19 Dekabr 2024

Cümə axşamı, 14:14

PARLAQ UĞUR

Cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi dünya birincisi olub

Müəllif:

15.09.2023

Cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi avqustun 23–27-də Xorvatiyada keçirilən dünya birinciliyində parlaq nəticə qazanıb. Yüksək nailiyyətlər sayəsində Zaqrebdə yeniyetmələrin dünya birinciliyi Azərbaycan cüdo tarixində uzun müddət yadda qalacaq.

Xorvatiyada Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə edib.

Maraqlı məqam odur ki, Azərbaycan idmançılarının əksəriyyəti mükafatçılar sırasında olub. Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurub. Bu da komandamız üçün özünəməxsus rekord sayılır.

 

Məmişov Məmişova qarşı

Oğlanların yarışında Nihad Məmişov 10 il davam edən həsrətə son qoymaqla tarixə düşüb. 50 kq-da çıxış edən yeniyetmə on illik fasilədən sonra ölkəmizə dünya birinciliyində qızıl medal qazandırıb. İlk dəfə dünya birinciliyi kimi nüfuzlu yarışda Azərbaycan finalı yaşanıb. İki Azərbaycan idmançısı 50 kq çəkidə Məhəmməd Məmişov və Nihad Məmişov final görüşündə üz-üzə gəlib. İki təmsilçimizin qarşılaşması yarışın tarixinə xüsusi hadisə kimi yazılıb. Məhəmməd və Nihad Məmişovlar arasındakı final qarşılaşması təsiredici texnikalarla yadda qalmayıb. Rəqiblər bir-birlərinin hərəkətlərini və texnikalarını çox yaxşı tanıdıqları üçün uzun müddət hesabda bərabərlik olub. Hər ikisi aktiv mübarizə aparmadığına görə əsas vaxtda xəbərdarlıq yəni “şido” alıb. Əlavə vaxta cəmi 8 saniyə qalmış Nihad Məhəmməd fəndlə üstünlüyünü bir xala çevirib. İdmançılarımız bir çəkidə qızıl və gümüş medalları qazanmaq ilə yanaşı, hər kəsə komandalarının nə qədər güclü olduğunu göstəriblər.

Qızlar arasında 52 kq çəki dərəcəsində Xədicə Qədəşovanın çıxışı barədə xüsusi danışmaq lazımdır. Xədicənin çempionatda parlaq qələbəsi Azərbaycan idmanı üçün tarixi nailiyyət olmaqla yanaşı, həm də qadın cüdosunda böyük qələbə olub. Qədəşovanın finaldakı rəqibi fransalı Alisia Pulanjın güclü idmançı olduğuna görə təmsilçimizin şansları yüksək qiymətləndirilmirdi. Amma final “qızıl xal” bölümünə qədər uzanıb. Həlledici mərhələdə də rəqib daha fəal görünüb. Gərgin mübarizə 3 dəqiqə 13 saniyə davam edib. Sonda Qədəşova “sumi gaeşi” fəndi ilə layiqli qələbə qazanıb.

Komanda yarışında komandamız birinci yerə layiq görülüb, fərdi yarışların nəticələrinə görə Azərbaycan cüdoçuları 8 (2-3-3) medal qazanıblar. Azərbaycan yeniyetmələri ardıcıl üçüncü dəfə qarışıq komanda yarışlarında gümüş medal qazanıblar. Bu, həm medalların sayına, həm də indiyədək iştirak etdiyi bütün dünya çempionatlarında çıxışına görə Azərbaycan komandasının ən yaxşı nəticəsidir.

 

Ən uğurlu il

Ümumiyyətlə, 2023-cü ili ölkəmizin yeniyetmə cüdoçularının aktivinə yazmaq olar. Bu il cüdoçularımız Avropa çempionatında da liderliyi qoruyaraq həm medalların sayına, həm də əyarına görə fərdi yarışlarda  1-ci olub. Oğlanlar arasında da eyni nəticə əldə edilib. Həmçinin, Avropa çempionatının qarışıq komanda yarışlarında idmançılar qızıl medal qazanıb ki, bu da yeniyetmələrin qarışıq komanda yarışlarında əldə etdikləri ilk qızıl medal kimi tarixə düşüb.

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli “Region Plus”a açıqlamasında Xorvatiyada keçirilən dünya birinciliyində idmançılarımızın nəticəsini yüksək qiymətləndirib. Mütəxəssis mundialın və 2023-cü ilin onlar üçün uğurlu alındığını bildirib: “Avropa Gənclər Olimpiya Festivalında (EYOF), Avropa çempionatında, həm də Zaqrebdəki turnirdə komanda hesabında birinci olduq. Tarixi nəticə əldə etdiyimiz üçün çox sevinirik”.

R.Alimli çox güclü heyətlə Xorvatiyada mübarizə apardıqlarını vurğulayıb: “Bütün idmançılardan medal gözləyirdik. Dünya çempionatı çox güclü yarışdır. Mübarizəyə lider ölkələr qatılır. Oğlanlardan ən azı iki qızıl medal gözləyirdik. Amma ümumilikdə beş idmançımız final görüşünə çıxdı. Mirxaliq İskəndərov (55 kq) və Əbil Yusubovun (66 kq) da əsas mükafata sahib olacağına ümid edirdik. Biri bürünc, digəri gümüş medal əldə etdi. Yenə də yaxşı nəticədir. Daha əvvəl mundiallarda belə göstəricilərimiz olmayıb”.

Baş məşqçi 50 kq-da finalda iki Azərbaycan təmsilçisinin – Nihad Məmişov (qızıl medal) və Məhəmməd Məmişovun mübarizə aparmasına da toxunub: “Çox maraqlı qarşılaşma alındı. Nihad özündən böyük idmançılarla yarışdı. O, növbəti ildə də yeniyetmələrdə qüvvəsini sınayacaq”.

Mütəxəssis son olaraq yeniyetmə cüdoçuların gənclərin və böyüklərin turnirlərində də uğurlu çıxış edəcəyinə inandığını söyləyib: “Bu yarışda nəticə qazanan idmançılar gənclər və böyüklərdə də uğurlu çıxış edəcəklər. 2028-ci ildə baş tutacaq Yay Olimpiya Oyunlarında azı iki idmançımız medal qazanacaq”.



MƏSLƏHƏT GÖR:

120