19 Dekabr 2024

Cümə axşamı, 14:46

MİSSİƏ MÜMKÜNDÜR?

Avropa İttifaqında növbəti yeddiillik büdcənin müzakirəsi zamanı ciddi fikir ayrılıqları yaranıb

Müəllif:

15.05.2024

Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsinin qəbulu Avropada ən çox müzakirə olunan mövzuya çevrilib. Bu mövzuda müzakirələr qızğınlığına görə Avropa Parlamentinə keçiriləcək seçki ilə bağlı çəkişmələrdən heç də geri qalmır. Ənənəvi olaraq, diskussiyaların xarakterini Aİ büdcəsinin netto-donoru olan nəhənglər formalaşdırır və istiqamətləndirir.

Qeyd edək ki, büdcənin təxminən 75%-i cəmi 11 dövlət tərəfindən təmin olunur. Söhbət, ilk növbədə, Almaniya, Fransa və İtaliyadan gedir.  Buraya müxtəlif vergilər, həmçinin üzv dövlətlərin birbaşa ödəmələi daxil, bütün ayırmalar aiddir.

Hesablamalara görə, 2000-ci ildən Aİ büdcəsinin ümumi gəliri 3,13 trilyon avro olub. Bu məbləğin böyük hissəsi üzv dövlətlərin birbaşa ödəmələridir (2,67 trilyon avro). Bütün ayrılmaların 88%-i məhz qeyd olunan 11 dövlətin payına düşür. Daha 459,5 milyard avro büdcəyə yerdə qalan dövlətlərdən birbaşa olmadan daxil olub.

2024-cü ildə 143 milyard avroluq büdcənin 137 milyardı, yəni təxminən 96%-i birbaşa ödəmələrlə formalaşıb. Əsas ödəməni Almaniya (30,3 milyard), Fransa (23,5 milyard) və İtaliya (17,3 milyard) edib.

 

Birlik siyasəti: hesabı kim ödəyəcək?

Avropa İttifaqının büdcə strategiyasının formalaşdırılmasında Berlinin səsi bu səbəbdən həlledici olur. Növbəti yeddiillik büdcənin müzakirəsi zamanı Avropa Komissiyasının Almaniyanın maliyyə məsələlərində mühafizəkar olan hökumətinin tərəfini tutması da təsadüf deyildi. O, vəsaitlərin daha qənaətlə işlənməsinin tərəfdarı olmaqla yanaşı, borc öhdəliklərini artıraraq iri borcların altına girilməsinin əleyhinədir.

Tənqidçilərin fikrincə, bu yanaşma azad pul dövrünün başa çatmaqda olduğunu göstərir. Xatırladaq ki, pandemiyanın fəsadlarının aradan qaldırılması üçün yaradılmış Dayanıqlılığın Bərpası və Gücləndirilməsi Fondu (RRF) milli ayırmalardan deyil, iştirakçı ölkələrin verdikləri borcdan ibarət idi. Bununla yanaşı, bəzi Aİ ölkələri – əsasən borc öhdəlikləri daha çox olanlar – Fondun fəaliyyət müddətinin başa çatacağı 2026-cı ildən sonra da işləməsini istəyir. Onlar RRF-in «investisiya fondu»na çevrilməsini təklif edir, Avropa Komissiyası isə buna qəti etirazını bildirir. Sonuncu Fondun vəsaitlərinin daha zəngin və daha yoxsul regionlar arasında uçurumun qısaldılması üçün «birlik siyasəti»nə yönəldilməsini vacib sayır. Söhbət Aİ-nin ümumi büdcəsinin təxminən dörddə birinə bərabər məbləğdən gedir.

Bununla yanaşı, borcu çox olan dövlətlər RRF-in restrukturizasiyasının təxirə salınmasının uzaq perspektivdə böyük defisitə yol aça biləcəyindən narahatdırlar.

Avropa Komissiyasında Aİ-nin növbəti büdcəsinin necə olacağına dair tam aydın təsəvvür olmasa da, onun Fondun vəsaitlərinin «birlik siyasəti»nin icrasına yönəldilməsi təklifi Avropa paytaxtları arasında danışıqlar üçün əsasa çevrilə bilər. Bununla yanaşı, daha həssas siyasi qərarlar, məsələn, yeni investisiya fondunun yaradılıb-yaradılmaması məsələsi sonda Avropada iyunda keçiriləcək seçkinin nəticəsindən, Avropa Komissiyasının noyabrda formalaşdırılacaq yeni tərkibindən asılı olacaq.

İstənilən halda, Avropa Komissiyası hesab edir ki, «Birlik fondu»ndan hökumətləri bir sıra sahələrdə islahatlara vadar edəcək alət kimi istifadə oluna bilər: illərdir təxirə salınan pensiya islahatları, demokratik standartların yaxşılaşdırılması və s. Bu, yeni borclanmalara, büdcənin kəskin artımına yol vermədən bütün blok miqyasında islahatların davam etdirilməsinə imkan verəcək.

Eyni zamanda qeyd olunmalıdır ki, RRF və «Birlik fondu» tərəfindən maliyyələşdirilən layihələr arasında bir-birinin bənzəri olan çox layihələr var. Hər iki struktur vəsaitinin böyük hissəsini qərbdə Portuqaliya, yaxud şərqdə Bolqarıstan kimi daha yoxsul ölkələrə yönəldir. Amma mütəxəssislər onların arasında fərqin olduğunu da deyir.

 

Ukraynaya yardım et, amma özünü də unutma

Avropalı məmurlar etiraf edirlər ki, yeni birlik modelini yoxsul üzv dövlətlərə «satmaq» çətin olacaq. Məsələ ondadır ki, hazırda «birlik siyasəti»nin hədəflərinə çatılması üçün ayrılmış vəsaitdən istifadə ilə bağlı çətinliklər yaşayan ölkələr sərt qaydaları, ayrılan vəsaitin islahatlarla əlaqələndirilməsini çətin ki, alqışlasınlar. Üzv dövlətlər indinin özündə RRF əldə etməli olduqları vəsaitin alınmasına bürokratik əngəllərin çox olduğundan şikayətlənirlər.

Digər yandan Aİ-yə qoşulmağı gözləyən Ukrayna və Qərbi Balkan ölkələri kimi dövlətlərdə iqtisadi artımın stimullaşdırılması üçün yeni pul vəsaitinin axtarışı zərurəti borcun bağlanması şərtlərini daha da çətinləşdirir. Çünki onlar pandemiyanın nəticələrindən hələ də tam özlərinə gəlməyiblər.

Ukraynaya gəlincə, Avropa İttifaqı Şurası fevralda Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması ilə bağlı qanunverici aktlar paketini təsdiqləyib. Buraya Ukrayna üçün 50 milyard avroluq fondun yaradılması ilə bağlı müddəa da daxildir. Martda isə eyni orqan 2025-ci il üçün Aİ büdcəsinin formalaşdırılmasının əsas prinsiplərini razılaşdırıb ki, orada da Kiyevə sabit yardımın göstərilməsi nəzərdə tutulur. Ümumilikdə Ukraynaya yardım və Aİ-nin öz müdafiə strategiyasının təkmilləşdirilməsi növbəti yeddiillik büdcənin müzakirəsində ən zəif nöqtədir.

Bəzi siyasətçilər RRF-in vəsaitindən müdafiə siyasətinin prioritetlərinin reallaşdırılması üçün istifadəni təklif edir. Məsələn, onlar hesab edir ki, vəsait silah alınması üçün aşağı faizlə kreditlərin əldə edilməsinə yönəldilə bilər.

Başqaları isə düşünür ki, Fond Ukraynanın bərpası layihələrini subsidiyalaşdıra, yaxud məsələn, müdafiəyə getdikcə daha çox vəsait xərcləməli olan Baltikyanı ölkələrə aşağı faizlə kreditlərin ayrılmasına kömək ola bilər.

Ukraynada isə müharibə artıq iki ildən çoxdur ki, davam edir və hələ ki, onun sonu görünmür. Belə bir vəziyyətdə Rusiyanın enerji daşıyıcılarından imtina, sənayedə təbii qaza qənaət, enerji istehlakında bərpa olunan enerjiyə keçidlə əlaqədar yaşanan struktur dəyişiklikləri səbəbilə Avropa iqtisadiyyatında problemlər getdikcə artır. Ukraynaya yardımların davamlı şəkildə artırılması isə başqa, sırf iqtisadi problemlərin həllinə mane olur.

 

Büdcə bir, problem isə çoxdur

Aİ-nin aparıcı iqtisadiyyatlarının artan borcu, ziddiyyətli daxili siyasəti və Avropa Komissiyasının vəsaitlərin xərclənməsi ilə bağlı müəyyənləşdirdiyi sərt qaydalar blokun əlavə maliyyə axtarmaq imkanlarını məhdudlaşdırır. Problemlərin həlli üçün potensial imkan olaraq, dəyəri 200 milyard avrodan çox (214 milyard dollar) qiymətləndirilən Rusiya aktivlərinin müsadirə edilməsi variantı nəzərdən keçirilir. Bu mövzuda mübahisələr illərdir davam etsə də, yekun qərarın qəbulu mümkün olmur və güman ki, olmayacaq.

Hesab edilir ki, Rusiya aktivlərinin müsadirəsi investorların Avropaya inamını sarsıdacaq. Belçikanın «Euroclear» depozitarının baş direktoru Valeri Urbenin fikrincə, «belə qərarın qəbulu yalnız «Euroclear»a deyil, ümumilikdə maliyyə bazarına son dərəcə mənfi təsir göstərəcək». «Əgər bizim müştərilərimiz artıq qanunlara əməl olunmadığını, onların aktivlərinin müsadirə oluna biləcəyini hiss edərlərsə, bu, «Pandora qutusunun açılması» olacaq. Nəticədə, nəhəng beynəlxalq investorlar Avropadan üz döndərəcək», - deyə o, qeyd edib.

Hələlik bu məsələ daxili siyasi diskussiya mövzusudur və avropalı siyasətçilər daha az mübahisə doğuran başqa yollara üstünlük verməyə çalışırlar. Lakin həmin yollar da çox real görünmür. Söhbət, ilk növbədə, Avropa İttifaqının planlaşdırılan genişlənməsi ilə bağlı xərclərdən gedir. Qiymətləndirməyə görə, bütün namizədlərin Aİ-yə qəbulu 256 milyard avroya (272 milyard dollar) başa gələcək. Bu zaman yalnız Ukrayna 7 ildə bərpa xərclərindən əlavə 186 milyard avro almalıdır.

Problem bu məbləğin tapılmasındadır. Burada da fikir ayrılıqları var. Bəziləri hesab edir ki, məbləğin böyük hissəsini üzv dövlətlər ayırmalı, digərləri düşünür ki, o, yeni vergilərin tətbiqi yolu ilə toplanmalıdır. Məsələn, söhbət plastikə görə verginin tətbiqindən, karbon tullantılarının tənzimlənməsi mexanizmlərindən gedir.

Aİ-nin bəzi ölkələri birliyə yeni üzvlərin mümkün qədər tez qəbulunun qəti tərəfdarıdır. Onların uğur qazana bilib-bilməyəcəkləri iyunda seçiləcək yeni parlamentin tərkibindən asılı olacaq.

Sosioloji sorğular göstərir ki, Avropa Parlamentinə seçki ərəfəsində ultrasağçı siyasətçilərin uğur şansı az deyil. Nəzərə alsaq ki, onların əksəriyyəti Aİ-nin genişlənməsi ideyasını dəstəkləmir, iyundan sonra büdcənin xərclər hissəsinin qəbulunda ciddi problemlər başlaya bilər. Məsələn, qatı sağçılar və sağçıların koalisiya yaradacaqları istisna deyil. Bu halda onlar Aİ-dəki yeni qüvvələr nisbətində lider gücə çevrilə bilərlər. Sorğular göstərir ki, iki radikal sağçı qrup – «Eynilik və demokratiya» (ID) ilə «Avropalı mühafizəkarlar və islahatçılar» (ECR) bu seçkidə mandatlarının sayını 30-50 aralığında artıra, bununla da hazırkı 18%-lik paylarını 22-25%-ə çatdıra bilər.

Avropa Siyasi Mərkəzinin mütəxəssisləri hesab edirlər ki, radikal və populist partiyalar Avropanın siyasi institutlarına inamla bağlı yaranmış vakuumu dolduracaqlar. Onların ritorikasına ənənəvi liberal dəyərlərə əsaslanan ritorika ilə cavab verilməsi isə əks effekti yaradır.

Sağ-mərkəzçi Avropa Xalq Partiyası, sosial-demokratlar və mərkəzçi liberallar siyasi konsensus şəraitində Aİ-nin ali vəzifələrini öz aralarında bölüşərək, qatı sağçıları hələ də kənarda saxlaya bilirlər. Onların 2024-cü il seçkisindən sonra çoxluğu əldə saxlayacaqlarını düşünmək olar. Amma ola bilsin ki, bu dəfə onlar ultrasağçıların təşəbbüslərinin qarşısını almaq imkanını itirsinlər. Demək, növbəti yeddi il üçün büdcənin qəbulu mümkünsüz olmasa da, çox çətin olacaq.


MƏSLƏHƏT GÖR:

88