Müəllif: Sənan ŞƏFİZADƏ
Aprelin 19-24-də Yunanıstanın Rodos şəhərində qadınlar arasında şahmat üzrə 24-cü Avropa çempionatı keçirilib. Sevindirici haldır ki, mötəbər yarışda ilk pilləni azərbaycanlı qrossmeyster tutub. Ülviyyə Fətəliyeva 10 turda 8,5 xal toplamaqla qitə çempionu olub. Bununla Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan qadın şahmatçısı kimi tarixə düşüb.
Böyük uğurdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Ülviyyəni təbrik edərək, ona gələcək yarışlarda uğurlar arzulayıb.
İlk oyun
Şahmat həvəskarlarına geniş tanış olmayan Ülviyyə Fətəliyeva barədə ətraflı məlumat vermək istərdik. Qadın şahmatçılardan ibarət milli komandanın üzvü 1996-cı ildə Gəncədə anadan olub. O, şahmat oynamağa 7 yaşında başlayıb. Gəncə şahmat məktəbinin yetirməsinin karyerasında məşqçisi Şaiq Quliyevin böyük rolu var. Ülviyyə daha çox qara fiqurlara üstünlük verir. Baxmayaraq ki, ağ daşlarla oynayan ilk gedişi edir və “qara”nı seçənlər ilk öncə bərabərliyi əldə etməyə çalışırlar.
Onun ilk beynəlxalq rəsmi matçı 7 yaşına təsadüf edib. O, Türkiyənin Kapadokya şəhərində təşkil edilən Avropa çempionatında özündən 3 yaş böyüklərlə mübarizə aparıb. Dünya şahmat tarixinin əvəzsiz siması Robert Fişeri özünə kumir seçən Ülviyyə, daha çox hücum etməyi və heç-heçədən qaçmağı sevir. Buna görə də piyadaları tez-tez qurban verir.
Maraqlıdır ki, Ülviyyənin çempionluğu professor atası Hasil Fətəliyevin 65 illik yubiley gününə təsadüf edib. Qeyd edək ki, şəxsi Avropa çempionatında yüksək performansa görə Ülviyyə Fətəliyeva və Günay Məmmədzadə Dünya Kubokuna vəsiqə qazanıblar.
Ülviyyə Fətəliyevanın uğurunun açarı gərgin məşqlərdir. Azərbaycan Şahmat Federasiyasının dəvəti ilə Bakıya gələn təcrübəli məşqçi Yevgeni Tomaşevskinin bu qələbədə xüsusi payı var. İlk gündən Ülviyyə ilə işləyən Y.Tomaşevski ona daha təmkinli olmağı və yeni debütlərlə mübarizə aparmağa kömək olub. Təsadüfi deyil ki, məhz Tomaşevski ilə iş birliyindən sonra xanım şahmatçı reytinqini artırıb.
İddialı idi, çempionluğu arzulayırdı
Avropa çempionu Ülviyyə Fətəliyeva sevincini “Region plus”un oxucuları ilə bölüşüb: “Başa düşürəm ki, qələbə daimi deyil. Qısa müddətdən sonra məndən yeni uğurlar gözləyəcəklər. İlk Avropa çempionu kimi tarixə düşdüyüm üçün xoşbəxtəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu. Yevgeni Tomaşevski başda olmaqla mənimlə çalışan bütün məşqçilərə təşəkkür edirəm. Və əlbəttə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam”.
Avropa çempionu pandemiya zamanı çətinlik çəkdiyini xatırladıb və üzərində daha çox işləməyə başladığını qeyd edib: “2020-ci ildə pandemiyadakı vəziyyəti hamı xatırlayır. Hər tərəf bağlı idi. O günlərdə hazırlaşanda özüm üçün xəyal qururdum. Yunanıstana yollananda çempionluğu arzulayırdım, xəyal edirdim. İndi arzuma çatdım. Hisslərimə yer vermədim, şahmatdan zövq alaraq hər tur qələbə qazanmağa çalışdım. İnanıram ki, bu qələbə gənclərdə böyük həvəs yaradacaq. Eyni zamanda sentyabrda bizi ilin əsas yarışı gözləyir. Qadın şahmat millimizin Ümumdünya Şahmat Olimpiadasında layiqli çıxış edəcəyinə inam böyükdür”.
Tarixi uğur
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Ü.Fətəliyevanın qələbəsini tarixi uğur adlandırıb: “Yunanıstandakı uğur Azərbaycan şahmatının növbəti qələbəsidir. Ülviyyənin gözəl üslubda Avropa çempionatında əldə etdiyi nəticə məntiqi prosesdir. Çünki Azərbaycan şahmatı artıq böyük uğurlara hazırdır. İki il əvvəl Ülviyyə bu yarışda bürünc medal əldə etmişdi. Həmin yarışda Günay Məmmədzadə ikinci olmuşdu. Ötən il ancaq təsadüf nəticəsində qadınlardan ibarət şahmat millimiz komanda yarışında Avropa çempionu ola bilmədi, ikinci yeri tutdu. Bu sübut edir ki, qızlarımız inkişaf edir və hər il yeni uğurlarla bizi sevindirir”.
M.Məmmədov qadın şahmatçıların hazırlıq prosesinə çox ciddi və intizamla yanaşdıqlarını bildirib: ”Federasiyanın cəlb etdiyi məşqçilərin tövsiyələrinə həssas yanaşırlar. Bu amil şahmatçıların inkişafında vacib amildir. Özləri üçün asan yol seçmirlər. Keçmişdə qazanılan uğurun üzərində dayanmırlar. Onlar gecə-gündüz işləyirlər. Ülviyyə həm şəxsi məşqçilər, həm də dəvət olunan mütəxəssislər - Mixail Şereşevski və Yevgeni Tomaşevski ilə hazırlaşıb. Son aylarda Vladimir Çuçelovla işləməkdə maraqlı olduğunu bildirmişdi. Biz bu istəyi reallaşdırdıq. Qadın şahmatçılarımız daha böyük qələbələrə layiqdirlər. Ümumiyyətlə, son Avropa çempionatı çox uğurlu alınıb. Səbinə İbrahimova birinci qrossmeyster xalı əldə edib. Xanım Balacayeva sona qədər mübarizə apardı, 10-cu turda qalib gəlsəydi, ilk “beşlik”də yer alacaqdı. Fikrimcə, qadın şahmatçıların uğurları davam edəcək”.
Qeyd edək ki, 10-23 sentyabrda Macarıstanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. 180-dən çox ölkənin iştirak edəcəyi yarışda Azərbaycan həm kişi, həm də qadın şahmatçılardan ibarət komandalarla təmsil olunacaq.
MƏSLƏHƏT GÖR: