19 Dekabr 2024

Cümə axşamı, 14:54

NİCAT ABASOVUN AT GEDİŞİ

Dünya Kuboku yeni istedadlı azərbaycanlı şahmatçını üzə çıxarıb

Müəllif:

01.09.2023

İyulun 30-dan avqustun 24-dək Bakıda şahmat təqviminin ən uzun yarışı olan Dünya Kuboku keçirilib. 27 gün davam edən mötəbər yarışda kişilər və qadınlar arasında ən güclü 309 şahmatçı mübarizə aparıb. 80-dən çox ölkənin təmsil olunduğu Dünya Kuboku sürprizlərlə yadda qalıb.

 

Ümidləri doğrultmayan “ulduzlar”

Dünya kubokunda Azərbaycanın aparıcı şahmatçıları ümidləri və proqnozları doğrultmayıb. 18 təmsilçimizdən 17-si mübarizəni erkən mərhələlərdə dayandırmaqla şahmat həvəskarlarını məyus edib. Xüsusən də Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi elit şahmatçıların, qadınlardan ibarət millinin lideri Günay Məmmədzadənin turniri boşa verəcəklərini heç kəs gözləmirdi.

Azarkeşlərin bütün ümidləri isə yarışda mübarizəni davam etdirən, komandanın yeganə üzvü Nicat Abasovla bağlı idi. O, yarışdan əvvəl favoritlər siyahısında deyildi. N.Abasov Dünya Kubokuna qatılanlar arasında da reytinqinə görə yalnız 69-cu yerdə idi. Sadəcə, sərgilədiyi yüksək performans və inamlı oyunla qarşısına çıxan rəqiblərini məğlub edib.

N.Abasov Dünya Kubokunda 1/64 finaldan başladı. Ardıcıl olaraq Makoto Rodvel, Fressinye Lourent təcrübəli Aniş Giri, Pyotr Svidler kimi şahmatçıları vaxtından əvvəl evə göndərdi. 1/8 finalda BƏƏ təmsilçisi Salem Salehi məğlub etdi. 1/4 finalda Hindistan şahmatının gənc ulduzlarından biri olan Vidit Santoşu üstələdi. Püşk yarımfinalda Nicatın qarşısında son illərin lideri, beşqat dünya çempionu Maqnus Karlseni çıxardı. Norveçli şahmatçıya uduzan Azərbaycan təmsilçisi gücünü üçüncü yer uğrunda sınadı. Burada isə onu əslən italyan olan, ABŞ-ın adından çıxış edən Fabiano Karuana dayandırdı. İlk görüşdə qalib gələn Nicat Abasov cavab görüşündə uduzdu, tay-brekdə isə ABŞ təmsilçisi Nicat Abasova şans vermədi 1-0; 1-0.

Beləliklə, Nicat Abasov Dünya Kubokunda 4-cü yeri tutmaqla karyerasının ən böyük uğuruna imza atdı. Reytinqə görə turnirin 69-cu şahmatçısı yekunda 4-cü yerlə kifayətləndi. Nicat Abasov həm də bir sıra ilklərə imza atdı. Dünya Kubokunda ilk dəfə birinci mərhələdən mübarizəyə qoşulan şahmatçı yarımfinala qədər irəlilədi. İlk dəfə Nicat ardıcıl altı partiyada qalib gəldi, ümumilikdə isə 8 mərhələdə iştirak etdi.

Kişilərin yarışında yekun nəticədə Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi oldu. Norveçli qrossmeyster karyerasında ilk dəfə bu titula yiyələndi. Beşqat dünya çempionu finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazandı. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medalı və kuboku təmin etdi. Üçüncü yer Fabiano Karuanaya qismət oldu.

 

Olacaq, yaxud olmayacaq?

İndi şahmat həvəskarlarını bir sual maraqlandırır. Nicat Abasovun uğuru davamlı olacaqmı? Azərbaycanda Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarovdan sonra daha elit şahmatçı olacaqmı? Dünya Kubokunda uğurlu çıxışıyla FIDE reytinqində 30 pillə irəliləyən Nicat həm də karyerasında ilk dəfə İddiaçılar Turnirində çıxış edə bilər. Reqlamentə əsasən Dünya Kubokunda ilk üç yerin sahibi İddiaçılar Turnirinə vəsiqə qazanır. Yarışın qalibi Maqnus Karlsen turnirdən imtina etdiyinə görə onun vəsiqəsi Nicat Abasova verilə bilər.

Nicat Abasov Dünya Kubokundakı çıxışını “R+”a açıqlamasında belə qiymətləndirib: “25 gündür ki, intensiv iş rejimindəyəm. Heç vaxt belə rejimdə oynamamışam. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiya ilə mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən, son oyunlarda istədiyim mübarizəni apara bilmədim. Bununla belə, böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.

N.Abasov ona dəstək olan insanlara təşəkkür edib: “Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə “çox sağ ol” deyirəm. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacağam”.

 

Böyük uğura doğru ilk addım

“Nicatın nəticəsi bizi çox sevindirdi. O, çox güclü şahmatçıdır. Dünya Kubokunda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan uğurlu nəticə gözləyirdik. Amma yarış Nicatın daha yaxşı hazırlaşdığını göstərdi. Öz üzərində çalışan, böyük potensiala malik şahmatçıdır. Çıxışı ilə də bunu sübuta yetirdi. Onun son görüşlərini izlədim. Nicatın gələcəkdə böyük uğurlar qazanacağına inanıram. Düşünürəm ki, bu turnir onun gələcək həyatında, şahmat karyerasında dönüş nöqtəsi olacaq. Bu, sadəcə olaraq, böyük uğura doğru ilk addımdır”, - Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, hazırda Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva “R+”a açıqlamasında deyib.

Uzun illər Rusiya millisinin baş məşqçisi olan, FİDE hakimi Boris Postovski Dünya Kubokunun fəxri qonaqları sırasında idi. B.Postovski Nicatın bu yarışdan böyük təcrübə qazandığını bildirib: “Nicatın oyununu bəyənirəm. Ciddi və səliqəli oyunu ilə diqqət çəkir. Finalın bir addımlığında dayandı. Hətta yarımfinalda Karlsenlə başabaş mübarizə apardı. İlk partiyada qələbə qazana da bilərdi. İkinci partiyanı isə gözəl keçirdi. Məlum məsələdir ki, Nicat hələ üzərində çox çalışmalıdır. İddiaçılar Turnirinə vəsiqə qazansa, onun üçün əla təcrübə olar. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovu təbrik etmək istəyirəm ki, Rusiyadan iki güclü mütəxəssisi bura gətirib. Onlardan biri olan Yevgeni Tomaşevski fantastik məşqçidir, onu yaxşı tanıyıram. Abasovun uğurlu çıxışında onun əməyini də qeyd etmək lazımdır. Fikrimcə, Nicatın heç də pis şansları yoxdur”.

Qeyd edək ki, Nicat Abasov bir müddət istirahət edəcək. Onun noyabrda milli komandanın heyətində Avropa çempionatında iştirak edəcəyi gözlənilir.



MƏSLƏHƏT GÖR:

121