16 May 2024

Cümə axşamı, 22:53

REKORD SAYDA “QIZIL”

Azərbaycan gimnastları Avropa yarışlarında böyük uğur qazanıblar

Müəllif:

15.11.2023

Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı ölkəmiz üçün əlamətdar hadisə ilə yadda qaldı. Gimnastlar qitə çempionatında 7 dəfə Azərbaycan himnini səsləndirməklə rekord nəticəyə imza atdılar.

21 ölkədən 105 böyük yaşlı və 144 gənc gimnastın iştirak etdiyi budəfəki qitə çempionatı Azərbaycan üçün yüksək nəticə ilə tarixə düşdü. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri, sözün əsl mənasında Avropanı fəth etməyi bacardılar. Akrobatika gimnastikası üzrə təmsilçilərimiz Avropa çempionatında 7 qızıl, 2 gümüş medala sahib çıxdılar.

 

Uğur və uğursuzluqlar

Yarışda ölkəmizi böyüklər arasında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü, gənclər arasında isə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu təmsil etdi.

Varna xalçasında parlaq çıxışları ilə göz qamaşdıran təcrübəli idmançılar, dünya və Avropa çempionatının gümüş mükafatçıları olan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük komandamızın aktivinə Avropa çempionatının 3 qızıl medalını (temp - 28.910 xal, balans -29.180 və çoxnövçülük-86.620 xal) yazdırmağı bacardılar. 

Qarışıq cütlük qızıl medala gedən yolda hər üç proqramın icrasında müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan Ukrayna və Almaniya təmsilçilərini geridə qoydular.

Dünya çempionatının ikiqat bürünc mükafatçıları, gənclər arasında Avropa çempionları olan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Varnada komanda yoldaşlarının  uğurunu təkrarlayaraq, üç dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlməyi bacardılar. Təmsilçilərimiz temp (27.510 xal), balans (28.230 xal) və çoxnövçülük (82.370 xal) proqramında bütün rəqiblərindən üstün oldular.

Balans hərəkətlərində D.Abbasov və M.Rəfiyev ikinci yerin sahibi İspaniya və bürünc medalçılar olan Böyük Britaniya təmsilçilərini, templə hərəkətlərin icrasında və çoxnövçülük proqramında isə ispaniyalı və portuqaliyalı rəqiblərini geridə qoydular. Bu nəticə ilə gimnastlarımız Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlük və kişi cütlüyü kateqoriyasında böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular.

Gənc idmançılar da Varnada məharətli və özünəinamlı çıxışları ilə öz sözlərini deməyi bacardılar. Gənclər arasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri onlara bəslənilən ümidləri doğruldaraq, 1 qızıl, 2 gümüş medala sahib çıxdılar. Temp hərəkətlərində (27.440 xal) komandaya ilk medalı - ikinciliyi qazandıran gimnastlar daha sonra bu uğuru çoxnövçülük proqramında (83.690 xal) təkrarladılar. Balans hərəkətlərində gimnastlar 28.450 xalla Böyük Britaniya və Niderland təmsilçilərini geridə qoyaraq hamıdan üstün olmağı bacardılar. 

Yeni heyətlə qitə çempionatına qatılan böyüklərdən ibarət qadın qrupumuz təəssüf ki, medal qazanmağa müvəffəq olmadı. Təmsilçilərimiz təsnifat mərhələsində balans hərəkətlərinin icrasında 25.360 xalla 10-cu, temp hərəkətləri (24.670 xal) və çoxnövçülükdə (72.370 xal) isə 11-ci nəticəni göstərdi.

 

Şəhidlərin və qazilərin xatirəsinə

31-ci Avropa çempionatında qızıl medal qazanan Murad Rəfiyev qələbə təəssüratlarını “R+” jurnalı ilə bölüşüb: “Rəqiblərimizin hər biri güclü idi. Sevindirici haldır ki, biz onları qabaqlayaraq Avropa çempionluğuna layiq görüldük. 2019-cu ildə İsraildə Avropa çempionu olmuşam. Həmin il qazandığımız medalı aprel döyüşlərində şəhid olan əsgərlərimizə həsr etmişdik. İndi isə biz bu medallarımızı Qarabağın azad olunmasında öz canından keçmiş bütün şəhidlərimizə və qazilərimizə həsr edirik”.

Avropa çempionatında qızıl medal qazanan Ağasif Rəhimov isə bildirdi ki, yarış planlaşdırdıqları kimi keçdi: “Rəqib komandalar da güclü idi. Amma qalib olacağımıza əmin idim. Azərbaycan komandası artıq nüfuzlu turnirlərin favoritidir. Ölkəmizdə gimnastikaya böyük diqqət yetirilir və o, uğurla inkişaf edir. Əlimizdən gələni etdik ki, bu yarışda qalib olaq. Bu da onu göstərir ki, biz çox çalışmışıq. Bu il çox işlədiyimizə görə yarış bizim üçün asan keçdi”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən Avropa çempionatında uğur qazanan yığma komanda ilə görüşüb. O, komandanı təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

 

Tamblinqdə rekordlar

Bundan əlavə, Böyük Britaniyada batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında Azərbaycan tamblinqçiləri iki tarixi uğura imza atdılar. İlk tarixi uğuru tamblinq üzrə kişilərdən ibarət Azərbaycan yığması qazandı. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovun yer aldığı milli gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə dünya çempionatında komanda hesabında qızıl medala layiq görüldülər.

Təsnifat mərhələsini 168.700  xalla birinci pillədə başa vuran gimnastlar finalda ev sahibi Böyük Britaniya ilə yanaşı, Danimarka, ABŞ və Portuqaliyanın tamblinq ustalarını geridə qoyaraq 13 xalla ən yüksək pillədə qərarlaşdılar.

Daha bir medal sevincini ölkəmizə komandanın lideri, təcrübəli gimnast Mixail Malkin qazandırdı. 2021-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı olan idmançı finalda hakimlərdən 31.100 xal alaraq, Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yeri tutmağa və dünya çempionu titulunu qazanmağa nail oldu.



MƏSLƏHƏT GÖR:

50