5 May 2024

Bazar, 20:37

«ÜÇ DÖVLƏT, BİR MİLLƏT» KİMİ

Şimali Kipr Türk Cümhuriyyətinin Ticarət Palatası türk dövlətləri arasında münasibətlərin inkişafını istəyir

Müəllif:

01.08.2023

Turqay Dəniz Şimali Kipr Türk Cümhuriyyətinin 1958-ci ildə yaradılmış Ticarət Palatasının prezidentidir. Onun 3500-dən artıq üzvü var və beləliklə, bu gün bu qurum Şimali Kipr Türk Cümhuriyyətinin ən böyük və əhəmiyyətli təşkilatıdır. Müstəsna status almış Palata Beynəlxalq Ticarət Palatası və bir çox digər təşkilatların üzvüdür. Bundan başqa, o, Avropa İttifaqı Komissiyasının «Yaşıl xətt» əsasnaməsinin reallaşdırılması üzrə yeganə korporativ tərəfdaşı, Avropa Kiçik Biznes Alyansının üzvüdür. Şimali Kipr Türk Cümhuriyyətinin Ticarət Palatası həm də Cümhuriyyəti Kiprin yunan icması ilə danışıqlarda təmsil edir.

Turqay Dəniz Bakıya İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iyulun 17-18-də keçirilən 35-ci iclasına qatılmaq üçün gəlmişdi. O, iclas çərçivəsində «Region plus» jurnalının bir neçə sualını cavablandırmağa razılıq verib.

 

- Turqay bəy, Azərbaycana xoş gəlmisiniz. Təəssüratlarınızı bilmək istərdik.

- Azərbaycana ilk dəfədir gəlirəm, lakin özümü burada evimdəki kimi hiss edirəm. İqtisadi əlaqələrə gəlincə, özüm özümə sual verirəm: «Biz indiyədək nə iş görmüşük?». Axı biz qardaşıq, sevincli günlərdə də, kədərli anlarda da birlikdəyik. Amma görürəm ki, iqtisadi sahədə faktiki olaraq, heç nə etməmişik. Heç nə almır, heç nə satmırıq. Amma qardaşlığımızı ticarətlə də gücləndirməliyik. Bütün sahələrdə bir-birimizi dəstəkləməliyik.

- Bəs fikrinizcə, əməkdaşlıq üçün hansı imkanlar var?

- Bizdə – Kiprdə əsas sahə, əlbəttə ki, turizmdir. Gözəl sahilə, əla iqlimə malikik. Xüsusilə qış aylarında bizdə yaxşı qar yağır.

İnvestisiyalar sahəsinə gəlincə, qış fəlində yaşlı insanlar üçün müalicə pansionatları şəbəkəsinin yaradılması baxımından geniş imkanlar var. Bu pansionatlar öz potensial imkanları ilə dünyanın bir çox ölkəsindən, xüsusilə Şərqdən və Avropadan çox sayda yaşlı insanı cəlb edə bilər.

Şimali Kipr Türk Cümhuriyyətinin tanınmadığını və təcrid vəziyyətdə olduğunu nəzərə alsaq, biz hələ tam öyrənilmiş istiqamət deyilik. Bu kontekstdə, burada «first come», «first serve» prinsipi (ilk gələn qazanacaq) keçərlidir. Şimali Kipr Türk Cümhuriyyətində geniş investisiya imkanları var.

Ticarətdən danışsaq, məsələn, bizim «Hellim» pendir sortumuzdan danışa bilərəm. Bu, dünyada odda əriməyən yeganə pendir növüdür. Bu gün o, dünyanın bir çox mətbəxində layiqli yerini tutub. Bu pendirin Azərbaycanda da tanınmasını istərdik. Burada da pendirin müxtəlif növləri var və nəzərə alsaq ki, bizim yeməklərimiz, şirniyyatlarımız, ərzaq məhsullarımız kifayət qədər oxşardır, onların qarşılıqlı tədarükü ilə məşğul ola bilərik.

İkitərəfli əməkdaşlıq üçün daha bir mümkün sahə dəniz gəmilərinin təmiri, onlara servis xidmətlərinin göstərilməsi ola bilər. Bu, Şimali Kiprdə kifayət qədər yaxşı inkişaf etmiş sahədir.

- Şimali Kipr Türk Cümhuriyyətinin hansı ölkələrlə ticarət əlaqələri var?

- Biz Türkiyə ilə geniş ticarət əlaqələri qurmuşuq. O, 60%-i aşır. Uzaq Şərq ölkələri ilə ticarət dövriyyəmiz 9%, Avropa ilə 15% təşkil edir. Azərbaycanla niyə ticarət əlaqələrimiz olmasın? Çox geniş istifadə olunan «Bir millət, iki dövlət» ifadəsi var. Şimali Kipr Türk Cümhuriyyətinin də türk dövləti olduğunu nəzərə alsaq, faktiki olaraq biz «üç dövlət, bir millət»ik. Odur ki, Azərbaycanla bütün sahələrdə yaxınlaşmağa çalışırıq. Biz qardaşıq və işgüzar tərəfdaşlığı, turizm, təhsil, ticarət sahəsində əməkdaşlığı inkişaf etdirə bilərik.

- Bəs təhsil sahəsində əməkdaşlıq imkanları necədir?

- Məsələn, Şimali Kipr Türk Cümhuriyyətində təxminən 20 universitet var və orada 100 mindən artıq əcnəbi tələbə təhsil alır. Onların 60%-i Türkiyədən, təxminən 40%-i Fars körfəzi ölkələrindən, o cümlədən İrandan gələnlərdir.

Əvvəllər Şimali Kipr Türk Cümhuriyyətində çox sayda azərbaycanlı tələbə də var idi. Lakin son zamanlar onların sayında kəskin azalma var. Bunun səbəbləri öyrənilməlidir.

Şimali Kipr universitetlərində tədris ingilis və digər xarici dillərdə aparılır. Bizdə təhsilini başa vuran tələbələr onu asanlıqla Avropa və Türkiyədə davam etdirə bilir.

- Bakıya səfərinizin məqsədi nədir? Lazımi görüşləri keçirə, danışıqları apara bildinizmi?

- Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov ilə görüşdüm. Amma səfərimin əsas məqsədi İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasına qatılmaq idi. Orada 57 ölkə iştirak edirdi. Şimali Kipr tədbirə müşahidəçi statusunda qatılmışdı. Bizim məqsədimiz əməkdaşlıq imkanlarının genişləndirilməsi, ticari münasibətlərin inkişafı yollarının öyrənilməsidir.

Biz təşkilatımızı «bayraqdar» adlandırırıq. Şimali Kiprin Ticarət Palatası 1958-ci ildə yaradılıb və beynəlxalq səviyyədə legitim qurumdur. Onu Kiprin yunan tərəfi də qəbul edir, Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi şəxslərini tanımasa da, bizimlə rəsmi görüşlər keçirir. Biz Beynəlxalq Ticarət Palatasının üzvüyük, Brüsseldə, London və Ankarada nümayəndəliklərimiz var. Təşkilatımız həm də Şimali Kiprin Avropa İttifaqı ilə əməkdaşlığında qanuni vasitəçidir.

Bütün bunlardan çıxış edərək, islam və türk dövlətlərinin işgüzar dairələri arasında əməkdaşlıq təkliflərimiz var. Təşkilatın növbəti toplantısında təkliflərimizi təqdim edəcəyik. Şimali Kiprlə Aİ arasında «yaşıl xətt» adlandırılan ticarət rejimi mövcuddur. Onun sayəsində bizdə istehsal olunan istənilən məhsul hər hansı gömrük məhdudiyyəti olmadan adanın cənub hissəsinə və Aİ-yə Avropa malı kimi tədarük edilir. Biz türk dövlətlərinə və islam ölkələrindən olan investorlara «yaşıl xətt» paketinin analoqunu təqdim etmək istəyirik. Onlara deyəcəyik ki, məhsul istehsal etmək üçün Şimali Kiprə gəlin. Bunu birlikdə də edə bilərik, xarici investorlar kimi, özünüz də işləyə bilərsiniz. Məhsul istehsal etmək, onları Avropa malları kimi vergisiz, hər hansı gömrük və ya digər məhdudiyyətlər olmadan Avropa bazarlarına göndərmək. Bu, çox vacib üstünlükdür. Mallar Avropaya bizim Ticarət Palatamızın rəsmi tanınmış sənədləri ilə, vergi və məhdudiyyətlər olmadan ixrac ediləcək.

- Türk dövlətləri ilə iqtimsadi-ticari əlaqələrin genişləndirilməsi planı da varmı?

- Bizim üçün Türk Ticarət-Sənaye Palatası çərçivəsində də əməkdaşlığı gücləndirmək vacibdir. Hazırda bu təşkilata 5 ölkə üzvdür: Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan. Şimali Kipr ilə Türkmənistan orada müşahidəçi statusundadır. Amma adı çəkilən 5 ölkə arasında hələ də gömrük imtiyazları yoxdur. Avropa İttifaqının 28 ölkəsi birləşməyi, gömrük əngəllərini aşmağı bacarıb, mal və xidmətləri bir-birlərinə məhdudiyyətsiz tədarük edirlər. Ticarət dövriyyəsini artırmaq üçün türk ölkələri də eyni yolu getməlidir. Onların arasında ticarət dövriyyəsinin həcmi ümumi həcmin cəmi 3%-ni təşkil edir. Bu, insanı məyus edir. Təbii ki, bu ticarət dövriyyələrini bir-birilə əlaqələndirmək lazımıdır. Ölkələr arasında iqtisadi kooperasiya təcrübəsi var ki, hər bir ölkə malın tərkib hissəsini istehsal edir və onların mübadiləsini həyata keçirir. Beləliklə, istehsala qarşılıqlı dəstək təmin olunur. Ümid edək ki, yaxın gələcəkdə biz də belə istehsal kooperasiyasını yarada biləcəyik və bu, ticarət dövriyyəsinin artmasına yol açacaq.

- Zəngəzur dəhlizinin gözlənilən açılışı türk dünyasının daha da yaxınlaşmasında vacib rol oynayacaq. Bu nəqliyyat dəhlizi Şimali Kipr üçün nə qədər cəlbedicidir?

- Biz Azərbaycanla ümumi dəyərlərimizi çox yüksək qiymətləndiririk. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər bizi də sevindirir və ruhlandırır. Coğrafi yerləşməsinə görə vacib mövqeyə malik Azərbaycan bizə xarici bazarlar çıxış məsələsində yaxşı nümunədir. Mərkəzi Asiyaya Azərbaycan vasitəsi ilə çıxış ideyası bizim üçün çox cəlbedicidir. Odur ki, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işləri, bu prosesi diqqətlə izləyirik. Təbii ki, bu dəhlizin açılmasının türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcəyi, ticarəti artıracağı gözlənilir. O, tarixi İpək Yolunun bərpası üçün də bir vasitə olacaq. Biz hesab edirik ki, bu, kommersiya baxımından logistik imkanları da yaxşılaşdıracaq.

Şimali Kipr vacib geostrateji mövqeyi ilə yanaşı, həm də kifayət qədər iqtisadi potensiala malikdir. Kipr adası sahillərinin 51%-ni özündə birləşdirən ölkəmizin liman investisiyaları nöqteyi-nəzərindən də ciddi potensialı var. Hesab edirik ki, Şimali Kipr Azərbaycanın dəniz sektoru və onunla bağlı sektorlarının inkişafı üçün nümunə ola bilər. Odur ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi haqda düşünülməsi faydalı və səmərəli olardı.

- Maraqlı söhbət üçün təşəkkür edirik!


MƏSLƏHƏT GÖR:

77