19 Dekabr 2024

Cümə axşamı, 14:47

DAİM HEYRAN EDƏN

İlk baxışdan ərazilərinin bir-birinə oxşamasına baxmayaraq, Gürcüstan daim təəccübləndirməyi bacarır, əsl heyranlığa səbəb olur

Müəllif:

01.07.2023

Vissarion Belinskinin sözlərinə bir qədər dəyişiklik edərək belə bir sual vermək istərdim: “Siz Gürcüstanı mənim sevdiyim kimi sevirsinizmi?”

Təbii ki, hər kəs üçün bu ölkə onun özünün gördüyü kimi görünəcək, burada keçirdiyi hisslərlə xatırlanacaq. Bu hissləri yaşamaq üçün Gürcüstanı təyyarə uçuşu zamanı görmək belə kifayət edir. Dünyanın bu kiçik hissəsinin xüsusi magiyası var. Gürcülər qürur hissi ilə vurğulayırlar ki, Məryəmin xahişi ilə bu ərazini özü üçün saxlayan Tanrı Gürcüstanı onlara mükafat kimi bəxş edib. Odur ki, yer üzündə cənnəti görmək istəyirsinizsə, qədim mədəniyyətə və ənənələrə malik, qonaqpərvər, əfsanələr və rəvayətlər ölkəsi olan Gürcüstana gəlməlisiniz. Onun sakinləri vətənlərini “Sakartvelo” adlandırmağa üstünlük verirlər və inanırlar ki, bir gün onun tarixi orijinal adı dünya coğrafiyasının bir hissəsinə çevriləcək.

Demək olar ki, bütün ekskursiyalarda gürcülər adlarının “kartvellər olduğunu deyirlər. Buna görə də onlar Gürcüstanı “Kartvellər ölkəsi” adlandırmağa üstünlük verirlər. Amma Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkənin adının necə olmasından asılı olmayaraq, buranın yer üzündə cənnət olmasına heç bir şübhə yoxdur! İnanmırsınız? Sadəcə olaraq, bir istiqamət seçin və bu ölkəyə səfərə yollanın. Deyə bilərik ki, ilk baxışdan ərazilərinin bir-birinə oxşamasına baxmayaraq, Gürcüstan daim təəccübləndirməyi bacarır, əsl heyranlığa səbəb olur. Hansı istiqamətə getməyinizdən asılı olmayaraq, gözəl guşələr, memarlıq nümunələri, tarixi abidələrlə qarşılaşacaqsınız. Əsas məsələ marşrutu düzgün seçmək və uyğunlaşdırmaqdır. Səyahətiniz nə qədər uzun olsa, siz o qədər maraqlı biliklər əldə edəcəksiniz...

 

Madataf gölü və Batonis-tsixe qalası

Avtomobil ilə səyahət edərək unudulmaz təcrübə yaşaya bilərsiniz. Burada təbii gözəlliklərin fotolarını çəkməyi sevənləri və hətta ən tələbkar sosial şəbəkə istifadəçilərini belə hər addımda valehedici məkanlar gözləyir. Diqqətlə baxmaq kifayətdir ki, ətrafdakı mənzərə özü sizə çəkiliş üçün ən əlverişli bucağı göstərsin. Məsələn Böyük Qafqaz silsiləsinə möhtəşəm mənzərənin açıldığı, 1800 metr hündürlükdə olan Qombori aşırımının ən hündür nöqtəsini və ya meşələri, çayların sürətlə axdığı dağ serpantinlərini göstərmək olar. Qombori aşırımında insanın gözündə gürcü pastoralları canlanır, eləcə də burada bol təmiz hava qəbul etmək olar.    

Marşrutunuzun istiqamətlərindən biri 2108 metr hündürlükdə yerləşən Madataf gölüdürsə, o zaman mavi səmanı və suyu fotolara həkk etməyə  hazır olun. Demək, Gürcüstanda yolda olmaq öz-özlüyündə ayrı bir turizm istiqamətidir.

Məlum olduğu kimi, istənilən yol mütləq hər hansı coğrafi nöqtəyə, səyyahı isə ölkənin tarixi ilə bağlı məkanlara aparır. Sakartveloda çoxlu sayda belə istiqamətlər var. Söhbət insanların adları ilə bağlı olan ən müxtəlif məkanlardan gedir. Onlarsız müasir Gürcüstanı təsəvvür etmək mümkün deyil. Mədəni irsi təqdim etmək bacarığı baxımından, gürcülərin tayı-bərabəri yoxdur. Məsələn, Telavidə bir dəfə “Cənabın qalası” mənasını verən Batonis-tsixe qalasını (XVII-XVIII əsrlər) ziyarət etməmək mümkün deyil. Bir vaxtlar burada Gürcüstanın şərq bölgəsinin - Kaxetinin paytaxtı yerləşirdi. 2018-ci ildə yenidən qurulan kompleks bu gün ona görə maraqlıdır ki, qalanın memarlıq tərtibatı Səfəvilər dövrünün memarlıq nümunələrini xatırladır. Bura onun divarları arasında doğulub vəfat edən II İraklinin iqamətgahına çevrilənə qədər dəfələrlə yenidən qurulub. Qala hasarı, iki çar kilsəsi və hamam, eləcə də bu günə qədər fəaliyyət göstərən məktəb böyük dairəvi künc qüllələri olan beş metrlik divarla əhatə olunub. Burada, yəni kompleksin ərazisində maraqlı memarlıq həllə malik Telavi Tarixi Muzeyi yerləşir. Muzeydəki ekspozisiya, rəsm qalereyası və müvəqqəti sərgilər sanki zamanlar arasında mədəni əlaqəni vurğulayır və qalaya orqanik şəkildə uyğunlaşır. Eyni zamanda gürcü romantizminin banisi Aleksandr Çavçavadzenin sayəsində bir vaxtlar Gürcüstanın mədəni və intellektual mərkəzi olmuş Tsinandalini qeyd etməmək mümkün deyil.

Bu məşhur nəslin nümayəndələrinin xatirəsini yaşadan Çavçavadze ailəsinin ev-muzeyi bu gün də əhəmiyyətini itirməyib: burada sərgilər, konsertlər, ədəbi tədbirlər keçirilir... Deyə bilərik ki, Çavçavadze ailəsinin tarixi təkcə adlı-sanlı və nüfuzlu adlara görə deyil, həm də onun üzvlərinin başına gələn hadisələrə görə maraqlıdır. Burada bir çox hadisələr yaşanıb: Nino Çavçavadze və Aleksandr Qriboyedov ilk dəfə görüşüb, Şamilin dəstəsinin basqını zamanı David Çavçavadzenin qızı cökə ağacının (hələ də buradadır) oyuğunda gizlənib, David Çavçavadze həyat yoldaşı və uşaqları üçün fidyə verib. Burada Aleksandr Düma (ata) və şayiələrə görə, Aleksandr Puşkin də qalıb. Muzey eksponatları ona görə maraqlıdır ki, onların hamısını Çavçavadze nəslinin xaricdə yaşayan davamçıları təhvil veriblər. Bu ailə üzvlərinin taleyinin bir-birinə qarışmasının maraqlı faktlarından biri odur ki, onların hər birinin Gürcüstan və Avropa tarixində iz qoyan nüfuzlu ailələrinin nümayəndələri ilə nikah bağları var.

Qeyd edək ki, Tsinandali kompleksi təkcə ev-muzeyi deyil. Bura Aleksandr Çavçavadzenin 15000-dən çox butulka kolleksiyasının saxlanıldığı tarixi şərab zirzəmisidir. Buradakı ən qədim şərabın tarixi 1814-cü ilə qədər uzanır. Bura aristokratiya, zəriflik və hüzurun heyrətamiz ab-havası ilə əhatə olunan, təkraredilməz cazibəyə malik olan, həmçinin yaşıl labirintləri və sevgi xiyabanlarını özündə cəmləşdirən inanılmaz dekorativ bağdır.

Burada gözəl Nino ilə onun adaxlısının evliliyini xatırladan, bu heyrətamiz qadının son nəfəsinə qədər saxladığı sevginin gücünü hiss etməyə imkan verən məbədin xarabalıqları var...

 

Siqnaxi

Gürcüstan, şübhəsiz ki, sönməz sevgi nəğməsidir. Tarixi Kaxetiya bölgəsində bir şəhər - Kiziki bu duyğuya həsr olunub. Əfsanəyə görə, bir vaxtlar burada yaşayan insanlar günaha batdıqlarına və yalnız şər işlərlə məşğul olduqları üzündən Tanrı onları cəzalandırmaq qərarına gəlib və mələklərdən birinə şəhəri dağıtmağı əmr edib. Siqnaxi adlı bir mələk əmrə itaət etməyib və yox olana qədər hər evə girərək ürəyindən bir parça verərək, hər kəsi qeyri-adi sevgiyə qərq edib. Tanrı şəhərdə bir dənə də olsun tövbə etməyən pis qəlbin olmadığını gördükdən sonra sakinləri bağışlayıb və mələyi dirildib və ona hazırda Siqnaxi adını daşıyan şəhərdə həmişə xeyirxahlıq və sevgini qorumağa əmr edib. Buna görə də, bu gün burada gecə və ya günün istənilən vaxtında nikah bağlamaq mümkündür və bu, dünyanın istənilən yerində tanınır.

Burada Gürcüstanın açılmış ən son muzeylərindən biri yerləşir. Onun ekspozisiyasına Niko Pirosmaninin rəsmləri daxildir. Şəhəri əhatə edən 2,5 kilometr uzunluğunda qala divarı Siqnaxini daşdan olan “boyunbağı” kimi əhatə edir. 28 gözətçi qülləsinin və 5 girişin qala divarının memarlıq xüsusiyyətləri insanı heyran edir. Doğrudur, Siqnaxi kiçik şəhərdir. Buradakı qırmızı kirəmitli damlar ona xüsusi gözəllik verir . Üstəlik, şəhərin üzərində ucalan Alazan vadisinin və Qafqaz silsiləsinin mənzərəsi inanılmaz hisslər yaradır. Yeri gəlmişkən, Siqnaxi 18-ci əsrdə dağıdılmış köhnə qalanın yerində salınıb. Demək olar ki, 40 hektar ərazini tutur. Girintili-çıxıntılı küçələrlə birləşən terraslarda yerləşən, tarixi 19-cu əsrə uzanan yaşayış binalarının diqqətəlayiq nümunələri digər tikililərlə birlikdə şəhər mühitinə xüsusi “rəng” qatan gürcü elementləri ilə cənubi italyan klassizm üslubunu təmsil edir. O, gözünüzün qabağında açılan təbiətin rəngarəng mənzərəsinə uğurla uyğunlaşır. Bunun üçün sadəcə olaraq qala qüllələrindən birinə qalxmaq lazımdır. Buradan həddi-hüdudu bilinməyən Alazan vadisi görünür.

 

Vardziya

Əgər biz artıq şəhərlərdən və əfsanələrdən danışırıqsa, bu zaman Samtsxe-Cavaxetiyada yerləşən Vardziyadan bəhs etməmək sadəcə mümkün deyil! Əfsanəyə əsasən, bu unikal mağara monastır kompleksinin tarixi Tamaranın kraliça olmamışdan qabaqkı dövrə qədər uzanır. O, kiçik qız olarkən atası Çar III Georgini ovda müşayiət edirmiş. Ancaq bu əyləncə gənc Tamaranın diqqətini cəlb etməyib. Buna görə də o, mağaraları araşdırmağa yollanıb. Bəli, qız çox uzağa gedib və nəticədə azıb. Başları ova qarışmış böyüklər uşağın itdiyini anlayan zaman onu axtarmağa başladılar. Onlar ətrafdakı hər yeri axtararaq onu adını çağırırdılar. Birdən çarın yaxın adamlarından biri mağaradan səs eşidib: “Mən buradayam, əmi!”. Qız tapılıb və bu yerin adı onun “ak var dzia” kimi səslənən sözlərindən götürülüb. Bundan sonra Tamara tez-tez Vardziyaya baş çəkirdi. Burada III Georgi və subay Tamaranın təsvirlərinin olduğu freska görə bilərsiniz. Bir vaxtlar mağaralara lazım olsa, 50 minə qədər insan yerləşə bilərdi. Bu mağaralar yolların kənarından görünmür və döyüşçülər məhz burada düşmən qonşuların hücumlarını gözləyirdilər. Monastır kompleksini üst hissə ilə birləşdirən üç yeraltı keçid isə döyüşçülərin düşmən üçün tamamilə gözlənilməz halda peyda olmasına imkan verirdi.

Küçələri, tunelləri və pilləkənləri olan səkkizmərtəbəli (o dövrdə) kompleksin ətrafında monastırlar, məbədlər, qalalar, hamamlar, kitabxanalar, yaşayış və yardımçı binalar yerləşirdi. Dağ boyunca uzunluğu 800 metr olan ərazidə keçidlərlə birləşdirilmiş 600-dən çox otaq var idi. XIII əsrdə Samtsxedə güclü zəlzələnin baş verməsi nəticəsində dağın 15 metrə qədər olan parçası qopmuşdu. Zəlzələdən sonra monastır yenidən bərpa olunub.  Bir sözlə, mağara kompleksinin giriş hissəsi belə insan əməyinin və əzminin böyüklüyünü hiss etməyə imkan verir. Vardziya çox böyük təəssürat yaradıb. Hazırda kənar adamların mağaraya girişi qadağandır. Monastır ərazisində bu gün yalnız üç rahib və rahibliyə hazırlanan bir adam var. Hazırda burada kilsə xidmətləri davam edir. Məbədin içərisinə yalnız xoş təsadüf nəticəsində daxil olmaq mümkündür. Buraya daxil olmağa dəyər. İnsan yaşı səkkiz yüz ildən çox olan rəsmlərin qarşısında donub-qalır. Burada “Kraliça Tamaranın göz yaşları” adlanan mənbədən unikal saf olan suyu dada bilərsiniz. Suyun haradan gəldiyi və hara getdiyi hələ də məlum deyil, çünki kiçik təbii daşdan olan qabda suyun səviyyəsi, demək olar ki, dəyişmir.

Vardziya tövləsi və yeməkxanası, aptek və şərab anbarı, çoxotaqlı və çoxsəviyyəli mağaraları, kiçik “mənzilləri” ilə əsl müasir “kvest”dir. Hətta “kəsilmiş” formada olan mağara kompleksi belə insanı heyran edir. Sadəcə olaraq, buranın yüksəlişi və enişi, tənəzzülü və dirçəlişi haqqında hekayələri eşitmək qalır.

 

Axalsıx qalası

Gürcüstanın bütün tarixi böyük hökmdarların dövründə çiçəklənmə və dağıdıcı basqınlarla bağlıdır. Axalsıxı həm Əmir Teymur, həm də monqol xanı Yaqub işğal etmişdi. Onların hər biri isə bacardığı qədər fəth edilən ərazilərdə öz “işarəsi”ni qoymağa çalışırdı. Bunun bariz sübutu, tarixi Mesxetiya bölgəsinin ərazisində yerləşən, “Rabat qalası” kimi tanınan Axalsıx qalasıdır. Etibarlı mənbələr ilk əsl qalanın burada XII əsrdə meydana gəldiyini iddia edirlər. O, 300 il ərzində əldən-ələ keçərək dağıdılıb və yenidən tikilib. 1578-ci ildə Axalsıx Osmanlı ordusu tərəfindən ələ keçirilib. Burada qalanın Türkiyə sərhədinə yaxınlığı mühüm rol oynayıb. Beş onillikdən sonra şəhər Axalsıx paşalığının mərkəzinə çevrilib və bölgədə aparıcı rol oynamağa başlayıb. Bərpadan sonra hazırda 7 hektar sahədə Əhmədiyyə məscidi, pravoslav kilsəsi, Cakeli ailə qəsri və tarixi muzey, mədrəsə, paşa türbəsi, məscidin minarəsi və hamam, qala və amfiteatr var. Yaxınlıqda yerləşən, fəvvarənin olduğu rus üslublu pavilyon və Mavritaniya qalereyası isə qaladakı tikililərin sərtliyinə qeyri-adi “yumşaqlıq” verir. Yuxarı (tarixi) və aşağı (müasir) hissələrə bölünən qala öz tarixi ilə çoxlu qonaqları özünə cəlb edərək yenidən şəhərin mədəniyyət mərkəzinə çevrilib.

 

Alaverdi monastırı

Gürcüstan üçün dinə münasibət özünüdərkin əsasını təşkil edir. Burada fanatizm üçün heç bir zəmin yoxdur. Gürcüstan xristianlığı qəbul edən ilk ölkələrdən biridir. Gürcü bayramından birində deyilən sağlıqlardan biri belədir: “Vətən, analar və Tanrı sağlığına”. Buna görə də Gürcüstan ərazisində çoxlu məbədlər, monastırlar, kafedrallar və Tanrıya etiqadla bağlı digər yerlər var. Gürcülər üçün müqəddəs yerlərdən danışarkən Gürcüstanın ən məşhur və irimiqyaslı məbədlərindən biri olan Alaverdi kafedralı və monastırını qeyd etmək lazımdır. Onun tarixi 6-cı əsrdən, yəni Alaverdili Yusifin kiçik bir monastır tikdiyi vaxtdan hesablanır. Buraya həmin zahiddən iman, yaxşılıq və pisliklər barədə hekayələri dinləməyə gəlirmişlər. Onun məzarı hazırda XI əsrdə tikilmiş müasir kafedralın şimal hissəsində yerləşir. O vaxtdan bəri kafedral çox hadisələrin şahidi olub: basqınların, fəthlərin, zəlzələlərin və insan əli ilə dağıntıların. Bu gün bura fəaliyyət göstərən kişi monastırıdır və tikililərdən ibarət kompleksdir. Onlardan biri nadir üzüm növləri daxil olmaqla, 500-dən çox üzüm növünün saxlanıldığı Üzüm Muzeyidir.

 

“Şumi” turizm kompleksi

Üzüm tənəyi gürcü üçün hörmət deməkdir. Şərab hazırlamaq bir fəlsəfədir. Ənənəvi ziyafəti şərabsız təsəvvür etmək belə mümkün deyil. Buna görə də bu ölkədəki müxtəlif şərab zavodlarına diqqət yetirməmək mümkün deyil. Beləliklə, Gürcüstana gedərkən təkcə müxtəlif növ şərabları dadmaq deyil, həm də üzüm tənəyinin necə “yaşadığını” görmək daha maraqlıdır. Məsələn, “Şumi” turizm kompleksində. Burada nəinki “İnadkarın ram edilməsi” filmindəki məşhur Çelentano obrazını sınaya, həm də 350 yaşlı ən qədim üzümün replikasını görə bilərsiniz. Onun orijinalı başqa kənddə yetişir və onu başqa kənddə yetişdirmək mümkün deyil. Bu, üzüm tənəyi hələ də bar verir. Yaxud sadəcə olaraq 8 kilometrlik Kvareli şərab tunelini təsəvvür edin. Bu qaya massivində şərabın saxlanması və yaşlanması üçün ideal şərait yaradılıb. Buranın zirzəmisində müxtəlif çeşiddə 26 min butulka şərab var.

 

Çobareti kəndi

Aydındır ki, Gürcüstan üçün qədim zamanlardan xüsusi mədəni komponent qastronomik cənnətə bərabər olan ziyafətdir. Buraya hər yerdə dadlı və bir-birindən tamamilə fərqli yeməklər daxildir. Hətta adi xaçapuri belə regiondan regiona fərqlənir. Əgər risk etməyə hazırsınızsa, o zaman Qafqaz dağlarında, təxminən, 2000 metr yüksəklikdə yerləşən Çobareti kəndinə səfər edin. Burada, inanılmaz dağ mənzərəsinin olduğu autentik mühitdə, ocaqda bişirilən xəngəlin fonunda necə hazırlandığı nümayiş etdirilən unikal “tenili” pendirini dada bilərsiniz. Yeri gəlmişkən, bu gün inkişaf edən eko və aqroturizm unudulmaz təəssüratlar yarada bilər. Ənənəvi gürcü yeməklərini özünüz bişirməmisinizsə, ustad dərsləri ala bilərsiniz.

 

Brilyant körpü

Gürcüstan uzun müddətdir ki, populyar turizm məkanlarından biri kimi özünü təsdiqləyib. Getdikcə genişlənən təkliflərə görə, hər dəfə əvvəlkilərdən fərqli bir təcrübə əldə etmək üçün buraya yenidən qayıtmaq istəyirsiniz. Məsələn, pivə vannası qəbul etmək. Bəli, belə şeylər də var! Kiçik bir pivə şirkəti təkcə köhnə ailə reseptinə uyğun olaraq hazırlanmış bir neçə pivə növünü seçməyi deyil, həm də məşhur mahnıda olduğu kimi “gözəl delfin olmağı” təklif edir. Beləliklə, Gürcüstan həmişə təəccübləndirə və indiyə qədər bilinməyən nəsə təklif edə bilər. Dünyanın ən yüksək asma tikilisi olan Brilyant körpü ilə gəzinti məhz bu kateqoriyaya aid edilməlidir.

 

Svaneti dağlarında 2000 metrdən çox hündürlükdə yerləşən bu körpü 2022-ci ildə tikilib və dərhal Gürcüstanın qonaqları, sakinləri arasında populyarlaşıb. Burada adrenalin həvəskarları üçün velosipeddə “ziplayn” və uçurumun üzərində yellənmək təklif olunur. Əsəblərinin lap çox tarıma çəkilməsini istəməyənlər isə asma körpü ilə bütün konstruksiyanın futurizmini vurğulayan kənarlar vasitəsilə “brilyantın mərkəzi”nə qədər gedə bilər. Baş verənlərlə bağlı qeyri-reallıq hissini Daşbaşı kanyonunun, təxminən, 300 metr dərinliyi daha da gücləndirir. Buranı körpünün şüşə hissələrindən ayağınızın altına baxan zaman görə bilərsiniz. Əgər mərkəzi hissəyə çata bilsəniz, burada bir fincan qəhvə içə-içə şüşə divarlardan və döşəmədən açılan mənzərəyə qərq ola bilərsiniz. Üstəlik, kanyonu yalnız körpünün üzərində deyil, Xrami çayına qədər düşərək görmək olar. Buradakı şəlalə hər şeylə maraqlanan səyahətçiləri gözləyir.

Burada bir daha Tanrının özü üçün saxladığı, lakin kartvellərə hədiyyə etdiyi torpağa - Gürcüstana xas olan təmiz təbiətin gözəlliyi ilə təmasda ola bilərsiniz...

“Region plus” jurnalının redaksiyası Gürcüstanın Milli Turizm Administrasiyasına və bələdçi Marika Boqveradzeyə təşəkkür edir.



MƏSLƏHƏT GÖR:

120