19 Dekabr 2024

Cümə axşamı, 14:01

«CAZI ÖZÜNÜZDƏ SEVİN…»

Salman QƏMBƏROV: «Azərbaycan cazının gələcəyi bu musiqi sənətini öyrənən və anlayan insanların əlindədir. Mən onlara böyük uğurlar arzulayıram»

Müəllif:

15.09.2023

İncəsənətdən uzaq insanlar hesab edirlər ki, caz seçilmişlər, ona bələd olan şəxslər üçündür. Həmsöhbətimiz – azərbaycanlı cazmen, Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanın Xalq artisti, pianoçu, bəstəkar, pedaqoq, «Bakustik jazz» kollektivinin yaradıcısı Salman Qəmbərov fərqli düşünür. Onun sözlərinə görə, cazı anlamaq üçün seçilmiş olmaq yox, yaxşı dinləmək, diqqətini ona yönəltmək lazımdır. Salman Qəmbərov bu üzdən cazın qiymətini bilən, bütün diqqətini ona verən insanların toplandığı kamera şəraitində, klubda çıxış etməyə üstünlük verir. Onların dinlədikləri musiqiçinin sənətini bir məşhur ifadə ilə xarakterizə etmək olar: «Əsl caz eyni zamanda şəxsiyyətin və xalqın özünü ifadə sənətidir».

- Caz seçilmişlər üçün olan musiqidir? Bir vaxtlar Qalina Vişnevskaya opera haqqında danışarkən demişdi ki, bu, geniş kütlə üçün olan sənət deyil və onu çox insanın anlamaması, sevməməsi faciə sayılmamalıdır. Eyni fikri caza da aid etmək olarmı?

- Mən belə deməzdim. Opera ilə caz arasında üslub fərqi çoxdur. Operadan danışırıqsa, Pyotr İliç Çaykovski və Cüzeppe Verdinin əsərləri geniş tamaşaçı kütləsinə tanışdır. Məsələn, ekspressionist Alban Berqin və XX əsrin avanqard vokal-dram əsərləri yazmış digər bəstəkarlarının operaları üçün şübhəsiz ki, hazırlıqlı dinləyicilər lazımdır. Eyni sözləri caz haqda da söyləyə bilərik. Qlenn Millerin, Oskar Mitersonun musiqilərini hələ də böyük məmnuniyyətlə dinləyirlər. Amma caz doqma deyil, o, inkişaf edir. 40-cı illərdə Telonius Munkun yaradıcılığı dövrün dinləyiciləri üçün ənənəvi musiqi deyildisə, bu gün dünyada caz hətta bir üslubda belə, o qədər müxtəlifdir ki, hər şey auditoriyanın zövqündən asılıdır. Ciddi cazı hazırlıqlı dinləyici dinləməlidir ki, ona yalnız rəqs etmək, yaxud çırtma vurmaq üçün qulaq asmasın. Müasir musiqi konsentrasiya tələb edir. Caz kompozisiyasında mövzu bir dəqiqədən artıq çəkmir. Yerdə qalan improvizasiyalar, mövzunun inkişafıdır. Buna hazır olmayan dinləyici sənin ifadə etmək istədiyin mənanı tuta bilməyəcək, sonda mövzunun necə transformasiya olduğunu, yaxud dəyişməz qaldığını anlamayacaq. Əlbəttə ki, təcrübəsiz insan bunu qiymətləndirə bilməz. Mən hələ peşəkar musiqi təhsilindən danışmıram. Əsas ona yaxınlaşmaq istəyidir. Yeri gəlmişkən, bir qayda olaraq, çətin musiqini liriklər yox, fiziklər dinləyir. Başqa sözlə, humanitarlar, yazıçı və rəssamlar yox, texniki sahənin ziyalıları, fiziklər, riyaziyyatçılar, IT mütəxəssisləri.

Bəzən caza əyləncəli musiqi kimi yanaşılması mənə bir qədər toxunur. Doğrudur, bu üslubda dinləyərək dincəlmək, yaxud rəqs ediləcək müxtəlif istiqamətlər də var. Amma bu, mənə görə deyil. Mənim formatım çoxlu insanların gəldiyi böyük konsert yox, ifanı dərindən dinləyən dinləyicilərin olduğu klubdur.

- Demişdiniz ki, 1997-ci ildə «Karvan» caz-klubun açılışı sizi xoşbəxt etmiş ən böyük musiqi hadisəsi olub. Son dövrlərdə yaradıcı həyatınızda həmin xoşbəxtliyi «geridə qoymuş» hansısa hadisə baş veribmi?

- Bəli, o dövr – 1997-ci il üçün o, böyük xoşbəxtlik idi. Şəhərin mərkəzində, əsas ticarət və əyləncə küçələrindən birinin kəsişməsində caz-klub açılmışdı. O zaman artıq neft müqavilələri imzalanmışdı, xaricdən oraya top-menecerlər, əcnəbi caz həvəskarları gəlirdi. Onlar kluba gəlir, bizim ifalarımızı dinləyirdilər. Xoşbəxt idik. Lakin bizdən böyük həmkarlarımızın sırf caz musiqisinin səsləndirildiyi klubu görə bilmədikləri fikri bizi tərk etmirdi. Bakının caz şəhəri olduğu haqda çox danışsaq da, o, heç zaman sırf caz şəhəri olmayıb. Odur ki, bizim nəsil üçün klubun, daha sonra isə caz mərkəzinin açılması böyük hadisə idi. Amma həmin hadisədən üstün heç nəyin baş vermədiyini söyləmək doğru olmazdı. Çinə, Avropaya, ABŞ və Kanadaya aylıq turlar, musiqiçilərə görüşlər, caz festivallarında çıxışlar – bütün bunlar insanda unudulmaz təəssüratlar yaradır, yaradıcılığa, yeni layihələrə təkan verir. Həmfikirlərlə görüşlər, uğurlu birgə işlər daha çox çıxış etmək, daha çox müsbət emosiya yaşamaq imkanı yaradır. Odur ki, keçmişi o qədər də ideallaşdırmağın tərəfdarı deyiləm. Bir musiqiçi olaraq, mənim üçün gələcək keçmişdən az maraq kəsb etmir.

- O zaman gəlin adını çəkdiyiniz, tez-tez iştirak etdiyiniz beynəlxalq festivallardan danışaq. Tezliklə Bakıda növbəti caz festivalı keçiriləcək. Sizə harada çıxış etmək daha rahatdır – evdə, ya xaricdə? Prinsipcə, Azərbaycanda keçirilən festivalların səviyyəsini necə qiymətləndirirsiniz? Onları xaricdəki festivallarla müqayisə etmək olarmı?

- Yerli festivallarda mən 2015-ci ilədək iştirak etmişəm. Menecmentin dəyişməsindən, başqa təşkilatçıların gəlişindən sonra Bakı caz festivallarına qatılmıram – 2016-cı ildən. Amma özlərini festivallarda iştirakla göstərmək imkanı qazanan gənc ifaçılarımıza görə sevinirəm. Bu, şübhəsiz ki, şansdır, gələcək üçün imkandır. Bizim Azərbaycandan kənarda çıxış etmək imkanımız var. Amma mütəmadi olaraq klublarda da çıxışlar edirəm. Odur ki, arzulayanlar məni məhz klublarda, məsələn, İçərişəhərdəki «Best place» klubunda dinləyə bilər. Beləliklə, bir daha təkrarlayıram ki, festivallar gənclər üçün olan meydandır. Bu, onlarda hazırlaşmağa, məşq etməyə, yeni kompozisiyalar yazmağa stimul yaradır. Amma açıq desəm, Bakı festivallarında ifa olunan musiqilərin keyfiyyəti məni o qədər də qane etmir. Onların arasında yaxşı musiqiçilər də var. Amma belələrini bir əlin barmaqları ilə saymaq olar. Qalanları heç bir təəssürat yaratmır – nə beyində, nə qəlbdə.

Xaricə gəlincə, orada da solğun, məzmunsuz festivallar var. Amma orada onların sayı çoxdur. Almaniyada, Niderlandda hər şəhərdə festival keçirilir! Hələ ABŞ-ı demirəm. Ciddi musiqiçilərin çıxış etdikləri məşhur tədbirlər var ki, onların üzərində art-direktorlar, impresariolar çalışır. Diqqətinizi bir məqama çəkmək istərdim: bu səviyyəli musiqiçilər hər dəfə yeni proqramla çıxış edirlər. Yəni hər yeni festival yeni proqramdır. Musiqiçi bir festivalda ardıcıl beş dəfə iştirak edə bilər, amma onun çıxışları təkrar olmayacaq. Festival konsert deyil və onların çoxunun öz simasının olması mənim xoşuma gəlmir. Məsələn, Portuqaliyada heç bir etno və ya klassik caza yer verilməyən festival var. Əksinə, orada yalnız müasir, kreativ, avanqard caz səslənir və onları qeyri-adi musiqiçilər ifa edir. Bu, mənə çox yaxındır.

London və ya Montrö festivalları isə daha demokratik tədbirlərdir. Oraya hamını buraxırlar – etnikdən tutmuş, kantriyədək. Amma orada ciddi caz musiqisi eşidə bilməzsiniz. Odur ki, bizimlə müqayisə aparmaq çox çətindir. Xaricdə onların sayı lap çoxdursa, bizdə yalnız bir festival var – Bakı festivalı. Gürcüstanın özündə belə, bir neçə belə festival keçirilir – Tbilisidə və Batumidə. Oktyabrda bizi oraya da dəvət ediblər.

- Musiqidə şəxs vacibdirmi? Belə bir fikir var ki, məsələn, aktyor özünü ağıllı göstərməyə çalışmamalı, heyvan kimi olmalı, qarşısına qoyulmuş vəzifəni icra etməlidir. Bu mənada, musiqiçilərin vəziyyəti necədir?

- Kino haqda danışırıqsa, bəli, diktatorlar da var, improvizasiya imkanı yaradanlar da. Bu, rejissorun aktyorlar qarşısında hansı vəzifələri qoymasından asılıdır. Güman ki, onun iş metodunu da bu məqam diktə edir. Yeri gəlmişkən, improvizasiyadan danışırıqsa, Cim Carmuşun «Kofe və siqaret» filmini izləyin. O tam, total improvizasiyadır. Orada ssenari belə, yoxdur. Sadəcə, caz filmidir. Layihəni düşünən və oraya başqa ifaçıları da dəvət edən musiqiçi anlayır ki, nəsə əsas götürülməlidir, bu üzdən də müəyyən çərçivədən çıxılmamasını tələb edir. Lakin komandadan kimsə öz tərəfindən daha yaxşı variant təklif edirsə, bu, qrup lideri üçün böyük xoşbəxtlikdir. Düşünmək, yaratmaq bacarığı olan şəxslərlə çalışmaq hər zaman xoşbəxtlikdir. Saksofonçunun alətini heç bir kollektiv rəhbəri, məsələn, pianoçu onun özü qədər bilmir. Əgər o, öz partiyasında daha yaxşı variant təklif edirsə, şübhəsiz ki, onu dinləmək və qəbul etmək lazımdır. Mən instrumentalistlərə həmişə təşəbbüs göstərmələrini təklif edirəm, lakin təəssüf ki, hazırlıq səviyyəsi heç də həmişə arzu olunanların həyata keçirilməsinə imkan vermir. Təki öz partiyanı ifa edə biləsən, vəssalam.  Pianoçularla simli alət ifaçıları orta məktəbdə, sonra ali məktəbdə və ya akademiyada təhsil alırsa, digər instrumentalistlər əsasən ifanı özləri öyrənirlər. Caz musiqisində isə qeyri-peşəkarlara çox nadir hallarda rast gəlinir, çünki bu, ciddi, akademik musiqidir. Təhsil olmadan opera və balet yazmaq çox çətindir. Lakin klassik təhsil almadan, supermarketdə satıcı işləyərək də mahnı, pop musiqisi, disko və ya rep yazmaq olar.

- Bəs «özünü sənətdə yox, sənəti özündə sev» fikri ilə nə edək?

- Mən bu ifadəni tez-tez dəyişərək, belə deyirəm: «Özünüzü cazda yox, cazı özünüzdə sevin». Yeri gəlmişkən, ifada bu, özünü dərhal göstərir. Bəzi ifaçılar səhnəyə boyunlarında dəsmal, əllərində bir şüşə su ilə çıxmağı sevirlər. Sanki bu, caz musiqisinin ayrılmaz atributlarıdır. Bəzən suyu əvvəlcədən royalın üzərinə də qoyurlar. Ona baxdıqda düşünürsən ki, olsun, indi isə ifaya başla. Problem də burada başlayır. İnsan musiqiçinin səhnəyə necə çıxdığına baxır, ən vacibi – onun necə ifa etdiyini isə anlamır. Xarici görünüş, əlbəttə ki, rol oynayır, lakin o, ifaçılıq bacarığından önəmli deyil.

- Siz kino musiqisi də bəstələmisiniz – səssiz «Lətif» filminə saundtrek və «Qırmızı bağ» filminə musiqi. Yenə kino ilə işləmək planınız varmı?

- Mənə kino musiqisi hər zaman maraqlı gəlib. Bəyəndiyim musiqilərin isə bəstəkarı, saundtreklərin müəllifləri marağımı çəkib. Bu mənada, bəxtimdən razıyam. Şəm sənədli filmdə işləmişəm, həm dram teatrında, musiqili komediyada və kukla teatrında. «Lətif» filmi səssiz kino janrına ilk müraciətimdir. Amma sonuncu deyil. Ondan sonra gürcü kinematoqrafçılarla da işləmişəm. İlk filmim olan «Mənim nənəm»in musiqisini 2015-ci ildə Bakı caz festivalının səhnəsində beynəlxalq heyətlə ifa etmişik. İkinci filmim olan «Eliso»nun mahnısını isə eyni heyətlə Tbilisi səhnəsində səsləndirmişik.

«Qırmızı bağ»a gəlincə, mənim çalışdığım ilk tammetrajlı filmdir. Məni bu işə filmin rejissoru Mirbala Səlimli dəvət etmişdi. Film bir sıra festivallarda mükafatlar qazanıb, o cümlədən ən yaxşı musiqiyə görə də mükafat alıb. Son iki işim oğlum Teymur Qəmbərovun çəkdiyi iki qısametrajlı filmdir («Quxuroba» və «İki gün»). Bu, asan kino dili deyil. Oğlum məndən bu filmlərə musiqi bəstələməyimi istədi. Doğrudur, onlar filmdə çox səslənmir. Adətən müəllif filmlərində musiqi müşayiəti səs-küy, atmosfer nəfəsi üzərində qurulur və musiqi povestə nə lirik, nə də dramatik not əlavə etmir. Sevinirəm ki, oğlumun ilk filmi olan «Quxuroba» bir sıra beynəlxalq mükafatlara, o cümlədən Sarayevo kinofestivalının mükafatına layiq görülüb. Onun uğuruna həqiqətən çox sevinirəm! Musiqiyə gəlincə, «Lətif» filminə yazdığım saundtrek 2001-2015-ci illərdə dünyanın yarısını dolaşıb – Soçidən Buenos-Ayresədək. O, Almaniya, İsveçrə, Rusiya, Polşa şəhərlərinin səhnələrində səsləndirilib. Bu layihəni uğurlu saymaq olar.

- İmprovizasiya sənəti təbii istedaddır, ya onu inkişaf etdirmək olar? Necə düşünürsünüz, musiqi məktəblərində uşaqlara caz tədris olunmalıdır, yoxsa onların sonradan şüurlu şəkildə caza gələ biləcəklərini düşünərək, akademik musiqi ilə kifayətlənmək olar?

- Məktəbdə caz fənni tədris etmək tezdir. Bunu etmək olmaz. Onlar alətlərdə ifa bacarığına yiyələnməlidirlər, buna isə yalnız klassik musiqi ilə nail olmaq olar. Bəzi eksperimentlər olub, lakin onlar müsbət nəticə verməyib.Uşaqlar notlarla nələrisə əzbərləyə bilər, amma bu, cazla təmas demək deyil. Amma uşaqları həm akademik, cəm caz konsertlərinə, teatr və kinolara aparmaq lazımdır ki, onların zövqü inkişaf etsin. Bu, hər bir halda vacibdir – uşaq gələcəkdə musiqiçi olmasa belə. İncəsənətlə təmas istənilən halda insanı ruhən zənginləşdirir. Yalnız uşaq böyüdükdən, savadlandıqdan, musiqi alətində ifa etməyi bacardıqdan sonra cazı da yoxlamaq olar.

İmprovizasiyaya gəlincə, məncə onu öyrənmək olmur. İnsanın istedadı varsa, ona yol göstərmək, yönəlndirmək olar. Onun beyni musiqi ilə dolu olmalıdır ki, sonradan əllərə siqnal getsin. Yalnız bu halda improvizasiya ideyaları əmələ gəlir, amma gənc yaşlarda bu, nadir halda baş verir. Odur ki, improvizasiyanın öyrədilməsi ideyasına skeptik yanaşıram. Məktəbdə səthi nəsə öyrətmək olar, amma sənət başqadır.

- Azərbaycan cazını necə xarakterizə edərdiniz, onun əsas istiqaməti nə olmalıdır? Əvvəllər muğam-caz, folk-caz haqda çox danışılırdı. Azərbaycanda cazın müasir istiqamətini necə adlandırmaq olar?

- Azərbaycan cazından danışarkən onu muğam yox, etnocaz adlandırmağa üstünlük verirəm. Bu, ümumiişlək termindir. Hindlilər və ya qazaxlar milli elementlərindən istifadə ilə caz ifadə edəcəklərsə, bu, etnocaz olacaq. Bizdə sırf amerikan cazını əla ifa edən sənətkarlar da var, yalnız etnik caz ifa edən musiqiçilər də. Burada ən əsası keyfiyyətdir ki, o da hər zaman olmur. Bu, istər amerikan, istərsə də etnik caza aiddir. Ən xoşagəlməz hal Azərbaycan etnik musiqisinə bayağı elementlər qatmaqla, «alver» etməkdir. Belə konsertlərdən sonra insanda çox pis təəssürat yaranır. Görürsən ki, musiqiçi nə folklorumuzu bilir, nə cazımızı, amma «Sarı gəlin»in improvizasiyası ilə «alver edir». Populizmdir. Yox, bu, maraqlı, yeni formada edilirsə, belə musiqi hər zaman alqışlanır. Bizə Vaqif Mustafazadədən, Rafiq Babayevdən qalmış ənənələrə hörmət etməliyik. Amma Vaqifin bəstəsini tam onun kimi ifa etmək lazım deyil. Aktyorlar şeiri özlərinə xas üslubda səsləndirirlər. Musiqçilər də belə olmalıdırlar. Vaqif Mustafazadənin 60 il əvvəlki ifasını olduğu kimi təkrarlamaq qəbuledilməzdir!

- Azərbaycanın şanlı caz ənənəsi var. Fikrinizcə, onun gələcəyi necə olacaq?

- Bəli, Azərbaycanın böyük caz ənənəsi var. Heyranedici “Dövlət cazı” və Vaqif Mustafazadənin, Rafiq Babayevin, Vaqif Sadıxovun kiçik heyətləri. Əsas odur ki, cazı səmimi, fanatcasına sevəsən. Onlarda belə olub və nəticə yalnız bu halda mümkündür. Bu, əvvəldə dediyim məsələdir – cazı özündə, yoxsa özünü cazda sevmək. Onlar cazı özlərində sevirdilər. Odur ki, mən musiqiçilərə diplom deyil, yaxşı təhsil arzulayıram. Mənim müxtəlif səviyyələrdə tədris etmək təcrübəm var – xüsusi musiqi məktəbi, kollec, akademiya. Şagirdlərimə hər zaman demişəm ki, yaxşı öyrənməsələr, daha yaxşılara hər zaman paxıllıq edəcəklər. Nəticədə, belə insanlar həmkarlarının uğurlarına şahidlik etməmək üçün onların konsertlərinə də getməyəcəklər. Bu, dəhşətdir! Odur ki, cazımızın gələcəyi oxuyub, öyrənib musiqi sənətini dərk edənlərin əlindədir. Onlara böyük nailiyyətlər arzulayıram!



MƏSLƏHƏT GÖR:

119