19 Sentyabr 2024

Cümə axşamı, 05:06

QƏRƏZSİZ SEÇİM

Azərbaycanda kiçik və orta biznes dövlət satınalmaları sahəsində tədricən fəallaşır

Müəllif:

15.05.2024

Azərbaycanda dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını, həmçinin qaydalarını müəyyən edən yeni qanunvericilik aktının qüvvəyə minməsindən təxminən 6 ay keçir. Uzun illər bu sahə iqtisadiyyatımızın ən qapalı və “qaranlıq” seqmentlərindən biri hesab olunurdu. 2023-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi həcmi 7,5 milyard manat təşkil edib. Proqnozlara görə, bu göstərici 8 milyard manata çatacaq.

Yerli iş adamlarının “dəyişiklik küləyi”ni hiss edib-etməməsi məsələsi və tənzimləyici orqanların həll etməli olduğu digər problemlər Bakıda keçirilən I Təchizat Zənciri Liderləri Zirvəsində müzakirə olunub.

 

Rəqabət - biznesin hərəkətverici qüvvəsi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin qeyd etdiyi kimi, Azərbaycanda iqtisadi dayanıqlığı təmin etməyin yeganə yolu yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasıdır.

Onun sözlərinə görə, bu, sahibkarlığı stimullaşdırmaq üçün lazımdır.

“Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, ölkəmizdə Rəqabət Məcəlləsi qəbul edilib, biznes mühitinin təkmilləşdirilməsi, şəffaflıq istiqamətində mühüm addımlar atılır. Azərbaycan iqtisadiyyatını dünya səviyyəli iqtisadiyyata çevirmək, kiçik şirkətlərin böyük şirkətlərə çatmasını təmin etmək üçün rəqabət mühüm amildir”.

“Müasir dövrdə, yəni iqtisadiyyatların qloballaşması şəraitində bizneslə əlaqələri və özəl sektorla tərəfdaşlığı intensivləşdirmədən dövlətin strateji məqsədlərinə və iqtisadi məqsədlərinə nail olmaq mümkün deyil. Bu da öz növbəsində təchizat zəncirinin bütün iştirakçılarının qarşılıqlı məsuliyyətini artırır, həm də iqtisadi inkişaf üçün zəmin yaradır”, -İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, mövcud sosial-iqtisadi sabitlik və dayanıqlı inkişaf tendensiyası təchizat zəncirinin idarə edilməsinə daha müasir səviyyədə yenidən baxılmasını tələb edir.

Bəs, ümumiyyətlə, “təchizat zənciri” tam olaraq nədir? İqtisadiyyatda bu termin xammalın alınmasından məhsulun son təyinat yerinə çatdırılmasına qədər məhsul və ya xidmətlə əlaqəli malların, məlumatların və maliyyə axınının idarə edilməsi kimi müəyyən edilir. Üstəlik, bir zəncirin həlqələri həmişə coğrafi baxımdan bir-birinə yaxın yerləşmir. Hər şey müəssisələrdən hansının brend sahibinə daha sərfəli şərtlər təklif edəcəyindən asılıdır.

Azərbaycan müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq (KOB) seqmenti belə qlobal təchizat zəncirlərində iştirak etməkdən hələ də uzaqdır. Çoxsaylı yoxlamaları və digər məsələləri nəzərə alsaq, bunu həyata keçirməyə dəyərmi? Yerli tenderlər başqa məsələdir - xüsusilə dövlət satınalmaları baxımından onlara maraq kifayət qədər yüksəkdir. Burada, bir qayda olaraq, sərfəli və uzunmüddətli müqavilələr təklif olunur. Qalib nəinki yaxşı pul qazanmaq, həm də bazarda öz nüfuzunu əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə edir. Bu da inkişafa can atan müəssisə üçün daha vacibdir.

 

Rəqəmsallaşdırılmış tender

Son dövrlərə qədər yerli iş adamları arasında dövlət satınalmaları seqmenti şikayət edilən əsas sahə idi. Beynəlxalq və yerli ekspertlər ədalətli və rəqabətli tenderlərin keçirilməsinə təsir göstərən normativ-hüquqi bazanın zəif səviyyəsini dəfələrlə qeyd ediblər. Bazar iştirakçıları haqqında lazımi məlumatlara sərbəst çıxışın olmaması və seçilmiş şirkətlərin himayədarlığının mümkünlüyü rəqabət mühitinin yaradılmasına mane olurdu.

Bu ilin yanvarında yeni qanun qüvvəyə minib. Seçim mərhələlərinin rəqəmsallaşdırılması isə tender qaliblərinin seçilməsi zamanı çatışmazlıqların və insan amilinin mümkün qədər aradan qaldırılması üçün nəzərdə tutulub. Yeni sənədlə nəzərdə tutulan əsas məsələ odur ki, bundan sonra satınalmalar yalnız rəqəmsal platformalar vasitəsilə həyata keçiriləcək. Üstəlik, bununla yeni nəzarət mexanizmlərinin tətbiqi, həmçinin prosedurların sadələşdirilməsi və bürokratik maneələrin azaldılması nəzərdə tutulur. Bu, təchizatçılar arasında rəqabətin artırılmasına, biznes üçün daha yaxşı şəraitin təmin edilməsinə imkan yaradacaq.

“Elektron satınalmalar vasitəsilə tenderin keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabət qabiliyyətinin artırılmasına, mikro, kiçik və orta sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına mühüm töhfədir”, - O.Məmmədov vurğulayıb.

Onun fikrincə, burada mühüm amillər tender iştirakçılarına bərabər yanaşma, biznes tərəfdaşı seçimində obyektivlik və qərəzsizlik, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq, səlahiyyətlərin, öhdəliklərin və risklərin razılaşdırılmış bölgüsü, dövlətin və biznesin qanun qarşısında bərabərliyidir. “Bütövlükdə, ölkəmizdə sahibkarlıq subyektlərinin bu prosesə cəlb edilməsi, xüsusən də KOB-ların bu layihələrdən benefisiar kimi yararlana bilməsi üçün əlverişli şərait yaradılıb”.

O qeyd edib ki, təchizat zəncirində dövlət-biznes tərəfdaşlığı risklərin, öhdəliklərin və gəlirlərin tərəflər arasında optimal bölüşdürülməsini təmin edən effektiv vasitədir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, qanun layihəsində dövlət satınalmalarına daha səmərəli nəzarəti təmin etmək məqsədilə nəzarət orqanının səlahiyyətləri genişləndirilir. Burada mühüm məqamlardan biri də əsaslandırılmış qərar əsasında təchizatçıların etibarsız tədarükçülər reyestrinə daxil edilməsi, alqı-satqı müqaviləsi qüvvəyə minənədək satınalma nəticələrinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsinin mümkünlüyü, satınalma komissiyası sədrinin və ya digər üzvlərinin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə fərdi məsuliyyətin təmin edilməsidir.

M.Abbasbəylinin sözlərinə görə, Azərbaycanda artıq 9 şirkət etibarsız təchizatçılar reyestrinə daxil edilib. Nəticədə onlar 3 aydan 3 ilə qədər dövlət satınalmalarında iştirak edə bilməyəcəklər:

“İstəyirəm ki, “qara siyahı”ya düşən şirkətlər bunu onlara qarşı hədə-qorxu kimi qəbul etməsin. Əksinə, onlar satınalmalarda iştirak edə bilməyəcəkləri müddəti əskikliklərini aradan qaldırmaq, fəaliyyətlərindəki qüsurları aşkarlayaraq düzəltmək üçün fürsət kimi qəbul etsinlər”.

 

Problemlər və onların həlli yolları

Müəssisələrin üzləşdiyi problemlərə gəlincə, sammitdə məlum olduğu kimi, əksər hallarda bu, tenderlərdə iştirak prosedurunun dəqiq başa düşülməməsi ilə bağlıdır. Məlum olduğu kimi, mövcud tələblərə əsasən, təchizatçılar satın alan təşkilatın qiymətləndirilməsi üçün müvafiq sənədləri təqdim etməlidirlər. Bununla onlar müəyyən bir tender üçün mallar, işlər və xidmətlər göstərmək qabiliyyətini təsdiqləyirlər. M.Abbasbəylinin sözlərinə görə, bəzən iştirakçılar müəssisənin əsas maliyyə hesabatlarını təqdim edə bilmirlər: “Hələ digər tələb olunan sənədlərdən danışmıram”.

Sahibkarlar üçün satınalma predmetinin məzmununu dəqiq müəyyən etmək, tender sənədlərinin məzmunu ilə tanış olmaq, onlardan nə tələb olunduğunu və satınalma prosedurunun necə həyata keçiriləcəyini tam şəkildə izah etmək çox vacibdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, onların təklif etdiyi qiymət-keyfiyyət nisbəti obyektiv və effektiv seçim üçün real olmalıdır.

“Bir sıra hallarda sahibkarların bu sənədlərin keyfiyyətlə hazırlanmasında çətinlik çəkdiklərinin, bəzən ixtisasları tender şərtlərində göstərilən tələblərə cavab vermədikdə müsabiqədə iştirak üçün müraciət etdiklərinin şahidi oluruq. Biz də tez-tez görürük ki, növbəti mərhələdə təchizatçılarla müqavilələrin idarə olunması ilə məşğul olan işçilərin bilik və bacarıqları arzuolunan səviyyədə deyil. Müqavilələrin vaxtında yerinə yetirilməsi və bütün keyfiyyət tələblərinə əməl olunması çox mühüm qiymətləndirmə göstəriciləridir. Bu baxımdan biznes sektoru idarəetmə və insan resursları potensialını nəzərə almalıdır”, - O.Məmmədov söyləyib.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunda satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və onun məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, hesabatın hazırlanması və müqaviləyə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri açıq şəkildə qeyd olunub. Bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmada iştirakını məhdudlaşdıra, onlar arasında ayrı-seçkilik yaradan tələbləri, meyarları və prosedurları müəyyən edə bilməz. Beləliklə, satınalma təşkilatından hüquqi, maliyyə və ya təşkilati asılılığı olan təchizatçıların satınalmada iştirakına icazə verilmir. Eyni məsələ təşkilat və təchizatçı eyni müəssisədə yerləşdikdə, təchizatçılardan biri digərinin benefisiar sahibi olduqda və ya azı iki təchizatçı eyni benefisiar tərəfindən idarə olunduqda tətbiq edilir. Satın alan təşkilatın rəhbəri ilə qohumluq əlaqəsi olan iştirakçılar üçün də tenderdə qalib gəlmək imkanı istisna edilir.

Eyni zamanda KOB-lar böyük pərakəndə satış şəbəkələri vasitəsilə məhsullarının tədarükü ilə bağlı problemlər yaşamaqda davam edirlər.

“Biz KOBİA olaraq bu problemin həlli yönündə marketlərdə rəfləri alıb təmənnasız olaraq KOB-ların orada məhsullarını satışa çıxarmasını təmin edirik. Bununla belə, xüsusilə KOB-larda təchizat məsələlərində problemlər mövcuddur. Bəzən belə supermarketlər mikro və kiçik biznesin yaxşı fəaliyyət göstərə biləcəyi, lakin supermarketlər üçün rentabelli olmayan yerlərdə yaradılır”, - O.Məmmədov vurğulayıb.

Eyni zamanda satınalma sahəsində də irəliləyiş var. Bunu təkcə dövlət satınalmalarının həcmindəki artım deyil, həm də bir tenderdə iştirak edənlərin sayının artması göstərir. Burada tədricən minimum üç müraciətçi həddi keçilməyə başlanılıb və bu da şirkətlərin müsabiqələrə inamının artdığını göstərir. Üstəlik, işğaldan azad edilmiş ərazilərdə keçirilən tenderlərdə iştirak edən şirkətlərin sayı 12-17 arasında dəyişir: “Bu, olduqca müsbət haldır. Azad olunmuş ərazilərdə fəaliyyətə maraq bizi sevindirir. İnanırıq ki, bu aktivlik daha da artacaq və bu aktivlik digər sahibkarları da bu istiqamətdə fəaliyyətə təşviq edəcək”, - M.Abbasbəyli bildirib.

Başqa sözlə, dövlət satınalmaları seqmentinin sağlamlaşdırılması, dirçəldilməsi və təchizat zəncirinin iqtisadi proseslərə fəal cəlb olunması prosesi getdikcə daha geniş vüsət alır.


MƏSLƏHƏT GÖR:

48