12 Dekabr 2024

Cümə axşamı, 00:03

DÜNYA KUBOKUNDA İKİ MEDAL

Bu il Bakıda ilk beynəlxalq gimnastika yarışları keçirilib

Müəllif:

15.03.2024

2024-cü ildə ölkəmizdə keçirilən ilk beynəlxalq yarış batut gimnastikası və tamblinq üzrə Dünya kuboku oldu. Paris 2024-cü ilə lisenziya xalları qazandıran turnirdə təmsilçilərimiz iki medal qazandı.

 

“Qızıl” və “gümüş”

Komandamıza ilk medalı tamblinq üzrə yarışın sonuncu günü final mərhələsində mübarizə aparan Avropa və ikiqat dünya çempionu Mixail Malkin qazandırdı. Avropada 2023-cü ilin ən yaxşı gimnastı adını qazanan Malkin hamıdan güclü olduğunu bir daha sübuta yetirərək gimnastikasevərlərə qızıl medal sevincini yaşatdı. Onun ardınca daha bir təcrübəli idmançımız, komanda hesabında dünya çempionatının qalibi Adil Hacızadə komandamızın aktivinə gümüş medal (29.400 xal) yazdırdı.

Tamblinq üzrə komandamızın digər üzvləri 4-cü və 5-ci pillələrdə qərarlaşan Tofiq Əliyev (55.800 xal) və Bilal Qurbanov (52.000 xal) da finala iddialı olsalar da, hər ölkədən yalnız iki idmançının həlledici mərhələdə iştirakına icazə verildiyi üçün onlar növbəti mərhələyə adlaya bilmədilər. 

Komandamızın əsas medal ümidlərindən olan, ölkəmizdə keçirilən son iki Dünya kubokunda gümüş və bürünc medal qazanan Selcan Mahsudova təəssüf ki, çıxışı zamanı səhvə yol verdiyi üçün finala vəsiqə əldə edə bilmədi və yekun nəticədə 24-cü pillədə qərarlaşdı. Dünya kubokunda debüt edən Hüseyn Abbasov və Nicat Mirzəyevdən ibarət sinxron cütlüyümüz Dünya kubokunu 19-cu pillədə başa vurdu.

Yarışda qalib və mükafatçılarla yanaşı həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif edildilər. Bununla da 32 ölkədən 300 idmançının iştirakı ilə keçirilən ilk Dünya kuboku uğurla yekunlaşdı.

 

Risk etməyən...

Dünya Kubokunun qalibi Mixail Malkin “Region plus”a açıqlamasında təəssüratlarını bölüşüb: “İlk finalda öz hərəkətlərimi çətin kombinasiyalı etmək istəsəm də, bəzi səbəblərdən uğursuz alındı. Amma bu mənə dördlüyə düşməyə və qələbə uğrunda yarışmağa imkan verdi. Dünya çempionatında mənə qələbə qazandıran elementləri tətbiq etmək istədim. Bu çox çətin hərəkətlərdir və onu yaxşı yerinə yetirməlisən. İki aydan çoxdur ki, bundan istifadə etməmişdim. Buna görə də, baş məşqçi Adil Hüseynzadə əvvəlcə mənə bu elementləri etməyi məsləhət görmədi. Lakin bir neçə dəqiqədən sonra ona yaxınlaşıb, “gəl, risk edək” dedim. Bir neçə saniyə düşünüb cavab verdi: “Yaxşı Mişa, bunu et!”

Bu kombinasiyada bütün çətinliklərin təhlükəsini bilirəm, amma artıq qərar vermişdim. Bu, məşq deyil ki, fikrini dəyişdin və etdin. Həlledici anda bacardıqlarını nümayiş etdirmək heç də asan deyil”.

M.Malkin tamblinqdə fəxri kürsüdə iki idmançının yer almasını bu növün ölkəmizdə inkişafda olduğunun göstəricisi adlandırıb: “Hələ təsnifat mərhələsində belə planımız olduğunu demişdim. Biz qızıl və gümüş qazanmağı qarşıya məqsəd qoymuşduq. İndi Portuqaliyada keçiriləcək Avropa çempionatında komanda şəklində qızıl qazanmağı hədəfləmişik. Əlbəttə, fərdi yarışlarda da ən yüksək nəticəyə imza atmağa çalışacağıq”.

Dünya kubokunda gümüş medal qazanan Adil Hacızadə isə böyüklərin yarışında ilk dəfə mükafatçı olmasını xüsusi qeyd edib: “Bu mənim böyüklər arasında ilk medalımdır. İnanılmaz qürur hissi keçirirəm. Əvvəlcədən elə bir proqram həyata keçirməyi fikirləşirdim ki, həm onu səhvsiz yerinə yetirim, həm də onun mənə yaxşı xal qazandıracağını öyrənim. Amma yarışın gedişində rəqiblərin çıxışını izlərkən planım dəyişdi. Ona görə, həlledici çıxışdan öncə elementləri çətinləşdirdim və hər şey uğurlu alındı”.

O, Dünya kubokunda əldə olunan uğurların ona gələcək yarışlarda kömək edəcəyini bildirib: “Azarkeşlərin dəstəyini hiss edirdim, mənə yalnız uğurlu çıxış etmək qalırdı. Dünya kubokunda qazanılan gümüş medal mənə özünəinam verəcək. İlin ilk turnirində fərqləndiyimə görə şadam və bu, mənə qarşıdakı yarışlarda əlavə motivasiyadır”.

 

Uğur və uğursuzluqlar

Martın 7-10-da Bakı tamaşaçıları dünya gimnastika ulduzlarının bir-birindən maraqlı, həyəcanlı çıxışlarının şahidi oldular. Rekord sayda ölkə (67 ölkə) iştirakçılarının mübarizə apardığı yarış Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından yarışda rəqabət daha da güclü idi. Kubokda ölkəmizi kişilər arasında 5, qadınlar arasında 1 idmançı təmsil etdi. Almaniyanın Kottbus şəhərində qızıl medal qazanan komandamızın əsas medal ümidlərindən olan təcrübəli idmançımız Nikita Simonov təəssüf ki, doğma divarlar arasında istədiyi nəticəyə nail ola bilmədi. İdmançımız halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini 9-cu pillədə başa vurdu. Komandamızın gənc üzvü, ötən ildən etibarən böyüklər arasında yarışlarda çıxış etməyə başlayan Nazənin Teymurova isə dayaqlı tullanmada 13-cü yerdə qərarlaşdı. Paralel qollarda İvan Tixonov 17-ci pilldə yer aldı.

Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Kişilər arasında kuboka Azərbaycan milli komandasının idmançısı İvan Tixonov layiq görüldü. Qadınların yarışında isə bu mükafata çinli Siu Du sahib çıxdı.

 

Ən yaxşıların yaxşısı

Avropa Gimnastikası 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşılarının adlarını açıqlayıb. Keçirilən səsvermənin yekununa görə, tamblinq üzrə yığma komandamızın üzvü, ikiqat dünya və Avropa çempionu Mixail Malkin 52 faiz səs çoxluğu ilə (226,339) “İlin gimnastı” nominasiyasının qalibi olub. Tamblinq üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Adil Hüseynzadə isə “İlin məşqçisi” nominasiyasında hər kəsi üstələyib. O, 46 faiz (196,735) səs çoxluğu ilə fərqlənib.



MƏSLƏHƏT GÖR:

96