19 Sentyabr 2024

Cümə axşamı, 05:01

İŞGÜZAR ŞAXƏLƏNMƏ

Azərbaycan ilə tərəfdaşları Bolqarıstan və Slovakiya enerji və qeyri-neft sektorlarında prioritetləri müəyyənləşdiriblər

Müəllif:

15.05.2024

Son illər Azərbaycan «Cənub Qaz Dəhlizi» (CQD) çərçivəsində Cənubi və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələrini, həmçinin yaşıl enerji ixracına yönəlmiş yeni strategiyasını fəal şəkildə genişləndirir. Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya, Sloveniya və bir sıra digər region ölkələri ilə eyni vaxtda işgüzar münasibətlər qeyri-neft sektorunda da möhkəmlənir, ticarət əlaqələri genişləndirilir, investisiya komponenti inkişaf edir. Slovakiyanın baş naziri Robert Fitso və Bolqarıstan Prezidenti Rumen Radevin Bakıya mayın ilk rübündə etdikləri səfərlər bu xəttin effektivliyini bir daha ortaya qoyub. Səfərlər çərçivəsində biznes-forumlar keçirilib, strateji əməkdaşlıq və yeni işgüzar layihələrlə bağlı razılaşmalar imzalanıb.

 

Qaz bazarı

Bakı, Sofiya və Bratislavanın tərəfdaşlığı uzun illərdir qarşılıqlı hörmətə, o cümlədən beynəlxalq təşkilatlarda fəal əməkdaşlığa əsaslanan güclü təmələ söykənir. Ölkələr beynəlxalq hüququn baza prinsipləri, ərazi bütövlüyünə hörmət kimi məsələlərdə bənzər mövqeyə malikdirlər. Bu, xalqların və işgüzar dairələrin qarşılıqlı səmərəli tərəfdaşlığa cəhdi ilə yanaşı, həm də uğurlu iqtisadi əlaqələrin əsasına çevrilib. Balkan ölkələri və qonşularının Azərbaycan üçün prioritet olduğu aşkardır. Bu region CQD-nin uzunmüddətli ixrac strategiyasının əsasını təşkil edir. Son illər təbii qaz sahəsində bir sıra vacib razılaşmalar əldə olunub ki, onların arasında Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlıq memorandumları da var. Ən intensiv qaz klasteri Azərbaycan-Bolqarıstan münasibətlərində inkişaf edib. Hələ 2013-cü ilin sentyabrında Bolqarıstanın «Bulgargaz EAD» holdinqi «Şahdəniz» konsorsiumu ilə milyard kubmetr təbii qazın alışını nəzərdə tutan 25 illik müqavilə imzalayıb. 2020-ci ilin dekabrında CQD ilə İtaliya və Yunanıstana qaz tədarükünün başlamasından sonra Bolqarıstan “mavi yanacağın” növbəti alıcısına çevrilib. 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan interkonnektorunun kommersiya istismarına verilməsi ilə Bolqarıstan bazarı və ümumilikdə Cənubi Avropa regionuna Azərbaycan qazının nəqli imkanları daha da genişlənib.

Enerji sahəsində Azərbaycan-Bolqarıstan əməkdaşlığı Rumen Radevin Bakıya səfəri zamanı yeni impuls qazanıb. Belə ki, səfər çərçivəsində tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də daxil olmaqla, bir sıra vacib sənədlər imzalanıb. «Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib: son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır», - deyə mətbuata birgə bəyanat zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib: «İldən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi». Dövlət başçısı onu da deyib ki, hesablamalar bu ilin sonuna Azərbaycan qazının ixrac həcminin 1,5 milyard kubmetrə çatacağını göstərir. Bu, Bolqarıstanın istehlak etdiyi təbii qazın təxminən yarısı deməkdir.

«Bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir», - deyə İlham Əliyev qeyd edib.

Bundan başqa, Bolqarıstan həm də Azərbaycan qazının Rumıniya və Serbiyaya ixracında vacib tranzit ölkədir. Rumen Radev bildirib ki, Azərbaycan enerji sahəsində onun ölkəsinin əsas tərəfdaşıdır və Bolqarıstanın qaz təchizatının şaxələndirilməsində böyük rol oynayır. SOCAR-ın Sofiyada 2023-cü ilin aprelindən fəaliyyət göstərən nümayəndəliyi Bolqarıstandakı layihələrlə yanaşı, bütünlükdə Balkan regionunu əhatə edir. Onun Bolqarıstanın kiçik şəhərlərinin qazlaşdırılması, paylayıcı sistemlərin inkişafındakı işi bu prosesin davamı olacaq. Bununla bağlı müvafiq anlaşma memorandumu mayın 8-də Bakıda SOCAR ilə Bolqarıstanın ən nəhəng holdinqi olan «Asarel Investment» arasında imzalanıb

Maraqlıdır ki, Bolqarıstanla qaz sahəsində əməkdaşlıqda əldə olunan uğurlar Azərbaycanla Slovakiya arasında işgüzar əlaqələrin inkişafı üçün də son dərəcə perspektivlidir. Bu, Slovakiyanın baş naziri Robert Fitsonun Azərbaycana səfəri zamanı da diqqət mərkəzində olub. «Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında «Həmrəylik Halqası» adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb», - deyə Azərbaycan Prezidenti bildirib.

Xatırladaq ki, ötən ilin aprelində SOCAR ilə tərəfdaşları – Bolqarıstanın «Bulgartransgaz», Rumıniyanın «Transqaz», Macarıstanın FGSZ və Slovakiyanın «Eustream» şirkətləri arasında müvafiq anlaşma memorandumu imzalanıb. Sənəd Azərbaycandan Avropaya müasirləşdirilmiş «Həmrəylik Halqası» (STRING) vasitəsi ilə əlavə qaz həcminin nəqli üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib. STRING sisteminin yaradılmasının təşəbbüskarı Bolqarıstandır. Layihədə iştirak edən bütün ölkələr, o cümlədən Slovakiya Azərbaycan qazının qəbul edilməsi və saxlanılması üçün həcmli yeraltı qaz anbarlarına və boru xətləri şəbəkəsinə malikdir.

 

BOE və nəqliyyat

Təbii qaz ixracı ilə yanaşı, Cənubi və Şərqi Avropa regionu ilə daha bir vacib əməkdaşlıq istiqaməti yaşıl enerji ixracı olmalıdır. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış razılaşma Qara dənizin dibi ilə 1195 kilometrlik, 1000 MVt gücündə elektrik kabelinin çəkilməsini nəzərdə tutur. Elektrik enerjisinin Gürcüstan və Rumıniyadan tranzitlə Bolqarıstan, Macarıstan və Mərkəzi Avropanın digər ölkələrinə nəqli nəzərdə tutulub. İlkin qiymətləndirməyə görə, layihənin («Black Sea Energy») reallaşdırılmasına 3-4 il lazım olacaq. Avropa Komissiyasının dünyanın ən uzun müvafiq kabellərindən olacaq bu xəttin çəkilişinin sponsorlarından biri olacağı gözlənilir. Onun layihənin reallaşdırılmasına 2,3 milyard avro ayıracağı gözlənilir.

«Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanılması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək», - deyə Azərbaycan Prezidenti bildirib.

Cənubi Avropa ölkələri ilə əməkdaşlıqda daha bir vacib istiqamət «Orta dəhliz»in tranzit imkanlarından birgə istifadədir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Buxarest, Bakı, Tbilisi və Aşqabadın üzərində çalışdıqları «Qara dəniz-Xəzər dənizi» perspektiv layihəsi bu işə töhfə olacaq. Dövlət başçısı İlham Əliyev bolqarıstanlı həmkarına Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi işlərinin yaxın günlərdə başa çatdırılacağını da bildirib. Nəticədə, bu yolun buraxılış gücü bir neçə dəfə artacaq. Bununla da «Orta dəhliz»lə böyük həcmdə yük daşımaları xeyli çoxalacaq, bu isə Qara dəniz ölkələri ilə ticarət münasibətlərini genişləndirəcək və gücləndirəcək.

 

Biznes danışıqları

Bolqarıstan Prezidentinin Bakıya səfəri zamanı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə «dəyirmi masa» da keçirilib. «Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələrin inkişafı 65 sənədə əsaslanır, Bolqarıstan isə öz növbəsində, Azərbaycan üçün «Top-10» ixrac bazarı arasında yer alır», - deyə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. Qeyd olunub ki, 2023-cü illə müqayisədə ikitərəfli ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. Yalnız 2024-cü ilin ilk rübündə bu artım təxminən 4 dəfəyədək – 153 milyon dollaradək çoxalıb. Azərbaycanın ixracında da 4 dəfə artım qeydə alınıb (146 milyon dollaradək). Bunun əsasını isə enerji sahəsində mövqelərin güclü olması təşkil edir. Eyni zamanda Azərbaycanla Bolqarıstan arasında işgüzar əlaqələrin qeyri-neft sektorunda əməkdaşlıqla da artırılması nəzərdə tutulur. «Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir və əməkdaşlıq üçün hələ çox imkan, çox istiqamət var», - deyə Ticarət və Sənaye üzrə Bolqarıstan-Azərbaycan Palatasının Direktorlar Şurasının sədri Dimitar Bratanov bildirib. Məsələn, Bolqarıstanın DRONAMICS şirkəti Azərbaycanın «SILK Way» şirkətinə pilotsuz uçuş aparatlarından (PUA) istifadə ilə birgə regional aviaşirkət yaratmağı təklif edib. Uzaq mənzilli PUA-lar vasitəsilə kiçik qabaritli yüklərin daşınması ilə məşğul olan şirkət Azərbaycanla birlikdə regional səviyyədə aviadaşımaları təşkil edə bilər. Bundan başqa, AZAL ilə Bolqarıstanın aviaşirkətləri arasında Sofiya-Bakı marşrutu ilə müntəzəm uçuşların bərpasına dair razılaşma imzalanıb. Tərəflər rəqəmsallaşdırma, bərpa olunan enerji, istifadə olunmuş neft məhsullarının təkrar emalı, turizm və s. sahələrdə birgə layihələrin perspektivlərini də müzakirə ediblər. Bolqarıstan şirkətləri Azərbaycanın iqtisadi zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələrdə iştiraka dəvət olunublar.

Azərbaycanla Slovakiyanın iqtisadi əlaqələrinə gəlincə, son illər bu istiqamətdə ikitərəfli hüquqi baza gücləndirilib, 11 sənəd imzalanıb. «Bundan başqa, biz bu yaxınlarda ikiqat vergitutmanın ləğvi haqda da razılaşma imzalamışıq və onun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir: bu sənəd ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdıracaq. Bütün bu normativ baza iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm əsas yaradıb», - deyə Bakıda keçirilən biznes-forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bratislava Bakıya Cənubi Qafqazda iqtisadi-ticari, nəqliyyat, tranzit, investisiya, innovasiyalar kimi sahələrdə özünün əsas tərəfdaşı kimi baxır. Təəssüf ki, bu gün Slovakiyadan Azərbaycana ildə cəmi 8, əks istiqamətdə isə 1 milyon avroluq mal ixrac olunur. Azərbaycanda Slovakiya kapitalı ilə çalışan cəmi 7 şirkət qeydiyyatdan keçib. Bu, iki ölkənin iqtisadi potensialına qətiyyən uyğun deyil və səfərin gedişində ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivləri öyrənilib. Bu məqsədlə Bakıdakı birgə biznes-forumda iştirak etmək üçün Slovakiyadan Azərbaycana 37 şirkət və strukturunun təmsilçiləri gəlmişdi. Onlar enerji, İKT, elektronika istehsalı, avtomobil sənayesi, həmçinin nou-hau, kosmos və s. sahədə təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını bildiriblər.

Slovakiya şirkətləri, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki tikinti və bərpa işlərində podratçı qismində iştirakda da maraqlıdırlar. Belə razılaşmalar artıq əldə edilib və slovaklar Ağdam rayonunun Qərvənd kəndinin «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyasına uyğun yenidən qurulmasında iştirak edəcəklər.

Slovakiyanın baş naziri Robert Fisonun Azərbaycana rəsmi səfərinin vacib nəticəsi iki ölkə arasında bir sıra sənədlərin imzalanması olub. Onların arasında Azərbaycan İnvestisiya Şirkəti ilə Slovakiyanın «Eksimbank»ı arasında əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu, Slovakiyanın «SEAK Energetics» şirkəti ilə Azərbaycanın «ITECH GROUP» ASC arasında əməkdaşlıq memorandumu da var. Lakin səfərin əsas nəticəsi «Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə», «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu» və «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş»in imzalanması olub. Bu sənədlər digərlərilə birlikdə həm də birgə hərbi texnika istehsalını nəzərdə tutur.

Azərbaycan, Bolqarıstan və Slovakiya arasındakı iqtisadi münasibətlər son dərəcə aktual fazaya qədəm qoyur və qarşılıqlı ticarət həcminin genişlənməsini, yeni perspektivli layihələrin icrasını vəd edir.



MƏSLƏHƏT GÖR:

49