8 Sentyabr 2024

Bazar, 06:13

ÇOXDAN GÖZLƏNİLƏN PREMYERA

Azərbaycan basketbolunun 3x3 növü üzrə qadın yığması ilk dəfə Olimpiadaya lisenziya qazanıb

Müəllif:

01.05.2024

Azərbaycan basketbolunun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb. Komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Qələbə ardınca qələbə

Azərbaycanı təmsil edən basketbol komandası yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib. Finalda rəqib Polşa yığması olub. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib. Beləliklə, Azərbaycan Yay Olimpiya Oyunlarında həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq. Qeyd edək ki, yığma qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.

Tarixi uğurun təməli bir il əvvəl qoyulub. Azərbaycan Basketbol Federasiyası 3x3 yarışlarında iki komanda ilə təmsil olunmaq barədə qərar qəbul edib. Təmsilçilərimiz mübarizəyə Astarada keçirilən ikinci mərhələdən başlayıb. Azərbaycan komandası müxtəlif mərhələlərdə dörd qələbə qazanmaqla finala vəsiqə əldə edib. Olimpiadaya yollanmaq üçün son olaraq Honkonq və Debretsendə lisenziya xarakterli yarışlarda uğurlu iştirak vacib idi. Basketbolçularımız Honkonqda vəzifənin öhdəsindən gəlməklə azarkeşləri erkən lisenziya ilə sevindiriblər.

 

17 lisenziya

Azərbaycanın 3x3 basketbolçularının Paris Olimpiadasına vəsiqə qazanması ölkə idmanı tarixində ilk sayılır. Buna qədər qadın voleybolçular və otüstü hokkey üzrə milli planetin ən böyük yarışında iştirak etməyə yaxın olub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Region plus” jurnalına açıqlamasında 3x3 basketbol komandasının nəticəsini ölkə idmanı üçün böyük uğur adlandırıb: “Hazırda 17 lisenziyamız var. Bu, olduqca yaxşı nəticədir. Bu sayın nə qədər artacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir. Lisenziya əldə edən istənilən idmançı Olimpiadada uğurlu nəticə göstərə bilər. Çünki onlar “Paris-2024”ə vəsiqə qazanmaqla artıq güclü idmançı olduqlarını sübut ediblər. İlk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik. Tarix boyu qadınlarımız komanda idman növlərində yaxşı nəticələr əldə ediblər. Sadəcə, basketbol deyil, qadınlardan ibarət həndbol və voleybol yığmalarımızın da nailiyyətlərini xüsusi qeyd etmək lazımdır. Amma basketbolçuların olimpiadada iştirakı komanda idman növlərində ilkdir. Bu, həm də idmanımız üçün böyük uğurdur”.

 

Sadəcə fantastika

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mersedes Volker “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqəni karyerasının ən böyük nəticəsi kimi dəyərləndirib: “Bu, tarixi nəticə, sadəcə fantastikadır.Turnirdən öncə anlayırdıq ki, burada zəif komanda yoxdur. Qələbə meydanda daha yaxşı mübarizə aparan tərəfin olurdu. Yarımfinal və final görüşləri inanılmaz alındı. Karyeram ərzində bu cür həyəcan yaşadığımı xatırlamıram. Heyətdə olan oyunçular 2014-cü ildən birlikdə çıxış edirlər. Tarixi nəticə ilə qürur duyuruq. Formadakı adımıza deyil, Azərbaycan yazısına görə oynadıq. Bura mənim ikinci Vətənimdir. Xalqımıza möhtəşəm hisslər yaşatdığımız üçün xoşbəxtəm”.

Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalibiyyətin gələcəkdə bu idman növünün inkişafına töhfə verəcəyini deyib: “Qarşımıza qoyulan məqsəd bu turnirdə qalib olmaq idi. Buna da nail olduq. Çox şadam ki, arzumuza çatdıq. İlk matçda Çili komandasının oyunçusunun zədələnməsi bizə çox kömək oldu. Monqolustana qarşı ikinci oyun gərgin alındı. Tiffani Heys bu matçda zədə aldığı üçün onu Niderlandla qarşılaşmada bilərəkdən oynatmadıq, yarımfinala hazırladıq. Yarımfinal və final əsl triller idi. Finalda Aleksandra Mollenhauerin həlledici atışından sonra sevincimizin həddi-hüdudu yox idi. Bundan sonra nə baş verdiyini heç xatırlamıram. Yalnız sonradan nə baş verdiyini videoda gördüm. Biz maksimuma nail olmuşuq. Federasiyanın qarşısına qoyduğu əsas vəzifə olimpiya lisenziyasını qazanmaq idi. Biz bu vəzifənin öhdəsindən gələ bildik”.

V.Əzimov söyləyib ki, yığmanın heyətində beş basketbolçu var, lakin onlardan dördü Olimpiadaya yollanacaq: “Olimpiya Oyunlarına qədər Azərbaycan millisinin mübarizə aparacağı yarışlar var. Xüsusilə Qadınların Dünya Turu ilə bağlı turnirlər keçiriləcək. Qəbələ şəhəri iyunda onlardan birinə ev sahibliyi edəcək. Məşqçilər korpusu bütün basketbolçuları bir daha nəzərdən keçirəcək və Olimpiya Oyunları ərəfəsində seçim edəcək”.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası həm kişi, həm də qadınlar arasında liqalar təşkil edir. Milli komandaların mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirakı gənc heyətin təcrübəsini artırır. İl ərzində regionlarda təlim-məşqlər təşkil edən qurum yeniyetmələrin paytaxtda hazırlığına və uşaq basketbol məşqçilərinin təcrübəsini artırması məqsədi ilə layihələr həyata keçirir.



MƏSLƏHƏT GÖR:

46