8 Sentyabr 2024

Bazar, 06:04

LİSENZİYA QAZANMAQ ÜMİDİ İLƏ

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa Kuboku xüsusi olub

Müəllif:

15.05.2024

Azərbaycan paytaxtı daha bir irimiqyaslı idman tədbirinə ev sahibliyi edib. Bu dəfə tarixdə ilk dəfə olaraq mayın 3-5-də Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilib. Bu yarış sadəcə bir idman tədbiri deyil, həm də mübaliğəsiz söyləyə bilərik ki, möhtəşəm şou idi. Musiqili çıxışlar, xüsusi hazırlanmış və tamaşaçını da qoşulmağa vadar edən rəqs kompozisiyaları, sürpriz fləşmoblar hər yaş qrupundan olan izləyicinin zövqünü oxşayıb.

 

Gimnastların “batllar”ı

Milli Gimnastika Arenasında Avropa Kubokunun medalları uğrunda 37 ölkədən 160 gimnast mübarizə aparıb. Turnirin özünəməxsus xüsusiyyətlərindən biri də ilk dəfə olaraq çarpaz qarşılaşmalar adlı yeni formatda yarışların təşkil olunması idi. Əvvəlcə çoxnövçülük üzrə böyüklər arasında baş tutan təsnifat yarışlarının nəticələrinə əsasən çarpaz qarşılaşmada mübarizə aparacaq 16 böyük fərdi gimnast müəyyənləşib. Böyük fərdi gimnastlar arasında keçirilən yarışda Stiliana Nikolova (Bolqarıstan) qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Darya Atamanov (İsrail) bürünc medalın sahibi olub. İlk üçlüklə bərabər ulduz onaltılığın digər nümayəndələri də pul mükafatına layiq görülüb. Azərbaycan millisinin üzvləri Zöhrə Ağamirova mübarizəni 1/4 final mərhələsində dayandıraraq 8-ci yerdə, Kamilla Seyidzadə isə 1/8 finala qədər irəliləyərək 16-cı yerdə qərarlaşıb.

Mötəbər yarışda ölkəmizə ilk medalı böyüklərdən ibarət qrup hərəkətləri komandası qazandırıb. Gimnastlar 3 lent və 2 topla (29,950), eləcə də çoxnövçülük (71,550) üzrə çıxışlarında fəxri kürsünün 3-cü pilləsində qərarlaşaraq yekun nəticədə 2 bürünc medala layiq görülüblər. 5 halqa (36,950) ilə də bacarıqlarını sınayan Azərbaycan komandası bu performanslarına görə 4-cü yeri tutub.

Avropa Kubokunun son günündə gənc gimnastlar uğur qazanıblar. Gənclərdən ibarət millinin üzvü İlahə Bahadırova top (31,550), Şəms Ağahüseynova isə lent proqramında (30,250) nümayiş etdirdikləri çıxışlarına görə gümüş medalla təltif olunublar.

Həmçinin finalda böyük fərdi gimnastımız Zöhrə Ağamirova lentlə hərəkətlərdə çıxışından sonra 4-cü pillədə qərarlaşıb. O digər alətlərdə də özünü sınayıb. Belə ki, topla çıxışda 6-cı, halqa proqramında isə 8-ci sırada yer alıb.

Ümumilikdə bədii gimnastika üzrə Avropa Kubokunu Azərbaycan 2 bürünc və 2 gümüş medalla başa vurub.

 

“Sona qədər mübarizə aparacağıq”

Bürünc medal qazanan qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Ləman Əlimuradova nəticədən razı qaldıqlarını bildirib: “Nəticəmizdən razıyıq. Düşünürəm ki, bundan da yaxşısını edə bilərdik. Öz üzərimizdə daha çox işləməliyik. Bu turnirdən sonra Olimpiadaya lisenziya xarakterli Avropa çempionatına hazırlaşacağıq. Lisenziya qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Əsas hədəf Paris-2024-ə lisenziya qazanmaqdır. Bunun üçün Avropa çempionatında uğurlu çıxış etmək tələb olunur”.

Milli komandanın gimnastı Zeynəb Hümmətova isə Bakının mötəbər turnirlərə ev sahibliyi etməsinin sevindirici olduğunu söyləyib: “Doğma divarlar arasında yarışmaq insana zövq verir. Çıxışımız zamanı azarkeşlərin dəstəyini hiss edirdik. Onlar ortaya yaxşı nəticə qoymağımız üçün bizə motivasiya verirdilər. Belə yarışlarda mübarizə apara bildiyimiz üçün şadıq. Budəfəki Avropa Kubokunda fərdi proqramda yenilik edildi. Düşünürəm ki, bu gimnastlar arasında rəqabətin artmasına kömək edir. Ümid edirəm ki, qrup hərəkətləri üzrə komandalar üçün də belə yeniliklər olar”.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri Azərbaycan komandası mayın sonunda Avropa çempionatında çıxış edəcək. Mötəbər yarışda Paris Olimpiadasına son lisenziya oynanılacaq. Belə ki, Avropa çempionu olacaq komanda olimpiadaya vəsiqə qazanacaq.



MƏSLƏHƏT GÖR:

47