Müəllif: Leyla ZEYNAL
Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika və iqtisadiyyat nazirlərinin Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya «yaşıl enerji» nəqli ideyası təxminən yarım il sonra maraqlı və tamamilə məntiqli məcraya yönəlib. 2023-cü ilin noyabrında üç ölkə bərpa olunan enerji (BOE)mənbələrinə əsaslanan enerji mübadiləsinin texniki tapşırığının hazırlanması, həmçinin «yaşıl» hidrogen, ammonyak hasilatı, ixracı, paralel olaraq lazımi infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün birgə işçi qrupun yaradılmasına dair razılığa gəliblər.
Daşkənd İnvestisiya Forumu çərçivəsində üç ölkənin Energetika və İqtisadiyyat nazirlikləri arasında enerji sistemlərinin birləşdirilməsi sahəsində əməkdaşlığa dair memorandum da imzalanıb. O, Mərkəzi Asiya ölkələrini Xəzər dənizinin dibi Azərbaycana birləşdirəcək kabelin çəkilişini, buradan isə Avropa bazarlarına çıxışı nəzərdə tutur.
«Yaşıl» ixrac
Qazaxıstanla Özbəkistanda BOE mənbələrindən hasil olunacaq elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropaya nəql edilməsi layihəsinin dəyəri ilin sonunda məlum olacaq. Lakin artıq aydındır ki, nəql infrastrukturunun yaradılması, eyni zamanda hasilat gücünün artırılması və s. üçün kifayət qədər ciddi vəsait tələb olunur.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalanmış memorandumu qiymətləndirərkən bildirib ki, onun reallaşdırılması ölkələrə «yaşıl» enerji istehsalında əməkdaşlıq, onun Azərbaycan ərazisi ilə Avropaya nəqlini təmin etmək, enerji sistemlərinin inteqrasiyası və BOE-dən effektiv istifadə imkanları yaradacaq.
Azərbaycanda təmiz enerji istehsalına gəlincə, Bakıda əmindirlər ki, bu sahədə hər hansı problem olmamalıdır. Ölkənin istər dənizdə, istərsə də quruda həm külək, həm də günəş enerjisinin əldə olunması üçün kifayət qədər potensialı var. Hazırda yeni stansiyaların tikintisi layihələri həyata keçirilir. Hökumət öz enerji balansında BOE-nin payını 24%-ə, 2028-ci ilə isə 30%-ə çatdırmağı planlaşdırır. İmzalanmış müqavilələr imkan verir ki, 2030-cu ilin sonuna ölkədə 5 min MVt-də yeni enerji növləri yaradılsın. Niyyət protokolları isə daha yüksək rəqəmi nəzərdə tutur – təxminən 10 min MVt.
Daşkənd görüşündə tərəflər bu sahədə texniki və iqtisadi şərtlərin öyrənilməsi işinə beynəlxalq konsultantların cəlbi məsələsini nəzərdən keçirib, dövlətlərarası razılaşma layihəsinin hazırlanması və digər məsələləri müzakirə ediblər. «Nazirlərin imzaladıqları sənəd Azərbaycan, Qazaxıstan və Özbəkistandan «yaşıl» enerji satışını həm texniki, həm iqtisadi baxımdan daha optimal etmək üçün Xəzər dənizinin dibindən və ölkələrin ərazilərindən yüksək gərginlikli kabelin çəkilməsi vasitəsilə üç ölkənin enerji sisteminin birləşdirilməsini nəzərdə tutur», - deyə Qazaxıstanın Energetika Nazirliyindən bildiriblər. Nazir Almasadam Satkaliyev isə deyib ki, dənizin dibi ilə kabelin çəkilməsi layihəsi artıq hazırdır. O, beynəlxalq transmissiya dəhlizlərinin inkişafı, Avropa İttifaqı ölkələrinə «yaşıl» enerji satışı üçün biznes modelinin yaradılmasını nəzərdə tutur. Nazirin sözlərinə görə, artıq layihənin reallaşdırılmasına baza yanaşması razılaşdırılıb və Qazaxıstanın Energetika Nazirliyi hərtərəfli əməkdaşlığı davam etdirməyə tam hazırdır.
Bununla yanaşı, Qazaxıstan hədəfinin Avropa bazarı olduğunu gizlətmir və bu istiqamətdə ümumi işin uğurlu olacağına inanır. «Təmiz enerji almağa maraq göstərən Aİ ölkələri ilə artıq ilkin iş aparılıb. Azərbaycan da öz növbəsində, hazırda Qara dənizin dibi ilə kabel çəkilişi layihəsini öyrənir», - deyə A.Satkaliyev bildirib.
Qazaxıstanda elektrik enerjisinin ixracı üçün Xəzəryanı bölgənin və Aral zonasının külək enerjisi potensialından istifadə etməyi planlaşdırırlar. «Söhbət kifayət qədər böyük həcmli investisiyadan gedir. Biz 7 giqavat enerji ixracı planlaşdırırıq. Özbəkistan isə 5 giqavatadək. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması ilə məşğuluq. Tikinti işlərinin müddəti ona əsasən müəyyənləşdiriləcək. Texniki-iqtisadi əsaslandırma ilə bağlı ilkin nəticələrin ilin sonunadək əldə olunması nəzərdə tutulub», - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanda elektrik enerjisi ümumilikdə 222 elektrik stansiyasından hasil olunur ki, onlardan 146-sı ümumi gücü 2,8 giqavat olan BOE obyektidir.
2023-cü ildə ölkənin ümumi enerji istehsalında bərpa olunan enerji mənbələrinin payı 6%-dən bir qədər az olub. Qazaxıstan 2030-cu ilə bu rəqəmi 15, 2050-ci ilə 50%-ə çatdırmağı hədəfləyir.
Özbəkistanda glektrik enerjisini satmaq üçün Avropanı əsas bazarlardan biri hesab edir. «Biz Qazaxıstan və Azərbaycanla birləşərək, Xəzər dənizinin dibi ilə Rumıniyaya, oradan isə digər Avropa ölkələrinə elektrik enerjisi ixracına çalışırıq», - deyə Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov bildirib.
Ölkə ixrac üçün Qaraqalpaqıstan, Xarəzm, Buxara və Nəvai vilayətinin «yaşıl» enerji potensialından istifadə etməyi nəzərdə tutur. «Bizim günəş və külək enerjisi potensialımız 300 giqavatdan artıqdır. Onun üçün satış bazarı tapmalıyıq. Əsas bazarımız isə Avropadır», - deyə nazir müavini qeyd edib.
Yeri gəlmişkən, Özbəkistan hökuməti artıq «yaşıl» enerji sahəsində miqyaslı layihələrin icrası üçün investisiya proqramının reallaşdırılmasına başlayıb. Son 3 ildə ölkədə günəş və külək enerjisi istehsalına 2 milyard dollardan artıq xarici investisiya cəlb olunub. 2024-cü ildə Özbəkistan «yaşıl» enerji istehsalını 10 milyard kVt/saatadək artırmağı planlaşdırır. Buna müvafiq sahədə 14 layihənin reallaşdırılması ilə nail olunması nəzərdə tutulur. 2030-cu ilə ölkə BOE mənbələrindən 20 giqavatdan artıq enerji əldə etməyi, enerji balansında onun payını 40%-ə çatdırmağı hədəfləyib.
Memorandumun imzalanması Azərbaycan və onun Mərkəzi Asiyadan olan iki tərəfdaşının bu işdə qərarlı olduqlarını göstərir. Azərbaycan nəzərdə tutulmuş planların icrası ilə Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsünə çevriləcək, Qazaxıstan və Özbəkistanla birlikdə öz «yaşıl» enerjisinin də satışı üçün yeni bazar qazanacaq. Bu layihə çərçivəsində Avropaya nəql olunacaq enerji resursları regionda enerji balansını ciddi şəkildə dəyişəcək.
Bundan başqa, bu təşəbbüs 1 giqavat gücündə Qara dəniz «yaşıl» enerji kabelinə («Black Sea Energy») əlavə olacaq. Azərbaycanda istehsal olunacaq «yaşıl» enerjinin onun vasitəsi ilə Gürcüstan və Qara dənizdən keçməklə Rumıniyaya ixracı, oradan isə Macarıstan və Avropanın digər hissələrinə satışı nəzərdə tutulur. Ötən ilin iyununda Bolqarıstan da «Black Sea Energy» layihəsinə qoşulmaq niyyətini açıqlayıb. Hesablamalara görə, kabelin çəkilişinə 3-4 il lazım olacaq.
Bağ yalnız kabel deyil
Azərbaycan və Qazaxıstan üçün Xəzər dənizinin dibi ilə kabel çəkilişi yenilik deyil. Onlar artıq belə layihə icra ediblər. Sadəcə, enerji xarakterli yox, telekommunikasiya xarakterli. 2019-cu ilin noyabrında Bakı ilə Astana trans-Xəzər fiber-optik xəttinin çəkilişi ilə bağlı işlərə başlandığını bəyan ediblər. Qazaxıstan tərəfinin hesablamalarına görə, kabel Çin və Aİ-ni Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirməlidir. 2022-ci ilin yayında «AzerTelecom International» və «Qazaxtelekom» SC arasında fiber-optik xəttin çəkilişi və gələcək istismarı üçün birgə müəssisənin yaradılmasına dair sənəd də imzalanıb. Bu xəttin 2026-cı ildə «Rəqəmsal ipək yolu» («Digital Silk Way») adlı miqyaslı layihənin bir hissəsinə çevriləcəyi gözlənilir. O, Avropa ilə Asiya arasında məlumat tranzitini təmin edəcək, həmçinin Qazaxıstan üçün ehtiyat marşrutları təmin edəcək, onun ərazisində beynəlxalq rəqəmsal hab yaradacaq.
Hazırda Astana ilə Bakı Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara çıxarılmasında da əməkdaşlıq edirlər. Qazaxıstanın Energetika Nazirliyi bu işin asanlaşdırılması üçün Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi imkanlarını da öyrənmək planını da açıqlayıb. Üstəlik, məlum olub ki, söhbət gələcəklə bağlı planlardan getmir, bu istiqamətdə işlərə artıq start verilib. Beynəlxalq neft şirkətləri ilə birgə komanda formalaşdırılır və o, mövcud vəziyyəti təhlil edəcək, texniki, kommersiya və hüquqi məqamlarla bağlı tövsiyələr hazırlayacaq. «Tərəflər əldə olunacaq nəticələr əsasında layihənin reallaşdırılması, orada iştirak imkanları haqda qərar qəbul edəcəklər», - deyə Qazaxıstanın «QazMunayQaz» dövlət şirkətindən bildiriblər.
Belə bir vaxtda ortaya daha bir təşəbbüs – dənizin dibi ilə elektrik xəttinin çəkilişi ideyası çıxıb. Onun reallaşdırılması üçün isə hər üç ölkə lazımi potensiala malikdir – istər siyasi iradə, istər BOE potensialı, istərsə də maliyyə. Odur ki, indi bu layihənin kommersiya baxımından nə qədər məqsədəuyğun olduğunu müəyyənləşdirmək qalır. Onun tərəflərə verəcəyi fayda aydındır. Bu, ilk növbədə, enerji resursları ixracının şaxələndirilməsi, yeni satış bazarlarına çıxış, xarici ticarət dövriyyəsi həcminin artırılması, enerji satışından gəlirlərin artımı, həmçinin ümumilikdə əməkdaşlığın gücləndirilməsidir. Avropa üçün isə enerji mənbələrini təmiz enerji hesabına şaxələndirmək imkanı yaranacaq ki, son illər o, var gücü ilə məhz buna çalışır. Hər halda, bəzi ölkələr – söhbət ilk növbədə Macarıstan, Rumıniya və Bolqarıstandan gedir – Xəzər və Qara dənizin dibi ilə kabelin çəkilməsi ilə təmiz enerjiyə keçid, atmosferin çirkləndirilməsi həcminin azalması işində Azərbaycan və Mərkəzi Asiyanın hesabına real imkanlar qazana bilər.
Bütün bunlarla yanaşı, qeyd olunan ixrac infrastrukturunun yaradılması qonşu ölkələrdə də ona qoşulmaq istəyi yarada bilər. «Cənub Qaz Dəhlizi» nümunəsində olduğu kimi. Xəzərin dibi ilə kabelin çəkilməsi ilə perspektivdə Mərkəzi Asiyanın digər ölkələrində də onun vasitəsi ilə enerji ixrac və ya idxal etməyə maraq oyana bilər. Yeri gəlmişkən, Qırğızıstan artıq Qazaxıstan və Özbəkistan vasitəsi ilə Azərbaycandan elektrik enerjisi ala biləcəyini bildirib. «Azərbaycan elektrik enerjisi və təbii qaz hasil edir və onu İran, Türkiyə və Gürcüstana nəql edir. Mən bu elektrik enerjisinin Qırğızıstana tədarükü məsələsini həmkarlarımla (Azərbaycandan olan – «R+») müzakirə etmək imkanı qazanmışam», - deyə Qırğızıstanın energetika naziri Tallaybek İbrayev bildirib.
Azərbaycanın Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə kabel çəkilməsi ilə birləşmək planından danışan İbrayev deyib: «Mən Azərbaycan tərəfinin nəzərinə çatdırdım ki, bizim lazımi şəbəkəmiz var və Xəzərin dibi ilə nəzərdə tutulan şəbəkə yaradılacaqsa, Qırğızıstanın Qazaxıstan və Özbəkistan vasitəsi ilə elektrik enerjisi almasının heç bir çətinliyi olmayacaq. Bunun üçün bizim bütün texniki imkanlarımız var».
Odur ki, zamanla, bu layihədə ixracatçı və ya idxalçı qismində iştirak etmək istəyənlərin sayı arta, təşəbbüskarlar isə beynəlxalq təmiz enerji bazarının vacib oyunçularına çevrilə bilər.
MƏSLƏHƏT GÖR: