Müəllif: Tahirə QAFAROVA
«Krokus Siti Holl» kompleksində törədilmiş terror aktı hələ ki, tarix yox, «qaynar xəbər»dir. İstintaq gedir. Şübhəlilər saxlanılıb və istintaq orqanları tərəfindən dindirilir.
Artıq rəqəmlər də açıqlanıb: təxminən 140 ölü, 180-dən çox yaralı. Əslində isə 2024-cü il martın 22-də həyatı «əvvəl» və «sonra»ya bölünmüşlərin sayı xeyli çoxdur. Hər halda, bu işdə zərərçəkmişlər heç də yalnız yaralananlar deyil. Heç kim həmin axşam konsertə yollanmış, lakin terrorçuların hücumundan qaçmaq, yanğından xilas olmaq məcburiyyətində qalmış insanların yerinə olmaq istəməzdi. Hələ həmin insanların terror aktından xəbər tutan yaxınları, doğmaları… Faciənin əhatə dairəsi çox genişdir.
Moskva faciəsinin Azərbaycan ölçüsü
«Krokus Siti»də həlak olanlar arasında ən azı bir azərbaycanlı var. Vüqar Hüseynov bar masalarından sipər quraraq, insanları xilas etməyə çalışırmış. Amma bu, işə yaramayıb. Kompleksdə qarderobçu işləyən 15 yaşlı İslam Xəlilov isə yüzlərlə insanı binadan çıxara bilib. Daha bir etnik azərbaycanlı – orada ofisiant işləyən Kamil Nəsibov təxminən 80 nəfəri xilas edib…
Amma təəssüf ki, bütün bunlar Rusiya efirlərində anti-Azərbaycan təxribatlarına mane olmayıb. Hamının yaxşı tanıdığı Vladimir Solovyov baş verənlərdə saxta «Azərbaycan izi» axtarmağa belə, başlayıb. O, «Krokus»un sahiblərinin azərbaycanlılar olmasında belə, «kriminal» görür. Solovyov terrorçuların birinin «azərbaycanlı soyadı» daşıdığını deməklə isə lap aşkar yalan danışıb – həmin şəxsin soyadı «oğlu» ilə bitirmiş. Halbuki bu yalanın söyləndiyi vaxt şübhəlilər artıq məlum idi və onların kimliyi açıqlanmışdı. Onların arasında təbii ki, azərbaycanlı yox idi: hüquq-mühafizə orqanlarının açıqlamasında deyilirdi ki, «isti izlər»lə saxlanılmış şəxslər Tacikistan vətəndaşlarıdırlar.
Amma Solovyovun çirkin ədəbsizliyindən sonra Moskvanın azərbaycanlı icmasının ünvanına hədələr səsləndirilməyə başlanıb. Bəlkə teleaparıcının məqsədi elə bu idi?
Dəhşətli dejavü
Ötən əsrin 80-ci illərinin ikinci yarısında Sankt-Peterburqun (Leninqrad) teatrlarından birində Mixail Şatrovun «Vicdan diktaturası» pyesi səhnələşdirilən zaman rejissor özünəməxsus tapıntı ilə yadda qalmışdı. Tamaşanın gedişində qəflətən zala qara geyim və maskada olan insanlar girmiş, əllərində fənərlə sıraların arası ilə dolaşmağa başlamışdılar. Dəri plaşda, üzündə maska olan bir nəfər isə teatr zalının «Qırmızı briqada» yaraqlıları tərəfindən ələ keçirildiyini elan etmişdi. Bu, İtaliyadakı terrorçu qruplaşmanın adı idi. O zaman bu, sadəcə, tamaşanın bir hissəsi idi.
Bu gün isə kütləvi tədbirlərdə – konsert, müzikl, teatr tamaşası və s. zamanı insanların sözün əsl mənasında terrorçuların hədəfinə çevrilə bildiyini görürük. 2006-cı il oktyabrın 23-də Moskvada, Dubrovkada terrorçular məşhur «Nord-Ost» müziklinin oynandığı Teatr Mərkəzinə hücum etmişdilər. O zaman dəhşət üç gün davam etmiş və 130 nəfərin ölümü ilə bitmişdi. 13 noyabr 2015-ci ildə Parisdə silsilə terror aktlarından biri «Bataklan» konsert zalında törədilmiş, ümumilikdə 130 nəfər həyatını itirmişdi.
Azərbaycanın da xatırlayacağı nələrsə var. 2012-ci ildə ölkə «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edən zaman məlum olmuşdu ki, terrorçular konsertin gedişində zala hücum planlaşdırırlarmış. Başında Vüqar Padarov adlı şəxsin dayandığı qruplaşma əvvəlcə təşviş yaratmaq üçün «Baku Crystal Hall»da «şok bombası» partlatmağı, daha sonra insanların təxliyə yolları və hotellərin qarşısında partlayıcıları işə salmağı nəzərdə tuturmuş. Terrorçuların planında ölkə başçısı İlham Əliyevə sui-qəsd və regionlara hücumlar da var imiş. Lakin Azərbaycanın xüsusi xidmət orqanları planın üstünü açmış, nəticədə, terror aktı baş tutmamışdı. Xüsusi xidmət orqanlarının neçə insanın həyatını xilas etdiyini söyləmək çətindir.
Moskvada baş vermiş faciə ilə bağlı xəbərlərlə eyni vaxtda, Azərbaycanın informasiya agentliklərinin xəbər lentində DTX-nin ölkənin cənubunda növbəti terror qruplaşmasını ifşa etdiyinə dair məlumatlar yayılıb. Qruplaşma üzvləri Lənkəran Rayon İcra Hakimiyyətinin başçısına sui-qəsd planlaşdırırlarmış. Məlum olub ki, onlar, eyni zamanda ABŞ və ya İsrail vətəndaşı olan incilis dili müəllimini öldürmək haqda da düşünürlərmiş…
Beynəlxalq ekspert qiymətləndirməsi elə həmin gün məlum olub: Azərbaycanın effektiv antiterror tədbirləri yüksək qiymət alıb. Bununla əlaqədar, 2023-cü ilin sentyabrında Azərbaycanda əsl terror yuvasının – Xankəndidəki separatçı xuntanın ləğv edildiyini də yada salmaq olar.
Əlamətlər yox idimi?..
Rusiya paytaxtında mümkün terror aktına dair xəbərdarlıq hələ martın 8-də elan olunmuşdu. ABŞ-nin Moskvadakı səfirliyi öz vətəndaşlarına açıq xəbərdarlıq ünvanlamışdı: «Səfirlik ekstremistlərin Moskvada böyük yığıncaqlara, o cümlədən konsertlərə hücum hazırladıqlarına dair məlumatı təqib edir. ABŞ vətəndaşlarına yaxın 48 saat ərzində böyük toplantılara qatılmamaları tövsiyə olunur». Vətəndaşlar yerli KİV-də yer alan məlumatları izləməyə, ətrafda baş verənlərlə bağlı diqqətli olmağa çağrılırdı. Analoji xəbərdarlıqla Böyük Britaniya Xarici İşlər Nazirliyi də çıxış etmişdi. Məlumatlı mütəxəssislər bildirir ki, İŞİD-in Əfqanıstan qanadı olan «Xorasan İslam Dövləti»nin diqqətini Rusiyaya yönəltdiyinə dair məlumatlar var imiş.
Belə bir vəziyyətdə çoxlarını bir sual düşündürür: müharibə aparan Rusiya paytaxtında planlaşdırılan terror aktının üstü niyə vaxtında açılmayıb? Üstəlik, FTX nə maliyyəsizlikdən, nə deputat, jurnalist və hüquq müdafiəçilərinin diqqətsizliyindən şikayətlənə bilər. «Rosqvardiya» konsert zalına niyə bu qədər gec çatıb? Necə olub ki, terrorçular kütləyə qarışaraq aradan çıxa bilib və yalnız Bryansk vilayətində saxlanılıb? Nəhayət, terror aktının icrasında iştirak etmiş şəxslər niyə «izi itirməyə» çalışmayıblar? Onlar nəinki əvvəlcədən müəyyənləşdirilmiş mənzillərdə gizlənməyib, «yoxa çıxmayıblar», hətta avtomobillərini belə, dəyişməyiblər. Sual çoxdur.
Baş verənlər dünya ekspertlərinin diqqət mərkəzindədir. Necə deyərlər, terror hər kəs üçün təhdiddir.
Terrorçuları kim himayə edir?
Fransada terror təhlükəsi həddinin məhz həmin gün ən yüksək səviyyəyə qaldırılması, çətin ki, təsadüf olsun. Emmanuel Makron Təhlükəsizlik Şurasının iclasını belə, çağırıb. AES-lərin müdafiə səviyyəsi də yoxlanılıb. Amma bunlar yalnız mətbuata çıxanlardır. Məlum səbəblərdən, çox şey gizli saxlanılır.
Yəqin ki, söhbətə burada nöqtə qoymaq, müasir dünyada həqiqətən təhlükəsiz məkanların azlığından şikayətlənmək olardı. Amma… Moskvada yaşanmış faciədən bir həftə əvvəl Fransanın Marsel şəhərində erməni terror təşkilatı «Nemezis»in yaraqlılarından olmuş Solomon Teyleryanın büstünün açılış mərasimi keçirilib. Üstəlik, bu, Osmanlı imperiyasının xarici işlər naziri olmuş Tələt Paşanın qətlinin növbəti ildönümünə təsadüf edib. Aydındır ki, bu, Parisin İrəvanla oynadığı oyunun bir hissəsidir və bu oyunda əsas alətlərdən biri Fransanın erməni diasporudur.
Lakin son zamanlar Parisin rəzilliyi, anti-Azərbaycan mövqeyi o səviyyəyə çatıb ki, o, Fransada Azərbaycanı xatırladan hər şeyi məhv etməyə çalışır. Bu ölkənin Azərbaycan əleyhinə fəaliyyəti mədəniyyət və incəsənət sahəsinə də çatıb. Məsələn, Xurşidbanu Natəvanın Fransanın Evian-le-Ben şəhərindəki abidəsi boya ilə ləkələnib, heykəlin bir hissəsi sındırılıb. Azərbaycanın Fransadakı səfirliyi abidəni diplomatik nümayəndəliyin Mədəniyyət Mərkəzinə daşımalı olub.
Özünə hörmət edən ölkə terrorla mübarizə kimi məsələlərdə ikili standanrtlara yol verməzdi. Amma Makronun buna siyasi iradəsi çatmır. Görünən odur ki, Avropa Parlamentinin Ermənistana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinə çağırışın yer aldığı təxribatçı qətnaməyə səs verən deputatları ilə bağlı da vəziyyət eynidir. Onlar nədənsə İrəvanın qarşısında terrora dövlət səviyyəsində dəstək verilməsindən imtina tələbini qoya bilməyiblər. Halbuki bu dəstəyin olduğu heç kimdə şübhə doğurmur. Ermənistanda terrorçulara sitayiş olunduğu hamıya bəllidir. Orada terror təşkilatları, ilk növbədə, VOMA və «Yerkrapa» aşkar fəaliyyət göstərir. Azərbaycanla sərhəddə fevralda törədilmiş təxribatın müəllifi məhz «Yerkrapa»dır.
İkili standartlar «Sandero Lyuminosa», «Qırmızı briqada» və s. kimi növbəti «islam dövlətləri»nin diqqətindən yayınmır. Belə təşkilatların liderləri düşünürlər ki, prinsipcə terrorçuluq etmək olar. Bunun üçün sadəcə, siyasi ehtiraslarla oynamağı bacarmaq lazımdır.
Axan isə günahsız insanların qanıdır…
MƏSLƏHƏT GÖR: