19 Dekabr 2024

Cümə axşamı, 14:15

«QARABAĞ»ın UĞURU

Azərbaycan klubu ardıcıl onuncu dəfə Avropa kuboklarının qrup mərhələsində çıxış edəcək

Müəllif:

15.09.2023

Avrokuboklarda seçmə mərhələ başa çatıb. Son illərdə olduğu kimi təmsilçilərimizdən yalnız “Qarabağ” qrup mərhələsinə yüksəlib. Ağdam klubu Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komanda sıradan çıxarıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən cavab görüşü 1:1 hesabı ilə yekunlaşıb. “Qarabağ” səfərdə baş tutan ilk görüşdə 2:0 hesablı qələbə qazandığından bu nəticə qrup mərhələsinə vəsiqə qazanmağa imkan verib. Beləliklə, Qurban Qurbanovun komandası avrokubokların qrup mərhələsində çıxış edəcək.  “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.

 

Yeni rekord

Azərbaycan çempionu ardıcıl onuncu dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlməklə rekord müəyyənləşdirib. “Qarabağ”dan başqa Avropada qrup mərhələsində daimi oynayan yalnız 15 komanda var. Lakin “Qarabağ” təsnifat mərhələsindən başlayaraq ardıcıl 10 il Avropada qrupa yüksələn yeganə klubdur. Yəni “qoca qitə”də ikinci belə komanda yoxdur. Qeyd etmək yerinə düşər ki, “Real Madrid”, “Bavariya”, “Barselona” və PSJ son 10 ildə qrup mərhələsində həmişə birbaşa oynamaq hüququ əldə edib. Bu isə onların təmsilçisi olduğu ölkələrin UEFA-dakı yüksək reytinqi ilə bağlıdır.

Püşkə əsasən, “Qarabağ” H qrupunda yer alıb. Azərbaycan çempionu “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hekken”lə (İsveç) bir qrupa düşüb.

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünüblər. Qrupun qalibi 1/8 finala, qrup ikinci 1/16 finala vəsiqə qazanacaq. Qrup üçüncüsü isə Konfrans Liqasının pley-off mərhələsində (1/16 final) oynamaq hüququ əldə edəcək. Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq.

 

“Azarkeşlərimizi sevindirmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Region plus”a açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Təcrübəli mütəxəssis çətin qrupa düşdüklərini deyib: “Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” top “5-lik” ölkəsinin komandasıdır. “Molde” və “Haken2” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.

Azərbaycan çempionu transfer pəncərəsinin son günündə qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb. Millinin qolkiperi Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqavilə imzalayaraq Azərbaycanı tərk edib. Ağdam klubunda əsas qapıçı olmaq uğrunda Luka Quqeşaşvili ilə Andrey Lunyov arasında mübarizə olacaq. Q.Qurbanovun daha çox kimə etibar edəcəyini zaman göstərəcək.

 

Yeni köhnə rəqiblər

Q.Qurbanov çətin qrupa düşməyimizi deyərkən həqiqəti söyləyib. Avropa Liqası kimi qitənin səviyyəsinə görə ikinci klub yarışında zəif komanda olmur. Sözsüz ki, favorit Almaniyanın “Bayer” klubudur. Leverkuzen təmsilçisi hazırda maksimum nəticə ilə bundesliqada liderdir. Almanlarla hər iki oyunun çətin olacağını əminliklə söyləmək olar.

Norveçin “Molde” klubu Çempionlar Liqasında “Qalatasaray”a uduzmaqla Avropa Liqasına yollanıb. Hazırkı heyət əsasən norveçli oyunçulardan ibarətdir. Legionerlər danimarkalı Anders Hagelskyer və ABŞ-dan olan Kristian Kappisdir. “Qarabağ2 üç il əvvəl də bu komanda ilə üz-üzə gəlib. “Köhlən atlar” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibinə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib - 5:6.

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İsveçin “Hakken” klubu 1940-cı ildə yaradılıb. Klub Allsvenskanda yeganə çempionluğunu ötən il əldə edib. “Hakken” ölkə kubokunun üçqat qalibi olmasına baxmayaraq, Avropa Liqasında debütantlardan biridir. “Hakken” cari mövsüm tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Komanda daha əvvəl yalnız iki dəfə UEFA Avropa Liqasında III təsnifat mərhələsinə qədər irəliləməyə nail olub.

Bu arada, “Bayer”in baş məşqçisi Xabi Alonso püşk barədə bunları deyib: “Qrupda asan mübarizə olmayacaq. Matçlara tam məsuliyyətlə yanaşacağıq. Məqsədimiz yalnız qrupun qalibi olmaqdır. Bizi favorit hesab etsələr də, bütün oyunlara ciddi yanaşmalıyıq. Keçən il Avropa Liqasının yarımfinalında “Roma” ilə oyun (0:1, 0:0) ətrafında yaranan eyforiya bizi daha da diqqətli olmağa vadar edir. Bəli, biz qrupun favoritiyik, lakin rəqiblərimiz ciddi qəbul edilməli komandalardır”. 

Xatırladaq ki, Avropa Liqasında mövsümə sentyabrın 21-də start veriləcək. İlk turda “Qarabağ” Bakıda Norveçin “Molde” klubunu qəbul edəcək.



MƏSLƏHƏT GÖR:

113