Müəllif: NURANİ
Qazaxıstanın keçmiş paytaxtı Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib. Bu, şübhəsiz ki, nəticələrinə dərhal qiymət verilməsi çətin olan görüşlərdəndir.
Müzakirələr hər hansı sənəd imzalanmadan başa çatıb ki, bu da tərəflərin hər hansı ciddi razılığa gəlmədiyini göstərir. Lakin nazirlərin özləri görüşdən sonra nikbinlik nümayiş etdirir, Mirzoyan isə hətta müzakirə mövzularını genişləndirməyə, kommunikasiyaların açılması məsələsində irəli getməyə hazır olduqlarını deyir.
Azərbaycan ərazisinin bir hissəsi 2020-ci il noyabrın 9-dək Ermənistanın işğalı altında olub, 30 ilə yaxın müddətdə həmin torpaqlardan qaçqın və məcburi köçkün düşmüş bir milyonadək azərbaycanlı öz doğma ocaqlarına qayıda bilməyib. Bu gün Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsini tam həll edib və belə vəziyyətdə onun sülh müqaviləsinin istənilən yolla imzalanmasına nail olmaq üçün əsassız güzəştlərə getmək məcburiyyəti yoxdur.
Güman ki, bunu İrəvanda da yaxşı başa düşürlər. Hər halda, bir müddət əvvəl Qazax rayonunun işğal altındakı 4 rayonunun da Azərbaycana qaytarılması çox şeydən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev isə Şuşadakı çıxışında deyib: «Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar».
Bunu ya hamı anlamır, ya da anlasalar da, müharibənin onlara toxunmayacağını düşünürlər. Ermənistanda isə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz aksiyaları davam edir.
İrəvan küçələrində «sərhəd ehtirasları»
Etirazların Azərbaycana qaytarılmış 4 kəndin yaxınlığında getdiyi günlərdə Baqramyan 26 ünvanında əyləşənlər buna ya barmaqarası baxır, ya da böyük təşvişə ehtiyac olmadığını düşünürdülər. Lakin günlərin birində etirazçıların yeni başçısı baş keşiş Baqrat Srbazan aksiyaları İrəvana daşıyıb. Beləliklə, Ermənistan hökumətinin başçısına qarşı elə onun öz taktikasından istifadə etməyə başlayıblar.
Xatırladaq ki, Paşinyanın baş nazir postunu tutması ilə nəticələnmiş və Paşinyanın böyük fəxrlə «Mənim addımım» adlandırdığı «kabab inqilabı» da regionlardan başlamışdı. Doğrudur, regionlara «dəstək qrupları» aparmadan orada milyonluq aksiya keçirmək mümkün deyil. Amma «Mənim addımım» İrəvana gəlib çatanda hamının dərsi verildi.
Keşişin başçılıq etdiyi aksiya İrəvana mayın 9-da çatıb. Tarix təsadüfi seçilməyib. Bütün postsovet məkanı üçün bu, Hitler Almaniyası üzərində Qələbə Günüdürsə, Ermənistanda Şuşa şəhərinin işğalının növbəti ildönümüdür. 2020-ci ilədək Ermənistan bu günü hər şeydən əvvəl Qarabağda qələbə günü kimi qeyd edirdi.
2018-ci ilin payızında mitinqlər əlbəttə ki, daha kütləvi idi. Lakin etiraf olunmalıdır ki, Paşinyan indiyədək bu miqyaslı etirazla qarşılaşmamışdı. Bu, 44 günlük müharibədəki darmadağından sonra belə, baş verməmişdi. Baş keşiş Srbazan Paşinyanı istefaya çağırır, baş nazir isə əlbəttə ki, bu fikirdə deyil. Nəticədə, nümayişçilər küçələri bağlayır, vətəndaş itaətsizliyi göstərir.
Baş verənlərin Paşinyan üçün nə dərəcədə təhlükəli olduğuna dair fikirlər fərqlidir. Artıq mayın 11-12-də əksər ekspertlər nümayişlərin səngiməyə başladığına diqqət çəkirdi. Üstəlik, onların «Nikol, get!» şüarından başqa nə dəqiq fəaliyyət proqramı, nə baş nazirliyə konkret namizədləri var.
Amma mövcud hökumət üçün potensial riskləri qiymətləndirməmək də yanlış olardı. İndi müxalifətlə yanaşı, kilsə də Paşinyana qarşıdır. Onun istər ölkədə, istər diaspor arasında böyük nüfuz sahibi, həmçinin ciddi maliyyə resurslarına malik olduğu bəllidir. Ölkədə istənilən siyasi xadimi saxlayaraq məhkəmə qarşısına çıxarmaq, istənilən siyasi partiya haqqında sərt antitəbliğat aparmaq, nəhayət, məhkəmənin qərarı ilə qapatmaq mümkündürsə, kilsə ilə belə davranılması nəzəri cəhətdən belə, mümkün deyil. Xüsusilə söhbət kilsənin son dərəcə vacib siyasi rol oynadığı Ermənistan kimi ölkədən gedirsə. Bununla yanaşı, onu daha radikal və aqressiv siyasi düşərgələr də dəstəkləyir. Bu günün revanşistlərinin dünənin təcavüzkarları olması erməni kilsəsini maraqlandırmır. Erməni qriqoryan kilsəsinin Azərbaycan torpaqlarının işğalına son qoyulmasından sonra «artsax yeparxiyası»nı ləğv etməkdən boyun qaçırması çox şey deyir.
Amma güman ki, Paşinyan və hökuməti üçün daha təhlükəli olanı etirazçıların sıralarında hərbçilərin də görünməyə başlamasıdır.
«Silahlı şəxs»
Ordunun siyasətə qarışması hər zaman təhlükəli haldır. Bu halda hər şey vətəndaş müharibəsi, hətta hərbi çevrilişlə nəticələnə bilir. Ermənistanda hərbçilərin etiraz aksiyalarına qoşulması son dönəmlərədək Paşinyan üçün özünəməxsus «nou-hau» idi. 2018-ci ilin «kabab inqilabı» zamanı Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri nümayişçilərə qoşulmuşdular. O vaxt Paşinyan, yəqin ki, «pandora qutusunu açdığını» düşünmürdü. Halbuki siyasi qərarların tamını hiss edən ordu bu təcrübəni tezliklə, bəlkə də heç vaxt unutmur. Doğrudur, söhbət, hələ ki, yalnız iki zabitdən gedir, onlar isə kameralara and-aman edirlər ki, hadisə yerində təsadüfən peyda olublar. Lakin baş nazirin ordu rəhbərliyi ilə münasibətlərinin yaxşı olmadığına şübhə yoxdur.
Nikol Paşinyan praktik olaraq, hakimiyyətə gəldiyi andan orduda dəfələrlə antikorrupsiya təmizləməsi aparıb, bununla da qarabağlıları ordu rəhbərliyindən uzaqlaşdırmağa çalışıb. Ona vaxtilə KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı başladılmış məhkəmə işini də bağışlamırlar.
44 günlük Vətən müharibəsindən sonra zabitlərin məhkəməyə çəkilməsi isə bu vəziyyəti daha da gərginləşdirib. Paşinyan və təbliğatçıları müharibədə üzləşdikləri məğlubiyyəti ayrı-ayrı zabitlərin boynuna qoymağa çalışır, bu isə təbii ki, zabit korpusunun xoşuna gəlmir.
Bütün bunlarla yanaşı, Ermənistan ordusunda rusiyapərəst əhval da yüksəkdir. Moskva Paşinyanın inqilabını təmkinlə qarşılamışdısa, indi erməni əsilli rusiyalı təbliğatçılar açıq şəkildə onun əleyhinə çıxış edir.
Paşinyan isə xüsusilə son dönəmdə orduya Qərb, ilk növbədə, Fransa nüfuzunu daşımağa çalışır. Afrikada hərbi çevrilişlərin təşkili kimi böyük təcrübəyə malik Fransanın isə Ermənistanın daxili siyasətilə bağlı öz prioritetləri var. Paris praktik olaraq, «Daşnaksutyun» partiyasına açıq dəstək verir.
Zabit korpusunda Paşinyana qarşı kimlərin hansı oyunları oynadığını təxmin etmək olar. Ermənistanda artıq bir dəfə hərbi çevrilişə cəhd olub. Paşinyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya çağırması ilə yaşanan həmin cəhd ciddiyə alınmamışdı. Bu dəfə isə hər şey fərqli, daha təhlükəli ssenari üzrə inkişaf edə bilər.
Terrorçular hər kəs üçün təhlükədir
Ermənistanda terror kultu davam edir. Etirazçıların sıralarında artıq Ambik Sasunyan kimi simalar görünür. Söhbət ABŞ həbsxanasından bu yaxınlarda çıxaraq Ermənistana gəlmiş peşəkar terrorçudan gedir. Amma bu, yeganə belə hal deyil. Keşiş Baqrat, məsələn, Jirayr Sefilyanın başçılıq etdiyi «Sasna Srer»ə də arxalana bilər.
Terror Ermənistanda hər zaman mübarizə üsullarından biri sayılıb və sayılır. Paşinyana müxalif olan qüvvələr arasında isə bu «üsul»a əl atmış şəxslər az deyil. Yalnız Robert Koçaryanı xatırlamaq kifayətdir. Üstəlik, Ermənistanda Serj Sarqsyanın dövründə də dəfələrlə terror planlarının üstü açılıb. Buna uzaq olmayan keçmişdən də kifayət qədər nümunə göstərmək olar.
1991-ci ildə Qazaxıstan Rusiya ilə birlikdə Qarabağda öz vasitəçiliyini təklif etmişdi. O zaman Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin ilə Nursultan Nazarbayev «Jeleznovodsk» kimi xatırlanan sülh missiyası təşəbbüsünü irəli sürmüşdülər. Danışıqlar Rusiyanın Jeleznovodsk kurort şəhərində aparılırdı. Lakin bu təşəbbüs Ermənistanın heç xoşuna gəlməmişdi və onun gedişi açıq və səs-küylü terror aktı ilə pozulmuşdu. 20 noyabr 1991-ci ildə Qarakənd yaxınlığında Azərbaycanın yüksəkrütbəli dövlət xadimlərini, həmçinin Rusiya və Qazaxıstandan olan müşahidəçiləri aparan «Mi-8» helikopteri vurulmuşdu. Bu gün Ermənistan Azərbaycan səmasında təyyarə və ya helikopter vura bilməz. Ermənistanın özündə isə terror aktlarının törədilməsi mümkündür.
Bəs maraqlı qüvvələr bu yolla sərhədlərin delimitasiyası və demarkasiyası prosesini poza biləcəklərmi? Ekspertlər əmindirlər ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması əməliyyatı nəticə verəcəksə, onu əvəzləyəcək yeni hökumət o qədər də üzüyola olmayacaq. Amma sərhəddə odla oynamaq Ermənistan üçün intihara bərabər riskdir. 44 günlük müharibədən sonra yaranmış qüvvələr nisbəti və Ermənistan Silahlı Qüvvələrinin 15 minlik hissəsinin darmadağını İrəvana yaxşı heç nə vəd etmir. Fərqi yoxdur, baş nazir kürsüsündə kim əyləşərsə, əyləşsin…
MƏSLƏHƏT GÖR: