Müəllif: Elçin HÜSEYNOV
İordaniya Krallığı Yaxın Şərqin məşhur ərəb ölkəsidir. Ölkə turizm məkanı kimi yenicə inkişafa başlasa da, bura qədim abidələri, qoruqları və dənizkənarı kurortları ilə uzun zamandır ki, məşhurdur. Bəli, insanlar buraya Ölü dənizdə müalicəvi prosedurlar, çimərlik tətilləri, Qırmızı dənizdə dayvinq, hətta müqəddəs yerləri ziyarət etmək üçün gəlirlər. Amma dünyanın hər yerindən turistlərin buraya axışmasının əsas səbəbi qaya şəhəri olan Petradır. O, tarixi eramızdan əvvəl 300-cü illərə qədər uzanan dünyanın səkkizinci möcüzəsi hesab olunur.
Turistlərin əksəriyyəti İordaniyaya paytaxt Əmman vasitəsilə gəlir. Lakin hazırda bir çoxları üçün daha cəlbedici və maraqlı görünən qeyri-standart varianta baxacağıq.
Krallığın əsas kurortu
İordaniya kiçik ölkə olsa da, onun regionlarında iqlim fərqlidir. Ən mülayim iqlimə malik istiqamət krallığın Qırmızı dənizdəki əsas çimərlik kurortu olan Akaba şəhərindədir. İlin doqquz ayı (yaz, qış və payız) burada hava ideala yaxındır. Akabada tətillər ekstremal idmanlara və əyləncələrə üstünlük verən aktiv turistlər üçün uyğundur.
Unikal iqlimi və eyniadlı körfəzin sahilində yerləşdiyinə görə, az qala bütün il boyu Akabada üzmək olar. Burada hava, demək olar ki, qonşu Misirdəki kimidir. Məsələn, Şarm əl-Şeyxdəki kimi. Akaba üçün turizm mövsümü may-iyun və sentyabr-dekabr ayları hesab olunur. Yalnız yanvar ayında burada bir az soyuq olur. Buna görə də yanvarda bu şəhərdə turistlər az gözə dəyir. Lakin fevraldan etibarən turist axını yenidən artır. İyul-avqust aylarında temperatur tez-tez 40-45 dərəcəyə çatır, bəzən daha da yüksək olur ki, bu da təbii ki, turistləri o qədər də sevindirmir.
Akabanın reklam broşürlərində yazırlar ki, qayıqla gəzinti zamanı burada eyni vaxtda dörd ölkəni görə bilərsiniz: İordaniyanın özünü, Səudiyyə Ərəbistanını, Misiri və İsraili. Bəli, Akaba, həqiqətən də, əlverişli coğrafi mövqeyə malikdir. Buradan İsrail sərhədinə avtomobillə cəmi 25 dəqiqəyə çatmaq olar. Bu şəhər Səudiyyə Ərəbistanı ilə sərhədə cəmi 25 kilometr məsafədədir. Buradan Misirin Taba şəhərinə bərə ilə 45 dəqiqəyə çatmaq mümkündür. İordaniyanın paytaxtı isə bu şəhərdən təxminən 330 kilometr məsafədədir.
Akaba kiçik bir dənizkənarı kurortdur, bütün il boyu minlərlə turist onun qumlu çimərliklərində günəş vannası qəbul edir və körfəzin ilıq sularında istirahət edirlər. Burada geniş hotel seçimi var: ən sadə və ucuz hotellərdən (30 dollar) tutmuş, öz ərazisi və çimərlikləri olan “premium” klasa daxil olan hotellərə (250-400 dollar) qədər. Eyni zamanda, Akaba həm də müasir işgüzar şəhər, ölkənin yeganə dəniz limanıdır. Lakin limanın və digər müəssisələrin işi elə qurulub ki, o, şəhərin kurort həyatı ilə kəsişməsin. Odur ki, bu müəssisələr turistlərə sanki buxtada lövbər salmış gəmilər şəklində görünür.
Akabada kiçik hava limanı da var. Amma bu hava limanına kifayət qədər məhdud sayda aviaşirkətlər uçur. Burada ən ucuz biletləri Əbu-Dabidə almaq olar (müəyyən tarixlər üçün hər iki istiqamətdə 55 avroya). Hava limanı ilə şəhər mərkəzi arasında məsafə qısa olsa da (11 kilometr), ictimai nəqliyyat həmin istiqamətdə az hərəkət edir. Buna görə də bir çox turist onları 10-15 dinara (25-35 manat), cəmi 15 dəqiqəyə hotelə çatdıra biləcək taksilər seçirlər.
Viza ilə bağlı qarışıqlıq
Məlumdur ki, viza bir ölkənin vətəndaşının digər ölkənin sərhədini keçməsinə icazə verən sənəddir. Əsasən, bu, hansı əsaslarla və neçə dəfə ölkəyə daxil ola biləcəyiniz, həmçinin orada nə qədər qalmağınız barədə məlumatdır. Əksər ölkələrə, o cümlədən İordaniyaya səfər etmək üçün turistlər viza almalıdırlar.
Lakin bu ölkənin bir özəlliyi, daha doğrusu, onunla bağlı istisna var. İordaniya Krallığının sərhədini ölkənin cənubundakı ASEZA azad iqtisadi zonasında keçsəniz, 30 günlük müddətə vizaya ehtiyacınız olmayacaq. Bu azad iqtisadi zonaya kurort şəhəri olan Akabanın beynəlxalq hava limanı və dəniz limanı, İordaniya ilə Səudiyyə Ərəbistanı arasındakı sərhəd və Eylat-Akaba keçid məntəqəsi daxildir. Eyni zamanda, vizasız səfər üçün müəyyən şərtlər var. Belə ki, ölkədə azı 3 gecəlik hotel bron etməlisiniz, əks halda həm viza rüsumu (təxminən 60 dollar), həm də azad iqtisadi zona ilə bağlı rüsum (təxminən 28 dollar) ödəməli olacaqsınız. Nəzərə alın ki, siz bu ölkəni ASEZA zonasından tərk etməlisiniz, əks halda çıxışda rüsum ödəməli olacaqsınız. Ümumiyyətlə, həm sərhəd nəzarətində, həm də İordaniya daxilində səfərlər zamanı sizdən geri qayıdış aviabileti və hoteldən vauçer istənilə bilər. Buna görə də həmişə bütün səyahət sənədlərini çap olunmuş şəkildə yanınızda saxlayın.
Bundan başqa, İordaniyaya vizanı bu ölkəyə gəldikdən sonra sərhəddə əldə edə bilərsiniz. Hər halda, rusdilli turistik saytlar bu haqda yazır. Ancaq bunun üçün, əlbəttə ki, turistik vauçer (bilet, hotel və s.) olmalıdır.
Turistlər üçün kifayət qədər rahat və qənaətcil üçüncü variant var: “Jordan Pass”. Bu sənəd İordaniyanın 40-dan çox ən məşhur turistik məkanına viza və pulsuz keçidin xüsusiyyətlərini özündə birləşdirir. Onun üç çeşidi var və bunlar yalnız Petra Təbiət Qoruğunu neçə gün ziyarət etmək istədiyinizlə fərqlənir. “Jordan Wanderer” (99 dollar) bir gün, “Jordan Explorer” (106 dollar) iki gün, “Jordan Expert” (113 dollar) isə üç gün üçün nəzərdə tutulub. Təkcə qoruğa girişin 50 İordaniya dinarına (70 dollar) başa gəldiyini nəzərə alsaq, “Jordan Pass”i əldə etməyə dəyər. 1-2 həftə İordaniyanı kəşf edəcəksinizsə, “Jordan Pass” ideal qənaətcil variantıdır.
“Jordan Pass”i cəmi 10 dəqiqəyə onlayn şəkildə əldə etmək olar. Onu əldə etdiyinizlə bağlı təsdiq elektron poçt vasitəsilə göndəriləcək. Onu çap etməli, sərhəddə göstərməli, ilk dəfə görməli yerlərdən hər hansı birinə daxil olarkən aktivləşdirib 12 gün ərzində istifadə etməlisiniz. Nəzərə alın ki, “Jordan Pass” alarkən, ölkədə azı üç gecəlik (dörd gün) hotel bron etmisinizsə, viza rüsumundan azadsınız.
Unutmayın ki, İordaniyanın Bakıdakı Səfirliyi ilə əlaqə saxladığınız zaman sizə onlayn viza (125 manat) almağınız qəti şəkildə “məsləhət görüləcək”. Onlar sizə Akaba vasitəsilə pulsuz giriş imkanları və İordaniya keçidinin mövcudluğu barədə heç nə deməyəcəklər. Ölkənin turizm agentlikləri də sizə viza almağı məsləhət görəcək, çünki onların hər biri krallığın sərhədindəki problemlərdən özlərini sığortalamaq istəyir. Bu ölkəyə viza rüsumu olmadan daxil olmaq imkanları barədə səfirliklərinə və turistlərə dəqiq məlumat verilmir. Hər halda, bir sərhədçi Akabada sərhədi keçən zaman qrupumuza bu hissədə hələ də pulsuz viza verildiyini təsdiqləyib!
Münaqişə və turistlər
Akaba kurort şəhəri olduğuna görə onun əhalisinin xeyli hissəsi qonaqlarla təmasdadır və müvafiq olaraq turizm sektorundan gəlir əldə edir. Buraya bir çox ölkələrdən, xüsusən İspaniya, İtaliya, Fransa, Almaniya və Şərqi Avropadan turistlər səfər edirlər. Buraya Rusiyadan da turistlər gəlir. Yerli bələdçilərin fikrincə, onlar çimərlik tətilini aktiv tətildən üstün tuturlar. Amma Azərbaycandan Akabaya gələn turistlərin sayı azdır.
Amma 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu nəticəsində qızışan münaqişə İordaniyaya, xüsusən də Akabaya turizm axınına ciddi təsir göstərib. Bu şəhər İsraillə qonşudur və payızdan bəri burada turistlərin sayı bir neçə dəfə azalıb. Bu da təbii olaraq yerli sakinlərin gəlirlərinə təsir göstərib. Hotellər, əyləncə yerləri, restoranlar və mağazalar boşdur. Hazırda turizm sektorunda çalışanlar burada çətin anlar yaşayırlar.
Regiondakı gərgin vəziyyət İsraillə sərhəddə yerləşən Eylat bölgəsində də hiss olunur. Burada ərəblərin və bədəvilərin israillilərlə mehriban qonşuluq şəraitində yaşamasına baxmayaraq, artan münaqişə İsraildən gələn turistlərin sayına ciddi təsir edib. Əvvəllər Eylatın bir çox sakini İordaniyanın görməli yerlərini gəzmək üçün Akaba sərhədini keçirdi. Müvafiq olaraq, sərhəd infrastrukturu çox yaxşı fəaliyyət göstərirdi. Söhbət kiçik restoranlar, hotellər, turizm agentlikləri, mağazalar və hətta xüsusi tikilmiş xəstəxanadan gedir. Doğrudur, sərhəd keçid məntəqəsi münaqişəyə baxmayaraq, rahat işləməyə davam edir, lakin keçidlərin sayı kəskin şəkildə azalıb. Yalnız fələstinli qaçqınların sayı artıb...
Regional münaqişə yerli polisin işinə də təsir edib. Bu da turistlərin vəziyyətini bir qədər çətinləşdirir, bəzən isə onları qorxuya salır. Belə ki, bir şəhərdən digərinə hər gediş (hər iki istiqamətdə) zamanı polis nəqliyyat vasitələrinin və sərnişinlərin yollarında çoxsaylı nəzarət tədbirləri həyata keçirir. Buna görə də həmişə bütün səyahət sənədlərini özünüzlə aparın (pasport, hotel bronu, müvafiq sənədlər və s.). Yollarda avtomobillər və yerli sakinlərin və turistlərin sənədləri üçün texniki baxış məntəqələri var. Bəzi hallarda sənədlərinizi diqqətlə yoxlamaq, suallar vermək və şəxsiyyət vəsiqələrinizin surətini çıxarmaq üçün sizi yol kənarındakı polis bölməsinə dəvət edə bilərlər. Amma sürücülər belə nəzarətin onlar üçün normal olduğunu və qonşu ölkədəki müharibə ilə bağlı olmadığını iddia edirlər.
Yol polisi ilə yanaşı, şəhərlər arasında keçid məntəqələri yaradılıb və burada spirtli içkilərin olub-olmaması daxil olmaqla avtomobillər yoxlanılır. Belə ki, sürücülərin sözlərinə görə, Akabada 1 şüşə pivə 1,5 dinara satılırsa, Əmmanda onun qiyməti 5 dinara çata bilər. Bu məntəqələrdə paytaxt və digər bölgələrdə satış məqsədilə spirtli içkilərin şəxsi daşınmasına icazə verilmir. Baxmayaraq ki, Ramazan ayı istisna olmaqla digər aylarda bütün ölkədə spirtli içkilər sərbəst şəkildə satılır.
İordaniyaya gələn turistlər üçün vacib tövsiyələrdən biri odur ki, hər şey, xüsusən də qiymətlərlə bağlı məsələlər əvvəlcədən razılaşdırılmalıdır. İordaniyalılar, xüsusən də bədəvilər “çay pulu” sevirlər və onları həmişə sizdən gözləyirlər. Qiymət razılaşdırılsa belə (burada turist xidmətləri çox bahadır), onlar yenə də sonda sizdən “çay pulu” gözləyirlər. Üstəlik, cədvəldə və ya proqramda hər hansı, hətta kiçik dəyişikliklər xidmətlərin qiymətinin artmasına səbəb ola bilər. Buna görə də xidmətlərə razılıq verməzdən əvvəl hər şeyi dəqiq və ətraflı müzakirə edin və bu, taksiyə də aiddir.
Yeri gəlmişkən, Akaba küçələrində kifayət qədər çox taksi sürücüsü var və onlar turisti görəndə mütləq siqnal verəcəklər. Bununla onlar “boş taksi var” deyirlər. Bu yerli reallığa öyrəşənə qədər belə siqnalları eşidən zaman diksinir və geriyə baxırsan.
Bütün üstünlüklərinə baxmayaraq, Akabanı hələ də inkişaf etmiş turizm infrastrukturu olan şəhər adlandırmaq olmaz: burada parıltı yoxdur və şəhər görməli yerlərlə zəngin deyil. Bura, məsələn, Antalya, Şarm Əl-Şeyx, xüsusən də Avropanın məşhur kurortları ilə müqayisə oluna bilməz. Lakin restoranlarda ucuz, təzə dəniz məhsulları təklif olunur. Burada İordaniyanın milli yeməklərinin təklif olunduğu çox maraqlı, ucuz kafelər, həmçinin orijinal əl işlərinin və ərəb şirniyyatlarının satıldığı çoxlu sayda dükanlar var. Tərkibində hil ədviyyatının olduğu qəhvəyə söz ola bilməz! Bu qəhvə şəhərdə hər yerdə satılır.
Vadi Ram səhrası, Ölü dəniz və Petra şəhəri kimi məşhur qədim abidələrin və təbii qoruqların olması bütün mümkün narahatlıqları aradan qaldıracaq. Ancaq bu barədə turistik Məkkə ilə tanışlığımızın növbəti hissəsində daha çox bəhs edəcəyik.
(Ardı var)
MƏSLƏHƏT GÖR: