19 Dekabr 2024

Cümə axşamı, 13:58

TARİXİ “GÜMÜŞ”

Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığması ilk dəfə olaraq Avropada ikinci yeri tutmağı bacarıb

Müəllif:

01.12.2023

Noyabrın 11-21-də Monteneqroda təşkil edilən şahmat üzrə komandalar arasında Avropa çempionatı iki fərqli nəticə ilə yadda qaldı. Qadın şahmatçılardan ibarət yığma tarixdə ilk dəfə gümüş medal qazandı. Kişi şahmatçılardan ibarət komanda isə ümidləri doğrultmadı.

 

Qadınlardan ibarət komandanın uğurları

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət komanda 9 turda 15 xal toplayaraq yalnız Bolqarıstan şahmatçılarından geri qaldı. 1992, 2019 və 2021-ci ildə bürünc medal qazanan xanım şahmatçılarımız ilk dəfə ikinci yerlə kifayətləndi.

Xanım şahmatçılarımız Avropa çempionatına inamlı başladı. Sloveniya, Niderland və Polşa üzərində qələbədən sonra Fransa ilə heç-heçə oynadı. Beşinci turda Almaniyanı məğlub edən şahmatçılar növbəti mübarizədə gələcək çempion Bolqarıstana məğlub oldu. Bu dueldə həlledici oyun təmsilçimiz Ülviyyə Fətəliyeva ilə Bolqarıstan şahmatçısı Nurgül Səlimova arasında oldu. Nurgülün qələbəsi Bolqarıstana ümumi hesabda vacib qələbə xalını qazandırdı. Son turlarda İngiltərə, Yunanıstan və Serbiyanı üstələyən komanda yekunda ikinci yeri tutdu. Hərçənd son turda lider Bolqarıstan xal itirsəydi, Azərbaycan komandasının çempion olmaq şansı var idi.

Qadın komandasında Günay Məmmədzadənin yüksək oyununu qeyd etməliyik. 8 partiyada 4 qələbə, 3 heç-heçə və yalnız 1 məğlubiyyətlə diqqət cəlb edən Günay fərdi nəticələrə görə ikinci oldu. Xanım Balacayeva və Gülnar Məmmədova da müvafiq olaraq dörd və beşinci lövhədə ikincilik qazandı.

Ümumilikdə qadın komandasını çıxışı uğurlu sayılmalıdır. Son illər Avropa çempionatında mükafatçılar sırasında yer alan komanda qitənin güclüləri sırasında özünü sübut edib.

 

Kişilərin fiaskosu...

Təəssüf eyni sözləri üçqat Avropa çempionu olan kişi komandası barədə söyləmək olmur. 2009, 2013 və 2017-ci illərdə çempion olan kişi şahmatçılardan ibarət komanda bu dəfə 9 xalla 18-ci yeri tutdu. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəylidən ibarət kollektiv ümidləri doğrultmadı. Komandada heç bir şahmatçını fərqləndirmək mümkün deyil. Qədir Hüseynovun kapitanı olduğu heyət səviyyəsindən aşağı çıxış edərək federasiyaya düşünməyə əsas verdi.

 

Növbəti hədəf “qızıl”

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov “Region plus”a açıqlamasında xanım şahmatçıların çıxışından razı qaldığını bildirib: “Avropa çempionatında qazanılan nəticə böyük uğurdur. Qızlar ümumilikdə 15 xal toplamaqla yüksək göstərici əldə etdilər. Hətta kişi şahmatçılardan ibarət komandamız Avropa çempionu olan illərdə 15 xaldan az toplayıb. Son turda çempionluğun taleyini Gürcüstan və Bolqarıstan komandaları həll edirdi. Qızlar son turda qələbə qazanmaqla gümüş medala layiq görüldü. Qitə çempionatında ikinci yer gələcəkdə komandanın daha böyük uğurlar əldə edəcəyinə ümid etməyə imkan verir”.

Komandanın məşqçisi Mixail Şereşevski təəssüratlarını “Region plus”la bölüşüb: “Düzünü desəm qızıl medala inanırdım. Təəssüf ki, alınmadı. Komandanın hər bir üzvü çıxışından razı qalmalıdır. Gürcüstanla Bolqarıstan arasında oyun bizi çempion edə bilərdi. Qızıl medal qazanmadığımıza görə üzülürəm”.

Avropa çempionatının gümüş mükafatçısı, milli komandanın lideri Günay Məmmədzadə növbəti mövsüm çempion olacaqlarına inandığını söyləyib:  “Bizə dəstək olduqları üçün ailə üzvlərimizə, yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. Hər zaman məqsədimiz ən yüksək nəticələr olub. İki il ardıcıl Avropa çempionatından bürünc medalla qayıtdıq. Bu dəfə Vətənə gümüş medalçı kimi döndük. Növbəti hədəf ən yüksək mükafat olacaq”.

Azərbaycan komandasının digər üzvü Gülnar Məmmədova da növbəti yarışlarda da medal qazanacaqlarına ümid etdiyi qeyd etdi: “Komandamızın çıxışından razı qaldım. Bizə dəstək olan hamıya təşəkkür edirik. Həyəcanlı mübarizənin iştirakçısı olduq. Uğurların davamlı olması üçün məşqləri davam etdirəcəyik. Növbəti hədəf qızıl medaldır”.

 

Daha bir “qızıl”

Montesilvanoda (İtaliya) oğlanlar və qızlar (U-14, U-16, U-18) arasında keçirilən şahmat üzrə Dünya çempionatında Ayan Allahverdiyeva 11 görüşdə səkkiz qələbə qazanıb, üç görüşdə heç-heçə edib. Nəticədə, o, 9,5 xal toplayaraq 18 yaşlı iştirakçılar arasında qızıl medal qazanıb.

2023-cü ili Azərbaycan şahmatçı üçün ümumilikdə uğurlu adlandırmaq olar. Yeniyetmə və gənclərin dünya, eləcə də Avropa çempionatında qazandığı nəticələr bu ili şahmatçıların aktivinə yazmağa imkan verir. 2024-cü ildə şahmatımızı daha ciddi sınaq gözləyir. Milli indiyə qədər medal qazana bilmədiyi Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək.



MƏSLƏHƏT GÖR:

98