun əsas vəzifəsi TDT ölkələrinin iqtisadi potensialının inkişaf etdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsidir.

“Baş qərərgahı İstanbulda yerləşəcək Türk İnvestisiya Fondu bərabər yatırım payı və səsvermə hüququ əsasında yaradılacaq. Bu fond region ölkələrinin iqtisadi inteqrasiyasına töhfə verəcək. Xüsusən də türkdilli ölkələrdəki şirkətlərin maliyyələşdirməyə çıxışı daha asan olacaq”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis müqaviləsinin imzalandığı TDT-nin fövqəladə sammitinin yekunlarına dair bildirib.

TDT-nin ümumi maliyyə institutunun yaradılması ideyası təşkilatın bütün üzvləri tərəfindən dəstəklənib. Türk İnvestisiya Fondunun təsis edilməsi haqqında saziş 2,5 aydan sonra Qazaxıstan Prezidenti tərəfindən təsdiq edilib. Mayın 30-da isə sənəd Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya olunub.

“Türk İnvestisiya Fondu həm türk dünyasının inteqrasiyasına töhfə verəcək dövlətlərarası layihələri, həm də TDT üzvlərinin tam həyata keçirə bilmədiyi daxili layihələri maliyyələşdirəcək. Həmçinin fond vasitəsilə region ölkələri ilə bağlı fəaliyyətin və layihələrin sinxronlaşdırılmasına vəsait yönəldilə bilər”, - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib.

Gözlənilir ki, təşkilata üzv olan ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın perspektivləri TDT sammiti ərəfəsində bu ilin sentyabrında Qazaxıstanda keçiriləcək Türk Biznes Forumu zamanı açıqlanacaq. Qarşıdan gələn tədbirlərdə investisiya fondunun fəaliyyətinin aspektləri nəzərdən keçiriləcək və maliyyə vəsaitlərinin yönləndiriləcəyi əsas istiqamətlər qeyd olunacaq.

Ümumiyyətlə, türk dövlətlərinin investisiya fondunun, gələcəkdə isə inkişaf bankının formalaşdırılması türk dünyasında strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsində mühüm rol oynaya bilər.

Qeyd edək ki, Azərbaycan Türk İnvestisiya Fondunun yaradılmasına dəstək verməklə yanaşı, ikitərəfli əsasda TDT ölkələri ilə birgə maliyyə strukturlarının formalaşdırılması istiqamətində də ardıcıl siyasət aparır. Belə ki, bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin Milli Sərvət Fondunun təşəbbüsü ilə həyata keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Fondunun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir.



MƏSLƏHƏT GÖR:

130