8 Sentyabr 2024

Bazar, 06:12

FUTBOLUN “KORONAVİRUSU”

Dünyanın ən populyar idman növündə danışılmış oyunlar həll olunmamış problem olaraq qalır

Müəllif:

01.05.2024

Son illər dünyanın əksər ölkələrində futbolda danışılmış oyunlarla bağlı ciddi problemlər üzə çıxır. Hətta ən çox baxılan futbol yarışlarında nəticəsi əvvəlcədən məlum olan oyunlar özünü göstərir. Danışılmış oyunlar nədir və kimlər matçların nəticəsini əvvəlcədən həll edir?

 

Kim, niyə və necə?

İdman yarışlarının manipulyasiyası məqsədilə idmançılara, hakimlərə, məşqçilərə və ya digər aidiyyəti şəxslərə maddi mükafatlar verilir. Əvəzində bir idmançının və ya komandanın qəsdən uduzması tələb olunur. Bəs idman yarışlarının manipulyasiyası kimə lazımdır? Adətən, belə hallarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bukmeyker kontorları maraqlı olur.

Azərbaycanda danışılmış oyunlarla bağlı mübarizə ildən-ilə daha çox aktuallaşır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kimi hallarla mübarizə ilə bağlı xüsusi maddə yer alır. Bu növ cinayətlərin qarşısını almaq məqsədilə bu əməli törətmiş şəxsin dövlət orqanına könüllü məlumat verməsi cinayət məsuliyyətini istisna edən hal kimi müəyyən edilir.

Azərbaycan futbolunda ötən illərdə olduğu kimi danışılmış oyunlar barədə məlumatlar daxil olur. Hətta UEFA şübhəli oyunların siyahısını AFFA-ya yollayaraq sərt qərarlar qəbul etməyi tələb edib. Azərbaycanda ən çox birinci liqa ilə bağlı şikayətlər daxil olur. Oyunların bir çoxunun nəticəsinin əvvəlcədən danışıldığı bildirilir. Yəni nəticələr əvvəldən müəyyənləşdirilir.

 

Şübhəli klub

Birinci Liqada ötən yaydan iştirak edən “İrəvan” klubu rüsvayçı mövsüm keçirir. Mövsümün əvvəlindən klubda maliyyə problemi yaranması barədə məlumatlar yayılır. Kluba AFFA tərəfindən dəstək məqsədilə ayrılan pullar mənimsənilib, rəhbər həbs olunub. “İrəvan” bəzən meydana çıxarmağa 11 futbolçu tapmır. Üstəlik, komandanın bəzi oyunları “satdığı” iddia olunur.

“İrəvan” klubunun məğlubiyyətlərinin çoxu kifayət qədər şübhəli hesab olunur. Axırıncı dəfə komanda aprelin 4-də öz meydanında autsayder “Araz”a böyük hesabla uduzanda söz-söhbət yaranmışdı. Epizodlardan birində hiss olunurdu ki, meydan sahiblərinin müdafiəçisi topu cərimə meydançasından uzaqlaşdırmaq istəmir. Bundan istifadə edən “Araz”ın hücumçusu qol vurur.

“İrəvan” aprelin 17-də də uduzub. Bu dəfə də böyükhesablı məğlubiyyət qeydə alınıb. “Şamaxı” Bakıda “İrəvan”la oyunda 6:2 hesabı ilə qələbə qazanıb.

 

Cinayət və cəza

UEFA-nın oyunların toxunulmazlığı üzrə Azərbaycanda məsul nümayəndəsi Seymur Səlimli vəziyyətin çox pis olduğunu etiraf edib. O, bu dəfə başqa komandaların oyunundan şübhələndiklərini bildirib. Seymur Səlimli MOİK – “Difai Ağsu” görüşünün nəticəsinin şübhəli olduğunu deyib. Bukmeyker kontorlarında həmin qarşılaşmada düz 4 qol vurulacağına böyük pullar qoyulub. Qarşılaşma MOİK-in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Belə təsadüf ola bilməz. Dünyanın bir neçə ölkəsində eyni anda MOİK-“Difai” matçına böyük məbləğdə pul qoyuluşu edildiyinə görə AFFA dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Hər halda, ciddi araşdırmalar və dindirmələrdən sonra “İrəvan” klubunun bəzi futbolçularının danışılmış oyunlarda iştirakı təsdiqlənib. AFFA İntizam Komitəsi 1-ci Liqa təmsilçisi “İrəvan”ın iki futbolçusunu oyunların manipulyasiyasında iştirak etdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb. Bunlar Atlam Ege və Fəhmin Muradbəylidir. Onlar danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Qeyd edək ki, Fəhmin Muradbəyli uzun müddət “Neftçi”dəki çıxışı ilə tanınıb. Ölkənin adlı-sanlı klubunda forma geyən futbolçunun oyun alqı-satqısında iştirakı ən azı üzücü faktdır.

Araşdırmalardan sonra “Azərbaycan qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmovun da danışılmış oyunlarda iştirakı təsdiqlənib. Hər ikisi ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Bundan başqa, 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib. II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

 

Nəzarət altında

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli bildirib ki, danışılmış oyunlarla bağlı məsələ hər zaman ciddi nəzarət altındadır: “Təəssüf ki, bəzi oyunların danışılmış olması ilə bağlı siqnallar alırıq. Belə olanda AFFA dərhal hüquq-mühafizə orqanlarına məlumat göndərir. Bütün vasitələrlə məlumat araşdırılır, fakt təsdiqlənirsə, iştirakçılar sərt cəzalandırılırlar”.

Danışılmış oyunların bukmeyker kontorları yaranandan sonra ortaya çıxdığını düşünmək olmaz. Bu, əvvəllər də olub və güman ki, bundan sonra da olacaq. Lakin əvvələr hər şey bir az fərqli idi. Yaxın keçmişdə hansısa komanda çempion olmaq və ya aşağı dəstəyə yuvarlanmamaq üçün rəqib komandanın oyunçularına “mükafat” vəd edirdi. Yaxud özlərini maraqlandıran bir başqa qarşılaşma üçün həvəsləndirici mükafat ayırırdılar. Amma indi konkret olaraq bir komandanın uduzması və ya qapısından daha çox qol buraxması üçün sövdələşmələrə rast gəlinir.

Son illər Türkiyə, Rumıniya, İtaliya kimi ölkələrdə titullu klubların belə danışılmış oyunlarda iştirakı üzə çıxıb. Dünya futbolunda bu hallarla mübarizədə UEFA və FİFA da daim sərt qərarlar qəbul edir. Amma bu bəladan qurtulmaq o qədər də asan deyil. Bu “xəstəliyə” qarşı mübarizə uzun və çətin olacaq.


MƏSLƏHƏT GÖR:

46