Müəllif: Elçin HÜSEYNOV
İnsanlar, adətən, çimərlikdə uzanmaq, günəşin altında qızınmaq, füsunkar təbiətə heyran olmaq, həmçinin “limonçello” likörü ilə İtaliya mətbəxindən həzz almaq üçün bu ölkədəki Amalfi sahillərinə turlar alırlar. Bu İtaliya kurortu Amalfi (paytaxt), Maiori, Pozitano, Ravello, Minori, Sorrento, Salerno və bir qədər az məşhur olan Prayana, Çetara, Atrani kimi şəhərləri birləşdirir. Sahil xətti o qədər gözəldir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Tirren dənizinin sahili “tənbəl” tətil üçün ideal yerdir. Mövsüm ərzində praktiki olaraq heç bir ciddi fırtına və ya böyük dalğalar olmur və sıldırım qayalar sahil şəhərlərini güclü küləklərdən qoruyur. Buna görə də deyirlər ki, Amalfi sahilinin mülayim iqlimi kurort tətili üçün idealdır.
Bunun üçün ilin ən rahat vaxtı aprel-sentyabr aylarıdır. Üstəlik, bu sahədə təcrübəli insanlar mövsümün əvvəlində və ya sonunda, yəni turistlərin az olduğu və qiymətlərin isə aşağı olduğu vaxtlarda gəlməyi məsləhət görürlər. Turist mövsümünün pik dövründə (iyul, avqust) havanın temperaturu, orta hesabla, 35 dərəcəyə, suyun temperaturu isə 25-26 dərəcəyə çatır. Bu aylara əksər bayramlar, festivallar, gecə diskotekaları və müxtəlif şənliklər keçirilir. Noyabr isə ən yağışlı aydır. Görünür, buna görə hər kəsin əlində çətir görmək olur və bütün müəssisələrin girişinin qarşısında çətir üçün qutular var. Qışda sahildə temperatur orta hesabla 8-14 dərəcə arasında dəyişir. Bələdçilər deyirlər ki, yaz və payız məşhur və mənzərəli sahil yolları ilə gəzintiyə çıxmağı planlaşdıran turistlər üçün ideal mövsümdür.
Bütün yollar Amalfiyə aparır
Buraya səfərdən qabaq Amalfi sahillərini hansı məqsədlə ziyarət etmək istədiyinizə qərar verməli, bundan asılı olaraq hotelin yerini və nə qədər qalacağınızı müəyyənləşdirməlisiniz. Məsələn, yayda çimərliklərdə dincəlmək və günəş vannası qəbul etmək niyyətindəsinizsə, o zaman Pozitano və Amalfidəki hotelləri seçmək daha yaxşı olar. Bunlar sahildəki ən cəlbedici yerlərdir və burada çoxlu çimərliklər var. Lakin müvafiq olaraq hər şey daha bahalıdır. Məqsəd regionun görməli yerlərini görməkdirsə, o zaman, məsələn, Salerno və ya Neapolda qalmaq maliyyə baxımından daha sərfəli olacaq. Amma əvvəlcə sahilə çatmaq lazımdır və bununla bağlı bir neçə variant var.
Sirr deyil ki, bu ildən başlayaraq Macarıstanın aşağı büdcəli “Wizzair” aviaşirkəti Bakıdan İtaliya paytaxtına birbaşa uçuşlar həyata keçirir. Romaya çatma vaxtı çox da uğurlu zaman olmasa da (təxminən gecə 01:00), bundan öz xeyrinizə istifadə edə bilərsiniz. Məsələn, Fyumiçino hava limanında 4 saat gözləyə, daha sonra səhər tezdən Romanın mərkəzi qatar stansiyasına (“Roma Termini”) və oradan yüksək sürətli qatarlarla (25-40 avro) Neapol və ya Salernoya yollana bilərsiniz. Yayda isə səhər saatlarında Romadakı alternativ avtovağzaldan (“Roma Tiburtina”) avtobuslar Amalfi sahilindəki Sorrento, Pozitano və son istiqamət olan Amalfiyə yola düşür. Romadan Amalfiyə 5 saatlıq (277 km) səyahət üçün biletin qiyməti 25-35 avrodur.
Əgər Neapolda qalacaqsınızsa, o zaman mərkəzi stansiyadan qatar və ya avtobusla (“Sita Bus”) Sorrentoya 4-5 avroya, sonra isə sahilyanı istənilən şəhərə gedə bilərsiniz. Amma Salernoda qalacaqsınızsa, o zaman yenə “Sita Bus” avtobusları ilə təxminən 3-4 avroya sahilə getmək mümkündür. Ümumiyyətlə, Amalfi sahili boyunca avtobus və ya avtomobillə səyahət insana həm zövq verir, həm də onu dəhşətə gətirir: dar yol dəniz səviyyəsindən 300 metrdən çox hündürlükdən və sıldırım qayaların üzərindən keçir. Doğrudur, böyük avtobuslar aşağı sürətlə və həddindən artıq ehtiyatla hərəkət edirlər. Ancaq təkrarolunmaz mənzərələrin, dənizin rəng palitrasının və yaşıllığın mənzərəsi təsvirolunmaz təəssürat yaradır! Buna görə də, bəzi turistlər avtomobil icarəyə götürür və özləri səyahət təcrübəsi arxası ilə gedirlər.
Salernodan Amalfi və ya Pozitanoya bərə ilə də səfər etmək mümkündür. Bu, 10-15 avroya başa gələcək, ancaq sahilin gözəlliyi fonunda heyrətamiz gəmi gəzintisi edəcəksiniz. İnanın, buna dəyər!
Ümumiyyətlə, onlayn saytlar, nəqliyyat şirkətlərinin rəsmi kassaları və xüsusi avtomobillərlə yanaşı, İtaliyada qatar və avtobus biletlərini “Tabacchi” tütün köşklərində almaq olar. Belə köşklər hər yerdə, çox vaxt nəqliyyat mərkəzlərinin və qatar stansiyalarının yaxınlığında yerləşirlər. Amma unutmayın ki, “Tabacchi”lər bəzi şəhərlərdə (məsələn, Amalfinin özündə) bazar günləri işləməyə bilər. Üstəlik, kiçik kurort şəhərlərində bilet kassaları və ya xüsusi bilet aparatları olmaya bilər. Bundan əlavə, avtobus biletlərinin alışı üçün İtaliyanın onlayn platformalarından istifadə edən zaman, ölkənizin qeydiyyat siyahısında (o cümlədən Azərbaycan da) olmaması ilə də rastlaşa bilərsiniz. Qəribədir ki, bəzi saytlarda siz Avropa İttifaqından kənarda yaşayırsınızsa, mobil telefonunuzu qeydiyyatdan keçirə bilməzsiniz (bu məcburidir). Nəticə: hər iki istiqamətdə nəqliyyat biletlərini (həm qatarlar, həm də avtobuslar) əvvəlcədən almaq məsləhətdir.
“Əl yandıran” hotellər
Salerno körfəzində istirahətə gəlməmişdən əvvəl (Amalfi sahili məhz burada yerləşir) təbii ki, harada qalacağınız barədə düşünəcəksiniz. Məşhur turistik saytlar əyləncəni və çimərliyi maraqlı ekskursiya proqramı ilə birləşdirmək istəyənlər üçün Sorrentoda qalmağı tövsiyə edir. Açıqcalardakı möcüzəvi yerləri görmək istəyirsinizsə, Amalfi və ya Pozitanoya getməlisiniz. Ravello isə yazıçıların, bəstəkarların və rəssamların qəlblərini fəth edən yerdir. Dəniz limanı romantikasını sevənlər üçün Salernonu tövsiyə edə bilərik. Ailə ilə səyahət edənlər və sükut həvəskarları isə Mayori və ya Minoridə qalmalıdırlar.
Bütün ekspertlər hotelləri mümkün qədər əvvəlcədən bron etməyi məsləhət görürlər. Mövsüm başlamamış demək olar ki, bütün hotel nömrələrinin satılmasına baxmayaraq, qiymətlər kifayət qədər yüksəkdir. Ən “əl yandıran” hotellər Pozitano və Amalfi şəhərlərindədir. Burada mövsüm ərzində üçulduzlu hoteldə iki nəfərlik bir gün üçün nömrələr 300-600 avro, beşulduzlu hoteldə isə 1700 avro ola bilər. Bəzi turistlər yerli sakinlərin evlərində qalırlar. Yerli sakinlər həmin evlərin “affitto” (kirayə) sözü olan lövhələr asırlar. Ənənəvi olaraq, belə yerlərdə minimum icarə müddəti azı bir həftədir.
Amalfinin özü Pozitano ilə müqayisədə daha ucuzdur və digər sahil şəhərlərində, lakin çox mərkəzdə deyil, gündəlik 90-100 avroya mənzil tapa bilərsiniz. Amma nəqliyyat infrastrukturunun yaxşı inkişaf etdiyi Salernoda mehmanxana və ya mənzil bron etmək yenə də daha ucuz başa gələcək. Yadda saxlayın ki, payız və yaz aylarında hotel və mənzillərin qiymətləri yaydan 3-4 dəfə ucuz ola bilər. Payızda Salernoda simvolik səhər yeməyi ilə iki nəfərlik 50-60 avroya mənzil tapa bilərsiniz.
“Limonçello” ilə şopinq
Amalfi sahilində şopinqə gəlincə, əminliklə söyləyə bilərik ki, o, çox inkişaf etməyib. Amalfidə böyük ticarət mərkəzləri və satış məntəqələri yoxdur. Burada fərdi qlobal zəncir brendləri, butiklər və dizayner salonları daha populyardır. Bütün bunlarla birlikdə qiymətlər “əl yandırır”. Bu kurort vərdişləri ilə əlaqədardır. Axı, buraya çox vaxt kasıb insanlar gəlmir və qiymətlər də məhz buna uyğundur. Məsələn, Pozitanoda kətan məhsullarına diqqət yetirin: onlar burada çox məşhurdur və yüksək keyfiyyətlidir. Qadın və ya kişi köynəyinin qiyməti 200-250 avrodan, paltar və pencəyin qiyməti 300-350 avrodan başlayır.
Şopinq üçün yaxınlıqda yerləşən Neapol, eləcə də Roma və Milana getməlisiniz. Bu sahil şəhərlərində italyan pendirləri, ətirli şərab və otlar, likörlər, zeytunlar, məşhur limonlar, dəniz məhsulları və delikateslərin satıldığı çoxlu suvenir mağazaları və ərzaq dükanları var. Şirin məhsulları sevənlər yerli təsərrüfatlarda hazırlanan bal, mürəbbə və marmeladların böyük seçimindən məmnun qalacaqlar.
Likörlərə gəlincə, ən məşhur yerli içki olan “limonçello”nu qeyd etməmək olmaz. Bu, hər yerdə satılır, bütün barlarda və restoranlarda var. Yəqin ki, “limonçello” bu regionun ən məşhur içkisi və suveniridir. 250 qramlıq şüşə limonçello bir çox mağazalarda 15-20 avroya satılır. Sahil sitrus meyvələri ilə, xüsusən də yerli limonlarla zəngindir - onlardan müxtəlif maraqlı şirniyyatlar hazırlanır. Bu da dadlı hədiyyə üçün əla seçim olacaq. Bundan başqa, suvenir kimi keramika və farfordan olan çox yaxşı məmulatlar seçə bilərsiniz. Türkiyə analoqları ilə müqayisədə burada qiymətlər azı 2-3 dəfə yüksəkdir.
Zərifsəsli sirenaların axtarışında
Ümumiyyətlə, son bir-iki ildə Azərbaycanda Amalfi sahillərinə turlar reklam olunmağa başlanılıb. Bu yerin uzun onilliklər ərzində həm Avropa elitası, həm də dünyanın hər yerindən gələn turistlər arasında kifayət qədər populyar olmasına baxmayaraq, Amalfi və ya Pozitano sözünün MDB ölkələrinin əksəriyyətində tanınması ehtimalı azdır. Baxmayaraq ki, Amalfi sahilində bədii və sənədli filmlərdə, musiqi kliplərində və reklam çarxlarında öz əksini tapmış çoxlu görməli yerlər var. Buna görə də, ilk dəfə burada bir yaşayış məntəqəsini və ya tarixi abidəni ziyarət edərkən dejavü yaşasanız, təəccüblənməməlisiniz. Ancaq yaxınlıqdakı Kapri, Neapol, Pompey və Siciliya coğrafi təsəvvürünüzdə “daşları öz yerinə qoyacaq”...
Bir əfsanəyə görə, Herakl – bütpərəstlikdə güc tanrısı – Amalfi adlı ilahəyə aşiq olmuşdu. Onların sevgisi qısa sürmüşdü. Amalfi vəfat etdikdən sonra Herakl onu yer üzündəki ən gözəl yerdə dəfn etmək istəmişdi. Burada salınan şəhər də məhz onun adını daşıyır.
Amalfinin dənizkənarı və çimərlik kurortu olduğunu nəzərə alsaq, çoxları burada uyğun əyləncə növləri – su idmanı, atsürmə, yelkənli idman növləri və s. tapa bilərlər. Turistlər günəş altında qaralmaqla yanaşı, dar küçələri olan orta əsr şəhərlərinin ab-havasını tam yaşayacaqlar. Üstəlik, buradakı bir çox bina və küçələri bu koloriti hiss etmək və keçmişə qayıtmaq üçün “parıldayan”a qədər düzəltmirlər. Amalfi şəhərinin özündə, ilk növbədə, Duomonun mərkəzi meydanında yerləşən kommunanın kafedralını, Müqəddəs Andreas məbədini ziyarət etməlisiniz. 13-cü əsrdə Birinci Andreasın qalıqları ovaxtkı Konstantinopoldan kafedrala gətirilib və bu günə qədər burada saxlanılır. Turistlər üçün “Cənnət monastrı” (“Chiostro del Paradiso”) adlı məbədi ziyarət etmək də zəruridir. Bu, 1266–1268-ci illərdə ucaldılmış ərəb üslubunda qeyri-adi binadır. Onun ən xarakterik hissələri 120 nazik ikiqat sütunla dəstəklənən tonozlu peristil və xurma ağacları, çiçəklərlə dolu olan bağdır. Şəhər və kağız muzeyləri də ziyarətə dəyər. Bu görməli yerləri tez bir zamanda araşdırmaq üçün bir (maksimum iki) gün kifayət edə bilər.
Amalfini dolaşdıqdan sonra qonşuluqda yerləşən digər turistik marşruta - Atrani şəhərinə yollana bilərsiniz. Qədim yaşayış məskəninin görkəmini hələ də qoruyub saxlayan kiçik liman şəhərciyini görmək üçün qayada oyulmuş pilləkənlərlə gəzmək kifayət edir. 0,12 kvadrat kilometr ərazisi olan bu şəhərcikdə cəmi 855 nəfər yaşayır. Burada rahat kafe və restoranlar, qədim kilsələr, həmçinin tağları və pilləkənləri olan dar küçələr var. Salerno körfəzinin unudulmaz mənzərəsinə açılan Müqəddəs Mariya Maqdalena kilsəsini mütləq görməlisiniz.
Hələ də sahilin ən maraqlı istiqaməti Pozitanodur. Qədim kənd olan Pozitanonun yaşını hətta italyanlar belə, dəqiq bilmirlər. İnsanlar adətən ona ilk dəfə görən kimi aşiq olurlar. İnsanlar Amalfi istiqamətindən buraya gələn zaman, yəni lüks avtomobillərin pəncərələrindən və ya turist avtobuslarından buranı görən vaxt heyran qalırlar. Rəvayətə görə, dənizlər tanrısı Poseydon bu yaşayış məntəqəsini ilahə Paziteyaya olan sevgisinin əlaməti olaraq yaradıb. Pozitanonun adı Homerin məşhur “Odisseya”sında da çəkilir: yüzlərlə gəmini məhv edən zərifsəsli sirenalar burada yaşayırdı.
Adanın ən görməli yeri olan Santa Mariya Assunta kilsəsi (“Chiesa di Santa Maria Assunta”) 12-ci əsrdə “Madonna Nera” ikonasının buraya gətirilməsi şərəfinə inşa edilib. Bu ikona hələ də əsas altarda saxlanılır. Amalfidən fərqli olaraq, Pozitanoda daha bir neçə məşhur yer var. Bunları hətta səthi olaraq görmək üçün bir gün kifayət deyil. Burada Santa Mariya delle Qraçie kilsəsini, Sponda və Trasita orta əsr qüllələrini və Arxeologiya Muzeyini görmək lazımdır. Pozitanoda 17-19-cu əsrlərə aid dəbdəbəli villa sarayları yaxşı qorunub saxlanılıb. Buraya Murat, Marzoli və Santa Kroçe sarayları daxildir. Təşəbbüskar italyanlar onları dəbli hotellərə çeviriblər. Burada ən sadə nömrənin 1 günlük qiyməti 1500 avro olsa da, indi hətta gələn yay üçün yer bron etmək çətindir. Özünüz tək və ya bələdçi ilə gəzintiyə çıxan zaman yerli memarlığın ən yaxşı nümunələrinin təqdim olunduğu Montepertuso məhəlləsini ziyarət etməlisiniz. İnternet saytları Pozitanodan kiçik Prayano qəsəbəsinə aparan “tanrıların cığırı” adlı yolla getməyi tövsiyə edirlər. Burada hündürlüyü 300 metrdən çox olan uçurumun yaxınlığında gəzə və heyrətamiz mənzərələrə, Kapri adasının və Amalfi sahilinin mənzərələrinə heyran ola bilərsiniz.
Amerikalıların dediyi kimi, sahildə görməli yerlərdən biri (“must see”) kiçik dağ şəhəri olan Ravellodur. Bu, cütlüklər və vaxtın romantik keçirilməsi üçün ideal yerdir. Heyrətamiz mənzərə ilə yanaşı, şəhər 13-14-cü əsrlərə aid dəbdəbəli villaları ilə də tanınır. Ravello Amalfidən 7 kilometr məsafədə olsa da, ictimai nəqliyyatla dağlıq ərazilərə səyahət bir saat çəkə bilər. Avtobusların özləri, xüsusən də həftə sonları nadir hallarda işləyirlər. Dar bir yolda 10-15 dəqiqəlik taksinin qiyməti təxminən 100 avro ola bilər. Buna görə də, Ravelloya səfər etmək üçün günü və marşrutu diqqətlə seçmək vacibdir.
Sahilin görməli yerləri arasında möhtəşəm mənzərələri və ən yaxşı çimərlikləri olan Çetara, Mayori və Minori kimi kiçik şəhərlər var. Reklam broşürlərində deyildiyi kimi, burada siz bütün günü çimərlikdə dincələ, şərab və “limonçello” içə, 100 illik tarixə malik rahat restoranlarda makaron və dəniz məhsulları yeyə və mənzərəli məkanlardan zövq ala bilərsiniz. Desertə gəlincə, evdə hazırlanmış dondurma, tərkibində limonlu krem, əncir, farş edilmiş qoz və şokoladın olduğu pirojnalar dadmalısınız. Amalfi sahilinə xoş gəlmisiniz!
MƏSLƏHƏT GÖR: