19 Dekabr 2024

Cümə axşamı, 14:13

“MƏN ƏBƏDİ ŞAGİRDƏM!”

Bu gün daha çox hansı tamaşalar olmalıdır? Müasir teatr bu gün nə ilə “nəfəs alır”? Xalq artisti Lüdmila Duxovnaya fikirlərini bizimlə bölüşüb

Müəllif:

15.11.2023

Belə bir anlayış var – “diva”. Bu sözdən adətən məşhur opera müğənnisi və ya aktrisa haqqında danışılarkən istifadə olunur. Baletdə ən parlaq balerinaya isə “prima” deyilir. Teatrın aparıcı aktrisası isə “primadonna” adlanır. Əgər söhbət Azərbaycanın xalq artisti, S.Vurğun adına Rus Akademik Dram Teatrının aktrisası Lüdmila Duxovnayadan gedirsə, onu belə adlandırsaq, mübaliğə etmiş olmarıq. Azərbaycan tamaşaçısının çox sevdiyi aktrisanın aktyorluq məharəti və zərifliyi, kraliçalara xas duruşu və xoşməramlılığı onu səciyələndirən xüsusiyyətlərdən yalnız bir neçəsidir. Lüdmila Duxovnayanın iştirakı ilə tamaşalar hər zaman ölkənin teatr həyatında bir hadisədir. Sevimli aktrisamızdan teatrda bu gün hansı hadisələrin cərəyan etməsi, teatr “orqanizmi”nin hansı vəziyyətdə olması barədə söhbətləşməyi xahiş etdik.

- Sizinlə yolumuz “Albalı bağı”nın premyerasında kəsişib. Anton Çexov hələ də aktualdır? Onun ümumbəşəri dəyərlərdən bəhs edən əsərləri əbədidir, yoxsa 21-ci əsrdə insanların başqa ismarışa, mənaya, mənəvi dəyərlərə ehtiyacı var?

- Fikrimcə, A.Çexov bütün dövrlərin dramaturqudur! Əlbəttə ki, o, aktualdır və hətta əbədidir, çünki onun əsərlərində bütün həyatımız əks olunub: insan düşüncələri, hərəkətləri, onu hər zaman müşayiət edən səhvlər. O, əbəs yerə deməmişdi ki, “zamanla bütün əşyalarım işıq üzü görməlidir” və “mənim utanacaq heç bir işim yoxdur”. Onun pyesləri bu gün də bütün dünyada səhnələşdirilir və ekranlaşdırılır. Bunun özü çox mətləblərdən xəbər verir! Mən Donald Reyfildin “Anton Çexovun həyatı” adlı kitabını böyük maraqla oxuyuram və onun haqqında çox şey bildiyimi düşünürdüm. Amma bu kitabı oxuduqca Çexovu həm insan, həm də müəllif kimi yenidən kəşf edirəm.

- Şəxsən sizin üçün teatr nədən başlayır?

- Mənim üçün teatr xəyaldan, maraqlı roldan və parçalanmış qəlbimlə əbədi Melpomenin xidmətində olduğum sevimli səhnədən başlayır! Teatr mənim sehrli dünyamdır. O, mənə yaşamağa, sevməyə və xəyal qurmağa kömək edib və indi də yardım göstərir!

- Sizcə, teatr televiziya və internetə uduzur? Müasir teatr seçilmişlik xüsusiyyətini itirib? Cəmiyyətdə “teatr” anlayışına şübhə yaranıbmı?

- Düşünürəm ki, uduzmur, sadəcə olaraq zamanla ayaqlaşır. Tamaşaçılar hələ də teatrlara gedirlər. Lakin indi getdikcə daha çox teatrın özü tamaşaçılara “gəlir”. Demək istədiyim odur ki, teatr böyük bir şəbəkəyə daxil olur. Bəzi köhnə tamaşalarımıza indi internetdə baxmaq olar.

- Zaman şəxsən sizə bir aktrisa kimi necə təsir edir. Marağınız itir, yoxsa əksinə?

- Təsir etmir! Hətta daha artığını deyə bilərəm: yaşa dolduqca maraqlarım daha çoxalır, daxilimdəki atəş daha da parlayır! Mən hər zaman digər teatrlarımızdan olan həmkarlarımın premyeralarında iştirak edirəm, bütün qastrol tamaşalarına qatılıram, həmçinin müxtəlif sərgi və konsertlərə getməkdən zövq alıram! Çox oxuyuram, şeirlər yazıram! Bəli, mən də hər bir insan kimi, dünyada baş verənlərdən narahat olmaya bilmirəm. Amma yaradıcılıq məni xilas edir!

- Müasir teatr sizin üçün nədir? Klassik və müasir teatr arasında sərhəd haradan keçir?

- Mənim üçün müasir teatr dövrü və onun diktə etdiyi aktual problemləri hiss edən teatrdır. Teatr cəmiyyətin güzgüsüdür. Əvvəllər teatr daha sərt, daha “ağıllı” idi. İndiki tamaşaçı əyləncə axtarır, həyatın çətinliyindən qopmaq istəyir. Bəlkə bu, elə bizə görə belədir? Ciddi incəsənətlə bağlı zövqümüzü itirmişik. Söhbət darıxdırıcı incəsənətdən deyil, ciddi incəsənətdən gedir. Bu da əyləncəli, həyəcanlı və eyni zamanda real həyata münasibətdə daha məsuliyyətli ola bilər... Rejissorlar bəzən öz əsərlərində ənənəvi formalardan kənara çıxsalar da, mən hələ də klassik və müasir teatr arasında heç bir aydın sərhəd görmürəm, çünki o, daim yenilənir! Bəli, indi teatrda başqa janrlara xas olan xüsusiyyətlərdən də çox istifadə olunur: video, kino, balet, hətta sirk. Əsas məsələ həddi aşmamaqdır. Əgər proporsiyanı pozarsanız, hətta ən dadlı yeməyi belə, məhv edə bilərsiniz!

- Müasir teatrı rejissorluq təcrübələri platforması hesab edirsiniz?

- Teatr hər zaman rejissorluq təcrübələri üçün platforma olub və olacaq da! Bütün dövrlərdə! O, tamaşaçıların diqqətini məhz belə cəlb edir!

- Rus Dram Teatrının potensialı barədə nə deyə bilərsiniz: aktyorluq, rejissorluq, musiqi, dramaturgiya baxımından?

- Rus Dram Teatrının böyük potensialı var! Yaxşı aktyorlarımız, gözəl gənclərimiz, əla musiqimiz, maraqlı rəqs nömrələrimiz var. Bizim beş rejissorumuz var. Bu, bizi sevindirir, lakin onlara özlərini reallaşdırmaq, ifadə etmək imkanı vermək lazımdır! Axı, onlar praktiki olaraq heç bir şey səhnələşdirmirlər! Bəli, artıq vəziyyət yavaş-yavaş dəyişir. Dramaturgiyada bir problem var: biz klassikləri kifayət qədər səhnələşdirmirik. Daha böyük problem odur ki, mövsümün əvvəlində biz bilmirik hansı tamaşalar olacaq, hansı rejissorlar hansı tamaşaları səhnəyə qoyacaqlar... Bu, həmişə gözlənilmədən və kortəbii şəkildə baş verir.

- Teatr ideya, yoxsa yaradıcılıq böhranı ilə üzləşib?

- Bu problemlə bütövlükdə teatr yox, rejissorlar üzləşir: bəzilərinin bütöv ideya siyahısı var, lakin müxtəlif səbəblərdən həyata keçirilmir, bəziləri isə potensialını necə və harada tətbiq edəcəyini bilmir. Aktyorlarda da yaradıcılıq böhranı olur, bunun bircə səbəbi var: rolların olmaması!

- Rolların az olmasının səbəbi nədir? Bu, repertuarla bağlı problemdir, yoxsa aktyorlar tamaşalara cəlb olunmurlar?

- Sizin xatırlatdığınız məsələ - yaradıcılıq böhranı ilə bağlıdır.

- Yetkin, formalaşmış ustad kimi oynamadığınız rollara görə peşmansınızmı? Əksinə, oynadığınız, lakin həvəs göstərmədiyiniz rollara görə peşmansınızmı? Bu mənada aktyor konformist olmalıdır?

- “Heç vaxt baş vermiş hadisədən sonra peşman olmayın, əgər nəsə baş veribsə, onu dəyişmək olmaz...” Təbii ki, oynaya bilmədiyim bəzi rollara görə təəssüflənmişəm. Amma onlar haqqında danışmaq üçün artıq gecdir, mənası da yoxdur... Ürəyimcə olmayan üç rol ifa etmişəm. Onların “dağıdıcı” başlanğıcları, kədərli sonluqları var idi. Lakin bu, mənim xoşuma gəlmir və həyatıma mənfilik gətirməməyə çalışıram: pis şeylər haqqında düşünmürəm və danışmıram! Konformist deyiləm, amma rol seçimində həmişə diqqətli oluram və hətta bəzi rollardan imtina edirəm. Baxmayaraq ki, biz dövlət teatrında çalışan aktyorlar bunu etməməliyik! Sadəcə, mən şəxsən pozitivliyin və onunla əlaqəli hər şeyin olduğu rolları oynamaq istəyirəm: mehribanlıq, incəlik, istilik, insanlara, ailəyə, uşaqlara sevgi. Teatrda və həyatda həmişə mənim mövzum sevgidir.

- Sizcə, müasir həyat tamaşalar üçün hansı mövzuları diktə edir? Siz hansı mövzuda tamaşlara baxmaq istərdiniz?

- İncəsənəti təbib hesab edirəm, biz onda həmişə özümüzə aid nəsə tapa bilirik! Mənə elə gəlir ki, bu gün münasibətlər, xüsusən də ailədaxili münasibətlər mövzusunda daha çox tamaşalar olmalıdır. Söhbət yaxın insanlar arasında qarşılıqlı anlaşmadan gedir. Çox istərdim ki, bu mövzuda tamaşaya baxım. Üstəlik, belə bir tamaşada oynamağı daha çox istərdim. Bu mövzuda çox sayda pyes var.

- Sənətə yeni başlayan aktyor və rejissorların işini necə qiymətləndirirsiniz? Gənclərə daha çox yaradıcılıq azadlığı verilməlidirmi? Amma məhdudiyyətlərin olmaması zövqsüzlüyə səbəb olmayacaqmı?

- İndi gənclər arasında çoxlu istedadlı aktyorlar var. Gənc aktyorlarla ünsiyyət qurmağı və işləməyi sevirəm. Onlar məni enerji ilə doldurur və çox maraqlı məlumat mübadiləsi olur. Mən onlardan daxili azadlığı öyrənirəm. Axı, onların yaşında özümüzə qapanan, kompleksli və sadəlövh idik. Dövr belə idi... Bizim uzun illər ərzində nail olmağa çalışdıqlarımızı, indi onlar tez və asanlıqla əldə edirlər. Onlar teatra yeni gəlsələr də, dərhal böyük və maraqlı rollar alırlar! Bizdən fərqli olaraq daha praktikdirlər, onsuz da fərqli düşüncə tərzinə malikdirlər. Bu, ümumiyyətlə, müasir dünyada, xüsusən də mədəniyyət və incəsənətdə yaxşı xüsusiyyətdir və çox vacibdir! Əlbəttə ki, onların özlərini göstərmələri üçün bütün şərait yaradılmalı və onlara daha çox yaradıcılıq azadlığı verilməlidir. Zövqsüzlükdən qorxmaq lazım deyil, çünki bu, yaşdan asılı deyil!

- Sizin üçün “prima”, “diva” anlayışları nə deməkdir? Bu, hörmət və tanınma, yoxsa məsuliyyətdir?

- Aktrisanı belə adlandırmaq üçün o, çox populyar olmalı və tamaşaçıların sevgisini qazanmalıdır. Bu, hər bir aktyorun uğurunun təşkil edən məsələlərdən biridir. Buna can atmadığını deyən aktyor səmimi deyil. Axı, bu, zəhmətimizin bəhrəsidir! Ancaq çox şey insanın xarakterindən, “ulduz xəstəliyi”nə nə dərəcədə meyilli olmasından asılıdır. Xoşbəxtlikdən mən bundan əziyyət çəkməmişəm və çəkmirəm. Mən açıq, ünsiyyətcil insanam və bir çox tamaşaçılarımla, o cümlədən Bakını tərk edənlərlə dostluq edirəm. Xoşbəxtəm ki, məni xatırlayıb işlərimi izləyirlər. Titullar, nailiyyətlərə görə mükafatlar, populyarlıq, xalq arasında status mənim üçün yalnız bütün bunları doğrultmaq üçün özümə qarşı tələbkarlığımın artması, böyük məsuliyyət və çox işdir! Mən dayanmıram və hər zaman öyrənirəm! Mən əbədi şagirdəm! “Hər şeyin mahiyyətinini almaq istəyirəm!”, - B. Pasternak deyirdi. Mən isə gənc aktyorlara demək istəyirəm ki, bizim peşəmizdə bütün həyatımız boyu öyrənməliyik.



MƏSLƏHƏT GÖR:

109